Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Layihə

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti

Onun tarixinin öyrənilməsi hüquqi dövlət quruculuğu baxımından önəmli məsələlərdəndir

III yazı

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində böyük iş aparırdı. Parlament xarici siyasət məsələlərinə ciddi şəkildə əhəmiyyət verirdi. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı. Tarixçilər hesab edir ki, Azərbaycan parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdu. Aparılan gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdu.
Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı.
Professor Qüdrət Əbdülsəlimzadə Cümhuriyyətin xarici siyasət məsələsinə münasibətini belə dəyərləndirir: "Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə etmiş fəaliyyətini, beynəlxalq aləmdəki addımlarını düzgün qiymətləndirmək üçün ilk növbədə hakimiyyətə necə ağır miras qaldığını unutmamaq lazımdır. O zaman neft hasilatı və onun ixracında çətin vəziyyət hökm sürürdü. Elektrik enerjisi istehsalı kəskin azalmış, dəmir yolu və dəniz nəqliyyatı pis işləyirdi, maşınqayırma və metal emalı müəssisələrinin məhsul buraxılışı kəskin ixtisar olunmuşdu".
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə 155 parlament iclası keçirilmişdi ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdu. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı. Parlamentin fəaliyyəti bu məqsəd üçün hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.
M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə dəyərləndirirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi".
Tarixçilər hesab edir ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, eləcə də qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.
Parlament tərkibində Milli Şuranın 44 nəfər üzvündən başqa daha 36 nümayəndə seçilməsi nəzərdə tutulmuşdu. Seçki məntəqələri: Bakı 5 nəfər - 3-ü şəhərdən, ikisi isə yaxın ətrafdan; Gəncə 3 nəfər; Göyçay qəzası, Bakı quberniyası - 2 nəfər; Cavad qəzası, Bakı quberniyası - 2 nəfər; Quba qəzası, Bakı quberniyası - 3 nəfər; Lənkəran qəzası, Bakı quberniyası 2 nəfər; Şamaxı qəzası, Bakı quberniyası - 2 nəfər; Ərəş qəzası, Yelizavetpol quberniyası 2 nəfər; Cavanşir qəzası, Yelizavetpol quberniyası - 1 nəfər; Zəngəzur qəzası, Yelizavetpol quberniyası - 2 nəfər; Qazax qəzası, Yelizavetpol quberniyası 1 nəfər; Cəbrayıl qəzası, Yelizavetpol quberniyası - 1 nəfər; Nuxa qəzası, Yelizavetpol quberniyası - 2 nəfər; Şuşa qəzası, Yelizavetpol quberniyası - 2 nəfər; Zaqatala qəzası - 2 nəfər; Naxçıvan qəzası, İrəvan quberniyası - 1 nəfər; Şərur qəzası, İrəvan quberniyası - 1 nəfər; Ordubad qəzası, İrəvan quberniyası - 1 nəfər; Borçalı qəzası, Tiflis quberniyası - 1 nəfər.
Azərbaycan Parlamentinin Tərkibi belə idi.
I hökumət kabineti: 28.05.1918 - 17.06.1918.
1. Nazirlər Şurasının sədri və daxili işlər naziri - F.Xoyski (bitərəf);
2. Hərbi nazir - X.Sultanov (Müsavat);
3. Xarici işlər naziri - M.H.Hacınski (Müsavat);
4. Maliyyə və xalq maarifi naziri - N.Yusifbəyli (Müsavat);
5. Ədliyyə naziri - X.Xasməmmədov (Müsavat);
6. Ticarət və sənaye naziri - M.Y.Cəfərov (bitərəf, sonra - Müsavat);
7. Əkinçilik və əmək naziri - Ə.Şeyxülislamzadə (Hümmət);
8. Yollar, poçt və teleqraf naziri - X.Məlikaslanov (bitərəf);
9. Dövlət müfəttişi - C.Hacınski (sosialist);
II hökumət kabineti: 17.06.1918 - 07.12.1918. Nazirlər Şurasının sədri və Ədliyyə naziri F.Xoyski (bitərəf); Xarici işlər naziri - M. Hacınski (Müsavat); Xalq maarifi və dini etiqad naziri - N. Yusifbəyli (Müsavat); Daxili işlər naziri - B.Cavanşir (bitərəf); Əkinçilik naziri - X.Sultanov (Müsavat); Səhiyyə və sosial təminat naziri - X.Rəfibəyli (bitərəf ); Yollar naziri - X.Məlikaslanov (bitərəf); Ticarət və sənaye naziri - A.Aşurov (bitərəf); Malliyyə naziri - Ə.Əmircanov (bitərəf); Portfelsiz nazir - Ə.M.Topçubaşov (bitərəf); Portfelsiz nazir - M.Rəfiyev (Müsavat); Portfelsiz nazir - X.Xasməmmədov (Müsavat);
***
6.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra Nazirlər Şurasının sədri - F.Xoyski (bitərəf); Ticarət, sənaye və daxili işlər naziri - B.Cavanşir (bitərəf); Xarici işlər naziri - Ə.M.Topçubaşov (bitərəf); Maliyyə naziri - M.H.Hacınski (Müsavat); Xalq maarifi naziri - H.Yusifbəyli (Müsavat); Yollar naziri - X.Xasməmmədov (bitərəf); Əkinçilik naziri - X.Sultanov (Müsavat); Xalq səhiyyəsi naziri - X.Rəfibəyli (bitərəf); Poçt-teleqraf naziri - A.Aşurov (bitərəf); Sosial-təminat və dini etiqad naziri - M.Rəfiyev (Müsavat); 11. Hərbi işlər üzrə müvəkkil - İ.Ziyatxan (bitərəf); 12. Dövlət müfəttişi - Ə.Əmircanov (bitərəf).
***
III hökumət kabineti: 26.12.1918 - 14.03.1919.
Nazirlər Şurasının sədri və xarici işlər naziri - F.Xoyski (bitərəf); daxili işlər naziri - X.Xasməmmədov (Müsavat); maliyyə naziri - İ.Protasov (Slavyan-Rus Cəmiyyəti); yollar naziri - X. Məlikaslanov (bitərəf); ədliyyə nazırı - T.Makinski (?); maarif və dini etiqad naziri - N.Yusifbəyli (Müsavat); poçt-teleqraf və əmək naziri - A.Səfikürdski (sosialist); hərbi nazir - S.Mehmandarov (bitərəf); sosial-təminat naziri - R.Xoyski (bitərəf); xalq səhiyyəsi naziri - Y.Gindes (Slavyan-Rus Cəmiyyəti ); ticarət və sənaye naziri - M.Əsədullayev (bitərəf). Dövlət müfəttişi - M.H.Hacinski (16.01. 1919). Ərzaq naziri - K.Lizqar (Slavyan-Rus Cəmiyyəti). Əkiçilik naziri - X.Sultanov (Müsavat).
***
IV hökumət kabineti: 14.03.1919 - 22.12.1919.
Nazirlər Şurasının sədri və daxili işlər naziri - N.Yusifbəyli (bitərəf); Maliyyə naziri - Ə.Həsənov (bitərəf); Ticarət və sənaye naziri - A.Əminov (bitərəf); Xarici işlər naziri - M.Y.Cəfərov (Müsavat); Yollar naziri - X.Məlikaslanov (bitərəf); Poçt-teleqraf naziri - C.Hacınski (sosialist); Hərbi nazir - S.Mehmandarov (bitərəf); Sosial-təminat naziri - V.Klenevski (Slavyan-Rus Cəmiyyəti); Səhiyyə naziri - A.Dastakov (?); Maarif və dini etiqad naziri - R.Kaplanov (Əhrar); Əkinçilik naziri - A.Qardaşov (Əhrar); Portfelsiz nazir - X.Amaspür (Daşnaksütun); Dövlət müfəttişi - N.Nərimanbəyli (Müsavat); Ədliyyə və əmək naziri - A.Səfikürdski (sosialist); Sonralar daxili işlər naziri - X.Xasməmmədov (Müsavat).
***
V hökumət kabineti: 24.12.1919 - 01.04.1920.
Nazirlər Şurasının sədri - N.Yusifbəyli (Müsavat); Xarici işlər naziri - F.Xoyski (bitərəf); Hərbi nazir - S.Mehmandarov (bitərəf); daxili işlər naziri - M.H.Hacınski 18.09.02.1920-ci ildən sonra M.Vəkilov (birincisi əvvəl Müsavat, sonra kommunist, M.Vəkilov - Müsavat); Ədliyyə naziri - X.Xasməmmədov (Müsavat); Maliyyə naziri - R.Kaplanov (Əhrar); Maarif və dini etiqad naziri - H. Şahtaxtinski (05.03.1920-ci ildən sonra N.Şahsuvarov, hər ikisi-İttihad); Əmək və əməkçilik naziri - Ə.C.Pepinov (sosialist); Yollar naziri, eyni zamanda Ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir - X.Məlikaslanov (18.02.1920-ci ildən sonra ticarət, sənaye və ərzaq naziri - M.H.Hacınski); Poçt-teleqraf naziri - C.Hacınski (sosialist); İctimai təminat və səhiyyə naziri - M.Rəfiyev (Müsavat); Dövlət müfəttişi - H.Məmmədbəyov (İttihad).
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tərkibi aşağıdakı deputatlardan ibarət idi: Əli Mərdan bəy Topçubaşov- parlamentin sədri; Məmməd Yusif Cəfərov-sədrin I müavini; Sultan Məcid Qənizadə (Qəniyev) sədrin müavini; Bağır bəy Rzayev- parlamentin baş katibi; Mehdi bəy Hacınski - parlamentin katibi; Bayram Niyazi Kiçikxanlı-parlamentin katibi.
Müsavat və bitərəflər fraksiyasına daxil idilər: Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmmədhəsən Hacınski, Abbasqulu Kazımzadə, Musa bəy Rəfiyev, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Rəhim bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Hacı Səlim Axundzadə, Mustafa Mahmudov və c. Habelə bunlardan başqa parlamentdə İttihad, Əhrar, Sosialistlər fraksiyası, Müstəqillər, Sol müstəqillər, Milli azlıqlar fraksiyası vardı.


Uğur