Ahıska türkləri Layihə

Ahıska türkləri

1989-cu il Fərqanə hadisələri...

V yazı

Araşdırmaçı Sevil Piriyeva 1989-cu il Fərqanə hadisələri və Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci mərhələsi ilə bağlı bildirir ki, "Ahıska türklərinin Azərbaycana köçməsinin və burada məskunlaşmasının, eləcə də mədəni inkişafının real səbəblərinə aydınlıq gətirmək üçün XX əsrin 70-80-ci illərində Fərqanə bölgəsində cərəyan etmiş etnososial və etno-siyasi proseslərin mahiyyətini və əsas istiqamətlərini nəzərdən keçirmək mühüm əhəmiyyətə malik məsələlərdən biridir. Başqa sözlə, Fərqanə vadisində iqtisadi və sosial strukturların uzun sürən böhranının etnik səbəblərini, etnomədəni və etnopsixoloji amillərin nəzərə alınması şərtilə bu regionda əhalinin və əmək resurslarının təkrar istehsalı mexanizmini açıb göstərmək olar. 70-80-ci illərdə burada baş vermiş sosial-siyasi proseslərdə etnik və dini amilləri araşdırmaq həmin bölgədə faciələrlə üzləşmiş Ahıska türklərinin o dövrdə etnosiyasi durumunun öyrənilməsində mühüm metodoloji əhəmiyyət kəsb edir. Fərqanə vadisinin sosial və etnodemoqrafik durumu, burada gedən demoqrafik proseslər, əhalinin həyat səviyyəsi və gəlirləri, əhalinin məşğulluq strukturu kimi komponentlərin qısaca da olsa nəzərdən keçirilməsi Ahıska türklərinin tarixinin bu kəsiminin mürəkkəb və ayrılmaz hissəsinə aydınlıq gətirmiş olardı.
Orta Asiyanın ən qədim tarixi bölgələrindən biri olan Fərqanə vadisinin nisbi coğrafi təcrid vəziyyətində olması (bu amillərdən yalnız biridir) çox güman ki, onun etnik tarixində, eləcə də regionun əhalisinin maddi və mənəvi mədəniyyətinin formalaşmasında xüsusi cəhətlər kəsb edib. Müasir mərhələdə bütün dünyada, o cümlədən postsovet məkanında yaşayan xalqların milli mənlik şüurunun gücləndiyi bir zamanda millətlərarası problemin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. "Kommunizmin son fazası olan millətçilik" (A.Mixnik) hazırda daha çox aktuallıq kəsb edən nəzəri araşdırmalar obyektinə, müasir etnosiyasi proseslərin mühüm mexanizminə çevrilib. Bu baxımdan götürüldükdə, XIX əsrin sonu, XX əsrin əvvəlində Fərqanədə baş vermiş etnosiyasi proseslərin tarixi-siyasi səbəblərinin araşdırılması bugünkü reallıqları öyrənmək baxımından müstəsna rol oynayır.
Doğrudur, biz bu problemə dərindən, geniş toxunmaq fikrində deyilik. Lakin bunu deməyi özümüzə borc bilirik ki, Kokand xanlığının Rusiya tərəfindən işğalı və kapitalizmin inkişafı ilə Fərqanə vadisində etnik proseslərin məcrasında üzə çıxan problem, təəssüf ki, SSRİ-nin dağılmasından sonra daha konfliktli şəkildə təzahür edib, sonradan digər azsaylı etnik birliklər kimi bu regiona sürgün olunmuş Ahıska türklərinin taleyində də faciəli izlər buraxıb".
Digər tərəfdən, sovet cəmiyyətinin permanent böhranı özünün yüksək nöqtəsinə çatmışdı: "Böhran çoxdan bəri gizli xəstəlik şəklində olan milli məsələni qabartdı və onun həllinə ehtiyacı üzə çıxardı. Həmin dövrdə, yəni 80-ci illərin II yarısında etnik-milli amil antiimperiya, mərkəzdən qaçma meyllərinin detanatoru oldu və məlum olduğu kimi, 90-cı illərin əvvəlində Sovetlər İttifaqının dağılmasına və onun yerində yeni respublikaların yaranmasına gətirib çıxaran səbəblərdən birinə çevrildi. Təkcə bu amilin özü ümumiyyətlə, milli tariximizin həmin ayrılmaz kəsimini öyrənməyi son dərəcə aktuallaşdırır. Rəsmi ideologiyanın dərk etmədiyi faciə bəlkə bilərəkdən M.Eynşteynin yeritdiyi yanlış "millətçilik" ideyası olmuşdu. Tədqiqatçı M.Eynşteyn "İdeoloji təsir vasitələri" əsərində haqlı olaraq göstərir ki, sovet dövründə iqtidar ideoloqları eyni hadisələri təsvir edən anlayışları uydurmaqla vətəndaşların şüurunda təhrif olunmuş anlayışlar sistemi formalaşdırırdılar. Məsələn, sülhsevərlik, vətənpərvərlik, millətçilik,
beynəlmiləlçilik, kosmopolitizm və b. belə anlayışlardan olmuşdu. Xalqların linqvistik və siyasi təcrübəsi göstərir ki, "millətçilik" anlayışı Qərbdə və Sovet gerçəkliyində eyni məna kəsb etməmişdi. Qərbdən fərqli olaraq hələ son illərə qədər Sovet tarix ədəbiyyatında ittifaq müqaviləsi layihəsində şovinizm və millətçilik eyni kateqoriyaya aid edilirdi. Halbuki, bu anlayış, yəni millətçilik Qərb alimlərinin əsərlərində mənlik şüurunun artması, mənəvi dirçəliş, öz mədəniyyətinə məhəbbət, milli hərəkatın ideologiyası kimi başa düşülür. Məsələn, M.K. Atatürk, İ.Qandi, Ə.Nasir və b. bu qəbilli millətçilər olublar.
70 il xüsusilə Cənubi Qafqaz və Orta Asiya respublikaları üçün "millətlərin formalaşması" dövrü olub. 80-ci illərin tarixi təcrübəsindən meydana gəlmiş yeni milli hərəkatlar demoqrafik cəhətdən daha sıx və həmrəy olan etnik və dini qrupların milli mənlik şüurunun artmasına imkan yaradıb, milli özünüdərk üçün mühüm sosial-psixoloji mexanizm olub.
İkincisi, sovet siyasətində milli dillərdən və milli kadrlardan, milli ucqarlardan istifadə olunması milli respublikalarda qeyri-rus əhalisinin dil imkanlarını, siyasiləşməsini artırıb. Milli fəhlə sinfinin yaranması, milli ziyalıların və etnik siyasi elitanın formalaşması millətlərin statusunun artmasına geniş sosial zəmin yaradıb. Sovet modernizasiya siyasəti, sosialist iqtisadiyyatının və cəmiyyətin sosial institutlarının demokratik şuarlar əsasında "dəyişikliklərə" məruz qalması, əslində demokratik sosializm ideyasını gözdən salırdı. Repressiya və deportasiya siyasəti xalqları adət etdikləri etnik sosial-psixoloji mühitdən ayıraraq, daha mobil xalqlarla birgə yaşamaq məcburiyyəti yaratmışdı. Süni şəkildə marginallıq mühiti və psixologiyası yaratmaqla yerlərdə "yerli xalq" və "gəlmə xalqların" qarşıdurması ortaya qoyulmuşdu.
Kommunist Partiyası bütün dünyaya car çəkərək Sovet İttifaqında "Milli məsələnin" birdəfəlik həll olunduğundan xəbər verirdi. Çoxmillətli imperiyada milli məsələnin həllində meydana çıxan çətinliklərin səbəbi bunda idi ki, millilik və etnik mədəniyyət iqtisadi parametrlərə müncər edilir, etnik mədəniyyətin aparıcı roluna diqqət yetirilmirdi. Bütün bu etnososial və etnosiyasi meyllər həmin bölgədə yaşayan insanların, xalqların və etnosların həyatının sosiallaşmasında və sovetləşməsində bariz şəkildə üzə çıxırdı.
Ərazisində Ahıska türklərinin də yaşadığı Fərqanə əhalisinin iqtisadi həyatının infrastrukturu, onun sosial-iqtisadi durumu obyektiv olaraq sosial gərginliyin iqtisadi sahədən etnoslararası münasibətlər sferasına keçirmək üçün çox əlverişli şərait yaratmışdı. Çünki yuxarıda sadaladığımız amillər özünü son nəticədə siyasi konfliktlərdə göstərmiş olur. Ümumiyyətlə, hələ çarizm dövründə xammal mənbəyi kimi baxılan Fərqanə vadisində etnik amil heç zaman nəzərə alınmamışdı. Ahıska türklərinin də bu əraziyə deportasiya olunduğu bütün xalqlar kimi "doğma tarix" anlayışı itmişdi.
Digər xalqlar kimi Ahıska türklərinin də hüquqlarının pozulmasına səbəb, milli mənliklərin unutdurulmasına cəhd göstərən amillərdən biri də Sov.İKP-nin regionda yeritdiyi səriştəsiz kadr siyasəti olmuşdu. Kadr siyasətinin yerinə yetirilməsində başlıca rolu rusdilli funksionerlər oynayırdı. Müxtəlif yerlərdə "gürcü işi", "özbək işi" kimi qondarma problemlər yaratmaqla mərkəz, əslində ruslaşdırma siyasətini daha da dərinləşdirirdi. Tədqiqatçı A.Avtorxanov regionda həyata keçirilən kadr siyasətindən bəhs edərək yazırdı: "Leninin böyük rus heyvərəsi" adlandırdığı rus bürokratı, milli respublikalarda özünü azyaşlı uşaqlar üzərində despot-qəyyum kimi aparır. "Böyük qardaş" onları öyrədir, başa salır, cəzalandırır, amma heç vaxt özünə bərabər saymırdı. Lakin "böyük qardaşın" bədbəxtliyi bundadır ki, "kiçik qardaşlar" təbiətin qanununa əsasən getdikcə böyüyür və əldən düşmüş despotun tabeçiliyindən çıxmağa başlayırlar". Ahıska türklərinin düçar olduğu faciə göstərir ki, Fərqanədə baş verən hadisələr onlara daha çox sosial-psixoloji təsir etmişdi. "Qarabağ kartı" kimi "Fərqanə modeli" də Sovetlər İttifaqının dağıdılmasında öz rolunu oynamışdı. Əsasən türk xalqlarının mənliyini qırmaq üçün məlum qırğınlar Azərbaycanda, Özbəkistanda və Qazaxıstanda törədilmişdi.
Qeyd etdiyimiz kimi, Ahıska türkləri harada yaşamaqlarından asılı olmayaraq (o cümlədən Fərqanə vadisində) öz milli dəyərlərini qoruyub saxlamağa çalışıblar. Lakin bu regionda XX əsrin 70-80-ci illərində baş vermiş "etnik partlayış", resurs bazasının tükənməsi milli-mədəni dirçəlişə tamamilə mane ola bilməyib.
Ahıskalıların mentalitetinin tarixi-mədəni xüsusiyyətləri ölməyib, xalqın öz etnik köklərini yaşatmasına, onun bir milli varlıq kimi mövcudluğuna yardımçı olub. Ahıska türkləri kimi digər deportasiyaya məruz qalmış xalqların tarixi taleyi bir daha göstərir ki, hazırda ictimai elmlər sistemində etnoregionun siyasi amili dərindən təhlil edilməli, xüsusi elmi-metodoloji sahə kimi predmet hüququ qazanmalıdır".
Araşdırmaçının fikrincə, burada ilkin metodoloji yanaşma belə olmalıdır: "Məlumdur ki, millətlərarası münasibətlərin gedişində mənafelərin üst-üstə düşməməsi onların dialektik inkişafından, milli, bəşəri məqsəd və vəzifələrin daxili qarşılıqlı əlaqəsindən irəli gələn ziddiyyətlərdən törəyir. Ona görə də millətlərarası münaqişələrin həlli konstitusiya və müvafiq hüquq sistemi əsasında həyata keçirilməsidir. Belə bir prinsip nəzərə alınmalıdır ki, istənilən regionda (söhbət yalnız Fərqanə vadisindən getmir) meydana çıxa biləcək qeyri-sabitlik ilk növbədə azsaylı, xüsusilə deportasiyaya məruz qalmış xalqların siyasi vəziyyətinə daha çox təsir göstərir. Ən ümumi kontekstdən götürülsə, Fərqanədə baş verən faciənin obyektiv səbəblərindən biri də Özbəkistanda ictimai-siyasi şüurun zəif olmasıdır. Özbəkistan əhalisinin milli şüurunun zəif formalaşmamasını onunla izah etmək lazımdır ki, feodal ictimai-siyasi quruluşunun düşüncəsindən böyük sosial-iqtisadi təkamül yolu keçmədən qısa zaman kəsiyində milli şüur hələ qəbul etməyə hazır olmadığı sosializm gerçəkliyi ilə üzləşdi. Milli şüurun formalaşması aylarla, onillərlə deyil, bəzən əsrlərlə davam edən təkamül prosesidir. Bütün bu amillər onu deməyə imkan verir ki, Özbəkistan əhalisi, bir sıra digər türkdilli dövlətlərin əhalisindən fərqli olaraq Fərqanə hadisələrində türk milli şüurunu, türkçülük düşüncə tərzini, öz milli identikliyini dərk etməmişdi".

Uğur