Zaqatala folklor mühiti Layihə

Zaqatala folklor mühiti

III yazı

Ötən yazılarda zəngin etnik-mədəni tərkibi ilə seçilən Zaqatalada aşıq sənətinin inkişafı ilə bağlı araşdırmanı təqdim etmişdik. Mövzunu davam etdiririk. Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, iyirmiyə yaxın etnik qrupun (saxur, avar, ləzgi, lak, dargin, inqiloy, fars və s.) və azsaylı xalqların çoxluğu ilə seçilən Zaqatala folklor mühiti bu gün mədəniyyətlərin bir-birinə qovuşması, çulğalaşması ilə səciyyələnir. Zaqatalada yaşamaqda olan tənburu, onun ifaçılarını, tənburda ifa olunan laylaları, unudulmaqda olan mahnılarımızı, ümumilikdə, Zaqatala folklor mühitini araşdırmaq məqsədəuyğundur: "Bu gün tənbur daha çox toylarda, el şənliklərində istifadə olunan çalğı alətinə çevrilib, onun əvvəlki funksiyası isə dövrün tələbi ilə aradan çıxıb. Balakən-Zaqatala bölgəsinin tarixi etnoqrafiyasından yazan A.Məmmədli qeyd edir ki, 2-3 simli, 6 pərdəli çalğı aləti olan "danbur" həm zaqatalalıların, həm də balakənlilərin dərdli və sevincli anlarında ən yaxın dostu və sirdaşı olub. Eyni zamanda tənbur burada el adəti olan iməciliklərin yaraşığı, iç dünyamızın aynası, sevgisi, ağrısı və hayqırtısıdır. Zaqatalalı tənburçuların, xüsusən suvagilli Musanın və muxaxlı Camalın dediklərinə əsasən, tənbur musiqi aləti cökə, gər və armud ağacından düzəldilir.
Maraqlı haldır ki, tənbur zaqatalalıların yalnız xoş günlərində, toylarında, el şənliklərində deyil, eyni zamanda onların ən çətin, ən ağır günlərində də gərəkləri olub. Tənburda bəzi saz havaları ilə yanaşı, sırf tənbur havaları da ifa olunur. Bu havalar əsasən mühitin ab-havasına, elin-obanın arzu-istəyinə uyğun tərzdə ifa edilir. Tanınmış tənbur ifaçıları tənburda həm qəmli havalar, ilahilər, həm də məclisin ab-havasına uyğun, oynaq havalar ifa edər, dastanlar söyləyərdilər. Tənbur gecələrində tənburçular sübhəcən dastan danışardılar. Zaqatalada məşhur tənbur ifaçılarından olan 76 yaşlı Turacov Musa Qazıməhəmməd oğlunun və rayonun bir çox ağsaqqallarının dediklərinə görə, XIX əsrin sonlarından XX əsrin ortalarına kimi tənbur gecələri keçirilirdi. Tənbur gecələrində klassik dastanlarımızdan olan "Novruz və Qəndab", "Aşıq Qərib" və s. dastanlar söylənilirdi. Burada qara nağıllar söylənilər, bardaş qurub oturan məclis əhli isə böyük həvəslə tənburçuları dinləyirdilər. Təbii ki, havaların əksəriyyəti məclisin ab-havasına, iştirakçıların arzu-istəyinə uyğun şəkildə dəyişərdi. Tənburla mahnılar, haylalar (başqa bölgələrimiz buna bayatılarda deyilir) oxunur. Buna zaqatalalılar arasında "yerli havalar" da deyilir. Tənbur havalarından daha çox maraq doğuranları "Sarıbaş", "Məhərrəmkəndidir" (buna el arasında "Gəlin ağladan" hava da deyilir). Zaqatala oyun havalarından "Ox gülüm", "Ala gözlüm", "Leylam", "Ceyranım", el mahnılarından "Ay maral xanım", "Salamməlik" və s. daxildir. Tənburda məclisin şəninə uyğun qəmli və şən havalarla yanaşı, ilahilər də ifa olunur.
Göründüyü kimi, tənbur iki-üç simli musiqi aləti olmasına baxmayaraq, imkanları çox genişdir. Burada tənbur ifaçıları haqqında da məlumat vermək yerinə düşər. Tənbur ifaçılarına Zaqatalanın Tala, Muxax, Car, Əliabad, Suvagil, Çardaxlı, Muğanlı və s. kəndlərində daha çox rast gəlinir. Bunlardan Muxaxlı Camal oğlunun, Talalı Aişə Süleymanovanın, Məmmədov Səəddinin, Əlinin, Ramazanov Mikayılın, İsmayılın, Əliabadlı Eyvazın və başqalarının adlarını çəkmək olar. Bu sənətkarlar dövrünün tanınmış sənətkarları olublar. Qeyd edək ki, bu sənətkarların əksəriyyəti uzun müddət tənburla məclislər aparmış, dastanlar bağlayıb, sonralar isə saz ifaçılığına keçiblər. Adı çəkilən bu şəxslər yaşadıqları zamanın tanınmış tənbur ifaçıları olublar. Maraqlı xüsusiyyətlərdən biri də budur ki, tənbur ifaçılarının əksəriyyətində sənətin atadan-oğula ötürülməsi müşahidə olunur. Bu halı bəzən indi də müşahidə edirik. Məsələn, suvagilli Musa Qazı Məhəmməd oğlu tənbur havalarının ən gözəl ifaçısıdır. Oğlu Turac isə onun sənətinin ən layiqli davamçısı hesab oluna bilər. Turac nəinki tənburda, eyni zamanda digər musiqi alətlərində  sazda, sintezatorda, qarmonda, qoşa nağarada və s. alətlərdə böyük məharətlə ifa etməyi bacarır. Maraqlı xüsusiyyətlərdən biri də budur ki, tənburçu Musa tənburda ifa edərkən, şəraitdən asılı olaraq bəzən ömür-gün yoldaşı ilə birgə hayla deyir. Yəni biri tənburda çalır, digəri hayla deyir. Bu prosesdə onlar tez-tez bir-birini əvəzləyirlər. Muxaxlı Məmmədov Səəddinin oğlu Şaban da atasının layiqli davamçısı hesab oluna bilər".
Bu gün də Zaqatalada sazla yanaşı, tənbur ifaçılığı da yaşamaqdadır: "Hazırda bu sənəti layiqincə yaşadanlardan Məmmədov Şaban, Turacov Musa və başqalarının adlarını çəkmək olar ki, onlar hələlik öz ifa tərzlərini dəyişməyiblər. Mühit üçün səciyyəvi olan xüsusiyyətlərdəndir ki, Zaqatala aşıqlarının bəziləri ömürlərinin çox hissəsini tənbur ifa edib, sonra isə saz ifaçılığına keçiblər. Belələrindən Əliabadlı Camalın və Əlinin adlarını çəkmək olar.
Tənbur ifaçılarının zaman ötdükcə saz ifaçılığına keçmələrinin səbəbini yalnız dövrün, zamanın tələbi ilə əlaqələndirmək doğru olmazdı. Qeyd edək ki, quruluşuna, yaranma tarixinə görə tənbur saza nisbətən daha qədim və sadə çalğı alətidir. Qeyd etdiyimiz kimi, bu mühitdə yaşayan əksər yerli sənətkarlar saza keçməzdən öncə tənburda ifa etməyi öyrənir, sonra saz ifaçılığına keçirlər. Ancaq digər bir qrup tənbur ifaçıları da vardır ki, onlar ömürlərinin sonunadək elə tənbur ifaçıları kimi tanınıblar.
Tənburun qədim musiqi aləti kimi türkə məxsus olduğu məlumdur: "Ancaq maraqlı haldır ki, bu gün Zaqatalada yaşayan azsaylı xalqların nümayəndələrindən olan ingiloylar, saxurlar, avarlar türkə məxsus tənbur ifaçılığı ənənəsini sevərək mənimsəyib və qorumağı bacarıblar. Buna münasibət bildirən folklorşünas alim Ağalar Mirzə "Şirvan Aşıq yaradıcılığı, təşəkkülü və inkişaf tarixindən" adlı kitabında qeyd edib ki, "Azərbaycanın Şimal bölgəsi etnik baxımdan xüsusi keyfiyyətləri ilə seçilən, dillərin, etnik özəlliklərin qovuşaraq ortaq mədəniyyət yaratması baxımından daha incə və qayğılı yanaşma tələb edir".
Bu gün ingiloyların orta təhsil ocaqlarında tənbur xüsusi bir musiqi aləti kimi tədris olunur: "Ancaq çox təəssüf ki, buna yerli türklərin yaşadığı kəndlərin orta ümumtəhsil məktəblərində təsadüf etmirik. Zaqatala folklor mühitində tənbur musiqi alətinin yeri, tarixi kökləri, qurban bayramına, ürfan məclislərinə təsirindən yuxarıda söz açmışıq. Maraqlı xüsusiyyətlərdən biri də budur ki, bu mühitdə tənbur musiqi aləti ilə yerli havaları avazla çalıb-oxuyurlar. İfaçıların daha çox ər-arvad olması halı müşahidə olunur. Zaqatala aşıq mühitində tənburla oxunan mahnılara "hayla" deyilir. Öncə bu sözün etimologiyasına diqqət edək. Fikrimizcə, "hayla" sözünü "haylamaq", "haraylamaq", "səsləmək" və s. kimi mənaları ifadə edir. Maraqlıdır ki, xakaslarda, altaylarda, şorlarda, tuvalarda, başqırdlarda dastana "kay", "kayla", yaxud "hay", "hayla", dastan söyləyənə isə "kayçı", yaxud "hayçı" deyilir. Bu sözün bir mənası da "boğazda oxuyan", yaxud "boğaz oxuması" anlamını verir.
Prof. Metin Ergin Hakas hayçıları və hayçılık sanatı" tədqiqatında qeyd edir ki, "Hakaslar arasında nimax, ya da alıptıx nimaxlar söyləməyə hayla deyilir. Qeyd edək ki, bu haylaların ifası və haylaların yeddilik şeir şəklində olması Zaqatala haylaları ilə müəyyən bir oxşarlıq yaradır. Digər tərəfdən, bu haylalar yuxarıda adı çəkilən xalqlar arasında həm qədim musiqi alətlərində – tənburda, setarda, çoğurda ifa olunur, həm də musiqi alətindən istifadə etmədən oxunurdu. Ehtimal etmək olar ki, Zaqatalada tənburla söylənilən haylalar öz ilkin formasını itirməsinə baxmayaraq, bu gün də öz arxaik izlərini qorumaqdadır. Zaqatala haylalarının Ağbaba aşıq mühitində xüsusi mərasimlərdə deyilən nanaylara, tırınqılara da müəyyən qədər oxşarlığı var. Ağbaba nanayları Novruz, toy mərasimlərində payız və qış gecələrində keçirilən yığnaxlarda deyilərdi.
Bu yığnaqlar Zaqatalada vaxtilə tənbur ifası üçün də təşkil olunardı. Ağbaba mühitində keçirilən nanay məclisləri qara zurna ilə müşayiət olunardı. Tənbur gecələrində hayla ilə iki nəfər qabaq-qabağa deyişərdilər. Bu xüsusiyyətə biz nanay gecələrində də təsadüf edirik. Digər bir oxşarlıq həm nanayın həm də haylanın bayatılar üzərində avazla oxumasıdır. Fərq ondadır ki, nanaylar əsasən, qara zurna ilə oxunur və misrada sözlərin təkrarı isə əsas rol oynayır. Bir nümunəyə diqqət edək:

Kisə aldın olmadı
Ay şaqqılar, ay şaqqılar, kəmərin.
Suya saldın olmadı,
Varmı yardan, varmı yardan xəbərin.

Haylaların nanaylardan fərqli mövzu əlvanlığı və tənbur gecələrində mövludlarda ifa olunmasıdır. Hayla əsasən, tənburun adı ilə başlayır. Bunlar bəzən iməciliklərdə, el şənliklərində söylənmə məqamları ilə oxşarlıq təşkil etsələr də, mahiyyət etibarilə başqadırlar. Hayla birbaşa təkkə ocaqlarından qidalanır. Zaqatala tənburunda deyilən haylaların məzmununda qədim inanclar, əski bəşəri dünyagörüş, təriqətçiliyin elementləri əks olunur. XIX əsrin 70-80-cı illərində bu alətlə müxtəlif ürfan məclislərində, təkkə ocaqlarında, dərvişlərin, övliyaların toplaşdıqları dini mərasimlərdə ilahilər oxunardı. Tənburda ifa olunan havalar, mahnılar istənilən mərasimin ab-havasına, insanların istəyinə uyğun tərzdə olur. Onu da qeyd edək ki, əvvəllər yuxarıda adları çəkilən ürfan məclislərində istifadə olunmuş tənbur musiqi aləti, zaman keçdikcə öz auditoriyasını da dəyişmiş, daha çox mövsüm mərasimlərinin və el şənliklərinin aparıcı musiqi alətinə çevrilib".

Uğur