Zaqatala aşıq mühiti etnik zənginliyin qorunmasında özünəməxsus rol oynayıb Layihə

Zaqatala aşıq mühiti etnik zənginliyin qorunmasında özünəməxsus rol oynayıb

Aşıq Məhəmmədi ermənilər məclislərin birində zəhərləyərək öldürüblər

V yazı

Azərbaycan aşıq sənəti insani-bəşəri halıyla ölkəmizdə yaşayan hər bir kəs üçün doğma sayılmağa özündə haqq tapır. Zaqatalada aşıq sənətinin inkişafı yönündə mövzunu davam etdiririk. Bölgədəki etnik zənginliyin insanlıq-ulusallıq-bəşərilik yönündə davamlı olaraq cilalanmasında aşıq sənəti özünəməxsus, bənzərsiz rol oynayır. Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, burada tarixən yaşayıb-yaradan aşıqlarımızdan biri də varxiyanlı Aşıq Məhəmməddir: "Onun həyat və yaradıcılığı haqqında ayrı-ayrı ustad aşıqlardan sənətkarın nəticəsi Aşıq Səadəddindən əldə etdiyimiz məlumatlara əsasən o, həqiqətən haqq aşığı olub. Folklorşünas alim Salman Mümtaza görə, "Varxiyanlı Məhəmməd XVIII əsrin II yarısında Zaqatala rayonunun Varxiyan kəndində anadan olub, 65 yaşında dünyadan köçüb. O, ustad aşıq olub, xalq şeirinin bir çox şəkillərində gözəl nümunələr də yaratmışdı". Aşıq Məhəmmədin həyatda qarşılaşdığı hadisələr, düzə-düz, əyriyə-əyri kimi münasibət bildirməsi, öncəgörənliyi el arasında onun sənətkarlıq qüdrətini daha da artırmışdı. Sənətkarın "Yüküm" rədifli divanisinə diqqət etsək, yüksək mənəvi-əxlaqi kefiyyətlərin təbliğini aydın görmüş olarıq:

Ustadımdan dərs almışam, ərkandı, yoldu yüküm.
Saf cövhərdən yüklənmişəm, cəvahirdi, ləldi yüküm.
Halımdan xəbəri olan, qiymət qoyar sözümə,
Dəymişdən cəm etmişəm, deməsin kaldı yüküm.

Elləri, obaları gəzən, bir üzü Xoy, bir üzü Dərbənd və türk dünyasının çox yerlərində olan ustadın bədahətən şeir demək bacarığı, özünə xas ifaçılıq qabiliyyəti sənətkara daha da böyük uğur gətirir. Divanilərinin birində gəzib dolaşdığı yerlərin adlarını çəkir.

Məhəmmədə qəsd elədim, bu cümlə cahanı gəzib,
Xoy, Sərab, Marağa, Təbriz, Tehranı gəzib.

Varxiyanlı Aşıq Məhəmmədin şeirlərinə bir sıra mənbələrdə təsadüf edirik. Onun "Saldın", "Tellərin", "Yoxdu" rədifli şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında çap olunub. "Azərbaycan ədəbiyyatı inciləri" kitabında aşığın "Düşdüm" gəraylısı, "Telli saz ustadları" kitabında isə "Könül", "Bir cam az", "Gəlməz", "Olan canım", rədifli şeirləri öz əksini tapıb. Bu yerləri gəzib-dolaşan tədqiqatçılar, səyyahlar, folklorşünas alimlər Aşıq Məhəmmədin yaradıcılıq qüdrətindən söz açırlar. Dövrünün tanınmış etnoqraf alimi Plotto Qafqazı səyahət edərkən Məhəmmədin sənətkarlıq qüdrətini eşidib, onun ifaçılığı və yaradıcılığı haqqında yüksək fikirdə olub. O, məqalələrinin birində qeyd edib ki, Aşıq Məhəmmədin mahnıları Zaqatala dairəsinin müxtəlif millətlərdən olan məclislərində Azərbaycan dilində oxunur. Plotto ustadın həm də improvizatorçu aşıq olub, yaradıcılığında daha çox məhəbbəti tərənnüm etdiyini bildirib. Akademik F.Qasımzadə də məqalələrində XIX əsrin I yarısında Azərbaycanın şimalında bir sıra sənətkarların yetişməsindən söhbət açır. Bunlardan xüsusi ilə Aşıq Məhəmmədin adını qeyd edib".
Aşıq Məhəmməd demək olar ki, xalq şeirinin bütün janrlarında qələmini sınayıb, insanlar arasında böyük rəğbət qazanıb: "Onun yaradıcılıq irsi, mövzu istiqaməti baxımından xüsusi maraq doğurur. Aşıq Məhəmməd ictimai-siyasi hadisələrlə dolu qaynar bir mühitdə yaşayırdı ki, bu da onun poeziyasından yan keçmirdi. Zaqatala haqqında bir neçə kitabın müəllifi Q.Şabanoğlu Aşıq Məhəmmədin zamanında əlində sazı el-el, oba-oba gəzərək saysız-hesabsız məclislər keçirdiyini və xüsusən erməni aşıqlarını bağladığını qeyd edib. Əsrlər boyu ermənilər müxtəlif siyasi səbəblərdən Azərbaycanın müxtəlif ərazilərində eyni zamanda Şəkidə, Zaqatalada məskunlaşırdılar. Təkcə 1826-1828-ci illər Rusiya-İran müharibəsinin gedişində İrandan, o cümlədən Azərbaycanın cənub ərazilərindən Zaqafqaziyaya, Azərbaycanın müxtəlif rayonlarına, əsasən də Qarabağa 18 min erməni ailəsi köçürülmüşsə, 1830-cu ildən bu göstərici 40 mini keçmişdi".
Aşıq Məhəmmədin dövründə ermənilər öz məclislərinə Azərbaycan aşıqlarını çağırardılar: "Aşıq Məhəmmədin öncəgörənliyi ilə bağlı bir rəvayət də nəql olunur. Ermənilər həmişə Aşıq Məhəmmədin yüksək fitri istedadının, bədahətən söz deməsinin paxıllığını çəkiblər. Aşıq Səadəddinin, Aşıq Mədətin dediklərinə əsasən, iki dəfə Məhəmmədi şagirdləri ilə birgə öz məclislərinə dəvət edən Bağdasarla Sarkasyan onu çoxlu bəxşişlərlə yola salır (El arasında bu hadisənin Gürcüstanın Səbətli kəndində baş verməsi haqqında da fikirlər mövcuddur. Bəzi söyləyicilər isə bu kəndin Şəki ərazisində olduğunu iddia edirlər. Şəkinin Göynük kəndinin yaxınlığında Səbətli adlı kənd olub. Hazırda bu kənd mövcud deyil). Üçüncü dəfə isə bir çox sınaqlara çəkərək məclislərin birində zəhərləyib öldürürlər. Məhəmməd onlarla yeddi gün deyişir.
Bəhmədli Aşıq Mədətin dediyinə görə, Aşıq Məhəmməd erməni aşığı olan Aşıq Donu ilə məclislərin birində deyişir. Onu heç cürə bağlaya bilməyən erməni aşıqları sonda yeməyinə zəhər qataraq öldürürlər. Maraqlı haldır ki, yeməkdən öncə ustad öz şagirdliyə götürdüyü əmisi oğlanlarına tapşırır ki, onun yediyindən yeməsinlər. Ölümünü bilən sənətkar burada "Aman günüdür" rədifli divanisini deyir. Bu divanidə sənətkarın arzu və istəkləri, erməni aşıqlarına olan qəzəbli ifadəsi əks olunur:

Bu nə yoldu, nə fərmandı bilmirəm,
İzin verin, yollar, aman günüdür.
Bülbül olub öz bağımdan ötmədim,
Saralmayın, güllər, aman günüdür.

Məhəmmədin könlü ahü-zardadır,
Bəxtim bəd gətirib işim dardadı.
Heç bilmirəm qohum-qardaş hardadır,
Xəvər verin, ellər, aman günüdür.

Bütün sınaqlardan uğurla çıxan ustad aşığın xörəyinə zəhər qatmaqla Aşıq Donunun qisasını almış olurlar. Onun şagirdlərindən Təmazın dili tutulub, Qurban isə uzun müddət dəri xəstəliyindən əziyyət çəkib. Heç biri əvvəlki kimi çalıb-çağıra bilməyiblər. Bəzi mənbələrdə isə Məhəmmədin ermənilər tərəfindən şagirdləri ilə birgə zəhərlənib öldürüldüyü qeyd olunub. Aşıq Məhəmmədin şagirdliyə götürdüyü əmisi oğlanlarının onunla birgə zəhərlənib öldürülməsi yuxarıda qeyd etdiymiz rəvayət və əhvalatlardan da məlum olur ki, həqiqətə uyğundur.
Aşıq Məhəmmədin poeziyası çoxşaxəli tam və dolğun bir poeziyadır. Onun şeirlərinin çoxu müəyyən səbəblərdən itib. Təbiət gözəllikləri, məhəbbət, ictimai-siyasi lirika, dini-ürfani görüşlər, ustad sənətkarın poeziyasında xüsusi yer tutur. Aşıq Məhəmmədi aşıq sənətinin görkəmli sənətkarlarından biri olan Aşıq Alı, Aşıq Ələsgər, Növrəs İman, Mola Cuma kimi söz korifeyləri ilə bir cərgəyə qoymaq olar. O, həm də öz novatorluğu ilə sayılıb seçilən ustad aşıqlarımızdandır. Onun yaradıcılığında cığalı-zəncirli müsəddəsə təsadüf olunur ki, Aşıq Məhəmmədin adıyla bağlıdır. Aşıq Məhəmmədin məhəbbət lirikası öz saflığı, səmimiliyi, axıcılığı ilə səciyyələnir. Ustadın arzuları, hiss-həyəcanı onun ayrı-ayrı şeirlərində, misralarında öz əksini tapır. "Gəlsənə" rədifli qoşmasında deyilir:

Xumar gözlüm, nə durmusan yol üstə,
Qədəm basıb bizə sarı gəlsənə.
Gecə-gündüz dilimdəsən, dilimdə,
Ay qız, mənim bu dərdimi bilsənə.

Aşıq Məhəmmədin məhəbbət mövzusunda yazdığı şeirlərinin məzmununu əsasən gözəllərin tərənnümü, tərifi ilə yanaşı, yol gözləyən aşiqin hiss-həyəcanı, narahatçılığı, kədəri, nisgili təşkil edir. Ustad sənətkar gəzib-dolaşdığı obaların, ellərin göz tutub könül oxşayan, ədəbli-ərkanlı gözəllərinin şəninə bədahətən şeirlər deyir.
Molla Cuma kimi Aşıq Məhəmməd də şeirlərində həqiqi sevdiyi gözəlin adını çəkmir. Sadəcə, onun gözəlliyindən və əxlaqından söz açır. "Bağlar" rədifli təcnisində sənətkar kamil bir bənzətmə yaradır. Gözəlin çöhrəsindəki busə bağları ilə şikarın arxasınca düşən ovçunun bağları pusmağı müqayisə edir və bununla gözəl bir təşbeh yaratmış olur:

Bir gözəl görmüşəm bizim ellərdə,
Üzündə görmüşəm busə bağları,
Yaşılbaşlar cəm-xəm eylər göllərdə
Tərlan şikarında busə bağları.

Ustadın şeirlərindən "Gəlin", "Məni", "Sən", "Tükəzban", "Yar", "Yaraşığı", "Bilər" və s. adlarını çəkmək olar. Aşıq Məhəmməd çox zaman səsinin sevgisinə çatmadığı üçün kədərlənir, ömrü boyu o dilbəri görmək arzusu ilə yaşayır. Həmişə olduğu kimi, mənfur ermənilər aşığı haqsız yerə şərə salıb, şikayət edirlər. Üç il vətənindən ayrı düşən, ömrünü zindanda keçirən aşıq o illər ərzində şikayət xarakterli şeirlərini yazır. (Bu hadisə ermənilərin sənətkarı zəhərləyib öldürməzdən əvvəl baş verib.) "Məni" rədifli qoşmasına diqqət etsək, bu mənzərəni aydın görmüş olarıq:

Məhəmməd düşübdü şərə nagahan,
Yalvarmaqdan qabar oldu dil-dəhan,
Sən yetiş dadıma, Xaliqi-sübhan,
Amandı, götürün buradan məni.

Aşıq Məhəmməd ictimai-siyasi şeirlərinin böyük əksəriyyətini məhz ömrünün həbsdə keçirdiyi illərində yazıb: "Qarşılaşdığı haqsızlıqlar, qondarma erməni aşıqlarının onun başına açdığı oyunlar ustadı rahat qoymur. Çar Rusiyasının siyasəti nəticəsində Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər öz niyyətlərini burda da açıq-aşkar bəyan ediblər.
Zaqatalada tarixən istedadlı sənətkarlar yaşayıb-yaradıblar. Bu günə kimi belə sənətkarların həyat və yaradıcılıq irsləri layiqincə araşdırılmadığından bəzi tədqiqatlarda yalnız adı çəkilib. Zənnimizcə, Azərbaycan aşıq sənətinin az və yaxud çox öyrənildiyi bölgələri var. Təəssüf ki, Zaqatala da az öyrənilən bölgələrimizdəndir. Məhz bu səbəbdəndir ki, bəzi hallarda Zaqatala aşıq mühitini Dərbənd, Şirvan, mühitləri daxilində veriblər. Ancaq bu mühitdə istər tarixən yaşayan, istərsə də bu gün yaşamaqda davam edən, el arasında sayılıb-seçilən sənətkarların özlərinəməxsus yaradıcılıq xüsusiyyətləri, sələflərdən gələn ustad-şagird ənənəsinin az da olsa yaşaması, ustad aşıqların xüsusi ifa tərzləri, repertuar zənginliyi mühitin məhz Zaqatala aşıq mühiti adlanmasına əsas verir. Varxiyanlı Aşıq Məhəmmədin qoyduğu ənənəni layiqincə davam etdirən, ustad aşıq səviyyəsinə qədər yüksələn aşıqlarımızdan yengiyanlı Aşıq Əlixanın, qandaxlı Aşıq Arabın, "Kamal" təxəllüsü ilə şeirlər yazan talalı Aşıq Dibronun adlarını çəkmək olar. Adları çəkilən bu aşıqların hər biri ayrılıqda öz dəsti-xətti ilə, şagird öyrətmə bacarığı ilə tanınan aşıqlarımızdan olub".

Uğur