Azərbaycanda yaşayan yəhudilər Layihə

Azərbaycanda yaşayan yəhudilər

Yəhudilər bu gün dünyanın demək olar, bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti - İsrail mövcuddur. Ənənəvi dini iudaizmdir. Yəhudilərin çoxu yaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdə danışıq dili kimi dirçəldilmış ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir. Qədim özünü adlandırma bney-İsrael — İakov İsrailin oğulları, ulu baba İakov İsrailin nəslidir. İlk əvvəl yəhudi adı İuda nəslinə deyilirdi. Sonradan İuda çarlığında tayfasından asılı olmayaraq yaşayan hər kəsə deyildi. İuda çarlığı süquta uğradıqdan sonra yəhudi adı spesifik əhəmiyyətini itirdi və milli-dini bağlılığı göstərdi. Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan Qalaxadır. O qanun Talmudun qərarları əsasında yaranıb. Qalaxa görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)".
Yəhudu diasporları tədricən ardıcıllıqla bir neçə əsas mərkəz şəklində formalaşıblar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqləniblər:
• Bavli (Mesopotamiya, Cənubi Qafqaz) — V-XI əsrlər;
• Sefardlar (Pireney yarımadası) — b.ə. əvvəli - 1492;
• Aşkenazlar (Mərkəzi Almaniya, Şərqi Avropa) — X əsr-XX əsrin ortası.
İkinci Dünya müharibəsi ərəfəsində və dövründə altı milyona qədər yəhüdi öldürülüb (Holokost).
Ən böyük yəhudi icmaları (60 min nəfərdən çox) aşağıdakı ölkələrdədir: ABŞ — 5,2 — 5,5 mln. nəfər (keçmiş SSRİ-dən təqribən 400 min); İsrail — 5,394 mln. nəfər (2008-ci il; keçmiş SSRİ-dən təqribən 1,120 mln. nəfər); Fransa; Argentina; Kanada; Böyük Britaniya; Almaniya; Rusiya; Avstraliya; CAR; Braziliya.
Mütəşəkkil yəhudi icmaları dünyanın 110 ölkəsində var. Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri var.
Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı yəhudilər XVIII əsrdən etibarən Polşa və Ukrayna yəhudiləri arasında özünü göstərən xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən uzaqdırlar.
Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Avanın 9-da - matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva var.
Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşıb, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlədib, öz dini məktəblərini - iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaradıblar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılıb. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.
Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunub. Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Onlar sənətkarlıq, ticarət, həkimlik, müəllimlik və s. bu kimi sahələrdə çalışmışlar. Müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən yəhudilərinin həyatında yeni mərhələ başlayıb. Milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin, dilinin inkişafına dövlət səviyyəsində dəstək verilməsi yəhudi icmaları qarşısında yeni imkanlar açıb. İcmalar dövlət qeydiyyatından keçərək sərbəst fəaliyyət göstərir, yeni dini ibadət yerləri, sinaqoqlar tikir, milli mərasim və bayramlarını qeyd edirlər. Hazırda paytaxt Bakı daxil olmaqla, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir. Onlardan 6-sı Dağ yəhudilərinə, 1-i isə Avropa və Gürcüstan yəhudilərinə aiddir.
Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı "Qırmızı Qəsəbə"də yəhudi uşaqları üçün "Şmirat a-Şem" adlı kollec açılıb. Burada yəhudi milli adət və ənənələrini tədris edən israilli müəllimlər çalışırlar. 2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə Dağ yəhudiləri dini icmasına məxsus 200 il yaşı olan sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycandakı fəaliyyət göstərən "Gürcüstan yəhudiləri" isə əski zamanlardan Gürcüstan ərazisində məskunlaşan yəhudi diasporunun nümayəndələridir. Sonrakı dövrlərdə onların bir hissəsi Azərbaycana köçüb və əsasən Bakı şəhərində məskunlaşıblar.
Gürcüstan yəhudiləri öz milli-dini bayramlarını maneəsiz qeyd edir, yəhudi uşaqları bərabərhüquqlu Azərbaycan Respublikası vətəndaşları kimi təhsil alırlar. Ölkəmizdə Holokost günü, yəni yəhudilərin II Dünya müharibəsi zamanı faşizm rejimi tərəfindən soyqırımına məruz qalması günü də qeyd olunur. Digər yəhudi icması olan Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycana gəlişi əsasən XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin yüksək inkişafı dövrünə təsadüf edir. Bakıya gələn ziyalı Avropa yəhudiləri içərisində memarlar, müəllimlər, həkimlər, vəkillər və s. ixtisas nümayəndələri var idi.
1897-cı ildə Bakıda təqribən 2500-ə yaxın yəhudi yaşayırdı və onların əksəriyyəti Avropa yəhudiləri idilər. 1913-cü ildə isə bu say təqribən on minə çatırdı. Digər yəhudi icmalarında olduğu kimi, 1910-cu ildə Bakıda da sinaqoq inşa edilmiş, bu yer Avropa yəhudilərinin nəinki ibadət yerinə, eyni zamanda təlim-tədris ocağına çevrilmişdi. Şəhərdə "iyeşiva" adlı xüsusi yəhudi məktəbləri də fəaliyyət göstərirdi ki, bu tədris ocaqlarında "Tövrat", "Talmud" və "Mişna" kimi müqəddəs kitabları öyrədilirdi. Yəhudi qızları üçün də xüsusi gimnaziya və məktəblər açılmışdı. Bu gün də Azərbaycan Respublikasında aşkinazilər digər yəhudilərlə birgə, antisemitizmdən uzaq bir mühitdə yaşayırlar.
Hazırda Azərbaycan Respublikasında yaşayan yəhudilərin çoxu respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərirlər. Bakıda tanınmış yəhudilərin - Nobel mükafatı laureatı, fizik Lev Landaunun, respublikanın əməkdar həkimi Solomon Qusmanın, Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunovun və başqalarının yaşadıqları binalarda memorial lövhələr mövcuddur.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş yəhudi dini icmaları bunlardır: Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Gürcüstan Yəhudilərinin Bakı dini icması, Sumqayıt Yəhudiləri dini icması, Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması, Azərbaycan Yəhudiləri dini icması, Oğuz şəhəri Yəhudi dini icması, Bakı şəhəri "Yerusəlimin işığı" yəhudi dini icması.
Yəhudi icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından sayılırlar. Respublikada Azərbaycan-İsrail Dostluğu Mərkəzi, "Soxnut" yəhudi agentliyi, "Coynt" və "Vaad-L-Xatzola" adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər - iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, "Yeva" adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir.
1990-cı ildə "Azərbaycan-İsrail" mədəni əlaqələr cəmiyyəti təsis edilib, bu cəmiyyət "Az-İz" abreviaturalı qəzet nəşr etməyə başlayıb. 1992-ci ildən isə Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələr qurulub. Dini ibadətlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün Avropa yəhudilərinə bütün lazımi şərait yaradılıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev yəhudilərin başqa ölkələrdə tarixən kompakt yaşamaq, inanc, dil və mədəniyyətlərini inkişaf etdirmək səylərini təhlil edərək yazır: "...Hər dəfə dünyadakı ayrı-ayrı millətlərin diasporlarından danışanda ilk olaraq diqqəti güclü yəhudi diasporu cəlb edir. Biz bu millətin keçdiyi yola baxsaq, onların yeni dünya nizamında güclü olma səbəbinə qismən də olsa cavab tapa bilərik. Dünyanın bütün bölgələrində əsrlərdən bəri formalaşan yəhudi diasporunu digərlərindən güclü və nüfuzlu edən cəhətlər bu günün özündə də tam açılmayıb. Bir çox tədqiqatçılar isə ümumilikdə diaspor termininin yəhudilərə şamil olunmasına qarşı çıxaraq, bu "sirli millət"in milli xüsusiyyətlərinin diaspora anlayışı ilə üst-üstə düşmədiyini əsas kimi göstərirlər. "Tarixi formalaşma prosesi və müasir durumu maraqlı, cəlbedici və sirli məqamlarla dolu olan yəhudi diasporunu güclü edən səbəblər hansılardır?" sualına hələ də bütöv şəkildə cavab vermək qeyri-mümkündür. Yəhudilərin milli-mənəvi xüsusiyyətləri dünyanın digər xalqları üçün açılmaz bir müəmma kimi qalır. Bir millət barədə dünyanın müxtəlif bölgələrində çoxsaylı və bir-birindən fərqli fikirlər formalaşıb".

Uğur