Azərbaycanda etnoslar arasındakı münasibətlərdə dil amili Layihə

Azərbaycanda etnoslar arasındakı münasibətlərdə dil amili

Etnik zənginlik sarıdan İsmayıllı rayonu həmişə xüsusi fərqlənib. Filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın bu yöndə araşdırması maraqlıdır. Tədqiqatda bildirilir ki, milli əsas təşkil edənlərlə bərabər burada "Şahdağ" etnik qrupları: ləzgilər, hapıtlar, bundan başqa tatlar, yəhudilər, ruslar (malakanlar) iqtisadi, mədəni, dil əlaqələri içərisində yaşamaqdadırlar. Hər bir etnik qrupun özünəməxsus adət-ənənələri, dili, dini inanclarının olmasına baxmayaraq, onlar iç-içə yaşadıqları digər etnoslarla yüzillərdir eyni vətəni, eyni taleyi paylaşmaqla qarşılıqlı əlaqədədirlər: "Müxtəlif etnoslar arasındakı münasibətlərdə dil mühüm rol oynayır. Hər cür mədəni əlaqələr içərisində dil əlaqələrinin ayrıca özəllikləri var. İstər aborogen, istərsə də sonradan bu torpağa köçürülmüş etnik qruplar dövlət dili funksiyasında olan Azərbaycan türkcəsinin mühüm təsirinə məruz qalıb. Bununla bərabər, dialekt səviyyəsində olsa belə, bu etnik qrupların dilləri Azərbaycan dilinə təsirsiz qalmayıb. İsmayıllı rayonunun şivə xüsusiyyətlərini ələ aldığımızda buradakı dil əlaqələrinə dair maraqlı faktlar meydana çıxır".
Lahıc və İsmayıllı şivələrinin dil əlaqələrinə toxunan araşdırmaçı bildirir: "Tarixi taleyi Azərbaycanla bağlı olan xalqlardan biri də İrandilli tatlardır. Azərbaycan ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı, Quba, Dəvəçi və Abşeron ərazilərində daha kompakt şəkildə yaşayırlar. Tatların bu ərazilərə hələ VI əsrdə İrandan köçürülməsi ədəbiyyatda qeyd olunur".
İsmayıllı rayonunda tatdilli etnik qrup kompakt şəkildə Lahıc qəsəbəsində və qəsəbəətrafı kəndlərdə yaşayırlar. Tatlar Azərbaycanın bir sıra ərazilərində yayıldığından, tat dilinin müxtəlif ləhcələri meydana çıxıb. G.Hüseynovaya görə, tat dilinin 1) şimal (sünni) şivələri – Quba, Dəvəçi, Qonaqkənd rayonları və Xızı rayonunun Qızıl Qazma kəndi ərazisində yayılmış şivələr; 2) mərkəzi (şiə) 84 şivəsi – Xızı rayonunun Ərüsküş və Dağquşçu kəndi ərazisində yayılmış şivə; 3) cənub (şiə) şivələri – Xızı rayonunun digər ərazilərində və Siyəzən rayonu ərazisində yayılmış şivələri və Abşeron, Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) tatlarının şivələri daxildir".
Tədqiqatçı Gülsüm Hüseynovanın araşdırmalarında, Azərbaycan dilinin dialektoloji lüğətlərində, yerli dil materiallarında və başqa mənbələrdən alınan dil faktları Lahıc şivəsi ilə Azərbaycan dili və onun İsmayıllı şivəsi arasındakı dil əlaqələrini üzə çıxarmağa imkan verir. Bu dil faktlarından bir neçəsini nəzərdən keçirək: Tilat – "ağzı yeyilmiş və sapı çürümüş, işlənmiş bıçaq (İsmayıllı şivəsində tilət- "nazik"); basarat/bəsərət//bəsərot -ərəb mənşəli söz - "diqqət" və "bəxt, tale", "gerçəkləri yanılmadan görə bilmə qabiliyyəti, uzaqgörmə", "basaratı bağlanmaq" isə "gerçəyi görə bilməmək kimi bir duruma düşmək" və s.
Gülsüm Hüseynovanın "Tat dilinin leksikası" əsərində dil əlaqələri baxımından qeydə aldığı ləbgərdən – (tat ləhcələrində abgərdən//obgərdan - ab//ob "su, maye" + gərdan//gərdən "boyun" (Lahıc və yerli şivədə "misdən, alüminiumdan və s.-dən qayrılmış uzunsaplı çömçə" qeyd bizimdir), qobi "kiçik dərə ", qoğuş "koğus", "ağacın içindəki ovuq", dino (İsmayıllı şivəsində dəno – qeyd bizimdir) "həlim, - bişmiş düyü suyu", zəqto//zəqqitum "çox acı", kəm "az"; noqulay (İsmayıllı şivəsində naqolay) "yöndəmsiz"; nohur "su yığılan yer", parabizən "qanadlarının üzərində qırmızı xallar olan cücü", siyəzi "kisə, xaral"; vəçə//ve çə//beçə "körpə arı"; qart "dəryaz itiləmək üçün daş"; qəcələ "sağsağan"; siyapur "hayasız"; pənə - "pul"; ciyə - "kəndir"; kənək - "bərk, sınmayan"; sital "tənbəl" və s. sözləri də İsmayıllı şivəsinə Lahıc şivəsindən keçmiş sözlərdir".
Qarşılıqlı dil əlaqələrində türk-monqol mənşəli sözlər başqa bölgələrimizdə yaşayan tatların dilində olduğu kimi, İsmayıllı tatlarının dilində də görünür: "Bu sözlər Azərbaycan dili vasitəsi ilə Lahıc şivəsinə keçib. Həmin leksik vahidlər Gülsüm Hüseynovanın araşdırmasında üzə çıxarılıb: kağaz/kağəz/koğəz, seyrəq/seyrey, sərün/sərin, buğa/büğo, bez, çiçəg/çiçeq, quymağ//quymoğ//qiymoğ, çöl//çul, qaburğa//qaburğo, başmağ/başmoğ, yapunci//yapuncü, sanduğ//sanduğ, cülgi//cülqi, kərpic, ambar//ambor, palaz//paloz, saray//səroy, tapança//tapançö, ostin – "paltarın qolu", çığrığ – "qarqara, makara, sap çarxı", qırt "az, kəsik", dağar – "qurudulmuş mal, qoyun, keçi dərisindən tikilmiş kisə", tuş – "tuş gəlmək", "rast gəlmək", uruğ- turuğ – "nəsil, nəvə-nəticə", ütüg – "zirək,diribaş" kəsüy – "yazıq, fağır, qəlbi sınıq (adam)"".
Qrammatik əlaqələr: "İstər tat dilinin Lahıc şivəsi, istərsə də hapıt dilində leksik əlaqələri ilə bərabər milli dilimizin milli azlıqların şivələrinə təsirlərini görməkdəyik. Azərbaycan tatlarının müxtəlif ləhcə və şivələrində işlənən birinci tərəfi Azərbaycan dilindən alınma -mış, - miş, - muş, - müş şəkilçisi lə əmələ gəlmiş feili sifət, ikinci tərəfi isə tat dilinə məxsus köməkçi feillə ifadə olunan analitik eillərdə maraqlı xüsusiyyətlər aşkara çıxır. Belə ki, "birən"- "ol" feili artırılmaqla Azərbaycan dilindəki məsdər mənalı feillər yaranır. Məsələn: alışmış birən - "alışmaq, öyrəşmək"; allanmış birən - "aldanmaq"; axmiş birən - "axmaq"; aqnamiş birən - "ağnamaq"; inanmış birən - "inanmaq"; "birən" köməkçi feili milli feillərimizin başlanğıc formasına və adlara da artırıla bilir: qunoğbiran – "qonaq olmaq"; sataşbirən – "sataşmaq". Həmin feili sifətlərə "soxtən"- "et" köməkçi feili artırmaqla təsirli feillər yaranır: aldatmış soxtən - "aldatmaq"; inanmiş soxtən - "inandırmaq"; xırdalamiş soxtan – xırdalamaq, tup soxtan – "toplamaq" v ə s".
Araşdırmaçı bu qənaətə gəlir ki, Lahıc ləhcəsində Azərbaycan dilinə məxsus derevativ sözlər mövcuddur ki, bunları dörd yerə bölmək olar:
1) Mənşəyindən asılı olmayaraq Azərbaycan dilindən hazır şəkildə alınmış düzəltmə sözlər:
aqrebəli – əqrəbalı; aqrebəsüz – əqrəbasız ; binəli – əsaslı; binəsiz -– əsassız; təməlli;təməlsiz;
anqirti – anqırtı, azqun – azğın; başçi – başçı, boğçə– baxça; cannığ– canlıq; düolı– dualı;
dədəliy – ögey dədə; ilçi – elçi; oyləli – ailəli; uxşor – oxşar; əttuq – ətlik; kəsilmək üçün bəslənən heyvan; ğərəülçi – keşikçi; qirçi – qırla işləyən şəxs; oşboz – aşpaz; bülük – bölük, dəstə;
2) Azərbaycan dilinə məxsus leksik şəkilçilərin tat mənşəli sözlərə qoşulması ilə həmin dilə məxsus sözlər: ataşluq – odluq, yandırmaq üçün yer; yallü – uşaqlı; cıqqılı– kiçik xırda; cünəli – yanaqlı; dır-dırçı– deyingən; düvəli – tüstülü; dəbboğçi – dabbaqçı; əntiqəçi – köhnə şeylər satan; numlu – adlı-sanlı; düminci – ikinci; düdüxçi - "yalançı"; nimərçi – keçəçi;uxşori – oxşarlıq; həmzotti/həmzətti – həmzadlı;
3) Azərbaycan mənşəli -çi4, -iş4 və s.şəkilçiləri ilə tat mənşəli –gəri şəkilçisinin birləşməsindən ibarət olan mürəkkəb –çigəri şəkilçisi vasitəsi ilə yaranan sözlər: başçigəri – aşçılıq; ğərəvülçigəri – keşikçilik, qarovulçuluq; elçigəri – elçilik; yuxsulgəri – yoxsulluq; kinçigəri – əkinçilik; gedişgəri – gedişat;
4) Azərbaycan dilinə aid sözlərə tat mənşəli şəkilçinin artırılması ilə yaranan düzəltmə sözlər: qapundan – qapmaq; yavoşlə – yavaşca; ügəi – ögeylik; yetimi – yetimlik; oşbozgəri – aşpazlıq; yetimgəri – yetimçilik.
Mürəkkəb söz yaradıcılığında da Azərbaycan türkcəsinin təsiri aydın görünür. Belə sözləri də 2 yerə bölmək olar: 1) Azərbaycan türkcəsindən hazır şəkildə alınan mürəkkəb sözlər: çoypüli –çay pulu; alış-vərişçi – alverçi; 2) Azərbaycan dilinə məxsus sözlə tat dilindən olan sözün birləşməsi ilə yaranan sözlər: kuxolu – dayıoğlu; nünqatığı – qəlyanaltı; yiğindərin – yır-yığış; yos nohran – yaş qoymaq; zirbıği – bığaltı; ux şundan – ox atmaq; təmizdili – təmizürəkli, açıqürəkli; təmiz soxtan – təmizləmək; əməyəruz – əməkgünü".
"Şahdağ" etnik qruplarının dil əlaqələri: "İsmayıllıda əsasən Hacıhətəmli və Mollaisaqlı kəndlərində yaşayan hapıtlar qədim Alban tayfalarının nəsillərindən olub, dünyada yalnız Azərbaycanda qeydə alınmış nadir etnoslardandır. Hapıt dili də həm Azərbaycan türkcəsi həm də tarixən qonşuluqda yaşadıqları etnosların dillərindən təsirlənmişdir. Hapıt-türk dillərinin tarixi əlaqələrinin olması haqqında araşdırmaçıların fikri də var".
"Şahdağ" dillərinin lüğət tərkibində, səs sistemində və hətta qrammatik quruluşunda Azərbaycan dilinin təsiri özünü göstərir. Onların lüğət tərkibinə çoxlu Azərbaycan sözləri daxil olur, tədricən kök sözlərin yerini dilə daxil olan yeni Azərbaycan sözləri tutur. Azərbaycan dilinə məxsus sözdüzəldici şəkilçilər əsasında bu dillərdə yeni sözlər yaranır. Bu dillərə Azərbaycan dili vasitəsilə ərəb, fars, hətta rus sözləri də daxil olmuşdur. Aşağıdakı sözlər hapıt - Azərbaycan (türk) dil əlaqələrinə nümunə ola bilər: aralıcəər- "uzaqdan"; ayağqəbı – "ayağqabı; bəy – "ata"; bəğriyər – "qorxmaq"; bıdırkən – "böyürtkan"; cic – "gül"; darnak – "dərnək"; bay – "ana"; funduq – "fındıq"; kar – "iş"; kum-"kənd"; kur – "çay"; kərpiç – "kərpic"; qədə - "oglan"; qım – "yer"; qıl – "baş"; qoq – "göy"; kərə-"yağ"; qomuş – "camış"; puzan – "pozan"; palaz – "kilim, xalı"; turşi – "turşu"; uç- "get"; ucən – "bura"; babay – "baba"; dayı – "dayı"; xala –"xala"; mamay – "bibi"; kur – "çay"; ux – "oxu" (uxəc – "oxumaq"); qəç - "çıx" ("qaç").
Babay, mamay sözlərinin sonundakı "y" türk ləhcələrində söz sonunda qapalı hecadan açıq hecaya doğru inkişaf qanunauyğunluğunu ifadə edən "arpay", "buğday" tipli sözləri xatırladır".

Uğur