“Azərbaycan insanı əsrlər boyu saysız-hesabsız təhdid və çətinliklər qarşısında tab gətirib” Layihə

“Azərbaycan insanı əsrlər boyu saysız-hesabsız təhdid və çətinliklər qarşısında tab gətirib”

Mübariz Qurbanlı: "Öz varlığını qoruyub saxlaması məhz onun milli kimlik və birlik məsələsindəki həssaslığı sayəsində mümkün olub"

Əvvəli ötən sayımızda

"...Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi gənclərimiz dini təhsil almaq məqsədi ilə xarici ölkələrə üz tutdular ki, bu da bəzən mənfi halların yaranmasına gətirib çıxardı. Belə ki, onların əksəriyyəti geriyə həmin ölkələrin dövlət-din münasibətlərini, özünəməxsus dini dünyagörüşünü, mentalitetini, həyat tərzini də mənimsəyərək qayıdıb, milli-mənəvi dəyərlərimizə, milli kimliyimizə zidd fikirlərin təbliğatçısına çevriliblər. Xalqımızın sahib olduğu humanist keyfiyyətlərinə, yaşam tərzinə zidd olan bu cür ənənələr isə cəmiyyətimizdə bir sıra problemlərin yaranmasına rəvac verib". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz yazısında qeyd edib: "Halbuki, tarixdən də məlumdur, Azərbaycan insanı əsrlər boyu saysız-hesabsız təhdid və çətinliklər qarşısında tab gətirib, öz varlığını qoruyub saxlaması məhz onun milli kimlik və birlik məsələsindəki həssaslığı sayəsində mümkün olub. Milli kimliyimiz zamanla dinimizlə, onun mütərəqqi prinsipləri ilə çulğalaşaraq, qəlibləşib. Sevgi, hörmət və fədakarlıq hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir. Xüsusilə gənc nəsilləri bu dəyərlərə uyğun, milli ruhda yetişdirmək olduqca əhəmiyyətlidir. Çünki gənclərin dini-əxlaqi dəyərlərdən uzaqlaşması onların adət-ənənələrimizə zidd düşüncələri mənimsəməsinə, zərərli axın və ideologiyaların tələsinə düşməsinə gətirib çıxara bilər ki, bu da cəmiyyətimizin gələcəyi üçün təhdiddir. Bu təhlükənin qarşısının alınması məqsədilə sağlam dini təhsil vermək və savadlı ilahiyyatçı yetişdirmək üçün bazanın formalaşdırılması labüddür. Hazırda bu istiqamətdə fəaliyyət göstərən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, dini dərslərlə yanaşı, dünyəvi elmlərin də yüksək səviyyədə tədrisinə, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanmasına, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunmasına, xurafatçılığa yol verilməməsinə, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasına və s. amillərə xüsusi diqqət yetirilir. Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda islamşünaslıq elmi inkişaf dövrünü yaşayır. Bugünlərdə "Dini etiqad azadlığı haqqında" Qanuna xaricdə dini təhsillə bağlı edilmiş dəyişikliklər, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılması, təhsilin keyfiyyətinin artırılması savadlı milli kadrların hazırlanmasında və dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyinə şübhə yaratmır.
Dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz növbəsində son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq, ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, "dəyirmi masa"lar təşkil etməkdədir".
Onun sözlərinə görə, maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan elektron nəşrlər vasitəsilə də həyata keçirilir: "Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunaraq, dini icmalara paylanılır. Çap olunan nəşrlər arasında "Heydər Əliyev siyasəti: Tolerantlıq", "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir", "Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz", "İslamda Vətən və dövlət sevgisi" və s. kitablar müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrinin inkişaf etdirilməsi, o cümlədən Vətənə, dövlətə bağlılıq, dövlət atributlarına ehtiramın gücləndirilməsi baxımından çox önəmlidir. Dövlət Komitəsinin mətbu orqanları - "Dövlət və Din" jurnalı, "Cəmiyyət və Din" qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olan "Din və Cəmiyyət" verilişi, "Space TV"dəki "İnam" verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini davam etdirir. Dövlət Komitəsi 2015-ci il ərzində ölkənin bütün regionlarında, o cümlədən şəhər və rayonlarında "Ənənəvi İslam dəyərləri və müasirlik", "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" və s. mövzularda regional konfranslar, seminar-treninqlər, görüşlər keçirmiş, digər dövlət qurumları və dini icmalarla birgə fəaliyyətin uğurlu davamı ilə əlaqədar müzakirələr aparıb. Bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan bu cür tədbirlərdə fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olub".
O qeyd edib ki. Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, ümumilikdə dinimizin təbliği istiqamətində atdığı addımlardan biri də ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət başçısı cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamıdır: "Dövlət tərəfindən dini icmalara maliyyə vəsaitinin ayrılması milli dövlətçilik tariximizdə bir ilk idi və bu addımın dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında müsbət rol oynayacağı, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaradacağı şübhəsizdir...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin, ölkədəki tolerant mühitin qorunması, dini radikalizmin, ekstremizmin, ayrı-seçkiliyin zərərlərinin qarşısının alınması, gənclərdə əxlaqi-mənəvi keyfiyyətlərinin yüksəldilməsi, vətənpərvərlik hisslərinin aşılanması, dövlət-din münasibətlərinin tənzimlənməsi kimi mövzularla bağlı maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə bir sıra dövlət qurumları ilə birgə fəaliyyətə də xüsusi diqqət yetirib. Bu məqsədlə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dövlət Sərhəd Xidməti ilə tədbirlər planı və əməkdaşlıq haqqında memorandumlar imzalanmış, icrasına başlanılıb. Ötən müddət ərzində Dövlət Komitəsi dini icmalarla əlaqələrin səmərəliliyinin artırılması, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, müxtəlif dini mövzularda birgə tədbirlər təşkil olunur. Keçirilmiş çoxsaylı tədbirlərə misal olaraq, "Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" mövzusunda Beynəlxalq Forumu, görmə qabiliyyəti məhdud olan, yaxud görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün Dövlət Komitəsi tərəfindən Brayl əlifbası ilə çap olunmuş 7 cildlik Qurani-Kərim kitabının təqdimat mərasimini, "Tolerantlıq: milli kimliklə vəhdət", "Qafqazda mədəni-dini irsin qorunması", "Dini radikalizmlə mübarizə: əsas hədəflər" və s. mövzularda elmi-praktiki konfransları göstərmək olar".
M.Qurbanlı əlavə edib ki, geridə qoyduğumuz 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin, tolerantlıq, birgəyaşayış mədəniyyətimizin tanıdılması, təbliğatı istiqamətində ölkə hüdudlarından kənarda aparılan işlərin iştirakçısı və bilavasitə təşkilatçısı olub: "Belə tədbirlərə örnək kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş "Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti" konfransını, DQİDK-nın dəstəyi ilə Brüsseldə "Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi" mövzusunda beynəlxalq simpoziumu, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində "İslam dini ekstremizm və terrorizmə qarşıdır" mövzusunda beynəlxalq konfransı və onların əhəmiyyətini vurğulamaq olar. Həmin tədbirlərdə Azərbaycanın dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıdılması, dövlətimizin din siyasətinin, xalqımızın tolerant və multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliğ edilməsi, həmçinin ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoq prosesini aktiv dəstəkləmək iradəsi avropalı ekspertlər vasitəsilə nümayiş etdirilib. Bununla yanaşı, dünyəvi dövlət olan Azərbaycanda dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyi, dövlətimizin din siyasətinin əksər ölkələr üçün nümunəvi model olduğu geniş şəkildə təbliğ olunub.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Çünki məşhur deyimlə ifadə etsək, təhsilsiz insan cilasız aynaya bənzəyir, bu güzgünü cilalamaq, onun vasitəsilə aydın gələcəyə işıq tutacaq yolu göstərmək bilik və maarifləndirmə vasitəsilə mümkündür. Məhz buna görə də, "müasir dövrün vəbası" hesab edilən dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin əsas istiqamətlərindən olacaq. Dövlət başçısı cənab İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirib: "Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır".

Əli