Milli azlıqların mədəni irsinin qorunması və inkişafı Layihə

Milli azlıqların mədəni irsinin qorunması və inkişafı

Bu yazıda Azərbaycanda milli azlıqların mədəni irsinin qorunması və inkişafı haqqında danışılır. Rauf Hacı və Abbasova Aygünün birgə araşdırmasında vurğulanır, bu gün dünyada 2000-dən 4000-ə qədər xalq, millət və etnik qrup yaşadığı söylənilir: "Dünyada bu qədər xalq, millət və etnik qrupun olması planetimizdə bir o qədər də həyat və davranış tərzinin olmasının real göstəricisidir. Məhz bu müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni dəyərlərinin geniş təbliği yaşadığımız müasir və demokratik dünyada inkişafın başlıca prinsip və göstəricisinə çevrilib. Hər bir dövlətin demokratik inkişafının ölçü və göstəricisi onun ərazisində yaşayan xalqlara olan münasibətdə, onların dil, din və adət-ənənələrinə hörmət və inkişafında özünü əks etdirir. Bu gün dünyada 2,2 milyard xristian (32%), 1,6 milyard müsəlman (23%), 1 milyard hinduist (15%), 500 milyon buddist yaşayır. Azərbaycan Respublikasında yaşayan xalqlar dini sitayiş baxımından bu dinlərin böyük bir qisminin daşıyıcılarıdır. "Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət yardımı" haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılması addımlarına onların cəlb olunması məqsədi daşıyır. Respublikadaxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, aparteid siyasətinin qarşısının alınması və cəzalandırılması, genosidin qarşısının alınması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunmaqla bu gün respublikamızda azsaylı xalqlarla bağlı olan 60-a qədər konvensiya Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edilib. Konstitusiyanın "Bərabərlik hüququ", "Dil haqqında" 25-ci, 44-cü, 45-ci və 48-ci maddələri bu və ya digər mənada milli azlıqların hüquqlarının qorunmasını təmin edir. AR Cinayət Məcəlləsi vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir. MDB ölkələri içərisində Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq etməklə bu qanuna 13 iyun 2000-ci ildə qoşulub.
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq respublikamızda yaşayan milli azlıqların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Dövlət səviyyəsində Azərbaycan Respublikası ərazisində yaşayan xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü işlər aparılır. Əsrlər boyu Azərbaycanda 80-dən artıq digər xalqın nümayəndəsi yerli etnos sayılan Azərbaycan türkləri ilə yanaşı yaşayıb və bu gün də dinc şəraitdə yaşayırlar. Azərbaycanda bütün dinlər bərabər hüquqa malikdir. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və 1 udin pravoslav kilsəsi fəaliyyət göstərməklə yanaşı 6 sinaqoq, 5 erməni qriqoriyan icması, malakanların 14 icması, babtistlərin 6 icması, adventistlərin 4 icması, almanların "Lüteran" kilsəsi və Roma Katolik Məbədinin fəaliyyəti bərpa olunub".
Azərbaycan xalqının bütün tarixi dövrü ərzində torpaqlarımızda sayının azlıq və ya çoxluğundan asılı olmayaraq bir dəfə də olsun azlıqda olan xalqlarla dini və etnik ədavət, ayrı-seçkilik faktları qeydə alınmayıb. Respublikamızda milli və dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri də kifayət qədər dözümlülük nümayiş etdirir. İlk növbədə bu onunla izah olunmalıdır ki, Azərbaycan Respublikası ərazisində yaşayan azsaylı xalqların hər birinə eyni dərəcədə qayğı göstərir. Milli azlıqların kompakt şəkildə yaşadığı rayonlarda - Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Lənkəran TV", Zaqatalada "Aygün TV" adlı yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır.
Azərbaycan Respublikası milli azlıqların hüquqlarının qorunması istiqamətində yürütdüyü ardıcıl və şəffaf siyasətini bu gün də inamla davam etdirir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə etməklə müstəqil respublikamızda azsaylı xalqlara məxsus milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onların arasında "Birlik" cəmiyyəti, Ahıska türklərinin "Vətən" cəmiyyəti, Ahıska türk qadınlarının "Sona" cəmiyyəti, Azərbaycan-tatar cəmiyyəti, "Turqan-tel" tatar mədəniyyət cəmiyyəti, "Yaşlıq" tatar mədəniyyət mərkəzi, "Krım" Krım Tatarları cəmiyyəti, Azərbaycan-İsrail icması, Dağ Yəhudilərinin icması, Avropa yəhudiləri (eşkenazi) icması, Gürcü-yəhudi icması, Yəhudilərin Qadın Humanitar Assosiasiyası, Slavyan Mədəniyyət Mərkəzi, Rus İcması, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, Ukrayna cəmiyyəti, "Ronai" kürd mədəni mərkəzi, "Samur" ləzgi milli mərkəzi, Tat Mədəniyyət mərkəzi, Gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, "Karelhaus" alman mədəniyyət icması, "Polonia" polyak mədəniyyət mərkəzi, "Mada" Beynəlxalq talış assosiasiyası, "Orain" udi mədəniyyət mərkəzi, "Buduq" mədəniyyət mərkəzi, Saxur Mədəniyyət mərkəzlərinin adını qeyd etmək olar.
Milli azlıqların sıx yaşadığı ərazilərdə cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və digər qrupları fəaliyyət göstərir ki, bunlardan, Qusar rayonundakı ləzgi, Qax rayonunda Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında talış folklor qruplarını və s. qeyd etmək mümkündür. Müstəqil dövlətimiz bu qurumları büdcəsini maliyyə yardımı ilə təmin etməklə bərabər mənşəyindən, mədəniyyətindən, dinindən və dilindən asılı olmayaraq, respublikamızda yaşayan azsaylı xalqlar arasında anlaşma, dözümlülük və qarşılıqlı hörməti gücləndirməyə çalışır. İslam, Ortodoks və Yəhudi dini konfessiyalarını birləşdirən "Üç qardaş" təşkilatı, Böyük Britaniyanın "Links" təşkilatının rəhbərliyi altında milli azlıqların Resurs mərkəzi də respublika ərazisində sərbəst surətdə fəaliyyət göstərirlər. Respublikamızda milli azlıqların ana dillində onlarla qəzet və jurnalı nəşr olunmaqla radio və televiziya proqramları da yayımlanır. Dövlət radiosunda-kürd, ləzgi, talış, gürcü və rus dillərində dövlət büdcəsindən maliyyələşdirilən verilişlər nümayiş etdirilir. Balakən rayonunda avar dilində, Xaçmazda ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında mütəmadi olaraq ləzgi dilində verilişlər yayımlanır. Bundan başqa Bakı şəhərində rus, kürd, ləzgi və talış dillərində qəzetlər də nəşr edilir.
Bu gün müstəqil dövlətimiz tərəfindən azsaylı xalqlarla bağlı atılan məqsədyönlü addımlar dinindən, cinsindən, irqindən və milliyyətindən asılı olmayaraq, bütün dövrlərdə respublikamızda yaşayan millətlərin mehriban ailə, dost və qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir. Azərbaycan Respublikası öz taleyini bu torpağa bağlayan bir sıra azsaylı xalqların doğma və tarixi vətəni sayılır. Zaqatala-Qax rayonları ərazisində yaşayan avarlar, ingiloylar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udilər, Quba rayonu ərazisində və Bakıda yaşayan dağ yəhudiləri, tatlar, kürdlər, talışlar bu gün Azərbaycan Respublikasının etnik xəritəsini zənginləşdirməklə bərabər Azərbaycan mədəniyyəti adlı çox zəngin musiqi, folklor nümunələri, ədəbiyyat, xüsusən də poeziyamız mövcuddur. Əgər bir tərəfdən azsaylı xalqlar öz dillərində ədəbiyyat və musiqi əsərləri yaradırlarsa, digər tərəfdən öz kiçik və gözəl mədəniyyət çalarlarını ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə qataraq Azərbaycan mədəniyyətini daha da zənginləşdirirlər. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunub inkişaf etdirilməklə, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü işlər aparılır. "Mədəniyyət haqqında" qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Müstəqil Respublikamız Azərbaycanda yaşayan xalqların milli mədəniyyətinin qorunub saxlanılmasına və inkişafına təminat verir. "Təhsil haqqında" qanunun 6-cı maddəsi və "Dövlət dili" haqqında qanunun 3-cü maddəsinə əsasən təhsil milli azlıqların dillərində verilə bilər. Respublikamızın 13 rayonunda yaşayan xalqların uşaqlarının öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün dövlət səviyyəsində bütün lazımi şərait yaradılıb. Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux rayonunun 32 məktəbində 4748 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini ibtidai siniflərində oxuyarkən öyrənirlər. Ümumilikdə isə 407 məktəbdə azsaylı xalqların 55488 nəfər uşağı öz ana dillərini öyrənir. Bu gün Təhsil Nazirliyi Azərbaycan Respublikasının Konstitusiyası, "Təhsil haqqında" qanunun və Avropa Xartiyasının prinsiplərini əlində rəhbər tutaraq azsaylı xalqların dil, din, tarix və mədəniyyətinin öyrənilməsi istiqamətində qanun çərçivəsində bütün imkanlardan istifadə edir".

Uğur