Həmsədrlər yenə gəlirlər Layihə

Həmsədrlər yenə gəlirlər

Məqsəd münaqişə zonasında vəziyyəti araşdırmaqdır


ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək. Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır.

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb. Ermənistan mediası da həmsədrlərin səfəri öncəsi atəşkəsə nəzarət mexanizminin yaradılmasının vacibliyini cənfəşanlıqla təbliğ edir.
Ötən ilin 16 may tarixində keçirilən Vyana görüşündə atəşkəsə nəzarət mexanizmi müzakirə olunmuşdu, lakin iyunun 20-də keçirilən Sankt-Peterburq görüşünün rəsmi açıqlamasında bu məsələ qeyd olunsa da, əsas müzakirə mövzusunun ərazilərin qaytarılması olduğu məlum idi. İrəvan isə nəzarət mexanizminin yaradılmasını israrla vurğulayır. Bu baxımdan, Savarş Koçaryanın "ehtimalları" təsadüfi deyil. Əslində, İrəvan bununla səfər öncəsi nəzarət mexanizmini yenidən gündəmə gətirmək istəyir.

Atəşkəsə nəzarət mexanizmi münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma, qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi "lokatorlar"ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. "Roys-Engel ideyası" adlanan bu təklif konqresmenlər Ed Roys və Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Burada əsas hədəf Ermənistanın işğal siyasətini möhkəmləndirmək, düşmən ölkəyə vaxt qazandıraraq, münaqişəni uzatmaqdır. Çünki belə bir mexanizmin qurulması Azərbaycanın beynəlxaq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə etmək imkanını məhdudlaşdırır.

Bakının qarşı çıxdığı mexanizmlərin yaradılması məsələsi ötən il "aprel müharibəsi"ndən sonra gündəmə gəlmişdi. Lakin sonra maliyyə və digər məsələlər əsas gətirilərək, bu, təxirə salındı. Məsələnin təxirə salınmasında Rusiyanın da rolu var. Belə mexanizmin qurulması Azərbaycana işğalın möhkəmləndirilməsi baxımından sərf etmirsə, ruslara da münaqişə üzərində nəzarəti itirmək baxımından sərfəli deyil. Çünki Qərb belə mexanizmlə beynəlxalq müşahidəçiləri təmas xəttinə yerləşdirmək və rusların sülhməramlı arzularını puça çıxarmaq niyyətindədir. Son proseslər Qərbin bu istəyindən əl çəkmədiyini göstərir.

Bütün bunların fonunda Azərbaycan mövqelərinə hücuma hazırlaşan erməni hərbi birləşmələrinin "OSA" zenit-raket kompleksinin məhv edilməsinə görə Minsk qrupunun Bakını ittiham etməsi təsadüfi deyildi. O da təsadüf deyil ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış Beynəlxalq Böhran Qrupu münaqişə zonasında hər an müharibənin başlaması haqda proqnoz verdi. Hesab etmək olar ki, Qərb vəziyyətin gərgin olduğu haqda beynəlxalq rəy yaradaraq, son nəticədə nəzarət mexanizmini yaratmaq istəyir. Hansı ki, bu, Ermənistanın əlini gücləndirəcək. Bu baxımdan, Ermənistanın nəzarət mexanizminin yaradılması üçün Qərbə "kömək edəcəyi" istisna deyil.
Hansı köməkdən söhbət gedir? Mümkündür ki, Ermənistan bu gün, yaxud sabah cəbhədə gərginliyi artırmaq üçün təxribat hücumlarına keçsin. Hətta bu hücumların müharibəyə sövq edəcək həddə olması da gözləniləndir. Ermənistan belə hücumla münaqişə zonasında gərginliyi artıraraq, qərbli həmsədrlərə nəzarət mexanizmi üzərində israrla dayanmasına əsas verə bilər. Bu ərəfədə cəbhədə atılan hər gülləyə və yaranacaq gərginliyə görə məsuliyyəti Ermənistan daşıyır. Bu baxımdan, ehtiyatlı olmalıyıq.
Erməni ekspert Gevorq Məlikyan "Aravot" qəzetinə açıqlamasında söyləyib ki, Ermənistan Qarabağ konfliktində çox az şey həll edir.
"Konfliktin sükanı istənilən halda Moskvanın əlindədir. Bu sükanı erməni tərəfi subyektiv və obyektiv səbəblər ucbatından könüllü şəkildə Moskvaya verib. Qərb isə buna səssizcə razılıq verdi. Ermənistan yenidən bu sükanı öz nəzarətinə qaytarmalı və suveren dövlət kimi konfliktdə çıxış etməlidir".
Erməni ekspert bildirib ki, ABŞ üçün ümumilikdə Cənubi Qafqaz heç vaxt prioritet olmayıb: "ABŞ-ın bölgə ilə bağlı siyasəti isə daha çox reaksiya xarakteri daşıyıb. Hətta Azərbaycan və ABŞ-a daim sevgi etirafları edən Gürcüstan belə Vaşinqtonun Cənubi Qafqaz strategiyasını dəyişə bilməyib".
Məlikyan İrəvanın hazırkı durumunu belə xarakterizə edib:
"Ermənistan özünü siyasi və iqtisadi sosiopat kimi aparır. O demək olar ki, bütün ciddi addımlardan, uzunmüddətli planlardan, qonşulardan, fərqli ideyalardan qorxur. Ermənistan bu gün real dostları yoxdur".
Azərbaycanlı ekspertlər isə Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən Minsk qrupunu kəskin tənqid ediblər. Onların fikrincə, bu missiya münaqişənin həllində heç bir rola malik deyil, sadəcə tərəfləri sakitləşdirmək və barışdırığı mövqeyə gətirmək məqsədilə bölgəyə səfərlər edirlər.
Ekspert Elşən Həsənovun fikrincə, Azərbaycan çoxdan bu qrupdan imtina etməliydi: "Minsk qrupu münaqişənin həllinə kömək etmir, əksinə onun həllini daha da çətinləşdirir. Bu yaxınlarda ermənilərə məxsus "OSA" zenit-raket kompleksinin məhv edilməsinə görə Minsk qrupunun Bakını ittiham etməsi nə deməkdir. Bu vaxta qədər işğalçı tərəf hər gün atəşkəsi pozur, sərhəddə itkilər var, işğal atında olan torpaqlarımız yandırılır və s. Amma Minsk qrupu bunlara göz yumur, indi hücuma hazırlaşan qurğunu məhv edən Azərbaycanı ittiham edir. Bu ermənipərəst bir mövqe nümayiş etdirməkdir. O qrupun həmsədr ölkə rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işlətdikləri fikirlər də səmimi deyil, gözdən pərdə asmaq və rəsmi Bakını sakitləşdirmək üçün belə ifadələr işlədirlər. Fransanın yeni prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubunda qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaq. Sən necə sadiq qala bilərsən ki, o qrupda ABŞ və Rusiya təmsil olunurlar. Onlar imkan verərlərmi ki, sən təkbaşına qərar qəbul edəsən? Bir də nə vaxtdan Fransa türklərə qarşı belə humanist mövqe nümayiş etdirib? Yaxşı olardı ki, fransalı prezident işğalçı Ermənistan prezidentinə işğala son qoyması tələbini edəydi".
Ekspert Mehriban Sadıqovanın fikrincə isə, bu səfər də görüntü xarakteri daşıyacaq: "Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır. Məgər ATƏT-in Minsk qrupu həmsdərləri münaqişə zonasındakı vəziyyətdən xəbərsizdirlər? Onlar yaxşı bilir ki, hər gün Azərbaycan sərhəddində ermənilər atəşkəsi pozmaqla təxribata əl atırlar. Ümumiyyətlə, ATƏT-in Minsk qrupu BMT Təhlükəsizlik Şurasında tam bəyənilərək və dəstəklənərək məsələni sülh yolu ilə həllinə nail olmaq üçün xüsusi mandat alıb. Lakin Minsk qrupu Ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində nətəcəsiz oldu. ATƏT-in Minsk qurupu institutunun həmsədr ölkələrinin ikisi‚ Rusiya və Fransa birbaşa ermənipərəst dövlətlərdir və hər ikisi birmənalı şəkildə Ermənistana dəstək olublar. Rusiya işğalçı ölkəyə mütamadi silah verən ölkədir. Rusiya bir daha göstərdi ki‚ işğalçı ölkəni silahlandırmaqda davam edəcək və əsla bu mövqeyindən əl götürməyəcək. Ermənistana təhlükəli silahın verilməsinin bundan başqa bir açıqlaması yoxdur. Əgər varsa Rusiya təhlükəli silahını işğalçı ölkəyə nə üçün verdiyini açıqlasın. Ümumiyyətlə, heç bir dövlət və heç bir beynəlxalq təşkilat bu və ya digər məsələlərdə Azərbycanla təhdid və hədə dililə danışa və heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Fransa da ermənipərəst mövqe nümayiş etdirir. ABŞ-a gəldikdə isə, Cənubi Qafqazdakı situasiya Rusiyanın əlində olduğundan rəsmi Moskvanın işinə qarışa bilmir. Bunları deməkdə məqsədim odur ki, Minsk qrupunun bu günədək fəaliyyəti və bundan sonra göstərəcək fəaliyyəti heç bir səmərə verməyəcək. Çünki bu qrupda bir xristian təəssübkeşliyi var. Vaxtaşırı gəlib-gedirlər. Təcavüzkar və təcavüzə uğrayan ölkə bəllidir, daha nəyi araşdırmaq lazım gələcək ki, Minsk qrupu hər dəfə bu məqsədlə bölgəyə səfərlər edirlər. Ermənistanın daxilində də onun Azərbaycan torpaqlarını işğal etməsini etiraf edən siyasilər mövcuddur. Onlar özləri də müharibənin bölgəyə ağır zərbələr vuracağını və Ermənistanın işğal etdiyi torpaqları boşaltmasını dilə gətirirlər. Minsk qrupunu qorxudan və təşvişə salan məqamlardan biri də Azərbaycanın müharibə variantına əl ata biləcəyidir. Ona görə, rəsmi Bakını sakitləşdirmək və vaxtı uzatmaq istəyirlər".


Cavid