Türkmənçay müqaviləsi bağlanılarkən ermənilər “unudulmadı” Layihə

Türkmənçay müqaviləsi bağlanılarkən ermənilər “unudulmadı”

Rus tarixçisi Potto bu barədə yazırdı: "Böyük Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər saldı, onların taleyində Rusiyanın rolunu qabaqcadan görə bildi"

Dünyanın indiki qarışıq halından məharətlə bəhrələnən ermənilər davamlı olaraq mənasız iddialarını irəli sürür, hədyanlarından əl çəkmirlər. Araşdırmaıçı Nicat Cəmilzadə bildirir ki, XIX əsrin əvvəllərindən Rusiyanın Zaqafqaziyanı işğal etdiyi vaxtdan indiki Ermənistan ərazisində minillər boyu yaşamış türk boylarının qanlı-qadalı günləri başlayıb: "İki əsrlik imperiya siyasətinin nəticəsi olaraq türklərə qarşı dəfələrlə soyqrım həyata keçirilib, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən soydaşlarımızı sonuncu nəfərinədək qovublar. Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin "Böyük Ermənistan" dövləti yaratmaq kimi sərsəm ideyaları "xristian himayəçiliyi" pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlib. Yaxın Şərqi, Hindistanı işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycanın sərhədləri kəsiyində özünə etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin etibarlı ərazidən tramplin kimi istifadə etsin. Kökləri I Pyotrun hakimiyyəti dövrünə gedib çıxan erməni-rus yaxınlaşmasının arxasında bütövlükdə Orta Şərqin və xüsusilə Cənubi Qafqazın müstəmləkə edilməsilə bağlı təcavüzkar planlar gizlənmişdi. Şərqdə işğal planlarının dövlət siyasəti səviyyəsinə qaldırılması əsasən I Pyotrun adı ilə bağlı olduğundan, məhz onun dövründən etibarən ermənilərdən bir alət kimi istifadə etmək mütəmadi və ardıcıl xarakter kəsb etdi".
Rus tarixçisi Potto bu barədə yazırdı: "Böyük Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər saldı və Ermənistanın taleyində Rusiyanın rolunu qabaqcadan görə bildi." N.Cəmilzadə: "Çar müstəmləkəçiləri Azərbaycan hüdudlarına yaxınlaşdıqca ermənilərin "xəyalları" da get-gedə reallaşmağa başladı. Rusiya ilə İran arasında baş vermiş I Rus-İran (1805-1813), II Rus-İran (1826-1828), həmçinin Rus-Türk müharibələrində ermənilər çox böyük canfəşanlıqla iştirak edirdilər. Bunu Potto, Semyanov kimi rus, Parsamyan kimi erməni tarixçiləri də təsdiq edirdi. İranla müharibənin ən qızğın nöqtələrində vuruşan erməni könüllü birləşmələrinin müharibənin rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri oldu. Onlar Rusiyanın qələbəsində gələcək erməni ərazisinin və burada erməni dövlətinin düzəldilməsi üçün geniş imkanların yaradılmasını görürdülər. Nəticədə, 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanılarkən ermənilər "unudulmadı."
Türkmənçay müqaviləsinin XV maddəsində deyilirdi: "Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində, ya da rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqib, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan sonra o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir."
XV maddənin müqavilənin mətninə daxil edilməsi üçün ermənilər birbaşa hərəkət etməyib, Rusiya diplomatik dairələrində nüfuz və təsirə malik Paskeviç və onun qohumu Qriboedovdan hiyləgərcəsinə istifadə edə bildilər. A.S.Qriboyedov Rusiyanın İranda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu. Onun "İrandan ermənilerin bizim vilayətə köçürülməsi haqqında qeydlər"ində ermənilərin Azərbaycana köçürülməsi məsələsi işıqlandırılıb. O, göstərirdi ki, polkovnik Lazerev özünü erməni emiqrantlarının himayəçisi hesab edir. Lazerev etiraf edirmiş ki, ermənilərin şüursuzcasına rus qanunlarından heç nə anlamır və bu qanunlarla yaşamaq istəmirdilər. Türkmənçay müqaviləsi onlara tam sərbəstlik verirdi. "Köçmələr vaxtı onların əsas silahları bunlar idi: knyaz Arqutinski, Qamazov, digər tabe olan zabitlər isə onların təsiri altında hərəkət edirdilər."
Mayor Vladimirovdan bəhs edərkən A.S.Qriboyedov göstərirdi: "Biz onunla bu hadisəni çox müzakirə etdik, müsəlmanlarla necə etmək lazımdır, onları təzə gələnlərlə barışdırıb başa salmaq lazımdır ki, bu gəlmələr müvəqqəti məskunlaşıb, onlar buradan gedəcəklər və gəldikləri bu yerlərdə həmişəlik qalmayacaqlar". O, bu haqda yeli xanlarla da danışmışdı. Nəhayət, yerlilərə müraciət edərək deyirdi ki, onlar gürcü ermənilərindən daha xeyirlidirlər. Gürcü tacir ermənilər xəzinəyə heç bir xeyir vermirlər, lakin fars erməniləri əkinçilər və çörəkbişirənlərdir. N.İ.Şavrovun "Zaqafqaziyada rus işinə yeni təhlükə" başlıqlı qeydlərində isə bu məsələ ilə bağlı daha ətraflı məlumat var. "Biz öz müstəmləkiçilik siyasətimizə Zaqafqaziya qapılarında rusların deyil, digər yerlərdən gələn insanların daxil olması ilə başladıq."
Nicat Cəmilzadə: "Hər şeydən əvvəl Şavrov 1819-cu ildə Vyurtemberq almanlarının 500 ailəsinin köçürdüklərini qeyd edir. Hansı ki, almanlar öz vətənlərində lazımsız hesab edilirdilər. Şavrov bunlardan Yelzavetpol və Tiflis quberniyalarında koloniyalar yaratdıqları və əlbəttə ki, bunlara ən yaxşı torpaqlar və imtiyazlar verdiklərini deyir. Burada Şavrov ermənilərin köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: "1826-1828-ci ilin müharibəsi qurtardıqdan sonra biz 2 il ərzində (1828-1830) 40 mindən çox fars ermənisi və 8460 türk ailəsi köçürdük və onları Yelizavetpol və İrəvan quberniyasının ən yaxşı xəzinə torpaqlarında yerləşdirdik."
Həmin yerlərdə erməni əhalisi yox dərəcəsində idi. Həmçinin erməniləri Tiflis, Borçalı, Axaltsixi və Axalkalaki bölgələrinə köçürdük. Şavrovun etirafı sübut edirdi ki, o dövrdə Zaqafqaziya quberniyalarında əsasən gürcülər və azərbaycanlılar yaşayırdı. O, göstərirdi ki, erməniləri yerləşdirmək üçün 200 min desyatin xəzinə torpağı ayrılıb və 2 milyon rubl məbləğində müsəlmanların şəxsi mülkləri satın alınıb. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə (Sevan) gölünün ətrafı bu ermənilərlə məskunlaşdırılır. Şavrov göstərirdi ki, bu dövrdə rəsmi şəkildə köçürülmüş 124 min ermənidən başqa, bu yerlərə qeyri-rəsmi suretdə də ermənilər gəlmişdi. Onların sayı 200 mini keçmişdi. İrandan Şimalı Azərbaycana köçürülən ermənilərin sayı haqqında mənbələrdə müxtəlif məlumatlar var. S.N.Qlinkanın dilimizə tərcümə olunmuş "Ermənilərin Azərbaycana köçürülməsi" kitabında yazdığına görə, "köçürmə əməliyyatı nəticəsində İrandan 8 mindən artıq erməni ailəsi Arazı keçərək Şimalı Azərbaycan torpaqlarında məskunlaşdı. Məcburən 40 minə yaxın adam Arazın şimalına gətirildi".
Tanınmış rus hərbi tarixçisi Potto qeyd edirdi: "Təkcə 1828-ci ilin martında köçən erməni ailələrinin sayı 5 minə çatırdı." Erməni keşişi Nerses Aştrakeçiyə istinad edən Kuznetsova da Şimali Azərbaycana gətirilən erməni ailələrinin sayının 8 min olduğunu göstərir. İ.Şopenə görə isə İrandan erməni vilayətinə 35560 nəfər, 6946 erməni ailəsi köçürüldü.
Rus tarixşünaslığında ermənilərin Azərbaycana köçürülməsi məsələsi kifayət qədər aydın, açıq-aşkar göstərilib: "Burada az da olsa, çarizmin milli müstəmləkəçilik siyasətinin ünsürləri rus mənbələrində öz dili ilə göstərilir. Təəssüf ki, ermənilərə daim əzabkeş xalq kimi baxan rus müəllifləri onların gələcəkdə Qafqaz xalqlarının, xüsusilə azərbaycanlıların başına gətirəcəkləri müsibətdən ya xəbərsiz idilər, yaxud da bunu əvvəlcədən bilirdilər. Təbii ki, əvvəlcədən bunu bilmələri rus çarizminin, ümumilikdə rus dövlətçiliyinin məqsədlərindən idi. Əsrlər boyu mövcud olan və hələ də davam edən erməni-rus yaxınlığı sovet hakimiyyəti illərində də davam edirdi. Təkcə onu demək kifayətdir ki, bu illərdə erməni millətçiləri yalnız sovet Ermənistanın deyil, həmçinin sovet Rusiyasınn da məsul vəzifələrində çalışırdılar. Onlar öz mövqelərindən istifadə edərək sovet hakimiyyəti dövründə də öz mənfur siyasətlərindən əl çəkmirdilər.
1937-ci ildə represiyalar zamanı, 1948-1953-illərdə azərbaycanlıların öz doğma yurd-yuvalarından köçürülməsi zamanı, Zəngəzur kimi mühüm tarixi torpaqlarımızın "işğalı" zamanı, 1988-1989-cu illərdə Qərbi azərbaycanlıların son nəfərinədək öz yurdlarından köçürülməsi və nəhayət, Sovet dövlətinin adından N.Qorbaçovun ermənilərə Dağlıq Qarabağ haqqında vədləri ermənilərin SSRİ hakimiyyəti illərində də nə qədər böyük hörmətə layiq edildiklərini göstərir. SSRİ-nin yaradılmasından sonrakı ilk onillik ərzində erməni məsələsinə bu qədər düzgün don geyindirilmişdi. Elə ona görə də əsrin sonunda Qurko–Kryajinin 1926-cı il sovet ensiklopediyasına əsaslanaraq yazdığı "Erməni məsələsi" həqiqəti əks etdirir. Burada göstərilir ki, erməni məsələsi Şərq məsələsinin bir hissəsini təşkil edir. Bu məqalədə erməni məsələsinin daxili və zahiri mahiyyətindən və bu məsələnin XVIII əsrdən meydana gəldiyini göstərir.
Qurko –Kryajin Türkiyə ermənilərinin XIX əsrdən etibarən daha da fəallaşdığını "Qərb dövlətləri" Şərqə hücum etdikcə məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atdıqlarını göstərir. XIX əsrin 70-ci illərində rus ziyalıları Türkiyə erməniləri arasında "milli özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparırdı." …Sırf iqtisadi zəmində kəskinləşən erməni məsələsi "böyük dövlətlərin" – Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianların müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüarları ilə pərdələnirdi.
Digər bir sovet müəllifi A.V.Fadeevin "Rusiya Şərq böhranı XIX əsrin 20-ci illərində" adlı əsərində Rusiyanın XIX əsrin əvvəllərində Qafqaz böhranında rolundan, rus çarizminin işğalçılıq planlarını həyata keçirmək vədlərindən danlşılır. Müharibədə iştirak edən ordunun tərkibi haqqında və işğallar geniş şəkildə işıqlandırılır. Şuşanın işğalı zamanı gözəl bir faktı göstərir. "Mühasirə olunmuş Şuşadan bir müddət xəbər gəlmədi. Nəhayət, A.Alhunyan adlı bir nəfər Qarabağ ermənisi düşmənin üzük qaşı kimi mühasirəsini yarıb Yermolova polkovnik Reut haqqında xəbər verdi". Bu "qəhrəmanlıq" sübut edirdi ki, Qarabağ erməniləri rus xalqına dost və sadiqdir.

Elçin Qaliboğlu