“Lavrovun erməni separatçıları ilə çox sıx əlaqələri var” Layihə

“Lavrovun erməni separatçıları ilə çox sıx əlaqələri var”

Arzu Nağıyev: "Bu, dəfələrlə danışılmış, sübut olunmuş faktdır"

Elxan Şahinoğlu: "Lavrov üzvlük üçün Azərbaycan qarşısında hansısa şərti söyləmədi"

Rusiya və Trükiyə prezidentlərinin Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müəyyən hərkətlilik hiss olunsa da hələ ki, real proses müşahidə olunmur. Trükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə açıq formada bildirdi ki, əsas faktor Rusiyadır və hər şey Putindən asılıdır.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən "biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın, - deyə vurğulayıb: " Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində". O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur.
Mariya Zaxarova həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair "Putin Planı"nın mövcudluğu barədə xəbərləri şərh edib. O bildirib ki, onlar hər zaman hər kəsə xəbərlərə yaradıcı münasibətlə yanaşı, eyni zamanda ilkin mənbəyə istinad etməyi məsləhət görürlər: "Bu mövzu dəfələrlə şərh olunub. Biz bu səfərləri də dəfələrlə şərh etmişik və bu suallara birmənalı cavab vermişik. Biz hərmişə qoylulan suallara xırda təfərrüatlarına qədər konkret cavab veririk. Bəzən müəlliflərin təxəyyülünü dayandırmaq mümkün olmur. Lakin heç olmasa nəzakət xatirinə bu yazılarda Rusiyanın olduqca aydın və dəqiq olan rəsmi mövqeyini qeyd etmək lazımdır".
Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son iki həftədə Moskva, Bakı və İrəvanda keçirilən danışıqların yekunlarını şərh etmək barədə xahişinə cavab olaraq M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xüsusi diplomatik aktivlik qısa müddət ərzində baş verməyib: "Bu, daimi işin nəticəsidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritet olaraq qalır. Çünki bu məsələnin bizə dost olan iki ölkəyə, iki xalqa aidiyyəti var. Biz onlarla münasibətləri inkişaf etdiririk və çox istəyirik ki, bu problemli məsələ nəhayət ki, həll olunsun".
Onu da əlavə edək ki, bütün bunlara rəğmən cəbhədə gərginlik davam edir. Erməni silahlı qüvvələri demək olar ki hər gün atəşkəsi pozsur və təxribatlar törədərək, danışıqlar prosesində hər hansı irəliləyişin olmaması üçün əllərindən gələni edirlər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Millət vəkili, politoloq Sahib Alıyev diqqətə çatdırıb ki, Türkiyə dövlət başçısının yenidən bu mövzuya qayıtması, Suriyayla paralel Dağlıq Qarabağ məsələsini də gündəmə çıxarması bizim üçün çox önəmlidir. O, bildirib ki, əslində İŞİD deyilən şəbəkədəki terrorçuların Suriyada etdikləri vəhşilikləri hay terrorçuları daha amansızcasına, soyqırım və etnik təmizləmə keçirməklə Dağlıq Qarabağda törədiblər: "Və İŞİD kimi böyük güçlərdən dəstək alaraq bunu ediblər. Əgər Rusiya həqiqətən terrorun və terrorçuların əleyhinədirsə, bütün ölkələrin suverenliyini, torpaq bütünlüyünü dəstəkləyirsə, Suriyada apardığı əməliyyatlar bu məqsədlə edilirsə, onda nədən biz hay terrorçu və separatçı rejiminə qarşı da eyni yanaşmanı görmürük. Cənab Ərdoğanın Putinlə görüşdə təkrar-təkrar Dağlıq Qarabağ məsələsini qaldırması da əslində bu deməkdir və təzyiq məqsədi daşıyır. Ancaq 5 rayonun qaytarılmasının vurğulanmasına gəldikdə isə Madrid sənədlərində Dağlıq Qarabağ probleminin çözümündə ilkin mərhələ kimi bu məsələ öz əksini tapıb və həmsədr dövlət olaraq Rusiya da ona öz razılığını verib. Əgər həmsədrlər, o sıradan da Ermənistan üzərində dominant təsiri danılmaz olan Rusiya tərəflər arasında gərginliyin azaldılmasını istəyirlərsə, onda Sərkisyan rejimindən ilkin addım olaraq 5 rayonun boşaldılmasını tələb etməlidir". Millət vəkili deyib ki, Türkiyə prezidentinin Dağlıq Qarabağ prboblemin "bizim milli məsələmiz" deyə səsləndirməsinə gəldikdə bu, Ulu Öndərin "bir millət, iki dövlət" fikrinin elə-belə deyilmədiyinin təsdiqidir, alqışlayırıq.
Politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən qarşısına qoyduğu əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək olub: "Lavrov Azərbaycanda olarkən hətta qeyd etdi ki, problemin həlli məsələsi masanın üzərindədir. Ancaq İrəana səfərdən sonra bildirdi ki, Dağlıq Qarabağ probleminin həllinə nikbin baxmır". Onun sözlərinə görə, məlum məsələdir ki, Rusiya-Ermənistan münasibətləri hansı səviyyədədir, bu dövlətlər eyni hərbi blokda, eyni iqtisadi ittifaqda təmsil olunurlar: "Bununla bərabər, Lavrovun özünün də erməni separatçıları ilə çox sıx əlaqələri var. Bu, dəfələrlə danışılmış, sübut olunmuş faktdır. Ona görə də Lavrov Ermənistanda olarkən başqa cür açıqlama verə bilməzdi. Çünki, Sarkisyan da, Nalbandyan da separatçılara "müstəqillik" sözü veriblər. Azərbaycan isə beynəlxalq hüququn prinsiplərini əlində rəhbər tutaraq, ərazi bütövlüyü məsələsini önə çəkir, yalnız bundan sonra istənilən danışıqlara hazır olduğunu bəyan edir. İşğalçı Ermənistanın ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayınca, substantiv danışıqlara getməyincə, problemin həllinə dair danışıqlar xatirinə danışıqlardan söhbət gedə bilməz".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə vurğuladı ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün əleyhinə olmadığını, ancaq şərtləri olduğu deyib: "Birincisi, Azərbaycan Ermənistanın blokadasına son qoymalıdır. İkincisi, Azərbaycan Ermənistana qarşı düşmən münasibətdən əl çəkməlidir". Şərtə bax ha! Sən hələ bir soruş ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyir, ya yox? Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Birliyinin üzvləridirlər, buna baxmayaraq yola getmirlər, sərhədləri yarıişlək vəziyyətdədir". Onun sözlərinə görə, İrəvanın qulağına çatıb ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə dəvət edir və bu məsələdə Ermənistanın mövqeyi nəzərə alınmayıb: "Əslində Şavarş Köçəryanın "şərtləri" Bakıdan çox Moskvaya ünvanlanıb ki, "bizim rəyimizi niyə nəzərə almırsınız?". Qul ağasına barmaq silkələyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında "Azərbaycanın Avrasiya İqtisadi Birliyində üzvlüyünə ancaq şad olardıq" fikrini dilə gətirdi. Bu zaman Lavrov üzvlük üçün Azərbaycan qarşısında hansısa şərti söyləmədi. Şavarş Köçəryan və onun naziri iradını Lavrov bölgəni tərk etdikdən sonra bildirib. İşğal davam edə-edə hansısa amorf təşkilatda üzvlük naminə Azərbaycanın Ermənistanın blokadasına son qoyacağını və Ermənistana qarşı düşmən mövqeyindən əl çəkəcəyini İrəvan ancaq yuxusunda görə bilər".

Əli