SSRİ-nin dağılması ərəfəsində ermənilərin KİV-dən fürsətcilliklə bəhrələnməsi Layihə

SSRİ-nin dağılması ərəfəsində ermənilərin KİV-dən fürsətcilliklə bəhrələnməsi

1980-ci illərin ikinci yarısından başlayaraq SSRİ-nin dağılması prosesi sürətlənməyə başladı. Bu zaman ermənilər daha da fəallaşdılar. Bu yazıda İlham Mazanlının tədqiqatında ermənilərin iyrənc məqsədlərinə çatması üçün jurnalistikanın, ümumən Kütləvi İnformasiya Vasitələrinin imkanlarından fürsətcilliklə bəhrələnməsindən danışılır: "Azərbaycan jurnalistikasında Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev, Çingiz Mustafayev, Arif Hüseynzadə, Fəxrəddin Şahbazov kimi tanınmış jurnalistlərimizi itirmişik. Silahlı münaqişələrdə xeyli jurnalistimiz ağır yaralanıb. Psixoloji zərbə alan onlarla jurnalistin acı taleyini də buna misal göstərmək olar.
Dağıq Qarabağda erməni yaraqlıları tərəfindən qətlə yetirilmiş ilk jurnalistimiz, "Молодежь Азербайджана" qəzetinin müxbiri Salatın Əsgərovanın reportaj və xəbərləri redaksiyaya ən qaynar nöqtələrdən daxil olurdu. Onun materilları həmişə jurnalistin insanlara münaqişənin əsl səbəbləri, erməni şovinist dairələrinin məkrli məqsədləri, cəmiyyətdə yaranmış boşluqdan istifadə edərək ərazi iddialarını həyata keçirmək, millətçilik zəminində siyasi kapital yığmaq və s. barədə həqiqəti çatdırmaq cəhdləri ilə seçilirdi.
Tədqiqatımızın əhatə etdiyi dövrdə araşdırmamızın obyekti kimi müəyyən etdiyimiz qəzetlərin kontent-analizi jurnalistin peşəkarlığı və sənətkarlığı ilə də bağlı bəzi mühüm məqamları ortaya çıxarır. Bu məqamlar o vaxtkı praktikanın təhlili və əldə olunan nəticələrin ümumiləşdirilməsi hələ də müharibə şəraitində olan ölkənin jurnalistikası üçün faydalı hesab oluna bilər. Bu baxımdan "Правда" qəzetində dərc olunmuş "Emosiyalar və idrak" məqaləsi Azəbaycanda və Ermənistanda böyük rezonans yaratmışdı. Redaksiyanın xüsusi müxbiri Q.Ovçarenko ilə birlikdə sözügedən respublikalarda qəzetin xüsusi müxbirləri Y.Arakelyan və Z.Qədimbəyov da bu məqalənin həmmüəllifləri idilər. Müəlliflər regiondakı situasiyanın faktiki vəziyyətini açır, Yerevandakı və Xankəndindəki millətçi rəhbərlərin və onların iradələrinin icraçılarının iç üzlərini açıb hər iki xalqa çatdırır, insanları emosiyalara qapılmamağa çağırır və barışığın əsası kimi idrakı götürməyi tövsyə edirdilər. Azərbaycan xalqı bu materialı böyük anlam və təqdirlə qarşılayır. Lakin bu material ermənilərin ürəyincə olmur və onlar yenidən gərginliyi artırırlar və Xankəndinin erməni əhalisinin bu məqaləyə etiraz əlaməti olaraq yenidən tətilə başlamalarına nail olurlar. Məqalə müəlliflərindən birinin – Y.Arakelyanın cəsarəti və özünün peşə borcuna sədaqəti yüksək qiymətləndirilməlidir. Məqalə dərc olunandan dərhal sonra öz üzərində erməni millətçilərinin güclü təzyiqini hiss edən Y.Arakelyan "Правда" qəzetinin Ermənistan üzrə xüsusi müxbiri vəzifəsini tərk etməli olur".
"Правда" qəzeti o dövrdəki nömrələrinin birində yazırdı: "Eyni zamanda, təəssüflə qeyd etmək lazım gəlir ki, jurnalist kadrlarının bir hissəsi ölkə qarşısındakı məsuliyyət hissini itirib və siyasi kallıq, yenidənqurmanın köklü və cari vəzifələrini anlamadığını nümayiş etdirir". "Правда" qəzeti yalnız bu cür yaza bilərdi. Orqanı olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi millətlərarası münasibətlər sahəsində yaranmış biabırçılığın məsuliyyətini öz üzərinə götürmək istəmir, bu işdə yerli hakimiyyət orqanlarını günahlandırırdı. Kommunist Partiyasının təbirincə desək, "aşkarlıq və cəmiyyətin demokratik əsaslarının formalaşdığı bir dövrdə jurnalist ictimaiyyətində təhlükəli bir xəstəliyin residivləri – konyunkturaçılıq, mənəvi həyasızlıq, yalan və yarımhəqiqət – yenidən baş qaldırır." Partiya hətta tələmtələsik bu işdə "günahkarları" müəyyən edir və özünəməxsus qəddarlıqla cəzalandırırdı".
Araşdırmaçı daha sonra yazır: "Tamamilə təbiidir ki, mətbuat geniş müzakirələr apararaq, baxışların və fikirlərin fərqindən həqiqəti arayıb tapır, lakin bəzən belə də olur ki, hansısa bir jurnalist hansısa hadisə, predmet, təzahür haqqında aradan kiçik bir vaxt keçməmiş belə tamamilə fərqli fikirlər söyləyir və bununla da açıq-açığına ümumbəşəri, o cümlədən, jurnalist etikasına hörmətsizlik göstərir. Buna nümunə kimi, tədqiqatımızın əhatə etdiyi dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətində çap olunan "Советский Карабах" qəzetinin redaktoru olmuş jurnalist E.Q.Sarkisyanı göstərə bilərik. Fikrimizin inandırıcı olması üçün zəhmətkeşlərin beynəlmiləlçilik və vətənpərvərlik ruhunda tərbiyə edilməsində kütləvi informasiya vasitələrinin rolu məsələlərinə həsr olunmuş və 1987-ci il may ayının 16-da Bakıda keçirilmiş respublika seminar-müşavirəsində onun çıxışının stenoqramına diqqətinizi cəlb etmək istərdik: "Dağlıq Qarabağın tarixi müxtəlif millətlərdən olan zəhmətkeşlərin sosial və milli zülmə qarşı, yeni ədalətli cəmiyyət quruculuğu uğrunda birgə mübarizələrinin nümunələri ilə zəngindir. 1923-cü ildə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, onun iqtisadiyyatının görünməmiş yüksəlişi, mədəniyyətinin inkişafı – bütün bunlar Lenin milli siyasətinin tarixi həqiqiliyinin parlaq təsdiqidir. Dağlıq vilayətin tarixi, müasir həyatı, inkişaf perspektivləri beynəlmiləlçilik, xalqların qardaşlığı ideyalarının təbliği üçün zəngin material verir".
İndi isə gəlin diqqət yetirək: bu sözlər muxtar vilayətin qəzetinin rəhbərinə məxsusdur, özü də beynəlmiləlçilik və vətənpərvərlik ruhunda tərbiyə məsələlərinə həsr olunmuş seminarda səslənib. Natiq öz çıxışını patetik (yun. "pathetikos" – "ehtiraslı", "həyəcanlı") olaraq "Beynəlmiləlçilik salnaməsi" adlandırıb. Bütün bunlar Dağlıq Qarabağ hadisələrinə cəmi 5 ay qalmış baş verib (Ermənistan SSR-nin Mehri və Qafan rayonlarından zorla çıxarılmış azərbaycanlılar 1988-ci ilin yanvar ayında ilk qaçqınlar kimi Azərbaycana daxil olublar. 1988-ci ilin fevral ayında isə Xankəndində DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxarılıb Ermənistan SSR-nin tərkibinə verilməsi tələbi altında petisiya (lat. "petitio" - "kollektiv ərizə") üçün imzalar toplamağa başlanılıb). Beş ay əvvəl insanları beynəlmiləlçiliyə və xalqların qardaşlığına çağıran E.Q.Sarkisyanın rəhbərlik etdiyi qəzet birdən-birə millətçiliyin, açıq ekstremizmin carçısına çevrilir, insanları silahlı qarşıdurmalara təhrik edir".
Bəzi hallarda isə azərbaycanlı müəlliflərin publikasiyaları ermənilər tərəfindən "üsyankarlıqla" qarşılanır: "Bu özünü daha çox tarixi mövzularda yazılan materiallarda göstərir. Müxbirlərimizin xalqımızın tarixi salnamələrində milli fərəh yerimiz olan abidələrimiz haqqında fikirləri ermənilər "qardaş respublikaları daha da doğma edən, keçdikləri ümumi inkişaf yolunu inkar edən" və hansısa "səciyyəvi cizgi" və "ekzotika" axtarışında olan yazılar kimi qiymətləndirir və bəzi hallarda bu yazıların Moskvanın əli ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində müzakirə edilməsinə də nail olurdular. Məsələn, Azərbaycan KP MK Moskvanın göstərişi ilə "Sovet Naxçıvanı" qəzetində çap olunmuş "Milli və ümumbəşəri iftixar abidəsi" başlıqlı məqaləni müzakirə etdikdən sonra "onun zərərli ideoloji yönümlü olduğunu" qeyd etmiş və "müəllifi Bibliyadan götürülmüş bir rəvayəti çox qədim zamanlarda Naxçıvanda baş vermiş tarixi fakt kimi qələmə verməkdə" mühakimə edib. Kommunist Partiyasının bu məqalə ətrafında yaratdığı "ideoloji" ajiotajın (fr. "agiotage" – "həyəcan, hər hansı bir iş, məsələ ətrafında gərginlik") məqsədi aydın idi".
"Бакинский рабочий" qəzetinin 11-12 iyun 1987-ci il tarixli sayında Ermənistan SSR-nin gerbinin təhrif olunmuş təsvirinin çap olunması, səliqəsizliyə və səhlənkarlığa yol vermiş əməkdaşların ciddi cəzalandırılmalarına baxmayaraq, bu fakt bir müddət ermənilər tərəfindən müəyyən instansiyalarda qəsdən şişirdilmiş və yanlış yozulmuşdu".
O dövrdə fəaliyyət göstərən jurnalist L.Polonskinin fəaliyyətinə nəzər salan İ.Mazanlı bildirir: "Biz bu jurnalisti ona görə seçmişik ki, o nə azərbaycanlıdır, nə də erməni. Təbii ki, millətlərarası münasibətlərin kəskinləşdiyi, artıq çoxlu sayda qurbanların olduğu bir vaxtda L.Polonski və onu kimi neçə-neçə jurnalist bəziləri kimi öz təhlükəsizlikləri üçün kənarda qalmağa üstünlük verər, gözləmə mövqeyi seçə bilər və gərginliyin qurtaracağı günü gözləyərdilər də. Ancaq onlar peşə borclarına sadiq qalaraq, öz publisistik imkanları və sənətkarlıqları ilə vəziyyətin normallaşmasına heç də az töhfə verməyiblər. L.Polonski "Ədalətli qərar" başlıqlı məqaləsində ölkənin ən ali dövlət hakimiyyəti orqanının – SSRİ Ali Soveti Rəyasət heyətinin 23 mart və 18 iyul 1988-ci il tarixli iclaslarının Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin ərazisi olduğunu və hakimiyyətə təsir göstərilməklə milli-ərazi quruluşunun dəyişdirilməsinin mümkünsüzlüyünü bir daha təsdiq etməsi haqqında qərarlarını özlərinə xas bir tərzdə şərh edən dairələrin (əsasən, Yerevanda və Moskvada) cəhdləri ilə bağlı öz düşüncələrini qələmə alıb. Məqalədə klassiklərin, alimlərin əsərlərinə istinadlara rast gəlinmir, amma müəllifin bu problemin araşdırılmasına xeyli vaxt sərf etdiyi aydın hiss olunur. Onun düşüncələri bir çox yazıçıların, tarixçilərin, humanistlərin fikirləri ilə həmahəng səslənir. Müəllif böyük faktiki material əsasında tarixən yaranmış reallığın sarsılmazlığını sübut edir. Onun münaqişənin hər iki tərəfinin nümayəndələrindən aldığı məktublar çox səmimi və inandırıcı təsir bağışlayır. Müəllifin mülahizələri və çağırışları mücərrədliyin məhsulu deyil, iki qonşu xalqın taleləri üçün dərin düşüncələrin və içdən gələn narahatlığın yekunlarıdır. Yüksək səviyyədə jurnalist sənətkarlığı ilə yazılmış bu məqalə cəmiyyətdə geniş müsbət əks-səda doğurmuş, oxucu rəylərinə səbəb olmuşdu. Redaksiya məqalə ilə əlaqədar yüzlərlə məktub almışdı. Dağlıq Qarabağ münaqişəsi mövzusunda yazılmış həm bu, həm də bir sıra digər müəllif və jurnalist məqalələrinin səciyyəvi cizgisi onların inandırıcılığı, fakt və təzahürlərin peşəkarlıqla təhlilidir..."

Elçin Qaliboğlu