Abdulla Surun maarifçi yazıları Layihə

Abdulla Surun maarifçi yazıları

Azərbaycan türk ziyalılarından Abdulla Məhəmmədzadə Tofiq Sur (1882-1912) ilk təhsilini dünyaya gəldiyi Gəncədə mədrəsədə alıb. Buranı bitirdikdən sonra bir müddət təhsil aldığı həmin məktəbdə müəllimlik edib. Surun öz təbrincə desək, o heç vaxt müəllimlik etməkdən bezməyib: "Müəllimlikdən bezmədim. Bu, mənim ən sevimli əməlimdir. Nasıl ondan bezərim, nifrət edərim?? Əsla!?"
Ancaq müəllim fəaliyyəti ilə kifayətlənməyən Abdulla Sur "Şərqi-Rus" qəzetinin baş redaktoru Məhəmməd Ağa Şahtaxtlının dəvəti ilə Tiflisə gedir və bir müddət həmin mətbu orqanda çalışır. "Şərqi-Rus" qəzetdə yazdığı məqalələr əsasən İslam dininə həsr edilir. Müəllif qələmə aldığı məqalələrdə bildirir ki, yenilik, müasirlik və mədəniyyət İslam dininin əsasını təşkil edir. Surun fikrincə, mədəniyyətin inkişafında İslam dini mühüm yer tutub və bu rolunu indi də davam etdirməkdədir. Bu mənada, İslam dinini mədəniyyətə və müasirləşməyə əngəl kimi görənlərə qarşı çıxan Abdulla bəy hesab edirdi ki, bunu iddia edənlər ya islamiyyətin əsil mahiyyətindən xəbərsizdir, ya da bilərəkdən cəmiyyətin şüurunu qarışdırırlar. Abdulla Sur hesab edirdi ki, müsəlman dünyasının inkişafı üçün ilk növbədə, valideynin uşaqlara, kişilərin qadınlara münasibətində dəyişiklik olmalıdır. Belə ki, Avropada olduğu kimi, müsəlman dünyasında da uşaqları qorxutmaqla deyil, qayğı və düzgün yol göstərməklə tərbiyə etmək lazımdır: "Avropa üsulu ilə tərbiyə verən atalar uşaqlarını çox sevərlər, oxşarlar. Avropalı ata-analar heç bir vaxt cocuqlara söyüş, qarğış etməzlər".
Onun fikrincə, bu kimi mühüm amillər İslam dinində də öz əksini tapmışdır. Bu mənada, o, "Hər gün küçələrdə görürük" (1906) məqaləsində yazırdı ki, artıq müsəlmanlar uşaqlarına zülm verməkdən əl çəkib, onları dünəyəvi məktəblərə qoymalıdırlar. Yalnız bu halda müsəlman uşaqları da başqa millətlərin uşaqları kimi elm və tərbiyəyə yiyələnərlər. Sur yazırdı: "Üsuli-cədid üslubunca hər şəhərimizdə, qəsəbəmizdə, qeyri yerlərimizdə məktəblər təsis edəlim. Bisavad böyüklərimiz üçün dəxi məktəblər təsis edəlim. Övlad və millətimizə insaniyyət qanunu təsfir və təhfim etməyə çalışalım. Hər yerdə "cəmiyyəti-xeyriyyələr" təsis və tərtib edib fəqirlərimizə, yetimlərimizə, bikəslərimizə, dullarımıza, qocalarımıza, şikəstlərimizə və korlarımıza ianət edəlim. Onları evləndirəlim. Millət və Vətənə sadiq, doğru xidmətkarlar yetirəlim".
Abdulla Surun yazıları qəzetin hər sayında yer alırdı. Məlum olduğu kimi, "Şərqi-Rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri məqalələrlə çıxış edirdilər. Onu "Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin "vıstavkası" adlandırırdılar. Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və başqa problemlər haqda yazılar dərc olunub. "Şərqi-Rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində dərc edilmişdi. Sonradan "Tərcüman" qəzetinin redaktoru İ.Qaspıralının əlifba məsələsində M.Şahtaxtinskinin kəskin tənqid etməsi "Şərqi-Rus"u xeyli nüfuzdan saldı. Bəzi hallarda isə qəzet liberal mövqe tuturdu. Beləliklə, Abdulla Surun 1903-cü ildə bu qəzetlə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edir.
1905-ci ildə "Şərqi-Rus" bağlandıqdan sonra o yenidən Gəncəyə qayıdır və burada müəllimlik fəaliyyətini davam etdirir. Müəllimliklə bərabər ziyalı "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır. Məsələn, "İrşad" qəzetində nəşr olunan "Əski İstanbul xanımları" (1906) məqaləsi xanımların problemlərinə həsr edilmişdi. Abdulla Sur yazırdı ki, qadınların tərbiyəsindəki problemlər cəmiyyət tərəfindən onlara lazımi dəyərin verilməməsidir. Halbuki qadınlar yeni nəslin formalaşmasında ən facib faktordur. Bunu anlayan Avropa millətləri artıq qadınların hüquqlarını tanımağa və cəmiyyətdə müəyyən status daşımalarına konstitusion baxımından da razılıq verməyə başlayıblar. Ancaq müsəlman ölkələrində hələ də bu sahədə ciddi problemlər var. Çünki müsəlmanlar elm və maarifdən çox uzaq düşüblər. Ancaq vaxtilə elm və maarifi Şərqdən öyrənən Qərb millətləri indi onları üstələyiblər.
Surun "Bir tövsiyə" (1906) məqaləsi bu gün də çox aktualdır: "Mühüm olduğu vəchlə cümlə millətlər maarif və mədəniyyəti əsasən bir-birlərindən iqtibas edə-edə gəlmişlər. Əski yunanlar, romalılar ərəblərə məlum oldular. Avropanın qərbi xristianları bugünkü mədəniyyət əsasını ərəblərdən (ərəbdilli islam mütəfəkkirlərindən) aldığı zatən bəllidir". Abdulla Sur yazdığı bütün yazılarda qeyd edirdi ki, dünya yoldaşlarımızın cümləsinin elm və mərifət nurlarına bürünüb rahat-rahat yaşamalarına səbəbkar məhz İslam mədəniyyətidir: "İstədiklərinə nail olmuşlar, hər məkanda izzət və hörmət görüyorlar. Hər gün, bəlkə hər saat öz millətlərinə xidmət etməkdədirlər. Onlar üçün hər gün bir-iki mərifət, sərvət və istirahət qapıları açıyorlar. Dindaşlarının və vətəndaşlarının qeydinə qalıyorlar. İndi onları bu halətdə, özümüzü cəhalətdə görüncə xəcalət çəkmirizmi? Utanmırızmı?".
Surun qənaəti bu idi ki, əgər İslam dininin, Türk millətin və Azərbaycan Vətəninin azadlığını və inkişafını istəyiriksə, Avropa millətləri kimi, buna çatana qədər malımızdan, canımızdan və qanımızdan heç bir şey əsirgəməməliyik. Çünki yox yerdən, yaxud da ömrümüzü cəhalət içində keçirməklə nəyəsə nail olmaq mümkün deyildir. Sur yazırdı: "Bizə də sevgili millətimizin cəhalət qaranlığından mərifət aydınlığına çıxması üçün xərclər, məsrəflər lazımdır. Başqa dövlətlilər yanında ibrət alın! Onlar öz millətləri xeyrinə yüz minlərcə, bəlkə milyonlarca ianələr veriyorlar. Siz də millətimizin qeydinə qalın!".
Surun fikrincə, Avropalı millətlərdən ibrət almaq onu təqlid kimi başa düşülməməlidir. Yəni müsəlman türklər öz adət-ənənələrinə hörmət etməklə yanaşı, müasirləşməyə də biganə qalmamalıdırlar. Çünki elə bir əsr gəlmişdir ki, zamanla ayaqlaşmayan millətlər başqa millətlərin arasında əriyib yox olur. Sur yazırdı: "Zəmanəyə müvafiq adətlər, rəsimlər qəbul etməliyiz. Bu adətlər bizim dinimizi islamiyyətimizi əlimizdən almaz. Bilakəs millətimizi cəhalət girdabından xilas edər".
Maraqlıdır ki, müasirləşmək, zəmanə ilə ayaqlaşmaq və maarif kəsb etmək üçün Avropa millətlərindən, o cümlədən Rusiyadan nümunə götürməyi tövsiyə edən Sur milli keyfiyyətləri Türkiyədən öyrənməyi məqbul sayıb. Bunu, Sur belə izah edir: "Demək istərəm ki, mədəniyyət və maarifi-ümumiyyəti Rusiyadan, Avropadan öyrənəlim. Milli libasımız, ədəbiyyatımız və bunlara dair ülum və fünunu da İstanbuldan alalım. Madam ki, kəndi aramızda müqtədir ədiblər, mühərrirlər, müəllimlər yoxdur, mütləqa oraya möhtacız. Bizə görə, ədəbiyyat elmində İstanbullu türk qardaşlarımız ilə bir dərəcəyə gələlim də sonra İstanbuldan müstəqil oluruz. Onlar ilə bərabər lisanımızın islahını, ədəbiyyatımızın kəsbi-vüsət etməsini biz də çalışmaya başlarız. Şimdilik onlara möhtac olduğumuzu danmayacağız?"
Abdulla Surun təhslini davam etdirməsi üçün Türkiyəyə -İstanbula getməsi (1906) ilə onun dünyagörüşündə müəyyən dəyişikliklər baş verir. Doğrudur, o, yenə də əvvəlki kimi İslam dininə və Şərq mədəniyyətinə böyük hörmətlə yanaşır, onların cəmiyyətdəki rolunu təsdiq edirdi. Ancaq bütün bunlarla yanaşı, Sur Türkiyə dönəmindən etibarən İslam mədəniyyəti ilə yanaşı, Türk və Qərb mədəniyyətinə daha geniş yer vermişdir. Başqa sözlə, Surun bu dövrdən etibarən müasir ruhlu İslam-Türk mədəniyyətinin sintezindən çıxış etdiyi daha çox hiss olunur.
İstanbulda yazdığı bəzi məqalələrində ("Günəş doğduqdan sonra") bir daha Şərq mədəniyyətilə Qərb mədəniyyətini, İslam dini ilə xristian dinini müqayisə edən Sur müsəlman dünyasının, Şərq mədəniyyətinin oyanacağına və dirçələcəyinə ümidini kəsmir. Doğrudan da, çox keçmir ki, "Şərqdə şəfəq sökülərkən", "Xavər zəmin oyandı" əsərlərində artıq Sur Şərq və İslam dünyasının oyanışından bəhs edir: "Demək ki, Şərq oyanıyor! O Fərabilər, Firdovsilər, Nizamilər yetişdirən Asiya oyanıyor. Demək ki, Oğuzların, Çingizlərin, Teymurların məzarı qiyam ediyor!".
İstanbulda olarkən (1906-1908) "Türk ədəbiyyatına bir nəzər" adlı əsər yazan A.Sur burada türk ədəbiyyatının yaranması və inkişafı tarixinə ümumi bir nəzər yetirmişdir. Yeri gəlmişkən, "Azərbaycan türklərinin ədəbiyyatı" monumental əsərinin müəllifi Firudin bəy Köçərli xatirlərində yazırdı ki, həmin əsərin yazılmasında Abdulla Surun böyük əməyi olmuşdur: "Şəxsən biz mərhum Mirzə Abdullaya "Azərbaycan türklərinin ədəbiyyatı" əsərimizə Gəncə şair və yazıçılarının tərcümeyi-halları və əsərlərindən nümunələr, qiymətli materiallar göndərdiyi üçün minnətdarıq. Mərhum doğma ədəbiyyatı böyük məhəbbətlə sevər və bizim əsərimizə lazım olan məlumatları toplamaqda bütün xahiş və tapşırıqlarımızı həvəslə yerinə yetirərdi".
O dövrün ən böyük şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri alıb. Abdulla Məhəmmədzadə Firidun bəy Köçərlini öz müəllimi hesab etmiş, eyni zamanda "Azərbaycan ədəbiyyatı" əsərinin yazılmasında ona kömək edib. Abdulla Sur 1912-ci il mayın 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişmiş və Gəncə Səbiskar qəbiristanlığında dəfn edilmişdir. Sur haqqında böyük Azərbaycan şairi Hüseyin Cavidin dedikləri son dərəcədə qiymətlidir: "Əvət, mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi. Həm də pək durbin (uzaqgörən), pək münəqqid bir ədib idi. Qafqas toprağı bir də pək güc öylə cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb dodurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar".

Ülviyyə Tahirqızı