İrəvan xanlığı Layihə

İrəvan xanlığı

2-ci yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmalarında bildirilir ki, 1960-cı ildə Tbilisidə çap olunmuş sənədlər külliyatının mövzunun tədqiqində böyük əhəmiyyəti olmuşdur. Külliyatda Kartli-Kaxetiya çarlığının Qafqaz xalqları ilə siyasi və ticarət münasibətlərindən bəhs edilməsinə baxmayaraq, sənədlərdə İrəvanla bağlı hadisələr də öz əksini tapmışdı. Burada Hüseynəli xanın (1759-1783) vəfatından sonra İrəvanda baş vermiş hadisələr, onun oğlanlarının - Qulaməli xanla Məhəmməd xanın hakimiyyətə gəlməsi ilə bağlı məlumatlar təsvir edilmişdir.
İrəvan xanlığına aid dörd cilddən ibarət arxiv sənədlərinin xeyli hissəsi "Erməni-rus münasibətləri" adı ilə müxtəlif illərdə nəşr olunub. Külliyyatda RMDHTA, RİXSA, və Matenadarandan toplanmış zəngin məlumatlar var. Burada rus zabitlərinin İrəvan xanlığı haqqında kəşfiyyat məlumatları, irəvanlılara xəyanət edən ermənilərin qeyri-rəsmi məktubları toplanmışdı. Bu sənədlərdə İrəvan xanlığının qonşu xanlıqlar və ölkələrlə siyasi münasibətləri, əhali haqqında məlumat öz əksini tapıb. Lakin toplunun adından göründüyü kimi, müəlliflər bu arxiv sənədlərini ermənilərin adına çıxıblar.
"Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi" adlı digər sənədlər toplusunda isə 1801-1813-cü illərdə baş verən hadisələrlə bağlı arxiv sənədləri toplanıb. Topluda RMDHTA, Gürcüstan Respublikası MDTA və Ermənistanda Matenadarandan çıxarılmış sənədlər nəşr olunmuşdu. Sənədlər içərisində İrəvan xanlığının Rusiya, İran və Osmanlı dövlətləri ilə siyasi münasibətlərinə aid arxiv materialları da var. Toplunun adından görünür ki, çap edilən sənədlərdə yalnız İrəvan xanlığından söhbət getdiyi halda ermənilər bu xanlığı heç bir əsası olmadan Şərqi Ermənistan kimi qələmə veriblər.
İ.Şopenin "Rusiya imperiyasına birləşdiyi dövrdə erməni vilayətinin tarixi abidələrinin vəziyyəti" əsəri İrəvan bölgəsinin tarixi, tarixi coğrafiyası və əhalisini öyrənmək üçün ən mühüm mənbədir. Statistik məlumata söykənən bu əsər işğaldan sonra çar icra orqanları tərəfindən həyata keçirilən siyahıyaalınma nəticəsində tərtib edilmişdi. Belə ki, İrəvan xanlığının işğalını həyata keçirən rus qoşunlarının baş komandanı qraf Paskeviçin təşəbbüsü ilə bu bölgəni Rusiyanın xammal bazarına çevirmək, gəlir mənbələrini dərindən öyrənmək üçün 1829-cu ilin aprelindən siyahıyaalınma keçirilməyə başlanmış və 1832-ci ilin mayında tamamlanmışdı. Əsərin "Erməni vilayəti" adlanması Rusiyanın işğaldan sonra Cənubi Qafqazda apardığı inzibati-ərazi dəyişikliyi ilə bağlı idi. Belə ki, İrəvan və Naxçıvan xanlıqları işğal edildikdən sonra 1828-ci il martın 21-də çar I Nikolayın xüsusi fərmanı ilə bu iki xanlığın ərazisində "Erməni vilayəti" adlı inzibati-ərazi vahidi yaradılmışdı. Əsərdə İrəvan bölgəsinin siyasi tarixi, coğrafiyası, iqlimi, iqtisadiyyatı, kənd təsərrüfatı, sənətkarlığı, məişəti, adətləri, suvarma sistemi, bitkiləri, yerli çəki və ölçü vahidləri, vergilər, inzibati-ərazi bölgüsü, əhalinin sayı, etnik və dini tərkibi və s. haqqında zəngin statistik məlumatlar toplanmışdı. Lakin işğaldan sonra həyata keçirilən bu siyahıyaalınmaya ehtiyatlı yanaşmaq və digər mənbələrlə müqayisə etmək lazımdır. Çünki işğal prosesində İrəvan xanlığının ərazisi və əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türkləri çoxlu itkiyə məruz qalmış, erməni əhalisi əksinə rusların köçürmə siyasəti nəticəsində çoxaldılmışdı. Digər tərəfdən İrəvan bölgəsinin siyasi tarixinə toxunan müəllif erməni mənbələrinin təsirinə düşmüş və onun tarixini ermənilərlə bağlamışdı.
E.Qarayev: "Tədqiq etdiyimiz mövzu ilə bağlı Azərbaycanda olmuş ayrı-ayrı rus məmurlarının xatirələri də sanballı faktlar verir. Bunlardan biri 1783-1787-ci illərdə Rusiyanın Kartli-Kaxetiya sarayında nümayəndəsi olmuş, rus səyyahı və diplomatı S.D.Burnaşovun "İranda Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" əsəridir. Bu əsərin əhəmiyyəti ondan ibarətdir ki, müəllif İrəvan da daxil olmaqla bütün xanlıqların yerləşdiyi ərazini "Adrebijan", yəni Azərbaycan adlandırır. Bu faktın özü İrəvan xanlığının Şərqi Ermənistan adlandıran erməni müəlliflərinə tutarlı bir cavabdır. Əsərdə İrəvan xanlığının qonşu xanlıqlarla siyasi münasibətləri, hərbi qüvvələri, sərhədləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi, sayı haqqında qısa da olsa məlumat verilib. S.D.Burnaşovun bu əsərində maraq doğuran məlumatlardan biri də Makunu İrəvan xanlığının tərkib hissəsi kimi təqdim etməsidir. Bundan əlavə, S.D.Burnaşovun müxtəlif illərdə P.S.Potyomkinə yazdığı məktubları A.A.Çaqareli tərəfindən "1783-1787-ci illərdə Gürcüstanda olmuş S.D.Burnaşovun tərcümeyi-halı və fəaliyyəti üçün yeni materiallar" adı altında Sankt Peterburqda nəşr edilmişdir. Əsərdə Azərbaycan xanlıqları, eləcə də İrəvan xanlığı haqqında kəşfiyyat xarakterli məlumat var".
1816-1817-ci illərdə A.P.Yermolovun başçılığı ilə Rusiya dövlətinin Tehrana göndərdiyi nümyəndə heyətinin tərkibində məsləhətçi kimi iştirak etmiş A.Y.Sokolovun verdiyi məlumatlar da çox dəyərlidir: "A.Y.Sokolovun əsərlərində XIX əsrin əvvəllərində Pəmbək hadisələri, sabiq Axalkələki hakimi Şərif paşanın başladığı üsyan, Qacar İran dövlətinin Cənubi Qafqazla bağlı planları, əhali haqqında məsələlər, Hüseynqulu xanın şəxsiyyəti haqqında xeyli məlumat toplanıb. Ermənilərin İrəvan xanlığına köçürülməsinin təşkilatçılarından biri olan yazıçı və diplomat A.S.Qriboyedovun "Gündəlik" və məktubları mövzumuz üçün böyük əhəmiyyəti vardır. Bu sənədlərin əksəriyyəti 1889-ci ildə Sankt-Peterburqda nəşr olunmuşdu. Sənədlərdə Hüseynqulu xanın şəxsiyyət və fəaliyyəti, İrəvan qalası, ermənilərin köçürülməsi haqqında maraqlı məlumatlara rast gəlmək olar. A.S.Qriboyedov hadisələrin canlı şahidi olduğundan bu məlumatların İrəvan xanlığının tarixinin öyrənilməsində əhəmiyyəti misilsizdir".
Mövzunun tədqiqində erməni mənbələrindən də istifadə olunub. Bu mənbələrdən S.İrəvanlının 1958-ci ildə Moskvada nəşr olunmuş "Cambr" əsərini qeyd etmək olar: "1763-1780-ci illərdə erməni katolikosu olmuş S.İrəvanlının bu əsəri Eçmiədzinin tarixinə, onun təsərrüfat həyatına, mülkiyyət məsələlərinə həsr edilsə də, Hüseynəli xanın fəaliyyəti, onun İrəvan xanlığını II İraklinin asıllığından azad etmək üçün apardığı müharibələri, kənd təsərrüfatını inkişaf etdirmək üçün gördüyü tədbirləri, vergi sistemi haqqında da bəhs edilmişdir. Mənbə İrəvan xanlığının XVIII əsrin 60-80-ci illərini öyrənmək baxımından əhəmiyyətə malikdir. Nəşr olunmuş erməni mənbələrindən biri də Yeqor Xubovun "Ermənistanda unudulmaz hadisələrin təsviri" əsəridir. Əsər 1811-ci ildə Sankt Peterburqda çap olunub. Erməni katolikosu Simonun bacısı oğlu olan Y.Xubov birinci İrəvan döyüşünün canlı şahidi idi. O, Məhəmməd xanın şah qoşununa qarşı mübarizədə kömək almaq məqsədilə rus komandanlığı ilə aparılan danışıqlarda nümayəndə heyətinin tərkibində iştirak etmişdi. Mal-mülk sahibi və geniş bağ sahəsi olan Y.Xubov sonralar rusların tərəfinə keçmişdi. Onun əsəri 1779-cu ilin sentyabrında Hüseynəli xanla II İrakli arasında baş vermiş döyüş və onun acı nəticələri, Kartli-Kaxetiyaya çoxlu əsirlərin aparılması və onların çoxusunun əsirlikdə ölməsi, ermənilərin İrəvan xanına xəyanəti kimi hadisələrlə başlamışdı. Mənbədə qısa da olsa 1796-cı ildə qraf V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana hücumu, Ağa Məhəmməd şah Qacarın İrəvan və Naxçıvan xanlarını cəzalandırması, İrəvan xanı Məhəmməd xanın xanlığın müstəqilliyini qorumaq naminə Rusiya və Qacar İran dövlətləri arasında siyasi manevr etməsindən, onun əvvəlcə şah qoşununa qarşı S.D.Sisianovdan kömək istəməsi, bunun üçün Tiflisə nümayəndə heyəti göndərməsi, irəvanlıların əvvəlcə şah qoşununa, sonra isə rus qoşununa qarşı mübarizəsi ətraflı təsvir edilib. Daha sonra əsərdə İrəvan xanlığının əhalisi və inzibati ərazi quruluşu haqqında məsələlər öz əksini tapıb. Lakin erməni ənənəsinə sadiq qalan Y.Xubov heç bir əsası olmadan İrəvan xanlığı ətrafında cərəyan edən hadisələri Ermənistanda baş verən hadisə adlandırmışdı. Əsərin adı ilə məzmununun uyğun gəlməməsi erməni saxtakarlığını ifşa etmək üçün əla faktdır".
Mövzunun tədqiqində Türkiyə dövlət arxivlərində saxlanılan osmanlı mənbələrindən də istifadə olunmuşdur. Bu mənbələr "Osmanlı dövləti ilə Azərbaycan türk xanları arasında münasibətlərə dair arxiv bilgiləri" adı ilə iki cilddə nəşr edilib. Bu arxiv sənədlərinin əhəmiyyəti ondadır ki, bu sənədlərdə İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri kimi dəyərləndirilmişdi. Sənədlərdə İrəvan xanlarının Osmanlı sarayı ilə yazışmaları, sultanın fərmanları, Rusiya, Kartli-Kaxetiya və İran təcavüzü ilə bağlı Osmanlı paşalarının rəsmi məktubları öz əksini tapmışdı. Osmanlı sənədləri İrəvan tarixi ilə bağlı bəzi siyasi hadisələrə Osmanlı dövlətinin münasibətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.Yerli mənbələrdən səyyah və coğrafiyaşünas Z.Şirvaninin "Bustanüs-səyahə" adlı səyahətnaməsinin monoqrafiyanın yazılmasında böyük əhəmiyyəti var. Əslən şamaxılı olan Z.Şirvani ömrünün 40 ilini səyahətdə keçirib. O, Azərbaycan, Orta Asiya, İran, İraq, Əfqanıstan, Fələstin, Osmanlı dövlətində və s. ölkələrdə olmuş və gördükləri haqqında qeydlər aparıb. Bu qeydlər əsasında səyyah bir neçə əsər yazmışdır. Onlardan biri də "Bustanüs-səyahə" adlı səyahətnamədir. Z.Şirvani bu əsəri 1832-ci ildə yazmış və ölümündən sonra 1896-cı ildə Tehranda nəşr olunub. Səyahətnamənin IV fəslində Azərbaycanın 30-a qədər şəhər, kənd və s. məntəqəsi təsvir edilmiş, onların əlifba sırası ilə izahı verilib. Onun İrəvan haqqında verdiyi məlumatı xüsusilə əhəmiyyətlidir. 1826-cı ildə İrəvanda olan səyyah səyahətnaməsində buranın Azərbaycan ərazisi olduğunu, əhalinin türkcə danışdığını və burada çox az xristian əhalisinin yaşadığını xüsusi qeyd edib. Bu fakt erməni müəlliflərinin saxtakarlıqla İrəvanda erməni əhalisinin çoxluq təşkil etməsi haqqında boşboğazlığına tutarlı cavabdır.

Elçin Qaliboğlu