Mətbuat tarixmizdə Ünsizadə qardaşlarının xidmətləri Layihə

Mətbuat tarixmizdə Ünsizadə qardaşlarının xidmətləri

Azərbaycan mətbuat tarixində Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olub. Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda "Ünsi" təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman əfəndi oğlanlarına yaxşı adlar seçmişdi. Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi. Səid əvvəl Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra igamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təsənni idarəsinə üzv seçilir. Sonradan Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunur. Tadqiqatçı Nazim Nəsrəddinov yazır ki, vəzifə Səid Ünsizadəyə maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olmağa geniş imkanlar açmışdı. Bu istqamətdəki ən önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi ilə yaradılan Şamaxı "Məclis məktəbi" idi. Quberniyanın digər məktəblərindən fərqli olaraq, burada şagirdlərin sağlamlığına da, təhsil və tərbiyələrinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, Yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri keçirilir, müəllimlər dərslə yanaşı, dərslik və müxtəlif risalə və kitabçaların yazılmasında yazılmasında fəallıq göstərirdilər. Təkcə bu faktı göstərmək gərəkli görünür ki, bu məktəbdə işləyən müəllimlər XIX əsrin 80-ci illərində Azərbaycan dilində uzun müddət məktəblilərin oxu və dərslik kitabları kimi tanınan bir neçə mükəmmməl əsərin müəllifləridir. Səid Ünsizadə həmin vaxt Qafqaz Canişini olan D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək, Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlc daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları alıb gətizdirir. Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin əfəndini də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə - müəyyən mətbəə peşəsi üzrə fəhləliyə dəvət edilir. S.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə "Ziya" adlı həftəlik qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün gündərilən proqramında "Ziya" qəzetində dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi. Qəzetin ilk nömrəsi 1879-cu ilin yanvar ayının əvvəllərində çap edilir. Qəzetin 1879-cu il yanvar ayında çıxan ilk 2 nömrəsi tədqiqatçılara məlum deyil. "Ziya"nın 1879-cu il fevralın 8-də çıxan 3-cü nömrəsinin tarixinə əsasən ilk nömrənin 1879-cu il yanvarın 18-də çıxdığını söyləmək olar. "Ziya"nın birinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilir. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır: "Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. "Ziya" qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə mütəəlliq hər bir növ kağızlar qəzetə müdirinin adına göndərilir". Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır: "Qəzetə ümuratının müdir və mühərriri Cəlal Ünsizadə. Qəzetəmizin bir sənəlik qiyməti: altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik. Elamnamələrin hər bir sətrinə 10 qəpik. Mənfəətlü və yaxşı xəbərlər pulsuz qəbul və təb olunur".
Tədqiqatçı Nazim Nəsrəddinov yazır ki, qısa bir müddətdə "Ziya" türk dili başa düşülən bütün türk torpqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində - Tambovda sürgündə olan "Əkunçi"nin əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şirvanlı Şahin əfəndi, Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan Həsən bəy Məlikzadə Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə, İrəvandan Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, anası alman, atası fransız olan məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov və başqaları "Ziya"ya məktublar göndərir. Müxtəlif məzmunlu bu məktub və maqalələr türk dünyasının ziddiyətlərlə dolu olan bir zaman kəsimini öyrənmək baxımından çox maraqlıdır. Səid Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizdə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər. Qəzetdə bəzən süni qarşıdurma yaradılırdı. Səid Ünsizadə qəzetin baş məqalələrinin birində təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə ciddi fikir verməyi ona irad tutur, "hər kəsə öz xörəyini verməyi ondan tələb edirdi". Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal əfəndi 1882-ci il may ayının 12-də hökumət dairələrində 1882-ci ilin sentyabr ayından ayda bir dəfə çıxarmaq şərtilə Tiflisdə "Kəşkül" adlı məcmuə çıxarmağa icazə istəyir və oktyabrın 20-də ona "Kəşkül" adında jurnal ("Kəşkül" səhifələrində onu "məcmuə", "cəridə" də adlandırırlar) çıxarmağa icazə verilir. Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883-cü il yanvarın 31-də 28 səhifəlik "Kəşkül" jurnalını qardaşı Səid Ünsizadənin "Ziya" adı ilə tanınan mətbəəsində çap etdirir. Qeyd edək ki, Kəşkül - hind qozu qabığından hazırlanan dərviş çantasıdır. Bu söz klassik Şərq ədəbiyyatında "ədəbiyyat, şeir toplusu" məzmununu da verir. Cəlal Ünsizadə jurnalın müqəddəməsində bu münasibətlə özü belə yazırdı: "Bu cəridədə nə növ mətləblər yazılacağın bu günkü nüsxənin elanat səhifələrində zikr edirik, amma burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi məmləkətimiz müsəlmanlarının məfhumi olan Türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə ərəbi və farsi dili sevən müsəlman qardaşlarımız dəxi bu cəridə vasitəsilə faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə dəxi əhvalat və məqalət qəbul və dərc olunacaqdır. Nə fənuni-maddi və ülumi-dünyəvi təxmlərin müstəhəqqinə (toxumların layiq olanına.) əta etməgə qüdrəti olan (Əkinçilərdən) olduğumuzdan və nə də zülməti-zəlalət və cahi-cəlalətdə qalmışlara ziyanəxş olmaq qüvvəsinə nail olan ürəfadan hesab olunduğumuzdan, yəni ülumi-zahiri və batinidən ari (təmiz-N.N.) bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə aldığımız ƏMƏK BƏ ƏMƏL ÇANTASI dəxi kəşküldən ibarət olacaq. Bu səbəbdən təb və nəşrinə rüxsət aldığımız cəridə "KƏŞKÜL" namını alır".
"Kəşkül"ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilir: hicri-1200, miladi-1883. Sonrakı sətrdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs edəcəyi yazılıb. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir. Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmış dua ilə başlayır. "Kəşkülün müqəddiməsi" başlıqlı yazının müəllifi Cəlaləddindir. Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir, "Əkinçi", "Ziya" qəzetlərinə düzgün qiymət verilir. "Kəşkül"ün birinci nömrəsindəki "Mətbəə və mətbuat" başlıqlı yazıənın müəllifi göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrədə axtarmalı olur. Bu yazıdakı fikirlərin çoxu "Ziya" qəzetində dəfələrlə səslənmişdir. Görünür, "Ziya" da imzasız çap olunan məqalələrin müəyyən hissəsi Cəlal Ünsizadənindir. O da təzə mətbu orqanda "Ziya"dakı fikirlərini "Kəşkül"ün oxucuları ilə bölüşmək fikrinə düşür. Cəlal Ünsizadə "Kəşkül" də yazır: "Bizlərdən çoxu var ki, mətbəə və mətbuat nə olduğunu bilməz və bilmək dəxi istəməz". Müəllif öyrənməkdən üz çevirənlərə onları məşğul olduqları boş və bihudə xəyal aləmindən ayırmalarını vacib sayır. Oxucu ilə belə fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolunu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın millət və qövmin düşüncə tərzində öz əksini tapdığı qənaətinə gəlir. "Kəşkül"dəki felyetonlar da oxucular narahat edən məsələlərə həsr olunmub. XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olardı. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş döğurduğundan əvvəlki müsbət çalarlarını itirir. Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı "Aldığımız bir vərəqədir" adlanır. Jurnalın ilk nömrəsində A.Bakıxanovun "Təhzibül-əxlaq" əsəri haqqında yazı müəlifinin düşüncələri də özünə yer tapır. Jurnalda 1877-ci il Dağıstan hadisələri də işıqlandırılıb. Jurnaldakı ədəbiyyat bölümünün yazılarrı da diqqəti cəlb edir. "Əmsali-Loğman"dan seçilən yazı "Bir arslan ilə iki Öküz" adlanır. Tərcümənin müəllifi Cəlaldır. Jurnalın 24-cü səhifəsində dərc olunan "Qurani-Əzim Alişan" şerinin müəllifi (Seyyid) kimi göstərilib. Mövzusu itirilmiş rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin heç bir kitabına daxil edilməyib. "Kəşkül"ün ilk 11 nömrəsi jurnal həçmində (formasında) çıxıb. Bəzi nömrələrinin tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsini ləngidib. 1884-cü il martın 22-dən "Kəşkül" jurnalı qəzet kimi fəaliyyətini davam etdirmişdir. 1891-ci ilin oktyabr ayında "Kəşkül" öz nəşrini dayandırıb.

Ülviyyə Tahirqızı