“Ermənistanın hərbi və müdafiə imkanları Azərbaycandan qat-qat zəifdir” Layihə

“Ermənistanın hərbi və müdafiə imkanları Azərbaycandan qat-qat zəifdir”

Tofiq Zülfüqarov:"Əgər hərbi əməliyyatlar bərpa olunsa, Ermənistan birmənalı məğlub olacaq"
Ermənistanın KTMT fiaskosundan sonra İrəvanda narahatlıqlar daha da artıb. Bu quruma üzv olan dövlətlərin Ermənistanın əleyhinə bəyanatlar verməsi Rəsmi İrəvanı bu məsələ ilə bağlı açıqlama verməyə məcbur edib. Artıq işğalçı dövlətin hökumətində təmsil olunan şəxslər bu fiaskonu ictimaiyyətdən gizlədə bilmirlər.
Qeyd edək ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkodan Ermənistanla bağlı səsləndiriyi fikirlərə görə izahat tələb edəcəyini bildirib. Lukaşenkonun "Ermənistan KTMT-yə rəhbərlik edəcək gücdə dövlət deyil", açıqlaması rəsmi İrəvanın narazılığına səbəb olub.
Politoloq Ramiyə Məmmədova deyib ki, KTMT-nin Astana sammitindən sonra Ermənistan və onun Baş naziri Nikol Paşinyanın tarım çəkilmiş əsəbləri sakitləşmək bilmir: "Paşinyanın KTMT üzvü olan dövlətləri kəskin formada tənqid etməsi və onlarla hədə dilində danışması da bunu göstərir". Onun sözlərinə görə, KTMT-nin yeni baş katibi mövzusu ətrafında gedən müzakirələr Ermənistan-Belarus münasibətlərini gərginləşdirib: "Astana sammitində Azərbaycanı dəstəkləyən fikirlərin səsləndirilməsi Ermənistanı narahat edir. Üstəgəl, bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko açıq formada bildirdi ki, Ermənistan KTMT-yə rəhbərlik edəcək gücdə deyil. Əslində Lukaşenko bununla Ermənistana olan münasibətini açıqladı. Bu təkcə Lukaşenkonun yox, Belarusa dəstək verən Qazaxıstan başçısının da fikridir. Hər iki ölkənin Azərbaycanı dəstəkləməsi Ermənistanda birmənalı qarşılanmır. Son çıxışlarından birində "ermənilərin zəif olduğunu düşünürlər, onlara bizimlə hesablaşacağına söz verirəm" deməsi, Paşinyanın beynəlxalq siyasət anlayışından xəbərsiz olduğunu göstərir. Əslində Paşinyan hədə-qorxu ritorikasını sərtləşdirməklə, Ermənistanın digər ölkələrlə münasibərini daha da gərginləşdirir. Əlbəttə, Paşinyan səsləndirdiyi hər bir fikrin arxasında durmağı bacarmalıdır". Ramiyə Məmmədova qeyd edib ki, hazırkı situasiyada Ermənistanın arxalana biləcəyi yeganə güc Rusiyadır: "Ermənistan bu gün məhz Rusiyanın iqtisadi və maddi hesabına öz varlığını qoruyub saxlaya bilir. Məlumdur ki, MDB ölkələri arasında Rusiyadan asılı olan yeganə dövlət də Ermənistandır. Amma Paşinyanın axır vaxtlarda Rusiyaya göstərdiyi münasibət nə onun özünün, nə də Ermənistanın xeyrinədir. Əlbəttə, Paşinyanın nə Belarusa gəldiyi hədə-qorxu, nə də səsləndirdiyi sərt bəyanatlar heç bir müsbət nəticə verməyəcək. Bunun Belarusa da təsirləri yoxdur. Çünki demək olar ki, Belarusun Ermənistanla heç bir sahədə əlaqəsi yoxdur".
Siyasi şərhçi Arzu Nağıyev deyib ki, erməniləri qorxudan məqamlardan biri onların bu gün istənilən istiqamətdə, yəni diplomatik, siyasi və hərbi baxımdan uduzmağı ilə yanaşı, həm də ABŞ və Rusiyanın münaqişənin həllində müəyyən irəliləyişə nail olmaqla bağlı tələbidir: "Ermənilər anlayır ki, işğal olunan əraziləri əldə saxlamaq üçün vəsaitləri yoxdur və belə olan halda, bunun gələcəyi də yoxdur". O bildirib ki, bu gün Paşinyan dilemma qarşısında qalıb və əsas sual da maddi vəsaiti haradan necə alacağıdı: "Qərb ona kredit vermir. Lakin Rusiya verir. Belə olan halda, Paşinyan bilir ki, Moskva verdiyi pulun müqabilində öz diktəsini edəcək". Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öz yerini itirən Ermənistanın aqoniya vəziyyətində olmasının nəzərdən yayınmadığını dilə gətirən A. Nağıyev söyləyib ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın hətta Qazaxıstan və Belarus prezidentlərindən "izahat" istəməyə cəsarət etməsi İrəvanın anlaqlı durumda olmadığını deməyə əsas verir: "Düzdür, Minskdən Paşinyana kifayət qədər tutarlı cavab verildi. Ancaq bu kimi cavabların İrəvanı işğalçı siyasətdən də çəkindirəcəyini demək olmaz".
Siyasi şərhçi söyləyib ki, Ermənistanda bəzi dairələr Paşinyanın parlament seçkilərindən sonra Qarabağı azad edəcəyini, hətta pul qarşılığında torpaqları boşaldacağını iddia edir: "Ermənistanda parlament seçkilərinin keçiriləcəyi vaxt yaxınlaşdıqca müxtəlif partiyalar tərəfindən bəyanatlar səslənməkdədir: Məlum məsələdir ki, həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları bir siyasi xətt kimi istifadə edilməkdədir. Məhz Paşinyanın Dağlıq Qarabağa son səfəri, qondarma qurumun hərbi xunta nümayəndələri ilə görüşü də bunu deməyə əsas verir".
Politoloq Tofiq Zülfüqarov isə diqqətə çatdırıb ki, əslində, bu, yeni məsələ deyil, bu cür mövqeləri həmişə eşitmişik: "Sadəcə olaraq bəzi məqamlarda ermənilərin atdığı addımlar nəticəsində qeyri-rəsmi və yanlış məlumatlar ortaya çıxır və nəticədə gərginlik yaranır. Bu yalan məlumatlar isə təxribat yönlü addımlardır. Həm Avropanın, həm də dünyanın elə ölkəsi yoxdur ki, Dağlıq Qarabağ məsələsinə birmənalı baxmasın".
Onun fikrincə, Sərj Sərkisyan öz mövqelərini müdafiə etmək üçün hərəkətə keçib: "Bildiyiniz kimi, Ermənistanda iki siyasi düşərgə yaranıb: Paşinyanın düşərgəsi və Ermənistandakı keçmiş hökumət üzvlərindən ibarət qruplaşma. Azərbaycanın işğal altındakı torpaqlarında silahlı dəstələrin Qarabağ klanı ilə birləşməsi nəticəsində isə daha bir düşərgə formalaşıb. Onlar 20 il hakimiyyətdə olublar və çevriliş nəticəsində hakimiyyəti itiriblər. Sərkisyan da məhz siyasi platforma yaratmaq məqsədilə müxtəlif bəyanatlarla çıxış edir. Ancaq onun bu bəyanatlarını ciddi qəbul etmək olmaz... Mən deməzdim ki, Ermənistandakı siyasi proseslər ABŞ-ın layihəsidir. Ermənistanda baş verən siyasi proseslər daxildən qaynaqlanır. Qarabağlılar və ermənistanlılar arasında daxili konflikt onsuz da mövcud idi. Sadəcə olaraq müxtəlif qüvvələr Ermənistanda yaranmış bu durumdan öz siyasi məqsədləri üçün istifadə edirlər. ABŞ-ın bəlli dairələrindən savayı digər xarici qüvvələr də Ermənistandakı bu daxili qarşıdurmadan istifadə edəcəklər. Bu cür vəziyyət isə istər-istəməz Ermənistan və Rusiya arasındakı münasibətləri getdikcə daha da gərginləşdirir. Ermənistanla bağlı geosiyasi vəziyyət dəyişir və zənnimcə, Azərbaycan bunu nəzarətdə saxlamalıdır. Açıq şəkildə deyirəm ki, Ermənistanın mövqeyinin zəifləməsi bu ölkənin təhlükəsizlik zəmanətlərindən birbaşa asılıdır. Bu zəmanətlər zəifləsə, Ermənistanın imkanları da avtomatik olaraq minimuma enəcək".
Belarusun Azərbaycanla bağlı mövqeyinə gəlincə politoloq deyib ki, Belarus və Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərt mövqeyi Bakı üçün çox vacibdir: "Bu da onu göstərir ki, Ermənistanın anneksiya siyasəti nə Belarus, nə də bu ölkənin ictimaiyyəti, siyasi dairələri və rəhbərliyi tərəfindən qəbul edilir. Hesab edirəm ki, bunu Qazaxıstana və bir müddət sonra Rusiyaya da şamil etmək mümkün olacaq. Ermənistanın destruktiv siyasəti heç kəs tərəfindən dəstək qazanmayacaq. Onu da nəzərinizə çatdırım ki, Ermənistanın müdafiə imkanlarının gücünü 2016-cı ilin Aprel hadisələrində aydın şəkildə gördük. Söhbət təkcə qırıcı təyyarələrdən getmir, müdafiə məsələlərində də Ermənistanın problemləri həddindən artıq çoxdur. Artıq özləri də dünyada ən mühüm raket və silahların İsrail və Azərbaycanda olduğunu etiraf edirlər". Polşanın Ermənistana silah satmaq üçün kredit verməsi məsələsinə gəlincə ekspert vurğulayıb ki, Polşanın bir şirkəti köhnə sovet tanklarının modifikasiyasını aparmaq üçün saziş bağlayıb: "Ancaq bu layihənin reallaşacağına inanmıram. Başa düşməliyik ki, dünyada hər şeyin öz qiyməti var, eləcə də silahın. Real silaha nail olmaq üçün vəsait lazımdır. Hazırda Ermənistanda belə bir vəsait yoxdur. Bu, sadəcə ictimaiyyəti aldatmaqdır. Birmənalı olaraq bəllidir ki, Ermənistanın hərbi və müdafiə imkanları Azərbaycandan qat-qat zəifdir. Xarici ekspertlər də dəfələrlə bunu vurğulayıblar. Əgər hərbi əməliyyatlar bərpa olunsa, Ermənistan birmənalı məğlub olacaq".


Əli