“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” Layihə

“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah”

Hazırda dünyanın bir çox ölkələrində əksər qlobal məsələlərdə, o cümlədən sosial müdafiə sistemlərinin formalaşması proseslərində ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyi müşahidə olunur. İctimai inkişafın bir sıra elementləri əhalinin rifah səviyyəsinə yeni formada təsir göstərməyə başlayır ki, bu da ayrı-ayrı ölkələrin hökumətlərindən özlərinin sosial müdafiə siyasətinə yenidən baxaraq dəqiqləşdirmələr aparmağı tələb edir. Həmin elementlərə ictimai həyatın demokratikləşməsini, qloballaşmanı, demoqrafik problemləri, inkişafın sistem paradiqmasının dəyişməsini və sairəni aid etmək olar. Bunların hər birinin sosial müdafiə sisteminə təsirinin ayrılıqda təhlil edilməsi və nəticələrə uyğun olaraq konkret ölkənin sosial müdafiə sisteminin dəyişdirilməsi üzrə səmərəli təkliflərin hazırlanması son dərəcə vacib problemlərdən birinə çevrilmişdir.
Təbiidir ki, ilk növbədə sosial müdafiə sisteminin düzgün anlayışı verilməlidir və onun təkamül tarixi qısaca nəzərdən keçirilməlidir.
Müstəqil Azərbaycan Respublikasının sosial müdafiə sisteminin mahiyyətinin öyrənilməsi, ölkədə həyata keçirilən sosial siyasətin həm praktiki, həm də elmi-nəzəri aspektlərinin hərtərəfli tədqiq edilməsi bu sahədə fəaliyyətin səmərəliliyinin yüksəldilməsində, sivil dünya təcrübəsinə uyğun sosial siyasətin qurulmasında böyük əhəmiyyətə malikdir. Son məqsədi əhalinin sosial güzəranının yaxşılaşdırılması, layiqli həyat səviyyəsinin yaradılması olan sosial müdafiə sistemi hər bir dövlətin fəaliyyətində əsas yer tutur, bilavasitə insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin bildirdiyinə görə, dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb. Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amil və onun nəticələri ötən qısa müddət ərzində Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı: "Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir".
H.Rəcəbli qeyd edib ki, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək. 10 ildən artıqdır ki, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bilirsiniz ki, ünvanlı sosial yardımların verilməsi qaydaları təkmilləşdirilir və bu sahədə neqativ halların aradan qaldırılması üçün tədbirlər görülür. Bu məqsədlə yardımların verilməsində məmur-vətəndaş ünsiyyətinin minimuma endirmək üçün elektron sistem tətbiq olunur.
Azərbaycan iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin də azaldılması üçün geniş imkanlar açıb. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır".
Onu dq qeyd edək ki, Azərbaycan hökuməti əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu sahədə beynəlxalq əməkdaşlıq prosesində yaxından iştirak edir.
Azərbaycan Respublikası 1992-ci ilin may ayından Beynəlxalq Əmək Təşkilatının (BƏT) tam hüquqlu üzvüdür. Respublikamızla BƏT arasında əmək, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, qanunvericiliyin təkmilləşdirilməsi sahələrində fəal əməkdaşlıq əlaqələri yaradılmışdır. Bu səmərəli əməkdaşlığın nəticəsi olaraq 2002-ci ildən etibarən MDB məkanında Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT–in nümayəndəliyi açılmışdır. 15 noyabr 2006-ci il tarixində Cenevrədə Azərbaycan tərəfi ilə BƏT arasında Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı (2006-2009) imzalanmış və uğurla icra olunmuşdur. Ötən müddətdə Azərbaycan BƏT-in 57 Konvensiyasına qoşulmuş, ölkədə ən mütərəqqi beynəlxalq standartlara cavab verən və daim təkmilləşdirilən milli əmək qanunvericiliyi qəbul edilmişdir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair hazırlanan Hökumət hesabatları müntəzəm olaraq təşkilatın Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur. BƏT tərəfindən Azərbaycan Respublikasının aidiyyəti qurumlarının nümayəndələri üçün çoxsaylı təlimlər və seminarlar təşkil edilib. Azərbaycan Respublikası mütəmadi əsasda Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən illik sessiyalarında hökumət, həmkarlar ittifaqları və işəgötürənlər konfederasiyalarından ibarət üçtərəfli nümayəndə heyəti ilə təmsil olunur.
Azərbaycan Respublikası insan hüquqları sahəsində mühüm beynəlxalq müqavilələrə və Konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" Konvensiyasını, 2008-ci ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair" Konvensiyasını, eləcə də BƏT-in əmək və məşğulluq sahəsində 8 əsas müqaviləsini (ümumilikdə 57 Konvensiyasını) ratifikasiya edib.
Ölkəmiz sosial sahədə Avropa Şurası ilə də sıx əməkdaşlıq edir. Azərbaycan nümayəndələri Avropa Şurasının müxtəlif komitələrinin işində fəal iştirak edirlər.
Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın Konstitusiya hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Eyni zamanda dövlətin sosial siyasəti - sosial sferada müəyyən məqsədlər güdən, konkret tarixi şəraitlə əlaqələndirilən, zəruri təşkilat və təbliğat cəhdləri, maliyyə vasitələri ilə dəstəklənən və müəyyən mərhələli sosial nəticələri nəzərdə tutan dövlət fəaliyyətidir.
Ötən 17 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Respublikada həyata keçirilən pensiya-sığorta siyasəti aparılan fəal sosial siyasətin nəzəri-praktik aspektlərinin tədqiqini tələb edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz müəllifi və ideya rəhbəri olduğu "İnkişafın Azərbaycan modeli" kitabında ölkəmizin milli inkişaf modelinin əsas fərqləndirici xüsusiyyətləri sırasında analoqu olmayan sığorta-pensiya sisteminin formalaşması məsələsi xüsusi önə çəkilir. Eyni zamanda hər bir vətəndaşın mənafeyinə xidmət edən pensiya islahatlarına elmi-analitik rakursda nəzər salınır.
Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun fikrincə, hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Çünki sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə möhtəşəm nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Bu mənada sürətli tərəqqiyə can atan istənilən dövlətin qarşısında duran əsas məsələlərdən biri də maddi rifahın davamlı yüksəlişinə xidmət edən uğurlu sosial siyasətin həyata keçirilməsidir: "Aydındır ki, geniş mənada sosial siyasət insanların həyatnın bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Bu da öz növbəsində ondan xəbər verir ki, sosial siyasət strategiyasının hazırlanması böyük uzaqgörənlik və dəqiqlik, elmi əsaslara söykənən prinsiplərin, metodologiyanın tətbiqini tələb edir. Yeni müstəqillik tariximizin son 17 ilinin təhlili göstərir ki, əhalinin sosial müdafiəsinin daim gücləndirilməsi istər ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində başlıca məqsədlərdən biri kimi yer alıb".
B.Sadıqov qeyd edib ki, ölkədə bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılmış, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlmiş, yoxsulluq səviyyəsi son 7 ildə 4-5 dəfə azalaraq 9 faizə düşmüşdür. İqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir.
İqtisadi cəhətdən qüdrətli bir dövlət halına gələn müasir Azərbaycanda həyata keçirilən sosial siyasətin səmərəlilik əmsalı şübhəsiz ki, qarşıdakı dövrdə daha da artacaq. Bu da öz növbəsində yenə ölkəmizdə insanların yaşayış səviyyəsinin yüksəlməsində, sosial proqramların uğurla icra olunmasında, vətəndaşların rifah halının daha da yaxşılaşmasında əksini tapacaq. Beləliklə də heç bir şübhə yoxdur ki, qarşıdakı illərdə də Azərbaycanın qət edəcəyi tərəqqi yolu, o cümlədən sosial rifahın yüksəlişi yenə möhtəşəm uğurlarla müşayiət olunacaq.

Habil Hüseynov
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir