İrəvan xanlığının qalaları Layihə

İrəvan xanlığının qalaları

21-ci yazı

İrəvan qalasının üç dəmir qapısı vardı. Təbriz" qapısı cənuba, "Meydan" və yaxud "Yaylı" qapısı şimala açılırdı. Bu hissədə oyunlar keçirmək üçün meydan yerləşirdi. Nəhayət, üçüncüsü "Körpü" qapısı adlanırdı. Ö.Çələbinin verdiyi bu məlumatdan bəlli olur ki, osmanlılar bu qalanı salmamışdan əvvəl Toxmaq xan sarayı xarici hücumlardan qorumaq üçün onun ətrafını hündür divarla əhatəyə almışdı. Sonralar İrəvan qalasının ikiqat divara malik olduğunu xəbər verən müəlliflər, onun tikdirdiyi divarı nəzərdə tutmuşdular. Fransız səyyahı J.Şardənin yazdığına görə, "qala kiçik bir şəhərdən böyükdür. O, oval formasındadır, dairəsi dörd min addım olub, təxminən 800 evdən ibarətdir. Qalada ancaq təmizqanlı səfəvilər yaşayırdılar".
İrəvan qalası haqqında ən ətraflı məlumat rus mənbələrində öz əksini tapmışdı. Məsələn, 1808-ci il dekabrın 11-də qraf Qudoviç çara yazdığı məlumatda İrəvan qalasının 2 divara və divar ətrafı xəndəyə malik olduğunu qeyd edirdi. İkinci Rusiya-İran müharibəsinin iştirakçısı M.Koçebu qeyd edirdi ki, "İrəvan qalası Zəngi çayının sıldırımlı qərb sahilinə bitişik idi. Həmin tərəfdə çayın sahilində bütün şəhər yerləşirdi. Şimal tərəfdən o, qaladan tüfəng gülləsi, şərq tərəfdən kiçik top gülləsi məsafəsində yerləşirdi, cənub tərəfdə isə heç bir tikili yox idi. Qalanın qərb tərəfində 350 sajen aralıda İrakli adlanan dağ, şərq tərəfində isə 400 sajen aralıda yerləşən iki kurqan yüksəlirdi. İki cərgəli çiy kərpicdən tikilmiş qalın divar, dərin və enli xəndək qalanın əsas müdafiəsini təşkil edirdi". Dişli olan divarların müəyyən məsafədə yerləşən bir neçə qülləsi vardı. Məlumata görə, qalanın iç divarı 8 qüllədən, 5 dəmir qapıdan, çöl divar isə 43 qüllədən ibarət olmuşdu.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan qalasında xanın sarayı, hərbi xidmətçilərin evləri, bir neçə dükan və iki məscid yerləşirdi. Qaladan çaya bir neçə bəndi olan gildən hörülmüş divarla əhatə olunmuş eniş tikilmişdi. Zəngi çayının sol sahilindən, Qırxbulaq çayının cənub-şərq tərəfindən qalaya yeraltı su kəməri çəkilmişdi. Qalanın möhtəşəm olmasında İrəvan xanlarının böyük rolu olmuşdu. Hüseynəli xan (1759-1783) qalanı daha möhkəm və əzəmətli etmək üçün xoylu Əhməd xanın baş memarı Mirzə Cəfəri Xoydan çağırıb İrəvana gətirtmişdi.
Qalada ən möhtəşəm tikililər xan sarayı və məscidlər idi. Möhtəşəm "Xan sarayı" 1791-ci ildə Məhəmməd xan tərəfindən tikilmişdi. Xan sarayı qalanın şimal-qərb hissəsində, Zəngi çayına yaxın yerdə tikilmiş və pəncərələri bu çayın daşlı sahilinə açılırdı. Saray dördkünclü və çoxlu otaqları olan bir bina idi. Sarayda xanın arvadları üçün geniş hərəm otaqları, qəbul otağı, qulluqçular üçün yerlər və qarnizon anbarları yerləşirdi. Sonuncu İrəvan xanı Hüseynqulu xan tərəfindən tikilmiş, xan sarayını daha da gözəlləşdirən "Şüşəbənd" adlanan güzgülü zal daha məşhur idi və gözləmə zalı hesab olunurdu. Zal həcmcə böyük olmaqla bərabər, ona bitişik otaqlar vardı. Onun döşəməsi mərmərdən, tavanı və karnizi isə işıqları əks etdirən müxtəlif rəngli şüşələr ilə naxışlanmışdı. Zalın döşəməsi bahalı xalçalarla, tavanı isə gözoxşayan naxışlarla bəzədilmişdi. Onun iki buxarısı vardı. Buxarının biri girişin əks tərəfində, digəri isə sağ tərəfdəki divarda yerləşirdi. Bu buxarı yarımdairəvi oyuq formasında idi. Zalın divarları başdan-başa Fətəli şahın, onun oğlu Abbas Mirzənin, Hüseynqulu xanın, onun qardaşı Həsən xanın, əfsanəvi qəhrəmanlar Rüstəmin, Zöhrabın və digərlərinin şəkilləri ilə bəzədilmişdi.
Sarayın çox gözəl həyəti, bağı, fəvvarəsi və süni gölü vardı. Həyətdə üç fəvvarəli çarhovuz və hərəmxananı əhatə edən bir neçə ağac yerləşmişdi. Lakin rus işğalından sonra xan sarayı baxımsızlıq üzündən dağıntıya məruz qalmışdı. Sarayın hərəmxanası isə hərbi xəstəxanaya çevrilmişdi. İrəvan qalasında iki məscid vardı. Məscidlərdən biri 1725-ci ildə osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən tikilmişdi. Lakin Rusiya işğalından sonra o, rus pravoslav kilsəsinə çevrilmişdi. İkinci məscid isə Hüseynqulu xanın dövründə tikilmiş və şahzadənin şərəfinə Abbas Mirzə məscidi adlandırılmışdı. İşğaldan sonra həmin məscid də silah anbarına çevrilmişdi. Qeyd etmək lazımdır ki, İrəvan qalası işğal olunarkən güclü bombardman edildiyindən evlərin çoxu dağıdılmış və rus idarəçiliyi altında öz əhəmiyyətini tamamilə itirmişdi. Ruslar belə möhtəşəm abidəni məhv etmək istəyirdilər. Rusiya işğalından bir neçə il keçdikdən sonra İrəvanda olan səyyah A.Qakstqauzen yazırdı ki, "..mən xan sarayının yerləşdiyi qalaya baş çəkdim. Qala böyük tənəzzülə uğramışdı. Xan sarayı bərbad halda idi...
Rus məmurlarının toxunulmaz tarixi binalara və abidələrə nadir hallarda canı yanırdı. Məmurların bu cür abidələrə düşmən münasibətini bir rus məmuru da etiraf edirdi: "Bizim hakimlər heç nəyə baxmadan belə abidələri köhnəlmiş və yararsız hesab edərək yer üzündən silməyə çalışırdılar".
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan xanlığında ikinci ən böyük qala Sərdərabad qalası idi. Qala 1810-cu ildə Hüseynqulu xan tərəfindən əsası qoyulmuş, 1815-si ildə tikilib başa çatdırılmışdı. İrəvan qalası kimi bu qala da düşmən hücumlarından qorunmaq üçün hərbi məqsədlə tikilmişdi. Qala böyük strateji əhəmiyyətə malik idi. Bu haqda 1826-1827-ci illər müharibəsinin iştirakçısı M.E.Koçebu yazırdı: "Sərdarabad qalası İrəvandan 50 verst qərbdə, Talından Eçmiədzinə və Araz çayı sahili boyunca keçən əsas yolun bir neçə verstliyində yerləşirdi. Deyirlər ki, İrəvan sərdarı bir neçə il əvvəl ətrafda yerləşən kəndləri qorumaq üçün bu qalanı tikdirib. Lakin qala bir çox cəhətdən əhəmiyyətlidir. Təcili yardım üçün İrəvan qalası uzaqda yerləşdiyindən, o (qala-E.T.) İrəvan xanlığının bizimlə və türklərlə həmsərhəd olan hissəsini, habelə Araz çayından keçən ən yaxşı bərəni, Maku və Xoya gedən əsas yolu qoruyurdu. Sərdərabad qalası dairəvi qülləsi olan, çiy kərpicdən tikilmiş divarlarla əhatə olunmuşdu. Onun ətrafında xəndək qazılmışdı. Qala düz yerdə yerləşirdi. O, bulaq suyu ilə təmin olunurdu, çünki Arazdan bura az sayda arx və kanal çəkilmişdi. Keçmiş Sərdərabad kəndinin əhalisi qalaya köçürülmüşdü. Burada 22 top və 3 min nəfərlik qarnizon saxlanılırdı. Qalanın rəisi Həsən xan və nəvəsi idi". Sərdarabad qalası haqqında verilən digər məlumatlar da maraqlıdır. Bu məlumatlar M.E.Koçebunun məlumatını təsdiqləyir və bir qədər ətraflı təsvir edilir. Göstərilir ki, Sərdərabad qalası Arazın sol sahilində, demək olar ki, dördbucaqlı formada düzən yerdə tikilmiş və dairəsi 4 verst olan və üç tərəfdən qüllələrə malik hündür və qalın ikiqat divarla əhatə olunmuşdu.
Çöl divan daha qalın və hündür idi. Qüllələrdən 6-ı çöl, 4-ü isə iç divarda yerləşirdi. Qalanın cənub tərəfi birqat divara malik idi. Bu tərəfdə salınmış bağ geniş və sıx olduğundan qalaya yaxınlaşmaq çətin olurdu. Bütün hərbi qalalarda olduğu kimi, Sərdərabad qalasının ətrafı da xəndəklə əhatə olunmuşdu. Qalada xan sarayı və 700 ev vardı. Qalaya Araz çayından çəkilmiş su kanalı həm suvarma, həm də əhalini içməli su ilə təchiz edirdi. Bundan əlavə, mühasirə dövründə bu kanalın qarşısını kəsmək və yönünü dəyişmək mümkün olduğundan, hər etimala qarşı bir neçə quyu və çarhovuz kanalın suyu ilə doldurularaq hazır saxlanılırdı.
İrəvan xanlığında adı çəkilən möhtəşəm qalalarla bərabər, kiçik qalalar da mövcud olmuşdu. Bu qalacıqlardan "Keşikçi və yaxud Gözətçi qala"sını, "Qara qala" və "İmamverdi" qalalarını göstərmək lazımdır. Lakin bu qalalar haqqıda məlumat əldə etmək mümkün olmadı. Görünür, bu qalalar çox kiçik olduğundan bir o qədər də nəzərə çarpmamışdı. Yalnız "Keşikçi qala"sı haqqında haqqında az da olsa məlumat əldə etmək mümkün olmuşdur. Bu qala da osmanlılar tərəfindən tikilmişdi. Zəngi çayının sağ sahilində yerləşən bu qalanın tikilməsi haqqında A.Təbrizli maraqlı məlumat verərək yazır ki, 1603-cü ildə I Şah Abbas Təbrizi geri aldıqdan sonra osmanlılar şah qoşununun təzyiqləri altında Naxçıvana və oradan da İrəvana geri çəkilmişdi. İrəvana gələn Osmanlı qoşunu İrəvan qalasının cənub hissəsində, ona yaxın yerdə daha bir qala tikərək ətrafına hasar çəkmişdi. Qala sonradan "Keşikçi qalası" adını almışdı. Lakin qala haqqında bir qədər ətraflı məlumat verən fransız səyyahı J.Şardən olmuşdu. O, qeyd edir ki, "İrəvan qalasının şimal tərəfində (cənub-şərqdə-E.Q.) yerləşən təpədə kiçik bir qala da vardı. Aralarındakı məsafə min addım olardı. O, ikiqat divarla və artilleriya ilə möhkəmləşdirilmişdir. Orada 200 adam yerləşə bilərdi. Onun adı "Keçi qa- la"sıdır". (Qeyd etmək lazımdır ki, J.Şardənin səyahəinaməsini Azərbaycan dilinə tərcümə edən müəllif "Keşikçi qalası"nı "Keçi qala"sı kimi tərcümə edib- E.Q.).
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, İrəvan xanlığının hərbi-müdafiə işində qalalar misilsiz əhəmiyyətə malik olmuşdu. Xüsusilə, İrəvan və eləcə də Sərdərabad qalaları düşmən müdaxiləsinin qarşısının almasında, uzunmüddətli mühasirəyə davam gətirməsində və düşməni acınacaqlı vəziyyətə salmasında böyük rol oynamışdı. Xanlığın davamlı və uzunömürlü olmasının bir səbəbi də, möhtəşəm qalalara malik olmasında idi.

Elçin Qaliboğlu