İrəvan xanlığının iqtisadiyyatı Layihə

İrəvan xanlığının iqtisadiyyatı

3-cü yazı

Maldarlıqda iri və xırdabuynuzlu heyvanların, atın, eşşəyin, qatırın və dəvənin öz yeri vardı. Əhali onlardan müxtəlif təlabatlarını ödəmək üçün istifadə edirdilər. Torpağın şumlanmasında camış və kəllərdən istifadə olunurdu. Bir-birinə qoşulmuş 10, 12 və daha çox cüt camış və kəllər ağır kotanları dartaraq torpaqda şrım açır və onu səpin üçün hazırlayırdı. Onlardan eyni zamanda yığılmış məhsulun üyüdülməsində, habelə ağır yüklərin daşınmasında istifadə olunurdu. Belə ki, kəllərin qoşulduğu arabalarda çox çətin yollarla gündə 30-40 verst yol qət edərək, 6-10 pud ağırlığında yük daşınırdı.
İnək, qoyun və keçilər isə əhalini süd məhsulları və yağa olan təlabatını ödəyirdi. Bundan əlavə, qoyun və keçi yunu toxuculuqda böyük əhəmiyyətə malik idi. Qoyun yunundan xalça, kisə, palaz, çul, keçə və mahud istehsalında istifadə edilirdi. Keçi yunundan isə əhali iplik, qara çadra və çadır toxuyurdu. Atlar insanların gündəlik həyatında böyük rol oynayırdı. Yerli əhali atlardan nəqliyyat vasitəsi kimi və təsərrüfat işlərində istifadə edirdi. Eyni zamanda bayram və şənliklərdə keçirilən yarışlarda at əyləncə vasitəsi idi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, atlar müxtəlif qiymətə satılırdı. Yerli cinsdən olan at 15-40 gümüş rubla satılırdı. Xüsusi məziyyətlərə malik atlar isə bir qədər baha, 60 gümüş rubla qiymətləndirilirdi. Xanlıqda Qarabağ, Ərəb və İran cinsindən olan atlara daha çox üstünlük verilirdi və belə atlar 100 gümüş rubldan 300 gümüş rubla və daha çox qiymətə satılırdı. Eşşək və qatırın təsərrüfat işlərində rolu böyük idi. Bu heyvanların saxlanması ucuz başa gəldiyindən fasiləsiz ağır işlərdə böyük xeyir verirdi. Eşşək və qatırlardan su, odun, ot və ağır yük daşınmasında istifadə edilirdi. "Hərdən bir eşşək elə ağır yükü daşıyırdı ki, bununla bütün ailəni yedizdirmək olardı". Xanlıqda eşşəyin qiyməti 4 gümüş rubldan 6 gümüş rubla qiymətləndirilirdi. Lakin Anadoludan gətirilmiş bu növ heyvanlar 12 gümüş rubldan 20 gümüş rubla satılırdı. Nəqliyyat vasitəsi kimi qatırın əhəmiyyəti daha böyük idi. Yaxşı qatırın qiyməti 300 rubldan baha idi. Bu heyvanın ən ucuzu isə 50 rubl gümüşə satılırdı. Yerli əhali həmçinin dəvə və donuz da bəsləyirdı. Donuzu xristian olan ermənilər saxlayırdı. Təəssüf ki, xanlıq dövründə İrəvan ərazisində əhalinin saxladığı mal-qaranın sayı haqqında məlumata rast gəlinmir. Lakin işğaldan sonra, 1829-1832-ci illərdə rusların burada apardığı siyahıyaalınmada keçmiş xanlıq ərazisində 20.356 camış, 90.616 inək, kəl və buzov, 30714 at 7 qatır, 3999 eşşək, 164 min qoyun və keçi, 320 donuz hesaba alınmışdı. Təbii ki, rusların yerli əhalinin mal-qarasının sayı haqqında yazdığı məlumatı İrəvanın müstəqil xanlığı dövrü üçün qənaətbəxş hesab etmək olmaz. Çünki Rusiya-İran müharibələri dövründə maldarlıqla məşğul olan minlərlə əhali xanlığı tərk edərək qonşu dövlətlərə köçmüşdü. Quşçuluq da İrəvan xanlığının təsərrüfatında böyük rol oynayırdı. Burada müxtəlif quş növləri olan toyuq, ördək, qaz və hind toyuğu geniş yayılmışdı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, İrəvan xanlığında torpaq üzərində müxtəlif mülkiyyət formaları mövcud olmuşdu. Bu mülkiyyət formaları Azərbaycan Səfəvilər dövlətində mövcud olmuş torpaq mülkiyyət formalarından miras qalmışdı. Mənbələrdə İrəvan xanlığının torpaq sahələri müxtəlif formada qeyd olunmuşdu. Məsələn, İ.Şopen İrəvan xanlığında torpaq üzərində mülkiyyət formasını əhali yaşayan mülklər-mülk, tiyul və yaşamayan mülklər kimi qeyd edir. Digər mənbədə isə torpağın üç forması göstərilmişdi: 1. Xəzinəyə məxsus. 2. Xüsüsi şəxslərə və yaxud dini idarələrə məxsus mülk; 3. Tiyul. Lakin bu bölgülərdə digər torpaq mülkiyyəti formaları göstərilmədiyindən onları qənaətbəxş hesab etmək olmaz. İrəvan xanlığında isə digər torpaq mülkiyyət formaları da mövcud olmuşdu. Bu torpaq mülkiyyət formaları aşağıdakılardır:
1. Xana məxsus torpaqlar.
Bu torpaq mülkiyyəti xan və onun ailə üzvlərinin şəxsi təsərrüfatı hesab olunurdu. İrəvan xanları ən böyük torpaq sahibləri idilər. Torpaq böyük gəlir gətirdiyindən xanlar torpaqdan istifadə edilməsinə böyük diqqət yetirirdi. İrəvan xanları öz təsərrüfatlarını daim genişləndirməyə çalışırdı. Belə ki, 1769-cu ildə Hüseynəli xan İmamarx, Qultəpə və ətraf kəndlərin torpaq sahələrini öz torpaqlarına qataraq, həmin torpaqlarda pambıq əkdirmişdi. Buradan gələn gəlir ona çatırdı. Sonuncu İrəvan xanı Hüseynqulu xan da öz şəxsi mülklərini genişləndirmişdi. O, mülkədarlara məxsus əkinə yararlı torpaq sahələrini icarəyə götürərək ondan xeyli gəlir əldə edirdi. Xanlar şəxsi torpaqlarından gələn gəlirin bir hissəsini öz ailələrinə və yaxın qohumlarına xərcləyir və digər hissəsi isə xəzinəyə daxil olurdu.
2. Divani-dövlət torpaqları.
Qeyd etmək lazımdır ki, başqa xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da dövlət torpaqlarından gələn gəlir xəzinəyə daxil olurdu. Bu gəlirin bir hissəsi bürokratik apparatın, ordunun saxlanmasına xərclənirdi. Xanlar yaxın adamlarına torpaq bağışlayarkən divani torpaqları hesabına paylayırdı. Bütün bu torpaqlar xanın mülkiyyəti idi və onlardan gələn gəlir xəzinəyə daxil olurdu.
3. Tiyul torpaqları.
"Tiyul"un hərfi mənası türkcə "kimsəyə verilmiş bir şey", "gəlir verən şey", "gəlir götürmək üçün bağışlanılmış şey", yaxud "gəlir" deməkdir. Tiyul göstərdikləri dövlət və hərbi xidmət müqabilində hər hansı şəxsə ömürlük verilən şərti torpaq mülkiyyəti idi. Tiyul sahibi öldükdə və yaxud xidmətini başa vurduqda bağışlanmış kəndlər yenidən xəzinəyə qaytarılırdı.
Tiyul xanın verdiyi xüsusi sənəd əsasında bağışlanılırdı. Belə ki, xan yaxın adamlarına tiyul paylarkən təliqə adlanan vəsiqə verirdi. Təliqədə göstərilirdi ki, belə torpaqları idarə edən şəxslər onu sata, dəyişə, hədiyyə edə bilməzdi və bu torpaqların atadan oğula keçəsinə ixtiyar verilmirdi. Təliqə adətən fars dilində yazılırdı və onun axırında xanın möhürü olurdu.
Tiyul xəzinə, mülk, habelə xana məxsus torpaqlar hesabına paylanırdı. Tiyuldara tiyul torpaqlarında sakin olan kəndlilərdən vergi götürmək səlahiyyəti verilirdi. Tiyul hüququ onun sahibinə bilavasitə vergi siyahısından silinmiş, bağışlanılmış kəndlərdə yerləşmək hüququ verirdi.
Tiyul torpaqlarında yaşayan kəndlilərdən yığılan bütün vergi və kəndlilərin icra etdikləri mükəlləfiyyət tiyuldarın xeyrinə sərf edilirdi. Burada vergilər müəyyən olunmuş miqdardan yuxarı olmamalı idi. Əks halda əhali xəsis sahibkarı tərk edərək, digər ərazilərə gedə bilərdi. İrəvan xanlığında tiyulun mükafatlandırma, bəxşiş və arpalıq kimi 3 növü vardı. Tiyulun mükafatlandırma forması adətən xana yaxın hərbiçilərə, dövlət aparatında işləyən mülki şəxslərə, elm adamlarına və hətta din xadimlərinə hədiyyə verilirdi. Məsələn, Hüseynqulu xan hərbiçilərdən sartip Məhəmməd xana, sərhəng Əhməd xana, topçubaşı Cəlil bəyə və digər hərbiçilərə mükafat olaraq tiyul paylamışdı. Elm və fəzilət adamları da bu cür mükafat alırdı. XVIII əsrin 80-ci illərin əvvəllərində Hüseynəli xan elm adamlarının birinə Şərur mahalının Muğancıq kəndi ərazisində iki dank əkin sahəsi bağışlanması haqqında təliqə vermişdi. Təliqədə göstərilirdi ki, "...Bununla əlaqədar olaraq... həyatını layiqincə təmin etmək məqsədilə böyük, qüdrətli ali vəkilin xassə (dövlət-E.Q.) torpaqları hesabına Şərur mahalının Muğancıq kəndi ərazisində iki dank əkin sahəsini ona bağışladıq. O, hörmətli şəxs bizim təliqəmiz əsasında bundan bir az əvvəl ona bağışlanan rəncbərlər vasitəsilə əkib biçmək işi ilə məşğul olub, əldə edilən gəliri özünün gündəlik xərcinə sərf etsin. Bayram Sultan və həmin mahalın yüksək rütbəli kəndxudalarına göstərilən iki dank əkin sahəsinin qeyd olunan adamın rəncbərlərinin ixtiyarına verilməsi əmr edilir. Tiyulun mükafatlandırma forması istisna halda atadan oğula keçə bilərdi. Bunun üçün oğul atanın vəzifəsini tutmalı və sərdarın xidmətində olmalı idi.
Tiyulun bəxşiş forması əvvəlki tiyul sahibinin xidməti başa çatdıqda və öldükdə geri alınan torpaqların digər şəxsə verilməsi ilə yaranırdı. İrəvan xanları tiyulun bu növünü mülk torpaqları hesabına da paylayırdı. Belə ki, xanlar iri mülkədarların nüfuzunu zəiflətmək üçün onlara məxsus kəndlərin bəzisini özünə yaxın şəxslərə bəxşiş olaraq verirdi. Bəxşiş sahibləri öldükdə onlara məxsus torpaqlar ləğv edilir, əvəzində bu torpaqlar yeni tiyul sahibinə verilirdi.
Tiyulun "arpalıq" adlanan digər forması da vardı. Bu siyasi vəziyyətlə əlaqədar olaraq qonşu xanlıqlardan İrəvana pənah gətirmiş nüfuzlu şəxslərə müvəqqəti verililmiş torpaq sahəsi idi. Məsələn, bütün Dərələyəz mahalı gürcü şahzadəsi Aleksandra, Sürməli mahalının beş kəndi isə Hüseyn ağa Zilanlıya, bir kənd Süleyman ağa Zilanlıya tiyul- arpalıq verilmişdi.
Xanlıq işğal olunduqdan sonra burada keçirilən kameral siyahıyaalınmada tiyul kəndlərinin sayı haqqında ikili məlumat verilmişdir. Bu həm Hüseynqulu xanın vəziri Mirzə İsmayıl tərəfindən rus məmurlarına təqdim etdiyi, həm də yerli əhalinin verdiyi məlumatdır. Hər iki məlumat əsasında cədvəl İrəvan xanlığında olan tiyul torpaqlarının sayını əyani əks etdirir. İrəvan xanlığında tiyul hüququna malik 42 kənd olmuşdu.
Mülk. Mülk-ərəbcə əl-mülk "sahib olmaq", "malik olmaq" deməkdir. Mülk xüsusi mülkiyyətə məxsus torpaq sahibliyi idi. Bu torpaqları satmaq, almaq, bağışlamaq və girov qoymaq olardı. Mülk irsi olaraq nəsildən-nəsilə keçirdi. İrəvan xanlığında mülk torpaq forması iki qismə bölünürdü: birinci irsi keçən, ikinisi isə bağışlanmış mülk olan mülk xalisə adlanırdı. İrsi keçən mülklər Səfəvi şahları tərəfindən bağışlanmış mülklər hesab olunurdu. Mülk xalisə isə bağışlamaq və satılmaq yolu ilə yaranırdı. Xalisə mülkləri digər əyalətlərdən köçüb məskunlaşmış nüfuzlu adamlara bağışlanılması və satılması ilə yaranırdı. Belə mülklər nəsildən-nəsilə keçirdi və mülk sahibləri onu satmaq, irsən vermək və bağışlamaq hüququna malik idi, yəni ondan öz mulkü kimi istifadə edirdi.

Elçin Qaliboğlu