Azərbaycan mətbuatının qürurverici tarixi Layihə

Azərbaycan mətbuatının qürurverici tarixi

II yazı

...Akif Aşırlı qəzetdə mart hadisələrinin masştabı ilə bağlı faktlar olduğunu da vurğulayıb: "Bakıda 18 min, Şamaxıda 7 min, Qubada 6-7 min insanın qətli faktları orada təsdiqini tapır. Nəvai kəndinin yerlə-yeksan olunması, İrəvan quberniyasının Azərbaycan türkləri yaşayan 42 kəndinin məhv olması, Şamaxıda məsciddə "400 islam ailəsinin" (qəzetdə belə də yazılıb) qılıncla doğranması, Abbas Səhhətin qətl faktı əksini tapıb".
"Mətbuat etibarlı və dəyərli salnamədir" fikrini vurğulayan Akif Aşırlı həmin qəzetdə hətta bir şahidin gördüyü hadisələri təsvir etdiyini də söyləyib: "Xanım Sultanovanın yazdığı məqalədə göstərilir ki, bolşeviklərin 8 min nəfərin öldürülməsi haqqında uydurduğu fakt düzgün deyil, çünki Bakı ətrafındakı kəndlərdə nə qədər insanın qurban getdiyi barədə dəqiq məlumat yoxdur...".
Akif Aşırlı Bakının azad olunmasından sonra qəzetlərin bərpa dövrünü yaşadığını bildirib. "Azərbaycan", "Açıq söz", "İttihad", "Bəsirət" qəzetlərində mart soyqırımı ilə bağlı materiallar işıq üzü gördü. Düzdür, ingilislərin Bakıya gəlişindən sonra Azərbaycan mətbuatının bu mövzuya toxunma imkanları daraldı. Ancaq 1919-cu il martın 31-i Milli Matəm Günü elan olundu. "Azərbaycan" qəzeti xüsusi səhifə buraxdı. "Müsavat" partiyasına bağlı bütün qəzetlər ilk səhifələrini bu günə həsr etmişdilər. "İstiqlal" qəzeti matəm nömrəsi buraxmışdı. "Azərbaycan" qəzeti aprelin əvvəllərinədək davam edən bir neçə sayında "Mart hadisələrinin müxtəsər tarixçəsi"ni vermişdi. İlk atəşin açılmasından tutmuş, ta hadisələrin sonunacan".
Akif Aşırlı Cümhuriyyət qurucularının bu hadisəyə milli faciə kimi yanaşdıqlarını da deyib. Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, bizim dini faciəmiz Aşuradır, milli faciəmiz 31 mart soyqırımıdır. Yəni faciənin rəngini də verirdi...
Qeyd edək ki, uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərib. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
"Tiflisskiye vedomosti" Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar var. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər "Tiflisskiye vedomosti" qəzeti haqqında da yeri gəldikcə bəhs ediblər. "Tiflisskiye vedomosti" qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılıb. Azərbaycanca qəzetin adı "Tiflis əxbarı" idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olub və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi" qəzetinin ümumilikdə 56 sayı işıq üzü görüb. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub. "Əkinçi" qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu.
1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə "türk-tatar" dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökumətinin göstərişi ilə 1877-ci il sentyabrın 29-da "Əkinçi"nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra "Ziya", "Kəşkül" qəzetləri işıq üzü gördü. "Kəşkül", "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu, lakin "Əkinçi" yə daha artıq dərəcədə meyli hiss edilir. Ziyalıların şüurunda "Azərbaycan milləti" məfhumunun oyanması "Kəşkül" dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və "millət" məfhumları ayrı-ayrı şeylərdir. "Kəşkül" qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərib və ictimai-siyasi şüurun inkişafına kömək edib. "Kəşkül" Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi.
1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərib. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi. Əgər ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrlərini də nəzərə alsaq, həmin rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olub. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilib. Bunlardan rus nəşrləri aşağıdakılardır: "Qafqaz", "Tiflisski vestnik", "Tiflisskiye obyavleniya", ("Tiflisski listok"), "Kaspi", "Yuridiçeskoe obozrenie", "Bakinskiye izvestiya", ("Bakinski torqovo-promışlennı listok") və "Severnı Kavkaz".
Bakıda rus dilində çıxan qəzetlər ideya - siyasi nöqteyi-nəzərindən Qafqazın digər şəhərlərində çıxan rus qəzetləri ilə bir cərgədə gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti "Bakinski listok" hesab edilir. Qəzetin redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxmış, iyun ayında bağlanıb. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunub. Həmin il iyunun 3-dək davam edib.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet "Bakinskiye izvestiya" nəşrə başlayıb. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general - qubernator Staroselskinin təşəbbüsü ilə buraxılmışdı. Staroselski 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrinə də kömək etmişdi. Onun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. 1888-ci ildən sonra qəzet "Bakinski torqovo - promışlennı listok" adı ilə çıxıb.1894-cü ilin yanvarından "Bakinskiye qubernskiye vedomosti" adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlayıb. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxıb.
Adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirib. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb. "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olub. Məsələn, Məmmədağa Şaştaxtinski 1896-cı ildə Azərbaycan dilində "Tiflis" adlı, Kamal Ünsizadə isə 1900-cü ildə "Daniş" adlı qəzet çıxarmaq istəyiblər. Lakin onların təşəbbüsü fayda verməyib.
Şahtaxtinskinin "Şərqi - rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxıb. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilib. "Şərqi-rus" qəzeti XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən "Molla Nəsrəddin" jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. "Molla Nəsrəddin" bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi. Jurnalın birinci nömrəsi 1000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə "Molla Nəsrəddin" adı dillərdə gəzməyə başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2000 nüsxə tirajla çıxarıldı. Cəlil Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud "Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı" deyə yazırdı.
"Molla Nəsrəddin"in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi. Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə "Molla Nəsrəddin" jurnalını bağlamağa təşəbbüslər edilib.
1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana gedib. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpa edib. Təbrizdə "Molla Nəsrəddin" jurnalının 8 nömrəsi çıxıb. Sovet hökumətinin təşəbbüsü ilə "Molla Nəsrəddin"in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülüb və jurnal 1931-ci ilə qədər burada çıxıb. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılıb. Ümumiyyətlə, "Molla Nəsrəddin"in Tiflisdə 370 nömrəsi, Təbrizdə 8 nömrəsi və Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda 398 nömrəsi çıxıb...

Əli