Bəxtiyar Vahabzadənin publisistikası Layihə

Bəxtiyar Vahabzadənin publisistikası

Onun yaradıcılığı ictimai fikrinin formalaşmasında önəmli rol oynayıb

Xalq şairi Bəxtiyar Vahabzadənin publisistikası həmişə oxucular tərəfindən onun şeirləri qədər maraqla qarşılanıb. Vətəndaş şair həyatımızın vacib məsələlərinə şeirlərində olduğu kimi publisistikasında da eyni qayğıyla yanaşıb. Bu mənada onun "Dərin qatlara işıq" (Bakı, 1986), "Gəlin açıq danışaq". (Bakı, 1988) və b. publisistik məqalələrdən ibarət kitabları işıq üzü görüb. Şairin publisistik yaradıcılığı müstəqilik dönəmində də davam edib.
Araşdırmaçı Bayram Gündoğdu Bəxtiyar Vahabzadənin publisistikasını araşdırıb. O, bildirir ki, Azərbaycanın ünlü şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana sahəni poeziya təşkil etsə də, bu gözəl poeziyanın yanında onun mövzu baxımından zəngin və aktual, sənətkarlıq baxımından mükəmməl olan publisistik yaradıcılığı da diqqəti çəkir. Bəxtiyar Vahabzadənin publisistikası Azərbaycan ədəbi-ictimai fikrinin formalaşmasında, inkişafında önəmli rol oynayıb və öz təsir gücünü bu gün də daşımaqdadır. Bəxtiyar Vahabzadə vətəndaş şairdir. Milllətinin, ölkəsinin ağrı-acılarını, uğurlarını, sevinclərini bütün varlığıyla yaşamış və yaşamaqdadır. Belə bir şairin isə publisistikaya müraciət etməsi çox təbiidir.
Publisistika həyatın bütün sahələrində (siyasi, iqdisadi, əxlaqi-etik) təşəkkül edən situasiyaları, ən aktual problemləri həm elmi, məntiqi dəlillərlə, həm də obrazlı, bədii vasitələrlə əks etdirən yaradıcılıq sahəsi olduğuna görə istər obyektiv gerçəklikdəki, istərsə də elmdə, sənətdə (ədəbiyyat və incəsənət), mətbuatda, hətta sənədlər, faktlar toplusunda əks etdirilmiş çağdaş həyat sahələrinin bütün cəhətləri bu janrın predmetidir. Çağdaş cəmiyyətdəki ictimai fikrə təsir etmək, onu məqsədyönlü şəkildə formalaşdırmaq, sosial-siyasi qurumlara fəal şəkildə təsir göstərərək onları daha da möhkəmləndirmək isə publisistikanın başlıca ictimai funksiyasıdır. Publisistika daim çağdaş cəmiyyətdəki mütərəqqi sosial-əxlaqi ideala uyğun olaraq hərəkət edir, onu əldə əsas tutur.
Cəmiyyətin inkişafında böyük və müəyyənləşdirici rol oynayan ictimai fikrin formalaşmasında publisistikanın geniş imkan və vasitələri var. Publisistika sosial informasiyanın təşkilində və ötürülməsində olduqca səmərəli bir üsuldur. Bu baxımdan publisistika sonrakı nəsil üçün əvəzsiz qaynaqdır, tarixdir, dövrün çağdaş həyat hadisələri gedişinin obrazlı, canlı mənzərəsidir. Publisistikanın çagdaş həyat hadisələrini, konkret situasiyaları əks etdirmədə, cəmiyyəti, milləti, geniş xalq kütlələrini məqsədyönlü şəkildə, yəni sosial ideala uyğun yönləndirmədə gücü oradan irəli gəlir ki, publisistika həm ağıla, həm də hissə, emosiyalara müraciət edir, onları göz önündə tutur. Publisistika tarixi inkişaf mərhələlərində daşıdığı funksiyalardan asılı olaraq sahələrə, ideya-mövzu növlərinə ayrılmış, onun müxtəlif janrları, üslubları və üslub özəllikləri müəyyənləşib".
Publisistikanı "çevik, fəal xarakter daşıyan bir yaradıcılıq növü" hesab edən araşdırmaçı bu qənaətə gəlir ki, hər dövrdə cəmiyyətin, millətin, xalqın irəliləyişi durumuna laqeyd olmayan böyük siyasi-ictimai xadimlər, mütəfəkkir və dərin zəkalı şəxsiyyətlər publisistika janrına müraciət edib, onun imkan və vasitələrindən bu və ya digər dərəcədə istifadə ediblər. Belə şəxsiyyətlərdən biri Azərbaycanın görkəmli şair-alimi, ictimai xadim-publisisti olan Bəxtiyar Vahabzadədir: "Bəxtiyar Vahabzadə publisistikasından danışarkən ilk öncə bu publisistikanın tarixi-ədəbi qaynaqlarını, qidalandığı publisistika ənənələrini qısa şəkildə olsa da xatırlamağımız gərəkir. Bu qaynaqları, ənənələri sırasıyla Qərbi-Avropa, Rusiya, Türkiyə və Azərbaycan sosial-siyasi və ədəbi mühitlərində təşəkkül etmiş olan publisistik ənənələr təşkil edir. Bəxtiyar Vahabzadə Qərbi Avropa və Rusiyada, Türkiye və Azərbaycanda pulisistika ənənələrinin ən yaxşı cəhətlərini mənimsəyib və milli ruhlu müasir bir publisistikanı ortaya qoyub. Fildunq, Fransada Volter, Deni Dıdro, Jan Jak Russo kimi görkəmli ədiblərin publisistik
əsərləri dövrün, zamanın sosial-siyasi hadisələrinə böyük təsir göstərib, güclü ictimai rəy formalaşdırıb. XIX əsrin birinci yarısında Almaniyada Lüdviq Börn, Henrix Heyne, XIX əsrin ikinci yarısında isə Fransada Viqtor Hüqo, Emil Zolya, XX əsrdə ümumiyyətlə, Qərbdə Romen Rollan, Anri Barbüs, Henri Mann, Tomas Mann, Bertolt Brext, Teodor Drayzer, Ceyms Oldriç, Alber Kamyu, Alberto Moravia, Henri Böll və s. kimi dünya çapında olan bədii söz ustaları həm də gözəl publisistik əsərlərin müəllifi idilər. Rusiyada A.S.Puşkin, İ.S.Turgenyev, F.M.Dostoyevski, L.N.Tolstoy, A.P.Çexov və s. dünya şöhrətli şair və yazıçıların yaradıcılığında publisistika mühüm yer tutur. Onlar XIX-XX əsrlərdə Rus publisistikasını yeni bir inkişafa çatdırıblar.
Türkiyədə islahatlar dövrü kimi xarakterizə olunan Tənzimat dövründə (1839-1876) cəmiyyət həyatının bütün sahələrində yeniləşmə hərəkatları başlandı. Tənzimatın özəlliklə ikinci dönəmində, mərhələsində (1856-1876) Türkiyədə müasir anlamda mətbuatın, publisistikanın doğuşu baş verdi. XIX əsrin birinci yarısında Ali Suavi, Namiq Kamal, Ziya Paşa, Əhməd Midhəd və Şəm-səddin Saminin publisistik yazılarında dövrün ən aktual, güncəl sosial-siyasi, iqdsadi, fəlsəfi, əxlaqi-etik, ədəbi və s problemlərinə toxunulur, təhlillər aparılırdı. XIX əsrin sonu XX əsrin başlarında M.Emin Yurdaqul, Ömər Seyfəddin, Ziya Göyalp, Rza Tofiq və s. kimi istedadlı yazarlar dövrün dərdlərini, probləmlərini əks etdirən publisistik əsərləriylə Türkiyədə publisistika yaradıcılığının inkişafına təkan verdilər, onu zəngınləşdirdilər. Məhz XIX əsrin sonu XX əsrin ilk onilliklərində Türkiyə və Azərbaycan elmi-ədəbi mühiti arasında sıx əlaqə yarandı. XIX əsrin ikinci yarısında XX əsrin başlarında Azərbaycanda M.F.Axundov, Q.B.Zakir, H.B.Zərdabi, Ə.B.Hüseynzadə, Ə.B.Ağaoğlu, M.Hadi, Ə.B. Haqverdiyev, H.Cavid, N.Nərimanov, C.Məmmədquluzadə və b. kimi görkəmli ədiblər, şair və nasirlər Azərbaycan cəmiyyətinin, xalqın bütün aspektlərinə toxunan, gələcək inkişaf üçün yollar arayan publisistik əsərlər ortaya qoydular.
Cumhuriyyət dövründə, XX əsrdə Türkiyədə yüksək səviyyəli publisistika formalaşdı. Yahya Kamal, Orxan Seyfi Orxon, Yusif Ziya Ortaç, F.N. Çamlıbel, T.S. Halman, O.V. Kanık, Ceyhun Atıf Qansu, N.F. Kısakürək, Ə.H. Tanpınar, Ə.Q. Təcər, Əziz Nesin və s kimi istedadlı şair və nasirlər publisistikanın gözəl örnəklərini yaratdılar.
Azərbaycan publisistikasının tarixi orta çağlara qədər gedib çıxır. Füzulinin "Şikayətnamə"si publisistikanın ən gözəl örnəklərindən biridir. XIX əsrin ikinci yarısı və XX əsrin başlarında M.F.Axundov, İsmayıl Bəy Qutqaşınlı, H.B. Zərdabi, N.B.Vəzirov, 20-ci əsrin ilk onilliklərində C.Məmmədquluzadə, C.Cabbarlı, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, sovet rejimi dövründə S.Vurğun, M.Müşfiq, Mirzə İbrahimov, Mehdi Hüseyn, R.Rza,Əli Vəliyev, S.Rəhimov, S.Rəhman, İlyas Əfəndiyev, B.Nəbiyev, N.Babayev kimi istedadlı şair və nasirlər, ədəbiyyatşünaslarla bir sırada B.Vahabzadə də olmaqla, gözəl publisistik əsərlər yaratmışlar. Onların publisistika sahəsində yaradıcılıqları Azərbaycan publisistikasını istər problematika, janr müxtəlifliyi, istərsə də sənətkarlıq baxımından yüksək bir səviyyəyə qaldırdı. Burada biz diqqəti başlıca olaraq publisistik yaradıcılığa da müraciət edən şair və nasirlərə yönəltdik".
Araşdırmaçı bu qənaətə gəlir ki, hər şeydən öncə şair olan B.Vahabzadənin publisistik fəaliyyəti heç də təsadüfi olmayıb, dərin kök atmış bir ənənənin davamıdır. B.Vahabzadənin publisistikasının mövzularına toxunan Gündoğdu maraqlı qənaətlərə gəlir: "B.Vahabzadənin publisistika sahəsində yaradıcılığının tarixi keçən əsrin 50-ci illərindən başlayaraq günümüzə qədər uzun bir yol keçib. Görkəmli şairin yaradıcılığı olduqca geniş, əhatəli və zəngindir. Böyük miqdarda lirik-epik şerlərin, poemaların, pyeslərin, hekayələrin,
senarilərin, monoqrafiya, elmi və elmi-publisistik məqalələrin, müxtəlif çıxışların, müsahibələrin müəllifidir. Bu geniş və coxsahəli yaradıcılıqda B.Vahabzadə publisistikasının özəl, mühim yeri var. B.Vahabzadə uzun illər boyu publisistikanın müxtəlif sahələrində (siyasi, əxlaqi-etik və s.), müxtəlif növ (analitik, bədii) və janrlarında (müsahibə, rəy, məqalə, oçerk (fıkra), yol qeydləri, səfərlər, təəssüratlar, məktub və s) dəyərli və zamanın ən aktual, güncəl problemlərinə toxunan əsərlər ortaya qoyub, milli publisistikanı ideya-məzmun, mövzu, dil və üslub baxımından daha da zənginləşdirib.
B.Vahabzadənin publisistikası orijinallığı, bədii və elmi təfəkkürü özündə bir bütün şəklində təcəssüm etdirməsi, canlandırması ilə, nəticədə oxucu kütləsinə daha güclü, effektiv təsiri ilə fərqlənir, seçilir. Hələ 1976-cı ildə tənqidçi-ədəbiyyatşünas alim Bəkir Nəbiyev şairin məqalələrini, publisist yazılarını əhatə edən ilk kitabına yazdığı ön sözdə B.Vahabzadə publisistikasının bu özəlliyinə, xüsusiyyətinə diqqəti yönəldərək göstərirdi: "Əlimizdəki məqalələrin hər səhifəsində analitik alim təfəkkürü ilə zərif bir şairin ürək çırpıntıları duyulmaqda və fikrin təsir qüvvəsini artırmaqdadır".
B.Nəbiyev sözünə davam edərək fikrini belə dəqiqləşdirirdi: "Bu publisistikanın başqalarından seçilən xüsusiyyəti siyasi kəskinliklə bədiiliyi uğurla özündə birləşdirməsidir. Yeri gəldikcə öz şerlərindən, habelə qələm dostlarının poeziyasından, tükənməz xalq ədəbiyyatı xəzinəsindən gətirdiyi nümunələr şairin məqalələrinin bədii səviyyəsini daha da yüksəldir, əsərlərinə emosional təsir aşılayır."
Araşdırmadan aydın olur ki, Bəxtiyar Vahabzadə publisistikasında bədii düşüncə və zövq ilə elmi düşüncə və zövqün bir-birini uyumlu, ahəngdar şəkildə tamamlaması və bu tamamlamanın, vəhdətin hər bir publisist yazının təsir gücünü artırması sonralar şairin yaradıcılığını araşdıran mütəxəssislər tərəfindən dönə-dönə göstərildi.
Professor Nizami Cəfərov öz fikrini belə ifadə edir: "B.Vahabzadənin təfəkkürünün həm bədii, həm elmi-fəlsəfi, həm də publisistik təfəkkür olmasında şübhəsiz, uşaqlıq dövründən bəri keçmiş olduğu "idrak məktəbi" müəyyən rol oynayıb. O, milli təfəkkürün ən müxtəlif sahələrini öz gnoseoloji imkanlarında ehtiva etməyə çalışıb".

Uğur