Həqiqi hürriyyət savaşçıları... Layihə

Həqiqi hürriyyət savaşçıları...

Əbdürrəhman Fətəlibəyli həm də mühacirətdə iki dildə çıxan "Azərbaycan" qəzetinin baş redaktoru idi

Əbdürrəhman Fətəlibəyli Düdənginskinin adı mətbuat sahəsində hər kəsə tanışdır. Keçmiş Sovet zabiti əsir düşəndən sonra azərbaycanlı legioner dəstəsinin fəallarından olub və bütün sahələrdəki fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışıb. Düdənginskini Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Almaniyada olan azərbaycanlı əsriləri azad etmək yönündə iş görür.
ABŞ-ın görkəmli siyasətçisi olan Eyzenhauerin başçılığı ilə SSRİ-yə qarşı psixoloji müharibə planı hazırlandı. Bu proqrama Qafqazdan olan başqa hərbi siyasi əsirlərlə yanaşı Fətəlibəyli-Düdənginski də cəlb edildi. 1953-cü ildə "Azadlıq" radiosunun Azərbaycan redaksiyası açıldı və Fətəlibəyli-Düdənginski həmin redaksiyanın baş redaktoru oldu. Maraqlıdır ki, həmin redaksiyada ilk buraxılış Stalinin öldüyü gün, yəni 1953-cü il martın 5-də efirə verildi. 1953-54-cü ildə Düdənginski həmin radioda SSRİ-yə qarşı çox kəskin çıxışlar etdi".
Fətəlibəyli həm də mühacirətdə iki dildə çıxan "Azərbaycan" qəzetinin baş redaktoru idi.
Onun ilk və hələlik yeganə araşdırmaçısı olmuş Nəsiman Yaqublu Düdənginskinin bir çox yazılarını üzə çıxarıb. Bu yazıda onun Almaniyada nəşr edilən "Azərbaycan" qəzetindəki məqalələrindən nümunələr verəcəyik. "Kreml hür dünyanın gözü önündə hürriyyət əleyhinə "Xalqlar" konqresi çağırdı" yazısında Sovetlər Birliyinin qərb ölkələrində pul gücünə gördüyü "sülh hərəkatı"ndan yazır: "Kremlin əmri və hüdudsuz maddi yardımı ilə (Kominternin-Kominformun uşağı) olan Dünya Sülh Şurası adından, 12 dekabr 1952-ci ildə Vyanada "Xalqların Sülhü Müdafiə konfransı" açılmışdır. "Sülh hərəkatı" vaxtilə Politbüronun (Siyasi Büronun - N.Y.) gizli dərinliklərində başlamış və güclü pul sayəsində sürətlə genişlənmiş, 1949-cu ildə isə "Sülh tərəfdarları dünya konfransı" çağırılmışdır. Bu konfransdan sonra hür (azad) məmləkətlərdə "sülh tərəfdarları" milli təşkilatları qurulmuş və yuxarıda adı çəkilən mənfur "Dünya Sülh Şurası" meydana gətirilmişdir.
Lakin "Xalqların Sülhü Müdafiə konfransında" hər şey Kremlin istədiyi kimi olmadı. İtaliyalı Alessandra Piaycionun ifşası bomba kimi partladı. Britaniya nümayəndəsi Harmonun söylədikləri: Sovetlər Hind layihəsini rədd etməklə, hərb əsirlərini Sovetlər İttifaqında saxlamaqla dünyada əndişəli vəziyyət yaratmışlar.
Vışinskinin Hindistan sülh layihəsi əleyhinə kəskin çıxışı sülhə olan son ümidləri suya batırdı. İsveç yazarı Erik Axel Blomberq sovetlərin kiçik dövlətlərə qarşı təcavüzkar olduğunu söylədi. Fransız papası Rene Ronyon göstərdi ki, sovet siyasətçiləri başqa xalqların psixolojisi ilə heç hesablaşmaq istəmirlər. Hər kəsə məlumdur ki, "xalq demokrasiləri" Sovetlərin zoru ilə yaranmışlar. İsveçrəli Hüqo Kramer öz çıxışında İlya Erenburqa müraciət edərək soruşmuşdu: "Elə düşünmürsünüz ki, Amerika əleyhinə etdiyiniz ittihamlar sırf Sovetlərə qarşı edilməlidir".
Bu şəxsiyyətlərin çıxışları haqda sovet mətbuatı bir kəlmə belə yazmır. Amerika əleyhinə çıxışlar isə təfsilatı ilə bütün sovet mətbuatında nəşr edilmişdir.
Beləcə, həqiqi hürriyyət savaşçıları olan antikommunist qüvvələrinin laqeydliyindən Kreml hür insanların qüvvəsi ilə hürriyyətə hücum edir. Saysız, hesabsız antikommunist cəmiyyətləri, təşkilatları satıcılar kimi təkbaşına çalışırlar. Dağınıq halda olan antikommunist ictimai təşkilatlarının birləşərək tək və hür bir Dünya uğrunda böyük bir hərəkat yaratmalarının zamanı artıq gəlmişdir.
"Azərbaycan" jurnalı, Münhen, 1953-cü il yanvar, № 8.
Fətəlibəyli "Kommunizm – utopiyadır" məqaləsində müəllif kommunizmin həyata tətbiqinin yaratdığı dəhşətlərdən söz açır: "Quraq yeni bir aləm... Bolşeviklərə görə bu yeni aləm, yenə də çeşidbəçeşid qeyri-proletar elementləri əleyhinə yaşayışın hər sahəsində, köhnə rejim qalıqları əleyhinə amansız sinfi mübarizə nəticəsində qurulmalıdır. Biz görürük ki, Stalinə görə sosializm quruluşu ancaq sinfi mübarizə əsasında mümkündür.
Bu adamlar sırasında yalnız aristokratları deyil, Ordu və Donanma zabitlərini, məmurları, ziyahları, qolçomaq deyə adlandırılan kəndlilərin ən zəhmətkeş qismini soydular və məhv etdilər. Məhv edilmiş beş milyon qolçomaq ailəsi ilə kifayətlənmədilər. "Stalin sosializminin" daha sağlam quruluşu üçün "qolçomaq quyruğu" damğası altında başqa kəndliləri də məhv etdilər. Sonra isə çeşidbəçeşid bəhanələrlə, partiyada, sənayedə, kənd təsərrüfatında, orduda,
donanmada, elmi müəssisələrdə, müxtəlif "ünsürlər" məhv edilirdilər. Həqiqətən, kommunizmin həyata tətbiqi dəhşətli oldu. Məsələn, hərbi kommunizm dövründə Sovet hökuməti mütləq ölümə doğru gedirdi. Yeni iqtisadi siyasətə - NEP-ə keçməklə Lenin onu bu fəlakətdən qurtardı. Kommunizmin nəzəriyyəsi ilə azacıq tanış olanlar bilirlər ki, NEP-in kommunizmlə heç bir əlaqəsi yoxdur. Buna görədir ki, o müsbət nəticələr verdi və beləliklə, Lenin Sovet hökumətini yaşatmağa, bolşevik hökmranlığını davam etdirməyə müvəffəq oldu. Hətta, bolşevik idarəsi altında, kommunizm nəzəriyyəsindən müvəqqəti ayrılmaq iqtisadi həyatın, rifahın yüksəlməsini təmin etdi. Fəlakətdən qurtardıqdan sonar bolşeviklər NEP-ə dözə bilərdilərmi? Əsla, yox! Əks təqdirdə isə onlar bolşeviklikdən çıxardı. Qısası, yox olub gedərdilər".
"Koreyada Sovet təcavüzünün məğlub olması"na həsr etdiyi məqalədə Fətəlibəyli yazır: "Sovet imperialistləri Koreyada planlarını həyata keçirə bilmədilər. Kreml xalqa qarşı qardaş müharibəsinə başlayaraq, çalışırdı və çalışır ki, maxinasiya vasitəsilə öz imperialist üzünü gizlətsin. O, bildirirdi ki, bu hadisələrdə guya Şimali Koreyaya hücum edən Cənubi Koreya günahkardı. Bu faktların kobud və həyasızcasına saxtalaşdırılması, dünyəvi ictimai fikri çaşqınlığa salmaq və Koreyadakı müharibəni xəstə başdan sağlam başın üstünə atmaq məqsədi daşıyırdı. BMT-də ABŞ-ın nümayəndəsi Vorren Ostin sovetlərin siyasətini belə xarakterizə edirdi: "Sxem çox sadədir: Hər hansı bir ölkədə kommunist üsyanı təşkil etmək, sonra öz diviziyasını təcavüzkarlara köməyə göndərmək və onları "könüllü" adlandırmaq, sonra isə hücumun qurbanlarına yönəlmiş beynəlxalq köməyə qarşı çıxmaq". Burada Stalinin - Hərbi doktrinasının qısa və dəqiq xarakteristikası verilib. Onun mahiyyəti əsas düşmənə qarşı zərbə əvəzinə, əsas zərbəni bir sıra dağınıq, guya bir-biri ilə əlaqəsi olmayan hərəkatlara qarşı zərbələrlə əvəz etdirməkdir: Koreya, Tibet. Hindistan-Çin. Bu zaman bütün bu aksiyalar yerli əllər tərəfindən aparılır, Siyasi büro isə kölgədə qalır və "alçaldırılmışların" və "təhqir olunmuşların" himayədarı rolunda çıxış edir. Qələbə zamanı şan-şöhrət Stalinin idi, məğlub olanda isə eybi yoxdur! Onsuz da sovet qoşunu döyüşmürdü ki, koreyalıların, tibetlilərin və s. qanı tökülürdü, evləri məhv olurdu. Sovet imperialistləri Koreyadakı bu təcavüzkar müharibəyə uzun müddət və səylə hazırlaşırdılar. Onlara elə gəlirdi ki, hər şey kiçik detallarına qədər nəzərə
alınıb, hesablanıb uğurlarına az da olsa şübhə etmirdilər. Lakin Kreml ən əsasını nəzərə almamışdi ki, qanlı düşüncələri onları əvvəlcədən qaçılmaz məğlubiyyətə aparır. O, nəzərə almamışdı ki, yalnız Cənubi Koreyanın qoşunları ilə yox, həmçinin bütün demokratik dünyanın əsgərləri ilə vuruşmalıdır. O, nəzərə almamışdı ki, sovet təcavüzkarlığı bütün xalqların ciddi etirazına gətirib çıxaracaq. Məhz buna görə də, Koreyadakı müharibə ilk günlərindən sovetlərin gözləmədiyi tamamilə başqa bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə, bir-birinin ardınca məqlubiyyətə uğradılar. Sovetlərin Koreyadakı macərası azad xalqların qəzəbinin son həddə çatdırdı və sovet imperialis təcavüzkarlarına qarşı nifrət yaratdı. "Azərbaycan" jurnalı, Münhen, 1952-ci il iyul, № 3.
Fətəlibəyli Üzeyir Hacıbəyliyə həsr etdiyi "Azərbaycan xalqının böyük oğlu" məqaləsində Azərbaycan xalqının əvəzsiz sənətkarını özünəməxsus şəkildə qiymətləndirir və xəstəliyin nəticəsi olaraq vəfat etməsini şübhə altına alır: "Onun klassik sənətində əsas amil Vətən sevgisi olmuşdur. Bütün yaradıcı həyatını millətimizə həsr edən Üzeyir bəy millətimizin böyük və tükənməz qüdrətini və tarixi fəal rolunu öz musiqisində göstərmişdir. Xalqımızın dərin və incə sevgisini qazanan Hacıbəyli ailəsinə sovetlər əl uzatmadılar. Bu xalq sevgisini istismar niyyəti ilə, sovetlər Üzeyir və Zülfüqar Hacıbəyliləri "sovetləşdirməyə", bu gün Milli İstiqlal hərəkatımızı idarə edən Ceyhun Hacıbəylini isə xalqımıza büsbütün unutdurmağa qərar verdilər. Bu "sovetləşdirmə" əməlini Kreml öz köləsi Bağırovun əli ilə etdi. Nəhayət, 18 susma illərindən sonra 1938-ci ildə Üzeyir Hacıbəylinin "Koroğlu" operası meydana gəldi. Bu opera Azərbaycan sənətini sovet dünya görüşündən geniş bir yola sövq etdi və bütün Türk-Müsəlman musiqi sənətinə yeni bir istiqamət verdi. Bu operada başlıca qəhrəman millətimizdir. Xalq hisslərini öldürməkdə mahir olan sovetlər, xalqımızın Hacıbəyli ailəsinə qarşı sevgisini və dərin hörmətli hisslərini öldürmək məqsədi ilə Üzeyir və Zülfüqar Hacıbəyliləri verdikləri bir çox ordenlərlə (medallarla), vəzifə və ünvanlarla "sovetləşdirmişdir". Böyük bəstəkarımızı "sovetləşdirdikdən" sonar onun həyatda olmasına Kreml dözə bilməzdi. Ani olaraq 25 noyabr 1948-ci ildə, Moskva radiosu bütün dünyaya bu bəyanatı yayınlamışdı: "Uzun sürən, ağır xəstəlik üzündən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat etmişdir". Necə xəstəlik? Necə olur bu xəstəlik uzun sürür? Vəfatından bir an əvvəl Üzeyir bəy Moskvada bəstəkarlar toplantısında idi. Eyni məchul şərait içərisində də dəyərli bəstəkar Zülfüqar Hacıbəyli vəfat etmişdir. Bu haqda "Bakinskiy Raboçiy" qəzeti 1 dekabr 1950-ci ildə eyni şeyləri yazırdı: "30 sentyabrda uzun sürən ağır xəstəlikdən sonar Azərbaycanın qocaman bəstəkarı Zülfüqar Hacıbəyli vəfat etmişdir..." "Azərbaycan" jurnalı, Münhen, 1952-ci il oktyabr-noyabr, № 6/7.

Ülviyyə Tahirqızı