Hüquqi dövlətdə məhkəmələrdə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi Layihə

Hüquqi dövlətdə məhkəmələrdə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi

İctimai həyatda insanlarası münasibətlərdə mübahisəli məqamlar, anlaşılmazlıqlar həmişə olub, şübhəsiz, bundan sonra da olacaq. Anlaşılmazlıqların hüquqi müstəvidə çözülməsi ən doğru çıxış yoludur. Hüquqi dövlətdə inzibati hüquqi mübahisələr üzrə məhkəmə icraatı ilə bağlı problem mövzunun müzakirəsi bu baxımdan gərəklidir. Araşdırmaçı Nərmin Baxşıyeva bildirir ki, çoxəsrlik tarixi olan “dövlət-vətəndaş münasibətləri” siyasi-hüquqi fikrin mühüm institutlarından olmaqla yanaşı, hüquqi dövlətin də fundamental əsaslarından biridir. Demokratik, hüquqi dövlət üçün mühüm əhəmiyyətə malik olan, vətəndaşların dövlətə etimadının formalaşmaşına təsir göstərən “vətəndaş - dövlət” münasibətlərinin əsasında vətəndaşların hakimiyyətə təsir etmək imkanı durur. Vətəndaşın hakimiyyət və dövlət qurumları ilə qarşılıqlı münasibətləri bir problem kimi həmişə tədqiqatçıların diqqətini özünə cəlb edib. Hələ Hüqo Qrotsi, Jan Jak Russo və bir çox digər mütəfəkkirlər dövlətin cəmiyyətə, vətəndaşların maraqlarına müdaxilə səlahiyyətlərinin məhdudlaşdırılması vasitələri barədə müxtəlif fikirlər irəli sürüblər. Müasir hüquqi dövlətin vacib prinsiplərindən biri olan hakimiyyət səlahiyyətlərinin, fəaliyyət üslublarının, icraat qaydalarının vahid şəkildə tənzimlənməsi fikri hələ XVI əsrdən etibarən Feyerbaxın, Didyenin və Monteskyönün əsərlərində bu və ya digər formada öz ifadəsini tapıb. Hazırda isə inzibati orqanlarda icraat qaydalarının vahid qanun səviyyəsində nizama salınmasının əhəmiyyəti demokratik hüquqi dövlətlərdə artıq birmənalı şəkildə qəbul olunub: “1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqillyini bərpa etsə də, SSRİ-dən miras qalmış hüquq və məhkəmə sistemi demokratik cəmiyyət quruculuğuna, hüquq və azadlıqların səmərəli müdafiə mexanizminin yaradılmasına, azad və müstəqil məhkəmə sisteminin formalaşdırılmasına imkan vermirdi. Cəmiyyətin gələcək inkişafı məhkəmə-hüquq sahəsində islahatların həyata keçirilməsini, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, milli qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Bütün bunlar isə yeni hüquqi dövlət quruculuğu konsepsiyasının zəruriliyini üzə çıxarırdı. Beləliklə, məhz ictimai-siyasi quruluşun, dövlətin mahiyyətinin dəyişməsinin nəticəsində inzibati islahatlara zərurət meydana çıxdı ki, bu da mövcud sosial-iqtisadi münasibətlərə adekvat olan yeni məhkəmə-hüquq sisteminin qurulmasını şərtləndirdi. İnzibati və məhkəmə islahatlarının əsas istiqamətlərindən biri də dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasındakı münasibətləri dəyişdirməkdən, “inzibati dövlət konsepsiyası”nın “hüquqi dövlət konsepsiyası” ilə əvəz olunması üçün müvafiq hüquqi təsir mexanizmlərinin yaradılmasından, müasir cəmiyyətin həyatında dövlətin rolunun yenidən nəzərdən keçirilməsi kimi qlobal düşüncəni əks etdirməkdən ibarət idi. Belə ki, bürokratik asılılığın və iyerarxik tabeçiliyin yerinə dövlət orqanlarının fəaliyyətinin demokratik norma və mexanizmlərin yaradılması, təşkilati çeviklik, əks mərkəzləşməyə keçid, dövlət orqanlarının funksiya və səlahiyyətlərinin genişləndirilməsi öz növbəsində dövlət hakimiyyəti orqanları ilə vətəndaşların qarşılıqlı münasibətlərinin yeni mexanizmlərinin işlənib hazırlanmasını tələb edirdi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin qərar və hərəkətlərindən məhkəməyə şikayət vermək hüququ təsbit olundu”.
Tədricən hüquqi dövlət quruculuğu yönündə aparılan islahatlar prosesində inzibati orqanların vahid icraat qaydalarına əsasən fəaliyyət göstərməsinə, vətəndaşların hüquqlarının və maraqlarının inzibati orqanların qanunsuz aktlarından və hərəkətindən (hərəkətsizliyindən) qorunmasına zərurət yarandı. İnzibati orqanların hamısı üçün vahid icraat qaydalarının, onların fəaliyyətinin vahid şəkildə tənzimlənməsi meyarlarının müəyyənləşdirilməsi vətəndaşların dövlətə etimadının formalaşmasına təsir edən mühüm amil kimi nəzərə alındı: “Keçirilən islahatlar hakimiyyətlə vətəndaş, dövlətlə cəmiyyət, inzibati orqanla vətəndaş arasındakı münasibətlərin qurulmasına dair müasir təsəvvürlərə əsaslandı. Dövlət quruculuğunun inkişaf tempi uyğun olaraq “vətəndaş-dövlət” münasibətlərinə yeni yanaşmaya, dövlətlə vətəndaş arasındakı münasibətlərin “vətəndaş-hüquqi dövlət” prizmasında həll olunmasına zərurəti də ortaya qoydu. Hüquq infrastrukturunun inkişafi ilə əlaqədar yeni məhkəmələrin yaradılması, məhkəmə sisteminin beynəlxalq standartlara uyğun qurulması, vətəndaşların məhkəmə orqanlarına müraciət imkanının genişləndirilməsi, hüquq və azadlıqların səmərəli müdafiə mexanizminin yaradılması kimi vəzifələr ön plana çıxdı. Tədricən ölkədə səmərəli idarəçiliyin, vətəndaşların hüquq və azadlıqlarının, qanunla qorunan maraqlarının real təminat mexanizmi, inzibati orqanların fəaliyyətində qanunçuluğu təmin edən, onların qərarlarına və hərəkətlərinə (hərəkətsizliyinə) nəzarət edən, vətəndaşlara inzibati aktlara təsir göstərmək imkanını təmin edən yeni mexanizmlər formalaşdırıldı. Avropa İnsan hüquqları Konvensiyası və 50-yə yaxın digər konvensiya milli qanunvericilik sisteminin tərkib elementlərinə çevrildi. Xüsusilə vurğulamaq lazımdır ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" AR-nın 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun qəbulu 1950-ci il Avropa Konvensiyasının implementasiyası istiqamətində mühüm addımlardan biri oldu. Hüquqi dövlətin təşəkkülü insan və vətəndaş hüquqlarına hörmət olmadan mümkün deyil. Təsadüfi deyil ki, bəşər tarixinin bütün inkişaf mərhələlərində, bir ictimai-siyasi formasiyanın digəri ilə əvəzlənməsi ilə nəticələnən inqilabi dəyişikliklərdə insan hüquqlarının real təminatı üçün daha əlverişli şəraitin yaradılması əsas məqsədlərdən biri olub. Müvafiq olaraq hüquqi dövlət quruculuğu yolunda addımlayan Azərbaycan Respublikasında da inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarının həyata keçirilməsini təmin etmək və qanunun aliliyinə nail olmaq üçün növbəti addım kimi 21 oktyabr 2005-ci ildə “İnzibati icraat haqqında” AR-nın qanunu qəbul olundu.
Vətəndaş cəmiyyətinin bütün sahələrinə təsir edən bu qanun inzibati idarəçiliyin sadələşdirilməsinə və rasionallaşdırılmasına, inzibati icraatda vətəndaşların mövqeyinin möhkəmləndirilməsinə, həmçinin, inzibati orqanlarda icraat qaydalarının vahid normalarının müəyyənləşdirilməsinə xidmət edir. Milli qanunvericilik tarixində ilk dəfə olaraq “İnzibati icraat haqqında” AR qanunu ilə inzibati icraatın hüquqi əsasları, prinsipləri və prosedur qaydaları müəyyən olundu”.
Araşdırmaçı bildirir ki, strateji vəzifələrindən birini vətəndaşların hüquq və mənafelərinin qorunması təşkil edən müasir hüquqi dövlətdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının hərtərəfli qorunması təmin edilir, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaradılır: “Bu cür dövlətin konseptual əsaslarından birini məhz hakimiyyətlə vətəndaş cəmiyyətinin qanun və məhkəmə qarşısında bərabərliyi təşkil edir. Hüquqi dövlətdə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün müvafiq vasitələr, mexanizmlər təsis edilir. Bu mexanizmlər dinamik olub, ictimai həyatdakı dəyişikliklərə uyğun qaydada inkişaf edir və təkmilləşir. Müasir hüquqi dövlətdə insanların hüquq və azadlıqlarının müdafiəsi mexanizminin əsas prinsiplərindən birini də bir neçə müdafiə vasitəsinin, dəfələrlə müdafiə imkanının mövcud olması təşkil edir. Pozulmuş hüquqların və qanunla qorunan mənafelərin müdafiə olunması üçün eyni zamanda bir neçə alternativ müdafiə vasitəsinin mövcudluğu vətəndaşa imkan verir ki, şikayəti təmin olunmadığı, çıxarılan qərar onu təmin etmədiyi təqdirdə digər müdafiə vasitəsindən istifadə etsin. Fikrimizcə, alternativ müdafiə mexanizmini müdafiə vasitələrinin yalnız çoxluğuna deyil, həm də səmərəli və işlək olmasına əsaslanan, mübahisənin daha tez və operativ həllinə, inzibati məhkəmələrin iş yükünü azaltmağa imkan verən, qeyri-prosessual müdafiə vasitələrindən prosessual müdafiə vasitələrinə keçid imkanı kimi çıxış edən sistem kimi qiymətləndirmək olar. Polis dövlətinin müasir hüquqi dövlətə çevrilməsində mühüm rol oynamış inzibati məhkəmə icraatı da müdafiə mexanizmlərdən biri olub, inzibati orqanların fəaliyyətinə məhkəmə nəzarətini həyata keçirməklə vətəndaşların hüquqlarının və mənafelərinin real müdafiə vasitəsi kimi çıxış edir”.
Hüquqi dövlətin adından çıxış edərək fəaliyyət göstərən hər bir orqanın və ya vəzifəli şəxsin qanunçuluq prinsipinə riayət etməsi, onların fəaliyyəti üzərində məhkəmə nəzarəti vətəndaşların onların özbaşına hərəkətlərindən qorunmasının mühüm təminat vasitəsidir. Araşdırmaçı bu qənaəti belə əsaslandırır ki, bu prinsipin həyata keçirilməsi üçün real təminat mexanizminin formalaşdırılması da hüquqi dövlətin zəruri əlamətlərindən biridir. Hüquqi dövlətin əsas tələblərindən birini dövlətin vətəndaş qarşısında məsuliyyət daşıması, ölkədə demokratik təsisatların rolunun artması, dövlət orqanlarının fəaliyyətində özbaşınalığa yol verilməməsi üçün vətəndaşların öz hüquq və mənafelərinə toxunan aktlardan məhkəməyə müraciət etmək imkanının təsbit edilməsi təşkil edir. Hüquqi dövlətin qurulması onun ayrılmaz institutu olan inzibati məhkəmə icraatını inkişaf etdirmədən mümkün deyil. Azərbaycan Pespublikasının Konstitusiya Məhkəməsinin qərarında da göstərildiyi kimi, inzibati orqanların qəbul etdikləri inzibati aktların və publik hüquq sahəsindəki digər fəaliyyətlərin üzərində məhkəmə nəzarətinin mövcudluğu hüquqi dövlətin əsas əlamətlərindən biridir: “Məhz bu yanaşmaya müvafiq olaraq, qanunda maraqlı şəxsin inzibati aktın mübahisələndirilməsi ilə əlaqədar olmayan digər hallarda da məhkəməyə müraciət etmək hüququ təsbit olundu”.

Elçin Qaliboğlu