

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə biznes subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.
DVX-nin Vergiödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin əməkdaşı Aynur Hacıyeva təqdimatla çıxış edərək Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə yol xəritəsi çərçivəsində bir sıra yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb.
Təqdimat zamanı biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlərinin üstünlükləri barədə məlumat verilib. “Biznesə daxilolma” İşçi qrupunun təşəbbüsü ilə qanunvericlikdə müvafiq dəyişikliklər edildiyi bildirilib. Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib və bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyatı tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bununla yanaşı, “Konsul leqallaşdırılması” informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Görüş iştirakçılarına vergiödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası barədə göstəricilər təqdim edilib, “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsində 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər diqqətə çatdırılıb. Bu tədbirlər biznesin təsis edilməsi qaydalarının təkmilləşdirilməsi, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı məsələlərini əhatə edir.
Görüşdə bu sahədə gözlənilən rəqəmsal yeniliklər barədə geniş məlumat verilib.