FHN elmi-praktiki konfrans təşkil edib Cəmiyyət

FHN elmi-praktiki konfrans təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Təbii və texnogen xarakterli fövqəladə halların analizi və təsirinin azaldılmasının müasir metodlarının işlənməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Nazirlikdən verilən xəbərə görə, onlayn formatda keçirilən konfransın təşkilində məqsəd fövqəladə hallarla bağlı məsələlərin öyrənilməsi və həlli sahəsində fəaliyyət göstərən mütəxəssislər və alimlərlə təcrübə mübadiləsinin aparılması, onların elmi nəticələrinin və praktiki nailiyyətlərinin təqdim edilməsi üçün elmi-peşəkar platformanın yaradılması olub.

Konfransda Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Memarlıq və İnşaat universitetlərinin, SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi və Bakı Ali Neft Məktəbinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının aktual məsələlərinə dair elmi məqalələr təqdim olunub, müzakirə aparılıb, təbii və texnogen mənşəli risklərin öyrənilməsinin, onların qarşısının alınmasının müasir üsulları və mövcud problemlər təhlil edilib.

Qeyd edək ki, konfransa təqdim olunmuş elmi məqalələrin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun elmi jurnalında çap edilməsi nəzərdə tutulub.