Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər açıqlanıb Cəmiyyət

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər açıqlanıb

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 168,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

ƏMDX-dən “APA-Economics”ə verilən məlumata görə, ƏMDX tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində 50 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 127,1 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 604-ü qeyri-yaşayış, 3.952-si torpaq sahələri üzrə olmaqla 4.556 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 41,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 168,7 milyon manat vəsait daxil olub.