11:10
658
Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verir.
Bunu Baş anzir Əli Əsədov Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentlərinin Bakı görüşündə bildirib.
“Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir. Məhz onların ardıcıl səyləri Təşkilat çərçivəsində əməkdaşlığın ildən-ilə daha da dərinləşməsini və türk dünyasında həmrəyliyin möhkəmlənməsini təmin edən əsas amildir. 2025-ci ilin noyabr ayında UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dili Günü elan edilməsi Türk dünyasının artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. Bu gün Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar mövcuddur. Prezident İlham Əliyevin söylədiyi kimi, Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm vermiş, Təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub. Bu baxımdan, ölkələrimiz arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artmışdır (7.3 mlrd $). Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənaye kooperasiyasının dərinləşdirilməsi, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi potensialımızın tam şəkildə reallaşmasına imkan yaradacaq”, - deyə Baş nazir vurğulayıb.