Neftin qiyməti yüksəlir: Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Gündəm

Neftin qiyməti yüksəlir: Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

ABŞ-İsrail-İran müharibəsi səbəbindən neftin qiyməti yüksəlməyə davam edir. Son məlumatlara görə, Azərbaycan neftinin qiyməti 2 dəfədən çox artıb. Belə ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,3 ABŞ dolları və ya 3,36 % artaraq 132,35 ABŞ dolları təşkil edib.

“Xalq Cəbhəsi” neftin qiymətinin artması qlobal iqtisadiyyata necə təsir edəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli söyləyib ki, hazırda neftin qiymətinin artması İran müharibəsi və Hörmüz böhranı ilə əlaqədardır: “Geosiyasi amillərin təsiri altında neftin qiyməti artır. Həmin təsirlər zəifləyəndə isə neftin qiyməti aşağı düşür. Hazırda neftin qiyməti İran müharibəsindən əvvəlki səviyyədən xeyli yüksəkdir. Lakin sabit yüksəklik nümayiş etdirilmir. Bir gün neftin qiyməti 100 dollardan yuxarı qalxır, sonrakı günlərdə isə qismən də olsa aşağı enir və bu proses müəyyən vaxt kəsiyi ilə neftin qiymətinin 100 dollardan yuxarı səviyyədə qaldığı şəraitdə ziqzaqlarla bir-birini əvəz edir”.

“Dəqiq proqnoz vermək mümkünsüzdür”

Deputat qeyd edib ki, bununla belə Hörmüz boğazında yaranan təhlükə neft bazarına çox ciddi təsir göstərir: “Hadisə və proseslər bu cür davam etsə, neftin qiymətinin müəyyən məqamlarda qısamüddətlərdə də olsa 150, hətta 200 dollara qədər qalxacağı da proqnozlaşdırılır. Amma indi neftin qiyməti elə bir vəziyyətdədir ki, eyni zamanda, onu şərtləndirən geosiyasi vəziyyətlər də çox qeyri-müəyyən vəziyyətdə olduğuna görə neftin qiymətinin dəqiq, yaxud da dəqiqliyə yaxın səviyyədə proqnozunu vermək mümkünsüzdür. Dünya bazarında neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün bu məsələ xüsusi maraq doğurur. Məlum olduğu kimi, Azərbaycanın 2026-cı ilin dövlət büdcəsində baza ssenarisi üzrə neftin 1 barelinin qiyməti 65 dollardan götürülüb. İran müharibəsinə qədər dünya bazarında neftin qiyməti elə həmin səviyyə ətrafında bir qədər aşağı düşmə, bir qədər yuxarı qalxma şəraitində hərəkət edirdi”.

Qiymət artımının Azərbaycana təsiri

Ə.Məsimlinin sözlərinə görə, İran müharibəsindən sonra isə qlobal neft bazarında neftin qiyməti kəskin sürətdə artıb: “Yüksək neft qiymətləri Dövlət Neft Fondunun, dövlət büdcəsinin gəlirlərinin, eləcə də valyuta ehtiyatlarımızın artmasına səbəb oldu. Bununla belə onu bildirmək lazımdır ki, neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır. Təbii ki, neftin qiymətinin artması ilə Azərbaycan əlavə gəlir əldə edəcək və bu əlavə gəlir neftin qiyməti neçə gün yüksək olsa onların sayına uyğun sürətdə də artacaq. Amma bu, məsələnin yalnız bir tərəfidir. Ona görə ki, biz nefti yüksək qiymətlə satdığımız kimi istehlak etdiyimiz məhsulların çoxunu da xaricdən aldığımıza görə neftin qiymətinin qalxması o zəncirin bütün həlqələrinə təsir göstərməklə əksər məhsulların maya dəyərinə və logistika xərclərinə təsir edir. Bu isə dünya bazarında digər məhsulların da qiymətlərinin artmasına səbəb olur ki, həmin proses artıq bilavasitə həm psixoloji, inflyasiya gözləntiləri və digər amillərin təsiri ilə görünməyə başlayır. Ona görə də bir tərəfdən neftin qiymətinin qalxması Azərbaycana əlavə bir gəlir gətirir, digər tərəfdən isə biz aldığımızın məhsulların xeyli hissəsini əvvəlki qiymətlərdən daha yüksək qiymətə alacağıq. Bu isə idxal inflyasiyasını və onun ardınca isə qiymət artımının sürətini yüksəldəcək”.

Müharibə coğrafiyasının genişlənməsi...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, İran müharibəsi başladıqdan sonra neftin qiymətindəki artımlar gözlənilən idi: “Təbii ki, o zaman da proqnozlar məhz 1 barel neftin qiymətinn 100 dollar üstünə qədər yüksələcəyindən xəbər verirdi. Sözsüz ki, növbəti dövrdə bütövlükdə neftin dünya bazar qiymətinin necə dəyişməsindən, müharibənin hansı müddəti əhatə etməsindən, eyni zamanda, coğrafiyasından asılı olacaq. Çünki neftin dünya bazar qiymətinə yalnız Hörmüz boğazı vasitəsilə daşınan yüklərdəki çətinliklər deyil, eyni zamanda, bir növ müharibənin coğrafiyasının genişlənməsi də təsir göstərir. Biz nəticə etibarı ilə müharibənin coğrafiyasının genişlənməsi və bununla da neft bazarına təsirləri müşahidə edirik. Bu, birbaşa təklifin azalması ilə əlaqədardır. Çünki hazırda neft bazarında qıtlıq müşahidə olunur. Bu da təbii ki, neftin dünya bazar qiymətində artımlarla müşahidə edilir”.

“Azərbaycan neft bazarında stabillikdə maraqlıdır”

V.Bayramov əlavə edib ki, Azərbaycan neftin bazar qiymətinin stabil olmasında və neft bazarında volatilliyin olmamasında maraqlıdır: “Cənab Prezident də xüsusilə qeyd edib ki, Azərbaycan neft bazarında stabillikdə maraqlı dövlətlərdən biridir. Bu kontekstdən qiymət tarazlığının alınması və neft istehlakçı və istehsalçı ölkələr üçün uyğun qiymətin əldə edilməsi daha arzuolunandır. Təbii ki, neftin bazar qiymətindəki artımlar Azərbaycan büdcəsinə daxil olan vəsaitin həcminə, eyni zamanda, Dövlət Neft Fondundan gəlirlərin artmasına təsir göstərir. 2026-cı ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 65 dollar nəzərdə tutulub və mart ayındakı sıçrayışlı qiymətlər bütövlükdə illik orta qiymətin nəzərdə tutulan qiymətdən yüksək olacağından xəbər verir. Bu isə təbii ki, həm dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına, həm də Dövlət Neft Fondunun gəlirlərinin artması hesabına Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxaracaq”.

“Birmənalı söz söyləmək çox çətindir”

İqtisadçı Eldəniz Əmirov deyib ki, indi həm Azərbaycanda, həm beynəlxalq səviyyədə olan maliyyə təsisatlarında, eyni zamanda, siyasi və iqtisadi istiqamət üzrə dünyanın peşəkar mütəxəssislərinin verdiyi ssenarilər üzrə hər hansısa bir yekdil fikir yoxdur: “Həm neft qiymətlərində, həm qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı məsələlərdə həddindən artıq şaxələnmələr var. Ona görə də birmənalı söz söyləmək çox çətindir. Çünki məsələnin iqtisadi tərəfləri, o cümlədən də neft qiymətləri bilavasitə ABŞ-nin verəcəyi qərarlardan, ələlxüsus da hərbi qərarlardan asılıdır. Hərbi davranışlar gələcəkdə neftin qiymətinin formalaşmasında önəmli əhəmiyyət daşıyır. Eyni zamanda da neft qiymətlərindən də qaynaqlanaraq qlobal iqtisadiyyatın göstəricilərində önəmli əhəmiyyət daşıyır. Çünki neft qiymətləri artdığı zaman neft ixrac edən ölkələrin valyuta daxilolmaları artır. Bu, təbiidir. Amma qlobal ölkədə isə o, inflyasiyanı tətikləyən faktora çevrilir. Çünki neft qiymətinin artdığı hər 10 faizlik artımda qlobal inflyasiya 0,5 faiz bəndi yüksəlir. Həmçinin qlobal iqtisadiyyat daralır. Məhz bu daralmaların məntiqi nəticəsi olaraq qlobal iqtisadi göstəricilər dəyişir və bu da dünyanın demək olar ki, bütün ölkələrinə öz mənfi təsirini göstərir”.

“Mövcud neft qiymətləri valyuta ehtiyatlarının artmasına xidmət edəcək”

E.Əmirov bildirib ki, məsələyə Azərbaycan kontekstində baxdıqda ölkəmiz üçün qiymətlərin səviyyəsi təbii ki, maliyyə baxımından qənaətbəxş vəziyyətdədir: “Amma regionda baş verən münaqişə təbii olaraq Azərbaycan üçün arzuolunan deyil. Çünki biz regionda sülhün, əmin-amanlığın və münaqişələrin hərbi qarşıdurma lar şəklində deyil, danışıqlar masasında həll olunmasının tərəfdarıyıq. Ancaq təbii ki, bütün məsələlər bizim istəyimizdən, yaxud bir və ya iki ölkənin istəyi ilə bağlı deyil. Baş verən münaqişə həm siyasi, həm hərbi arenada müxtəlif problemlər yaradır. Bir də düşünürəm ki, qarşıdakı dönəmdə mövcud neft qiymətləri ölkənin valyuta ehtiyatlarının artmasına xidmət etmiş olacaq. Ölkə olaraq real sektorun dəstəklənməsi üçün mövcud neft qiymətləri bir qədər əlverişli mühit yaradır. Digər tərəfdən də onsuz da uzunmüddətli dönəmdə neft qiymətlərinin yuxarı olacağını gözləmək doğru olmazdı. Buna görə də qısamüddətli dönəmdə baş verən neft qiymətlərinin artımı bizə neft qiymətlərinin enişi üçün mövcud ehtiyat yastığını qalınlatmağa imkan verir”.

Röya İsrafilova