11:19
679
"Abşeron" qaz-kondensat Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi çərçivəsində qazma işlərinə gələn ilin birinci rübündə başlanılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bunu "Abşeron, Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üzrə Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsinə dair hesabatın ictimai müzakirələri zamanı "Greenwich Consulting" şirkətinin layihə üzrə rəhbəri Tahir Cəfərov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində qazma işləri 2029-cu ilin ortalarına kimi davam edəcək.
Tahir Cəfərov onu da qeyd edib ki, layihənin dəniz hissəsi üzrə satınalma, mühəndislik, tikinti və istifadəyə vermək işlərinə cari ilin üçüncü rübündə başlamaq və 2029-cu ilin üçüncü rübündə bitirmək planlaşdırır.
Şirkətin nümayəndəsi əlavə edib ki, layihə üzrə quruda satınalma, mühəndislik, tikinti və istifadəyə vermək işləri də 2026-cı iki üçüncü rüb-2029-cu il üçüncü rüb tarixlərində davam edəcək.
Qeyd edək ki, “Abşeron” Yatağının Tam İşlənilməsi Layihəsi çərçivəsində ilk qazın hasilatına 2029-cu ilin 1 sentyabr tarixində başlamaq planlaşdırılır.
Layihəyə üç (üstəgəl bir gələcək) sualtı quyunun qazılması, sualtı infrastrukturun quraşdırılması, dənizdə və quruda boru kəmərlərinin çəkilməsi və Səngəçal Terminalından təxminən 4 km cənub-qərbdə quruda Mərkəzi Emal Obyektinin (MEO) tikintisi daxildir.
“MEO, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) və Daxili Qaz Şəbəkəsinə (DQŞ) ixrac etmək üçün xam quyu mayelərini, qazı emal edəcək və sabitləşdirilməmiş kondensatı Səngəçal Terminalına ixrac edəcək.
“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. İlkin hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard m³ qaz və 45 milyon ton kondensat təşkil edir. Yatağın işlənilməsini SOCAR və “TotalEnergies”in birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.
04.08.2023-cü il tarixində “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil oldu və beləliklə, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35%, ADNOC isə 30% səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdı.