09:22
602
Azərbaycanın hərb tarixində önəmli mərhələ olan Aprel döyüşlərindən 10 il ötdü. Bu gün Azərbaycan əsgərinin həmin döyüşlərini qürurla xatırlayırıq.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Əkrəm Bəydəmirli deyib.
"O zaman düşmən işğalında qalmış 2000 hektar ərazi Ordumuz tərəfindən azad edildikdən sonra xalqımızın həsrətində olduğu belə qələbələrin davamlı olacağına, bütün torpaqlarımızın azad ediləcəyinə inam yarandı. Bütövlükdə ordu–xalq vəhdəti özünü yüksək səviyyədə göstərdi. Bu vəhdətin nəticəsini biz 44 günlük İkinci Qarabağ müharibəsində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi" - o, vurğulayıb.
"Bir məqamı xüsusilə qeyd etmək istərdim. Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik xidmətinə müraciət etdi. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaradılmışdı. İstər 2016-cı il Aprel döyüşlərində, istərsə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular. Hər iki döyüş Ermənistan ordusundakı fərarilərin sayının artdığını göstərdi.
Digər tərəfdən Qarabağ münaqişəsinin uzun müddət davam etməsində maraqlı olan və hər zaman ermənilərə dəstək olan bəzi məkrli xarici qüvvələrə Aprel döyüşləri ciddi mesaj idi. Bu xəbərdarlıq ondan ibarət idi ki, Azərbaycan Ordusu gec-tez öz torpaqlarını azad edəcək. Gerçəkdən bu proses 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində baş verdi.
Ermənilər tərəfdən uydurulmuş “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Aprel döyüşləri çox ciddi psixoloji dönüşə səbəb oldu. Azərbaycan cəmiyyətində xeyirin şər üzərində mütləq qalib gələcəyi təfəkkürü möhkəmləndi.
Yekunda ilahi ədalət İkinci Qarabağ müharibəsində bərqərar oldu. Belə qalibiyyət, tarixi zəfər düşünülmüş strateji siyasət və böyük fədakarlıq nəticəsində qazanıldı. Bu müqəddəs yolda qurban gedən bütün şəhidlərimizi ehtiramla anırıq".
Cavid