“Bu, mətbuat azadlığına vurulmuş açıq zərbədir” Cəmiyyət

“Bu, mətbuat azadlığına vurulmuş açıq zərbədir”

İnternet Jurnalistləri Federasiyasının (İGF) Aydın vilayəti üzrə nümayəndəsi Süleyman Topbaş dünən axşam saatlarında Aydının Atatürk meydanında özlərini Ülkü Ocakları üzvü kimi təqdim edən şəxslərin hücumuna məruz qalıb. Həyat yoldaşının yanında baş verən bu çirkin hadisə ictimaiyyətdə böyük narazılıq doğurub.

Hadisə ilə bağlı açıqlama verən İGF sədr müavini Serkan Torun bildirib ki, bu, yalnız bir şəxsə qarşı fiziki hücum deyil, eyni zamanda, mətbuat və ifadə azadlığına qarşı açıq hücumdur.

S.Torun açıqlamasında deyib: “Jurnalistika peşəsini şərəflə icra edən həmkarımız Süleyman Topbaşa, həyat yoldaşının yanında gerçəkləşdirilən bu alçaq hücumu ən sərt şəkildə qınayırıq. Kimliyindən, hansı düşüncəyə və ya quruma mənsub olmasından asılı olmayaraq bir jurnalistin susdurulmağa çalışılması, xüsusilə də belə çirkin üsulla hədəf alınması qətiyyən qəbul edilə bilməz. Bu hadisə yalnız bir jurnalistə deyil, cəmiyyətin xəbər alma hüququna, mətbuatın azad iradəsinə və cəmiyyətin ortaq vicdanına qarşı yönəlmiş hücumdur.”

S.Torun hadisənin bütün tərəfləri ilə araşdırılmalı olduğunu vurğulayaraq aidiyyəti qurumlara çağırış edib: “Bu hücumu törədən şəxs və ya şəxslər dərhal müəyyən edilməli, qanun qarşısında cavab verməlidirlər. Eyni zamanda, ictimaiyyətdə yaranan informasiya qarışıqlığının qarşısını almaq üçün müvafiq qurum və təmsilçilərin açıq və aydın şəkildə məlumat verməsi böyük əhəmiyyət daşıyır. Zorakılığın heç bir bəraəti yoxdur. Jurnalistika cinayət deyil, susdurula bilməz.”

İGF olaraq prosesi yaxından izləyəcəklərini bildirən Torun, S.Topbaşa “keçmiş olsun” diləklərini çatdıraraq sözlərini belə yekunlaşdırıb: “Həmkarımızın yanındayıq. Mətbuat azadlığını hədəf alan hər cür cəhdin qarşısında dayanmağa davam edəcəyik. Bu cür hücumlar bizi qorxutmaz, əksinə, peşəmizə daha möhkəm sarılmağımıza səbəb olur”.

İctimaiyyətə sayğı ilə duyurulur.

Serkan Torun

İnternet Jurnalistləri Federasiyası sədr müavini