Xaricdə uzlaşma, daxildə reppessiya... Güney Azərbaycan

Xaricdə uzlaşma, daxildə reppessiya...

Güney Azərbaycanın milli fəalları Ruhani hökumətinin siyasətini ikiüzlü adlandırırlar

"Həsən Ruhani hökumətində həm Haşiminin populizmini görürük, həm də Xatəminin islahatçı şuarlarını. O, dünya ölkələri ilə uzlaşmaq, İran içində isə repressiya və basdırma siyasətini yürüdür". Bu fikri Dünya Ana Dili Günündə həbs edilənlər sırasında olmuş güneyli milli fəal Abbas Lisani "Amerikanın səsi"nə müsahibəsində səsləndirib.
Haqqında BMT və Amnesty İnternational kimi bir çox beynəlxalq qurumun bəyanat yaydığı tanınmış fəal Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində keçirilmiş toplantıya qatıldığı üçün qanunsuz toplaşma və İranın milli təhlükəsizliyini pozmaq hədəfi ilə təşkilat qurmaq ittihamı ilə qarşılaşan Abbas Lisanı Əhərdə baş verən olaylar, tutulma, həbs və mühakimə prosesləri ilə bağlı danışıb. O həmçinin Həsən Ruhani hökumətinin verdiyi sözlərlə əməldə yürütdüyü siyasət arasındakı fərqləri dəyərləndirərək, prezident Ruhaninin əslində İranda demokratik hərəkatları basdırmaq istiqamətində yazılmış ssenarini icraçısı olduğunu irəli sürüb.
"Dünya Ana Dili Günü UNESCO-nun müəyyənləşdirdiyi bir gündür. İran da bu münasibəti tanıyıb. Bu günü qeyd etmək üçün Əhər fəalları tərəfindən bir toplantı təşkil edildi və biz də çağırıldıq", deyə ərdəbilli fəal Əhərdə keçirilmiş toplantıya nə şəkildə qatıldığını açıqlayıb. Onun dediklərinə görə, mərasim bəzi iştirakçıların ana dili ilə bağlı danışığı, habelə sazlı-sözlü çıxışlardan ibarət olub.
Lisani polis məmurlarının toplantının keçirildiyi evə hücumu, eləcə də özü və digər iştirakçıların nəzarət altına alınmasını şərh edib: "Mərasimi keçirərkən, evin polis məmurları tərəfindən mühasirə edildiyini öyrəndik... Onlar çox kobud şəkildə və bəyənilməz davranışlar sərgiləyərək evə hücum etdilər... 100-ə yaxın iştirakçı həbs edildi."
Tanınmış fəal həbsdə ikən, Azərbaycan veb səhifələri onun və altı başqa fəal tərəfindən yazılmış bir məktub nəşr etmişdilər. Həmin məktubda fəallar işgəncəyə məruz qaldıqlarını qeyd etmişdilər.
Həmin məktubda yazılanları təsdiq edən Abbas Lisani məruz qaldıqları fiziki və mənəvi işgəncələr haqqında da danışıb: "Bunlar mərasimə qatılan təqribən 100 fəalı nəzarət altına aldılar. Məhbusların sayı çox olduğu üçün zindanda yer yox idi. 24 saat sonra bəzilərini buraxıb, 50-60 nəfəri saxladılar. Sonra gəlib mənimlə birlikdə 7 nəfəri çağırıb digərlərindən ayırdılar. Davranışları çox kobud idi, ayaqlarımızı və arxadan qollarımızı bağladılar. Gözübağlı vəziyyətdə bir maşına mindirib başqa yerə apardılar. Sonralar Təbrizdə bir yer olduğunu bildik. Orada fiziki və mənəvi işgəncələrə məruz qaldıq".
Amnesty İnternational tərəfindən vicdan məhbusu adlandırılmış milli fəalın sözlərinə görə, tutulanlara qarşı "qanunsuz toplaşma və İranın milli təhlükəsizliyini pozmaq hədəfi ilə təşkilat qurmaq" ittihamı irəli sürülüb. Şərqi Azərbaycan Ədliyyəsinin rəsmi veb səhifəsi də Əhərdə tutulan fəallara həmin ittihamın irəli sürülməsi ilə bağlı xəbər yayıb. Ədliyyə idarəsi fəalların Ana Dili Günü münasibəti ilə təşkil olunmuş toplantıya qatıldıqları üzündən tutulduqlarını da təsdiq edib.
"Toplaşma dedikləri şey açıq bir yerdə olar ki, o da qanunsuz deyil. Halbuki biz bir evdə toplanmışdıq. Burada qanunsuz olan heç nə yoxdur", deyə Abbas Lisani irəli sürülən ittihamın yersiz və qanunlara qarşı olduğunu vurğulayıb.
Keçmişdə də illərlə həbsdə olmuş fəal İranda məhkəmə sisteminin müstəqil olmadığını və təhlükəsizlik qurumlarının göstərişləri ilə hərəkət etdiyini söyləyib: "Məhkəmə sənəddən söz açanda əslində ETTELAAT əməkdaşlarının hazırladığı hesabatı deyir. Bu isə İranda məhkəmə hakimiyyətinin müstəqil olmadığını göstərir."
Dünya Ana Dili Günü ilə bağlı geniş həbslərin mötədil siyasətçi kimi tanınan və fərdi azadlıqlar, habelə etnik cəmiyyətlərin hüquqları və Türk dilinin tədrisi ilə bağlı vədlər vermiş Həsən Ruhaninin hakimiyyətə gəlməsindən bəri geniş vüsət alması veb səhifələr və sosial medianın müzakirə mövzusu olub. Abbas Lisani bununla bağlı öz mövqeyini belə ifadə edib: "İran İslam Respublikası 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra siyasi böhranla qarşı-qarşıya gəldi. Hakimiyyət o böhranı birtəhər atlada bildi, ancaq yenidən elə bir böhranla üzləşmək istəmir. Həsən Ruhani isə belə böhranların baş verməsini önləmək məqsədi ilə yazılmış ssenarini icra etmək üçün seçildi. Onu yaşıl hərəkata qarşı, ictimai gözləntilərin yaranmasının qarşısını almaq üçün gətirdilər".
Lisani Ruhani hakimiyyətinin mahiyyət etibarı ilə öncəki hökumətlərlə fərqlənmədiyini və onun eyni siyasəti sadəcə başqa bir formada yürütdüyünü vurğulayıb: "Həsən Ruhani əslində sabiq prezidentlər Haşimi Rəfsəncani, Məhəmməd Hatəmi və Əhmədinejad hökumətlərinin yürütdüyü siyasətləri bir araya gətirərək hamısını bir yerdə tətbiq edir", deyə o bildirib.