Aqibət axtarıb tapacaq səni… Güney Azərbaycan

Aqibət axtarıb tapacaq səni…

Bir ürəyi iki yerə paralayıb bölən kimdir?

Bir çox güneyli şairlərimizin əsərlərində olduğu kimi Beytulla Əfsər Taravlının şeirlərində də vətənpərvərlik, xəlqilik ideyaları öz bədii həllini tapıb. Bu şeirin mövzusu vətən və xalq anlayışı ilə vəhdətdən götürülüb. Yürüdülən hər bir fikrin arxasında əzabkeş, eyni zamanda sülhsevər, beynəlmiləlçi bir xalqın, təfəkkür tərzi əsrlərlə siyasətbazlar tərəfindən hərraca qoyulan vətən torpağı dayanır. Bir çox Güney Azərbaycan şairləri kimi Beytulla Əfsərin də öz şeirlərində vətənə, xalqa bağlılıq, onun azadlığı, istiqlalı, mədəni tərəqqisi uğrunda mübarizə aparan vətəndaş bir sənətkarın hissləri, arzuları tərənnüm olunur. Məlum məsələdir ki, əsrlər boyu şah istibadının faciəli həyatının, fars şovinizminin qurbanına çevrilmiş qabaqcıl ziyalılarımızın, eyni zamanda vətənpərvər oğullarımızın dəhşətli, acı fəryadları, Azərbaycan dilinin həqarətlə qarşılanması və qadağan olunması, milli mədəniyyətə, musiqiyə və ədəbiyyata təhqiramiz münasibət, əksər güneyli sənətkarlarımız kimi Beytulla Əfsər də dərin qəzəb və nifrət hissi oyadıb. Odur ki, o qələmə sarıldığı andan milli istiqlaliyyət, azadlıq və səadət tələbi ilə yazıb-yaratmağa başlayıb. Şeirlərində təmkinli kinayədən olduqca məharətlə istifadə edən Beytulla Əfsər, şeirin sonunda obyektini ifşa edir. Sadəlik, aydınlıq, konkretlik onun şeirlərinin əsas məziyyətidir. İstər süjetli, istər süjetsiz yazılmış bu şeirlərin hamı¬sında qiymətli ictimai fikir, ümumiləşdirilmiş bir nəticə verilir. Bu şeirlər yalnız mövzu və məzmunu ilə yox, həm də forması, təsvir tərzi, ahəngi ilə də yeni və orijinaldır.

Sazın götür, bir ağı çal, dağda bitmir lala, aşıq,
Qəm tökülür qəm üstünə, gətir məni hala, aşıq!
Dözəmmirəm bu əhvala, gözüm baxır, yoldan-yola,
Kimsəm yoxdur sirdaş ola, bir sarıtel çal, a, aşıq!
Qız-gəlinlər vəsmə yaxmır, qızıl gülə kimsə baxmır,
"Coşqun" çaylar durub, axmır, könlüm edir nalə, aşıq!

Folklora və klassik ədəbiyyata münasibətdə doğru mövqe tutan Dostəli Bəsavət Hüseyn oğlu Coşğun bir çox Azərbaycan şairləri kimi, şifahi xalq şeirinin, istərsə də klassik poeziyanın poetik formalarına həmişə həssaslıqla yanaşıb, bunlardan çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, məsnəvi, dördlük (mürəbbe), beşlik (müxəmməs), altılıq (müsəddəs), yeddilik (müsəbbə), səkkizlik (müsəmmək), tərcibənd, tərkibənd, müstəzad və s. poeziyasında işlədib.
Yuxarıdakı misraların müəllifinin bu şeirdə ənənəvi forma və üslubdan istifadəsi ibrətamiz həyatı qənaətlərin ifadə vasitəsi kimi qəbul olunmalıdır. Bu şeirdə eyni zamanda folklor predmeti zahiri, bayağı vəsfdən xilas bir formadır. Şairin həyatı təcrübəsindən keçərkən ümumiləşmiş fikir bu şeirin poetikasına təyin edən başlıca amildir. Dərdini, qüssəsini aşığa, saza söyləyən şairin əslində predmeti özünün xəyal və duyğusunun, daha doğrusu, predmetə münasibətinin fəlsəfi və poetik şərhidir. Və yaxud şairin:

Dərəsi boz qurdlu, çölü aslanlı,
Al yaşıl sinəli dumanlı dağlar!
Qışda ağ papaqlı görünər başuz,
Ancaq bəlli olmaz neçədir yaşuz.
Sürülər məskəni, ellər yatağı,
Bülbüllər oylağı, güllər yatağı.
Dərələri olmuş sellər yatağı,
Özü ney-nəğməli, çobanlı dağlar.
Coşqun bulaqları çəkənin üzə,
Gəl xəstə könlümün ilhamın bəzə.
Qaratikan batsın bəd nəzər gözə,
Həkimli, şairli, loğmanlı dağlar.

Şeirində də lakonik, yığcam ifadə olunan fikir çox mənalı və obrazlıdır. Xalqın, vətənin, torpağın bütün keşməkeşli tarixi dağların yaddaşına həkk olunub. Daha doğrusu, xalqın bütün tarixini dağların ağ papaqlarında, çadırlı sinələrində, bülbüllər oylağı, güllər yatağı meşələrində, sellər yatağı dərələrində, coşqun bulaqlarında, çobanların qəmli ney avazlarında axtarmaq lazımdır.
Dostəli Bəsavət Hüseyn oğlu Coşğunun şeirlərinin mövzuca müxtəlifliyi, onun ictimai dəyərliyi belə bir nəticə üçün əsas verir ki, bu şeirlərdə gerçəkliyin aktual ictimai cəhətdən əhəmiyyətli və tipik tərəfi olduqca yetkin cəhətdən öz əksini tapıb. Biz bu şeirdə şairin qüssəsini, vətəndaşlıq düşüncələrini hiss edir, yaşayır və bunlardan təsirlənirik. Şair özünün ən kövrək dərdini, fikrini oxucuya etibar edir. Şübhəsiz ki, lirik poeziyanın təsir gücü onun insani hisslərinin səmimliyindədir. Səmimi və dərin bəşəri hiss olmadan lirik poeziya yoxdur. İctimai pafosun vətəndaşlıq qa¬yələrinin ifadəsi lirikanın inkişafında nəzərə çarpan müsbət meyllərdəndir. Dostəlinin vətəndaş təfəkkürü onun şeirlərinin məzmun tərəfini təşkil edir, xalq qarşısında mənəvi borc və məsuliyyət duyğusu olduqca diqqətəlayiqdir…
Çağdaş Güney Azərbaycan poeziyası olduqca zəngin, poetik yaradıcılığa, yüksək bədii irsə malik olan Quzeyli, Güneyli ümumi Azərbaycan poeziyasının keçdiyi inkişaf mərhələlərini, onun ümumi simfonik cəhətlərini, uğurlarını əks etdirmək baxımından çox səciyyəvidir. Bu poeziya daxili narahatlığı, həssaslığı, xalqın yüksəlişi ilə bağlı çevik şəkildə dəyişilsə, yenilik bu poeziyanın xarakterini, ruhunu müəyyən edən şərtlərdəndir. Xalq, millət, vətən, torpaq haqqında vətəndaşlıq qayğısı ilə düşünən, xalqın rifahının yüksəlişini, sərbəstliyini, xoşbəxtliyini milli-mənəvi dəyərlərinə sahib olmasını hər şeydən əziz tutan bu yaradıcı insanlar, bütün bu problemlərin həllini tapmaqdan ötrü öz sələflərinin keçdiyi əzablı, odlu-alovlu, keşməkeşli yolları davam etdirməyə hər an hazırdırlar, çox gərgin, fasiləsiz, yorulmadan ideallarının yolunda poetik qələmərini uğurla işlətmələri onların ritorika, sözçülük, zahiri pafos duyulmayan, canlı ehtiraslı hisslərlə, obrazlı düşüncələrlə səciyyələnən poeziyalarında çox aydın şəkildə özünü büruzə verir. Azərbaycanı sevməyən, Azərbaycan xalqının azadlığını, firavanlığını istəməyən düşmən qüvvələrlə ümumi şəkildə mübarizə aparan və ifşa edən bu şairlərimiz, öz şeirlərində Azərbaycan xalqının mənəvi qüdrətini, onun qəhrəmanlıq, rəşadət və vətənpərvərlik əzmini daha dolğun şəkildə əks etdirirlər.
Eyni zamanda xalqa, millətə, torpağa ləkə ola biləcək laqeyd, biganə, cahil, bəzi hallarda millətinə, xalqına qənim kəsilmiş qansız xəyanətkar insanları bədii şəkildə ifşa edərək, onların xəyanətinin və biganəliklərinin xalqın başına hansı faciələr və fəlakətlər gətirdiyini və gətirə biləcəyini aləmə car çəkərək, onlardan uzaq qaçmağı, eyni zamanda onlarla kəskin şəkildə mübarizə aparmağı, onların təsirinə düşməməyi xalqa, o cümlədən gənclərə, yeniyetmələrə olduqca ibrətamiz şəkildə öyüd-nəsihət edirlər.
Bu şeirlərdə rast gəldiyimiz ifşaçı boya və rənglərin hamısı Güney Azərbaycan şeirinin sələfləri Şəhriyardan, Həbib Sahirdən, Səməd Behrəngidən və sairələrdən mayalanıb:

Dedim könül minmə şərin atına,
Bir gün silkələnib yıxacaq səni.
Uyma bu dünyanın sən büsatına,
Aqibət əlindən atacaq səni,
Şərridən, şeytandan olginən kənar.
Hər yolu getməgi bilməginən ar,
Qardaşı, bacını itirdin axtar,
Dar gündə bağrına basacaq səni.
Dil verib öyünmə cah-cəlalınla,
Bir bax mənəm deyən fironlarına.
Axır torpaqlara qatacaq səni.
Unutmaz haqq sevən həqiqət yolun,
Halaldan qazanar dövlətin – malın,
Mehdizadə deyir hər bir amalın,
Aqibət axtarıb tapacaq səni.

Mehdizadə İsmayıl Cəbrayıl oğlunun bu şeiri olduqca ibrətamizdir. Şair burada öz timsalında, yəni öz-özünə öyüd-nəsihət verməklə, ictimai məzmunla, vətəndaşlıq hissinin ifadəçisi kimi çıxış edir. Əlbəttə, belə şeirlərdə qeyri-adi, yeni fikir axtarmaq əbəsdir. Belə şeirlərin məziyyəti tamam başqa əlamətlərdə – aşılanan fikrin həyatiliyində, ümumbəşəri zənginliyindədir. Əsrlərin dərinliyindən, xalq hikmətindən süzülüb gələn müdrik, həkimanə ümumiləşdirmələr Mehdizadəni sadə, aydın, səlis misralarında yeni hisslər işığında mənalanır. Burada təlqin olunan hiss mücərrəd deyil, həmişə konkret və gerçəkdir. Şərdən-şeytandan, uzaq olmaq, dünya mülkü-malına tamah etməmək, təkəbbürlü, lovğa gəzməmək, nəfsin ardınca getməmək, halal ruzi qazanmaq, təmiz adla alnı açıq, üzü ağ yaşamaq bizə ulularımızdan qalan qiymətsiz tövsiyələrdir. Mehdizadənin şeirlərində müdrik həyat və həqiqətləri xatırlanır, qısa və yığcam misralarda ibrətamiz fikir, qənaət təşkil olunur.

Demirəm nələr var bizim diyarda,
Qonaq qal hər nə var, gör özün danış.
Oxşasın çiçəklər ürək-ürəyin,
Qaynar bulaqlara sər özün danış,
Gör necə saxlayır özündə qonaq,
Necə ətir saçır ətrafa otlar,
Çiçəklər ecazkar qırmızı yanaq,
Yaşıl dağlarında minlərlə bulaq,
Gəl bu möcüzələri, gör özün danış
Min dastan söyləyir burda hər bucaq
Üç qardaş dastanın, bil, özün danış!




Vüqar Əhməd
professor

-------------------------------------



Azərbaycanın qərb zonasının təbii irsinə dair kitab nəşr ediləcək

AMEA Geologiya və Geofizika İnstitutu ölkənin qərb hissəsinin geologiya və coğrafiyasına aid təbliğat xarakterli nəşr hazırlayır. Bu işlər UNESCO tərəfindən maliyyələşdirilən "Qərbi Azərbaycanın təbii irsi" adlı birillik layihə çərçivəsində həyata keçirilir.
Layihənin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin sözlərinə görə, Azərbaycanın qərb zonasının geologiya və coğrafiyası, o cümlədən nadir təbiət abidələri haqqında məlumatlar toplanılıb və kitab halında çap etdiriləcək. Ərazinin faydalı qazıntıları, qeyri-adi geoloji obyektləri və relyef formaları, gölləri, mineral su bulaqları və digər maraqlı təbiət nümunələri nəşrdə əksini tapacaq. İngilis dilində yazılan kitabın bu il çap olunacağı nəzərdə tutulur.