Milli fəallara işkəncə verilir Güney Azərbaycan

Milli fəallara işkəncə verilir

Məhsa Mehdili: "Səid Mətinpur təkadamlıq kameraya köçürülən digər məhbuslarla birlikdə aclıq aksiyasına başlayıb"

"Səid Mətinpur Tehranın Evin zindanında aclıq aksiyası keçirir".
Bu sözləri BayMedia-ya açıqlamasında Güney Azərbaycandan olan milli fəal Məhsa Mehdili deyib. Məhsa xanım bildirib ki, Səid Mətinpur təhlükəsizlik məmurları tərəfindən qanunsuz olaraq döyülməsinə və təkadamlıq kameraya salınmasına öz etirazını bildirmək üçün, aprelin 17-dən aksiya keçirir. Aprelin 19-da məlum olub ki, Səid Mətinpur təkadamlıq kameraya köçürülən digər məhbuslarla birlikdə aclıq aksiyasına başlayıb".
Məhsa Mehdilinin sözlərinə görə Səid Mətinpurun xanımı da aclıq aksiyasına qoşulub: "Ətiyə Tahiri aprelin 19-dan aclığa başlayıb".
Məhsa Mehdili Səid Mətinpur və təkadamlıq kameralara köçürülən digər məhbusların işgəncə edilməsi ilə bağlı yeni faktların üzə çıxdığını da açıqlayıb: "Məlumata görə, məmurlar məhbusları soyundurmaq, saçlarını qırxmaq, əllərinə qandal vurmaq, yerdə sürümək, döymək və həmçinin onlara qarşı təhqiramiz söyüşlər və ifadələr işlətməklə onları fiziki və ruhi işgəncələrə məruz qoyublar. Səid Mətinpurun həyat yoldaşı Ətiyə Tahirinin aclıq aksiyasına başlamasının məhz bu işgəncələrlə əlaqədar olduğu da bildirilir. Zindan məmurları və mülki paltarlı təhlükəsizlik qüvvələri Tehranın Evin zindanının 350-ci bölümünə hücum edib və məhbusları vəhşicəsinə döyüblər. Aprelin 17-də baş verən hücum hadisəsində tanınmış azərbaycanlı siyasi məhbus Səid Mətinpur ağır yaralanıb və musiqi sənətçisi, azərbaycanlı məhbus İsmail Bərzgərin isə qabırğası qırılıb. Məmurlar məhbusları döyüb və işgəncə etdikdən sonra Səid Mətinpuru təknəfərlik kameraya aparıblar. Məlumata görə, hücuma səbəb, məhbusların yersiz və kobud yoxlamalara etiraz etmələri olub. Təknəfərlik kameraya aparılan məhbuslar arasında Əbdulfəttah Sultani, Məhəmmədəmin Hadəvi, Səid Mətinpur, Behnam İbrahimzadə, Behzad Ərəbgül, Hutən Doləti və s. kimi məhbuslar olub". Məhsa Mehdili bildirib ki, xanımı öz facebook səhifəsində Səid Mətinpur haqqında tez-tez məlumat verməyə çalışır: "Onunla bu ayın 21-də görüşdüyünü və 7-8 dəqiqəlik görüşə min-bir əzab əziyyətlə icazə verildiyini bildirib. Onun vəziyyətinin pis olduğunu yazıb. Dodaqları partlayıb, sifəti solub. Bədənində işgəncə izləri var. Ətiyə xanım çox üzgündür və heç nə edə bilmədiyi üçün pessimizmə qapılıb". Xatırladaq ki, Güney Azərbaycanın tanınmış milli fəal və jurnalisti Səid Mətinpur qondarma ittihamlarla Tehranın inqilab məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, 6 ilə yaxındır Evin zindanında məhbus həyatı yaşayır.

Elnur Eltürk