Said Mətinpurun xanımı aclıq aksiyasını dayandırdı Güney Azərbaycan

Said Mətinpurun xanımı aclıq aksiyasını dayandırdı

Ətiyyə Mətinpur: "Aclıqdan Səidin rəngi saralıb, zindana hücum edən məmurlar dəyənəklə onun kürəyinə dörd zərbə vurublar"
Kərac həbsxanasında isə Evin məhbuslarına dəstək məqsədilə aclıq aksiyasına başlanılıb

Ötən həftə Tehranın Evin həbsxanasında İranın təhlükəsizlik məmurları və 100-ə yaxın mülki geyimdə olan adamların hücumuna məruz qaldıqdan sonra güneyli jurnalist Səid Mətinpur təkadamlıq kamerya köçürülüb.
Buna etiraz olaraq aclıq aksiyasına başlayan Səid Mətinpurun xanımı Ətiyə Tahiri həyat yoldaşının durumundan məlumat ala bilməməkdən nigarandır: "Bildiklərim ancaq saytlarda oxuduqlarımdan ibarət idi. Aprelin 21-də Səidi görə bildim... Olay günündən bəri aclığa başladığı üçün rəngi saralıb, dodaqları qurumuşdu. Zindana hücum edən məmurlar dəyənəklə kürəyinə dörd zərbə vurublar".
Onun sözlərinə görə, zindan məsulları təkadamlıq kamerada saxlanılan məhbusların 3 həftə görüşmə haqqından məhrum olduğunu söyləyiblər, lakin Evin zindanında toplaşan ailələrin birgə etirazı, həmçinin millət vəkili Əli Mütəhhərinin müdaxiləsi nəticəsində həbsxana məsulları ona görüşmək üçün icazə verməyə məcbur olublar.
O, məhbusların hər hansı bir səbəb olmadan hücuma məruz qaldığını qeyd edib: "Heç bir səbəb olmadan məhbuslara qarşı güc tətbiq ediblər, onları dəyənəklə döyüblər...Hələ Səid başqalarından daha az döyüldüyünü deyir. O gün baş verənlər normal deyil, qarışıq bir olaydır. Bilinməyən çox şey var, bunların bəlkə sonra səsi çıxacaq... Görüş günündə Evin zindanında məhbus oğlu ilə görüşdükdən sonra huşunu itirən bir xanım gördüm. Oğlunu nə vəziyyətdə görmüşdü ki, huşunu itirdi".
8 il həbsə məhkum edilmiş həyat yoldaşının 6 ildən bəri zindanda saxlanıldığını qeyd edən zəncanlı müəllimə İran prezidenti Həsən Ruhaninin insan haqları və siyasi məhbuslarla bağlı verdiyi vədlərə əməl etmədiyini, onu və digər məhbusların ailəsini xəyal qırıqlığına uğratdığını dilə gətirib: "Mən özüm Həsən Ruhaninin sözlərinə güvənib, ona səs verdim. Ancaq o verdiyi sözlərə əməl etmədi, bizləri məyus etdi. Ruhani seçki kampaniyasında İran televiziyasında mən sərhəng (polkovnik) deyiləm, hüquqşünasam deyərək, vətəndaşlıq haqlarını qoruyacağına söz vermişdi".
Qeyd edək ki, Ətiyyə Tahiri həyat yoldaşı ilə görüşdən sonra bir qrup azərbaycanlı fəalın təkidli xahişindən srağagün aclıq aksiyasını dayandırıb.
Lakin S.Mətinpur hələ də aclıq aksiyasını davam etdirir.
Evin zindanında saxlanılan siyasi məhbuslar İsmail Bərzgəri və Doktor Əsədullah Əsədi də aprelin 22-dən aclıq aksiyasına başlayıblar. Onlar da təhlükəsizlik qüvvələrinin Evin zindanının 350-ci bölümünə hücumlara və zindan məsullarının öz öhdəliklərini yerinə yetirməməsinə etirazlarını bu yolla ifadə edirlər.
"Azoh" saytının məlumatına görə, aclıq edən məhbuslar açıq məktubda bildiriblər ki, öz sözlərini çatdırmaq və haqlı istəklərini tələb etmək üçün aclıq aksiyasından başqa heç bir yolları yoxdur və ona görə də aksiyanı sona qədər davam etdirəcəklər.
Kərəc şəhərində saxlanılan məhbuslar da Tehranın Evin həbsxanasındakı hadisələrə etiraz olaraq və məhkum yoldaşlarını dəstəkləmək məqsədilə aclıq aksiyasına başlayıblar. Bunlar Cəfər Eqdami, Rza Entesari, Məsud Bastani, Səid Rəzəvi Fəqiyyə, Mehdi Mahmudiyan və Səid Mədənidir. Kərac məhbuslarının aclıq aksiyası ilə bağlı
yaydıqları bəyanatda deyilir: "Evin zindanının 350-ci korpusunda baş verən qeyri-insani və acınacaqlı hadisədən, məhbusların vəhşicəsinə döyülərək təkadamlıq kameralara salınmasından bir həftə keçir. Ancaq İran Məhkəmə Sistemi, təhlükəsizlik rəsmiləri baş verənlərə görə nəinki məsuliyyəti öz üzərinə götürür, hətta hökumət mediasına çıxıb məsələ ilə əlaqədar ağ yalan danışır, hadisələri təkzib edirlər. Biz ölkənin Məhkəmə Sisteminin və təhlükəsizlik qurumlarının qanunsuzluğuna etiraz olaraq Evin zindanında saxlanan məhbuslarla həmrəylik nümayiş etdirir və onlara dəstək olmaq üçün aclıq aksiyasına başlayırıq".