“AZƏRBAYCAN” QƏZETİ VƏ S.C.PİŞƏVƏRİ Güney Azərbaycan

“AZƏRBAYCAN” QƏZETİ VƏ S.C.PİŞƏVƏRİ

Ağır və zəngin mübarizə yolu keçmiş S.C.Pişəvəri jurnalistika sahəsində böyük təcrübə və iti qələm sahibi olub. Bunu onun qələmindən çıxan yazılardan aydın görmək olar. Onun fikrincə, kütləni öz hüquqları uğrunda mübarizəyə qaldırmaqda və bu mübarizədə onun uğurlar əldə etməsində, milli oyanış və səfərbərlik işində mətbuat əvəzsiz vasitədir. Mətbuata böyük önəm verən S.C.Pişəvəri təsadüfı deyil ki, 10 illik zindandan azad olduqdan az sonra "Ajır" qəzetini çıxartmağa təşəbbüs etmişdi. "Ajir"in nəşrində S.C.Pişəvəri ilə yaxından həmkarlıq edən Kərim Kəşavərz öz xatirələrində yazır: "İran cəmiyyətini Pəhləvi diktaturasına və istebdada qarşı ayağa qaldırmaqda başqa mütərəqqi ruznamələrlə (qəzetlərlə) müqayisədə "Ajir" ölçüyəgəlməz iş görmüşdü. "Ajir"in hər sayında ağaye Pişəvərinin çap olmuş məqalə, felyeton və yazıları onun dərin biliyə, iti qələmə, sərrast və geniş düşüncə sahibi olmasına şəksiz dəlalət edir".
ADF yaradıldıqdan iki gün sonra Təbrizdə ana dilində "Azərbaycan" qəzeti nəşrə başlamışdı. Qəzetin səhifələrində ilk zamanlar farsca da məqalələrə yer verilmişdi. Qəzetin yubanmadan nəşri məsələsini S.C.Pişəvəri ortalığa gətirmiş və az müddətdə qəzet öz ətrafına Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azər oğlu və s. gənc jurnalistləri, yazıçı və şairləri toplaya bilmişdi. Aparılan araşdırmalar göstərir ki, "Azərbaycan" çap olan gündən - 5 sentyabr 1945-ci ildən 1946-cı ilin sonunadək qəzetin elə bir nömrəsi olmamışdı ki, onun baş və ya sütunlarda gedən məqalələri S.C.Pişəvəri yazmamış olsun. Həmin dövrdə S.C.Pişəvəri ilə "Azərbaycan"ın nəşrində əvvəl ədəbi işçi, sonra redaktor işləmiş mərhum yazıçı H.F.Xoşginabi söyləyirdi ki, qəzet çapa gecikən vaxt və ya hər hansı vacib məqaləni qəzetin səhifəsində çap etməkdən ötrü S.C.Pişəvəri bəzən mətbəədə gecələməli olurdu.
Onun "döşəyi" taxta stullar, "yastığı" isə kitab qalağı idi. Sonralar "Azad Millət" qəzetinin baş redaktoru olmuş İsmayıl Şəms həmin günləri xatırlayaraq "Qəzetin elə bir nömrəsi olmurdu ki, çapa getməmişdən əvvəl S.C.Pişəvəri orda gedən məqalələri nəzərdən keçirməsin, fikir və imla xətalarını düzəltməmiş olsun". S.C.Pişəvərinin jurnalistlik fəaliyyətini tədqiq və təhlil edən H.Məmmədzadə yazır ki, "S.C.Pişəvəri təkcə "Azərbaycan" ruznaməsinə (qəzetinə) məqalələr yazmaqla kifayətlənmirdi. Ana dilində nəşr olunan 50-dən artıq qəzet və dərgi səhifələrində onun nəfəsi, alovlu qələminin hərarəti duyulurdu".
Pişəvərinin təmiz və sadə dili, özünəməxsus üslubu olub. 40-cı illərdə Güney Azərbaycanda yeni jurnalist nəslinin yetişməsində onun əvəzsiz xidməti olmuşdu. Nəinki ədəbi və yazı dili, hətta məişət və ünsiyyətdə be lə danışıq dili əlindən alınmış, məktəblərdə doğma ana dilində tədrisin qadağan edildiyi bir ölkədə az zaman kəsiyində öz ana dilində məqalələr, Şeir, hekayə yazmaqdan əlavə, səhnə tamaşaları, ədəbi-bədii görüşlər keçirmək, radio veri-lişləri aparan insanların öz ana dilinə məhəbbət və bağlıhğı hər bir kəsi heyran qoyur. Bu işdə S.C.Pişəvərinin açdığı cığırın və göstərdiyi nümunəvi önəmini xüsusi qeyd etməliyik. Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Balaş Azəroğlu, Firidun İbrahimi, Həbib Sahir, İbrahim Zakir, Mir Mehdi, Etimad, Əli Fitrət, Yəhya Şeyda, Əli Tudə, Mədinə Gülgün, Həkimə Billuri, Haşım Tərlan, Məhəmməd Tahir, Məmməd, Hüseyn Bürhani və b. Bunlar "Azərbaycan" qəzetinin və S.C.Pişəvəri məktəbinin yetirmələri olublar. Beləliklə, S.C.Pişəvərinin mətbuatdakı fəaliyyəti siyasi məqsədə çatmağa yönəlmiş bir fəaliyyətdən əlavə, həm də doğma ədəbi dili tez mənimsəməkdə və bu dildə səlis yazmaqda gənc jurnalistlərə, şair və yazarlara qiymətli örnək olmuşdu.
Ana dili uğrunda inadla mübarizə aparmış və doğma dilin saflığını saxlamağa səy edən S.C.Pişəvəri dilinin təmizliyi cəhətdən (bəzi fars və ərəb mənşəli sözləri nəzərə almasaq) başqalarından fərqlənirdi. "O, ana dilini unutmamaq və onun saflığını qoruyub saxlamaq xatirinə "Qəsr Qacar" zindanında məhbus kimi yatarkən M.Ə.Sabirin, S.Ə.Şirvaninin, M.Ə.Möcüzün, Səid Salmasinin və başqa Məşrutə şairlərinin şeirlərini təkrar-təkrar oxuyar, xalq deyimlərini, bayatıları və xalq mahnılarını yada salarmış. Bu təmrinlər S.C.Pişəvəri nitqinin təmizliyinə, sözlərin yerində və düz işlədilməsinə çox kömək etmişdi". Bu sözləri S.C.Pişəvəri ilə "Qəsr-Qacar" zindanında yatmış mərhum tarixçi alim Tağı Şahin söyləyirdi.
S.C.Pişəvəri qələminin və təfəkküründəki qüdrəti anlamaq üçün onun məqalələrindən bəzi fraqmentləri nəzərdən keçirək.

S.C.PİŞƏVƏRİNİN ÇIXIŞLARINDAN VƏ MƏQALƏLƏRİNDƏN

ADF yaranandan bir həftə sonra, 1324-cü il ġəhrivərin 19-da (10.09.1945) Təbrizin "Şir-Xorşid" teatrosu salonunda Pişəvərinin etdiyi tarixi çıxışından bəzi məqamları və "Azərbaycan" qəzetindəki məqalələrdən parçaları, Güney Azərbaycanın bugünü üçün də aktual olduğunu nəzərə alıb oxucuların diqqətinə çatdırmağı vacib saydıq.
S.C.Pişəvəri bu çıxışında İranın xəritəsini fəzada barmağı ilə çəkərək demişdi: "Mən açıq deyirəm, bizim sözümüz və tələbatımız bu xəritədən xaric deyil. Biz İran sərhədləri daxilində danışırıq. Bir dəfə bunu hamı nəzərdə tutarsa, danışıb anlamağa asan olacaq. Bu salonda mənim ikinci müfəssəl nitqimi yada salanlar ola bilər. O gün mən 16 min azərbaycanlı tərəfindən Məclisə deputatlığa namizəd olmuşdum. Mən o gün məmləkətin vəziyyətini nəzərə alıb dedim ki, bir vəkil vasitəsi ilə məmləkəti fəlakətdən qurtarmaq olmaz. O gün mən çox təəssüratlı idim. Belə ki, bir sadə fəhlə böyük şövq və təsir ilə mənim çiynimdən öpüb "Get, səni Allaha tapşırdım, bəlkə bizim dərdlərimizə çarə edə biləsən" - demişdi. Mən bilirdim məmləkətin, məxsusən Tehranın şəraiti durduqca mən o kişinin arzusunu əncam verməyə müvəffəq ola bilməyəcəyəm. Ona görə mən o gün xalqa müraciət edib kömək istədim və dedim "Vəkil təkbaşına heç bir iş görə bilməz. Xalq özü əl-ələ verib öz dərdlərinə çarə tapmalıdır." Tehrana gedib Məclisə varid olduqdan sonra mənim naümidliyim şiddətləndi... Bütün məclis və dövlət təşkilatının beş-üç nəfər məğriz (əliəyri, təmənnalı) oğruları, yalançı və hoqqabaz mürtəcelərin əlində alət olduğunu bir daha təcrübədə anlamağa müvəffəq oldum. Bu müşahidə mənim ruhumda böyük təsir bağışladı. Bununla belə məyus olmayıb "Cəbheye Azadı" ətrafına toplanan azadxahların köməkliyi ilə mübarizəni davam etdirdik. Əfsus ki, hərarətli məqalələr və şiddətli həmlələrimiz təsirsiz və cavabsız qaldı... Tehranda oturub məqalə yazmaqdan və ya nitq etməkdən bir nəticə ola bilməyəcəyini yəqin etdim. Naçar bir il bundan əvvəl Təbrizdə uzun-uzadı bəhs etdiyimiz məsələ ətrafında düşünməyə başladıq. Mənim təbrizli məsləkdaşlarımdan çoxu Tehrandan bir iş çıxmayacağını irəli çəkib deyirdilər: "Azərbaycandan başlamalı, əvvəl buranı islah etməli, Azərbaycan xalqının öz gücü ilə burada Milli Hökumət vücuda gətirməliyik..."
Bu fikrin həqiqəti o vaxt nəzərimə daha aşkar bir surətdə çatdı ki, dövlətin məsul məmurları Azərbaycan xalqının zülm və dada çatmaq harayına, teleqraflarına saymazlıq göstərdilər. Məsələn, Bayat (vali - Ə.R.) dedi: "Mən radio vasitəsi ilə xalqa müraciət etmişəm ki, xalq artıq ərizə və teleqraf vasitəsi ilə özünə zəhmət verməməlidir". Sədr (baş nazir - Ə.R.) dedi: "Bir teleqraf olmasın, min teleqraf olsun, mən bu kimi boş sözlərə cavab belə verməyəcəyəm". Bu sözlərin ayrı cavabı ola bilməzdi: gərəkdi xalqa müraciət etmək, xalqın əli ilə işə başlamaq. Xalqın yumruğunun gücü ilə azadlığı təmin etmək. Bu şüarla mən Təbriz azadxahlarının təklifi üzrə Tehrandan Azərbaycana hərəkət etdim.
Burada (Təbrizdə - Ə.R.) yaxın məsləkdaşlarım ilə bir daha ciddi surətdə İranın və Azərbaycanın daxili və xarici vəziyyətini ayrıd və təhlildən sonra bu böyük fikri icra etmək üçün böyük və müstəqil bir firqə yaratmaq lüzumunu anladıq".

* * *

"Biz Azərbaycan xalqının azadlıq yolunda apardığı mübarizə tarixini unuda bilmərik. Tehran irticası Azərbaycana böyük zərbələr vurub. Biz orada kök salmış istibdad rejimindən heç bir ümid gözləyə bilmərik. Tehran Azərbaycanı həmişə fişar altında qalmasına çalışıb. Orada hökumət sürən xain və müstəbid ünsürlər bizim başçılarımızı məhv və nabud edib, milli qürurumuzu sındırmaqdan bir an belə sərfnəzər etməyiblər. Azərbaycan xalqının böyük sərdarı Səttərxanın xain bir surətdə Tehrana çəkilib öldürülməsi hələ də unudulmamışdı... Tehran həmişə Azərbaycan adından vahiməyə düşmüş, o adı ağzına alanlarla rəhmsiz rəftar etmişdi...
Moxbirsəlsəltənə utanmadan Məclisdə tribun dalına keçib dedi: "Doğrudur, mən onu (Şeyx Məhəmməd Xiyabanini-Ə.R.) öldürdüm. Bu böyük xidmətdir, çünki Xiyabani məmləkətə xəyanət edirdi." Azərbaycan qəhrəmanlarının qanı ilə qurulan Məclis Şura bu cəlladın etibarnaməsini qəbul edib onu millət nümayəndəsi adlandırdı. Sonradan bu sima Rza xanım əmri ilə on ildən artıq İran dövlətinin başçısı oldu. Bu onun etdiyi xəyanəti təltif etmək və zəhmət haqqı idi... Mirzə Kuçikxanın özü də çox vəhşiyanə bir surətdə öldürülüb onun başı İran azadlığının qəddar düşməni olan Rza xana töhfə göndərildi...
Bu cinayətlərə son qoymaq üçün Tehranın qüdrətini məhəlli və milli ixtiyarlar vasitəsi ilə sındırmaq lazım gəlir. Bu işdə Azərbaycan həmişə olduğu kimi indi də pişqədəm (qabaqda addımlayan-Ə.R.) olmalıdır. Tehrandan azadlıq ummaq böyük səhvdir. Orada azadlıq mübarizəsi aparan dəstələrin əl-qolları bağlanmışdı."

* * *

"Biz həqiqəti açıq və aydın bir surətdə xalqa göstərməliyik. Bizim meydana atdığımız şüarların əsasını da qanun təşkil edir. Biz millətlərin və xalqların ixtiyarını təmin etmiş qanun əsasını (konstitusiyanı - Ə.R.) diriltmək yolunda mübarizəyə başlamışıq. Qanun əsası Əyalət və Vilayət Əncüməni olmazsa o, quru və mənasız kağızdan ibarət ola bilər. Qanuna ehtiram edib onu müqəddəs saydığımız üçündür ki, biz birinci növbədə ən böyük, ən əsası qanuni, yəni Əncüməne Əyaləti məsələsini həyata keçirmək istəyirik... Mən bu sözləri fürsətdən istifadə edib Məclis Şurada bundan da kəskin çıxış edib nümayəndə (deputat - Ə.R.) adı daşıyan yalançı pəhləvanlardan bu haqda ciddi əməl tələb etmişdim.
Halbuki onların bir qədəm belə xalqa doğru gəlmələrinə ümidim yox idi... Həqiqət acıdır, lakin onu söyləməliyik: Mən Məclisdə açıq surətdə dedim ki, (bunu mən dəqiq hesab nəticəsində isbat edə bilərəm) Azərbaycan xalqına maarif büdcəsindən verilən pul adambaşına təqsim edilərsə, onu göstərən bir vahid tapmaq olmaz. Mən onu kibritə tədbil (dəyərcə müqayisə - Ə.R.) etdim, nəticə bu çıxdı ki, hər bir nəfərə bir kibrit çöpündən az pay düşür...
Biz böyük bir firqə yaratmaqla dünyaya sübut edəcəyik ki, öz evimizi yabançı köməyi olmadan idarə eləməyə ləyaqət və qüdrətimiz var... Burada böyük biri həqiqəti gərək sizə deyəm, bu məlum bir deyimdir. Haqqı almaq lazımdır, onu verməzlər. Mənim əqidəmə görə, bu kamil bir şüar deyildi. Mən deyirəm haqqı almaq bəlkə də asan bir işdir, onu saxlamaq şərtdir. Əgər bizim məşrutə istəyənlərimiz bu nöqtəyə diqqət verib aldanmasaydılar indi Azərbaycan, bəlkə bütün İran dünyanın ən azad, ən mütərəqqi, ən demokratik məmləkətlərindən biri olmuş və indi düçar olduğumuz yoxsulluq, fəlakət, aclıq və səfalət qabağımıza çıxmamışdı".

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun "Güney Azərbaycan
elmi araşdırmalar" şöbəsinin müdiri