S.C.Pişəvəri haqqında qənaətlər, xatirələr Güney Azərbaycan

S.C.Pişəvəri haqqında qənaətlər, xatirələr

Əbülfəz Elçibəy Güney Azərbaycandakı hərəkat və Pişəvəri haqqında

S.C.Pişəvərini fərd kimi ayırmaq olmaz. İstər Səttarxan olsun, istər Məhəmməd Əmin olsun, istər Xiyabani olsun, istərsə Pişəvəri, bunlar Azərbaycan xalqının silsilə mübarizəsində önə çıxan və ona rəhbərlik edən şəxsiyyətlərdir. Bu, Azərbaycan xalqının mübarizəsidir. 1920-ci ildə Azərbaycanın güneyində Təbrizdə inqilab olur, Milli Hökumət yaradılır. Amma bu hökumət 1 il ömür sürür. Bu xalq hökumət istəyir, demokratik cəmiyyət istəyir. Məndə bir sənəd var. Orada yazılmışdı: "Səttarxan hərəkatında iştirak edənlər qətlə yetirildi, onların övladları 1920-cı ildə hərəkata başladılar. Onlar qətlə yetirildilər, onların övladları 1945-ci ildə hərəkata başladılar".
Millət mübarizə aparır, onun qabağını alırlar. Sonra qüvvəsini toplayıb o birisi nəsil gəlir, həmin xətti aparır. Çünki millət bir şey istəyir - azadlıq və demokratiya. Azərbaycan xalqı gücünü toplayır, bir də 1945-ci ildə qalxır, bu da 1 il yaşayır. Azərbaycan xalqı əsrin əvvəlindən indiyə kimi həm Təbrizdə, həm də Bakıda azadlıq və demokratiya istəyib. Bizdə də 23 ay yaşadı. 1920-ci ildə məhv elədilər. Bu dəfə də istədik, 7-8 ildir ki, yaşayırıq. Bu dəfə Azərbaycanın Quzeyindəki azadlıq daimi olacaq. Güneyində bir dəfə olub - 6 ay, bir dəfə isə 1 il. Yəqin edirəm ki, Azərbaycanın Güneyində müstəqil dövlət olacaq."

***

Qulam Yəhyanın Pişəvəri haqqında xatirələri

"Həqiqətən Pişəvəri ancaq azadlıq uğrunda mübarizə üçün yaranmışdı"


Bizi Bakıya istədilər. Mən və Pişəvəri yol uzunu belə fikirləşdik ki, yəqin yenidən fədai hərəkatı ilə əlaqədar bizi Bakıya dəvət edirlər. Əgər belə olmasaydı, onda məni yox, Pişəvəri ilə Badiqanı dəvət edərdilər. Çünki təşkilati işlərə o baxırdı. Ona görə də Bakıya təcili dəvət olunmağımız, hamının, o, cümlədən mənim də böyük sevincimə səbəb olmuşdu. Bizi MK-da qəbul etdilər. Orada bir sıra mövzularda söhbət oldu. M.C.Bağırov allergiya əmələ gəldiyindən əlini bintlə sarımışdı. O, dedi ki, həkimlərin dediklərinə görə, əsəb pozğunluğundan baş verir. "Həyatımda ikinci dəfədir ki, əlim belə olur. Birinci dəfə oğlumun Böyük Vətən müharibəsində həlak olması xəbərini eşidəndə belə olmuşdu. Bu dəfə də sizin hadisə ilə əlaqədar əlim belə olub".
O, Stalindən alınmış teleqramı bizə oxudu. Teleqramda ümumiyyətlə, bizə səbrli, işdə ciddi və möhkəm olmağımız tövsiyə edilirdi.
Bir dəfə də 1947-ci il mart ayının əvvəllərində Pişəvərini və məni MK-ya dəvət etdilər. Mirzə İbrahimov və Həsən Həsənov da orada idilər. Söhbət bizim yoldaşların necə yerbəyer olmasından başlandı. Mən yoldaşların necə yerbəyer olması haqqında qısa məlumat verdim. Bağırov bizim yoldaşların vəziyyətlərinin qaranlıq qalmış yerləri haqqında bir sıra suallar verdi və mən də cavablarını dedim.
Sonra dedi yoldaşlarla vaxtaşırı görüşmək yaxşı olar. Eyni zamanda dedi ki, sənəti olmayan yoldaşlara müəyyən sənətlərin öyrədilməsi pis olmazdı. Sonra yoldaşlarımızın savadlanma kurslarına cəlb edilmələri haqda göstəriş verdi. Bir qədər də söhbət etdikdən sonra Bağırov Pişəvəridən soruşdu ki, bayrama necə hazırlaşırsız? Mənə elə gəldi ki, Pişəvəri belə bir suala cavab verməyə hazır deyildi. Ona görə də cavab verdi ki, bayrama hələ çox qalır...

***
İLK FİRQƏ TƏDBİRLƏRİ HAQDA


Mən ilk görüşümüzdə yoldaşlara məsləhət gördüm ki, onlar müəyyən sənət öyrənsinlər, savadsızlıqlarını ləğv etmək üçün kurslara getsinlər. Doğrudur, onlar mənim nə demək istədiyimi bilir və bu tədbirlərin həqiqətən onların xeyrinə olmasını aydın hiss edirdilər. Digər tərəfdən mənim belə söhbətlərim onların vətənə getmələrinin yubanmasından xəbər verdiyi üçün o qədər də fərəh doğurmurdu. Mən hiss edirdim ki, onlar nə isə ancaq vətənə qayıtmağımız ilə əlaqədar olan hadisə və söhbətləri xoşlayırlar. Mən yoldaşlara aydınlaşdırdım ki, vətənə getmək və istədiyimizə nail olmaq üçün hələlik ən vacib tədbir sənət öyrənib, savadsızlığımızı ləğv etmək, siyasi bilik və dünyagörüşümüzü artırmaqdır. Fədailərin hələlik yeganə xahişləri bu idi ki, onlarla tez-tez görüşək.
1947-ci ildə məhəllə təşkilatları yaranmağa başlandı. Təşkilatlar müəyyən edilmiş plan əsasında fəaliyyət edib, vaxtlı-vaxtında cələsələrini keçirirdilər. Bu mələsələrdə firqənin nizam-intizamı, məramnamə-nizamnaməsi, gündəlik cari işlərlə yanaşı beynəlxalq aləmdə baş verən hadisələrlə birlikdə vətənimizdə gedən hadisələr təhlil edilirdi. Yerlərdə təşkilati işlərə üstünlük verməyimizin hər cəhətdən əhəmiyyəti çox böyük oldu. Demək olar ki, bütün müvəffəqiyyətlərimiz öz başlanğıclarını buradan başlamış oldu. Biz təşkilat vasitəsilə yoldaşlarımızın bütün işlərinə yetişir, ehtiyaclarını öyrənir və onların rəf edilməsinə iqdam edirdik. Xüsusilə, yoldaşların münasib işlərlə təmin olunması, sənət öyrənib, savadlanması və sair işlərinin yerinə yetirilməsi bilavasitə təşkilat vasitəsilə həyata keçirilirdi.
Bizim yoxlamalardan aydın oldu ki, Mərəzədə olan bir neçə yoldaşın vəziyyəti yaxşı deyil. Ona görə də onları oradan Umbakıda olan Azneft sisteminə gətirdik, onların da vəziyyəti qısa müddətdə yaxşılaşdı.

****

FƏDAİLƏRƏ BAŞ ÇƏKDİKDƏN SONRA...

"Maşın yoldan çıxır, Pişəvəri sürücüyə qışqırır ki, nə edirsən?"


Mühacirət dövrünün başlanğıcında görülən mühüm işlərdən biri də fədailərlə təlim keçirilməsi işi idi. Bu işin təşkili və ona rəhbərlik etmək mənə həvalə edildi. Fədailər tədbiri çox həvəs və ruh yüksəkliyi ilə qarşıladılar. Onlar verilən bütün tapşırıqları can-başla yerinə yetirirdilər. Cəsarətlə demək olar ki, fədailər bu işə təmiz vicdan və pak qəlblə başladılar. Biz bu işi əsasən iki yerdə təşkil etmişdik. Bizə verilmiş tapşırıq yerinə yetiriləndən sonra biz tam hazır olduğumuzu bildirdikdən sonra bir neçə gün gözləməyi məsləhət gördülər. Vəd edilmiş vaxt başa çatdı. Mən yenə də müraciət etdim, yenə də məsləhət gördülər ki, bir qədər də səbr edək. Bu haqda Pişəvəriyə məlumat verdim. O da dedi ki, bu dəfə mənimlə Kirovabada (indiki Gəncəyə) getmək fikrindədir. O da işin tezliklə başlanılmasına tələsirdi.
Biz Kirovabada çatdıq. Mən fədailərin iş, məişət və başqa qayğıları ilə də məşğul oldum. Biz Kirovabaddan Şəkiyə getməli idik. Pişəvəri nə isə çox tələsirdi. Axşam belə qərara alındı ki, səhər tezdən Kirovabaddan çıxıb Şəkiyə gedək. Mən onlardan xahiş etdim ki, imkan versinlər, qalan işlərimi də gecə görüb qurtarım və səhər nə vaxt desələr, o zaman hazır olum. Pişəvəri keçmişdən bir yerdə işlədikləri Nəzər Heydərovun evində qalırdı. Səhər saat 5-də məni çağırdılar. Mən mehmanxanadan çıxdım. Bizim belə tezdən getməyimizə Nəzər Heydərov bərk etiraz etdi. Pişəvəri cavabında dedi ki, ürəyim zəifdir, Yevlağın istisinə düşməmək üçün istəyirəm ki, oranı tezdən keçək.
Biz maşına oturarkən dedim ki, mən gecəni yatmamışam, ola bilər ki, maşında məni yuxu tutsun. Ona görə də qabaqcadan üzr istəyirəm. Mənim maşının arxa tərəfində oturmağımı məsləhət gördülər. Mənə elə gəlir ki, maşın hələ şəhərdən çıxmamış yatmışam. Sonrasından daha xəbərim olmayıb, sonrakı hadisələrin gedişi bir daha göstərdi ki, məndən sonra sürücü ilə qabaqda əyləşmiş Pişəvərini və arxada mənimlə yanaşı əyləşmiş Nuri Quliyevi də yuxu tutur. Bu zaman yəqin ki, sürücünü də səhərin xoş və sərin havası xumarlandırır. Bu zaman maşın yoldan çıxır, Pişəvəri sürücüyə qışqırır ki, nə edirsən, sürücü yəqin ki, tormuz əvəzinə qazı basır. Maşını sağdan birdən sola tərəf alır, maşın körpünün divarına dəyir.
Zərbədən Pişəvərinin bir neçə qabırğası sınır. Quliyevin ayağı lülədən sınır və hətta bud lüləsi əti deşib, üzə çıxır. Mənim də başım bərk dəyir və özümdən gedib, huşumu itirirəm.


S.C.PİŞƏVƏRİNİ TANIYANLAR BİLİRDİ Kİ...

Mən Pişəvərinin şəxsiyyəti, iş bacarığı, məlumatı, adamları tanıması, işə əlaqəsi və sair bu kimi keyfiyyətləri haqqında danışmaq fikrində deyiləm. Onun nə qədər böyük adam olmasını onu tanıyanlar, onunla işləyənlər qat-qat yaxşı bilirlər. Xüsusilə onun sağlığında və ölümündən sonra baş verən hadisələr onun nə qədər hazırlıqlı adam olmasını, rəhbərə xas olan çoxlu keyfiyyətlərə malik olmasını, hadisələr bir daha təsdiq etdi. Mən onun haqqında, daha doğrusu onun insani, rəhbərlik, inqilabçılıq, əqidəsinə vurğunluq və başqa bu kimi ancaq və ancaq müsbət keyfiyyətləri haqqında fikir söyləmək qüdrətinə malik olmağım barədə izhar vücud etməyə özümdə cəsarət hiss etmirəm. Ancaq Engels özünün həyat və əqidə dostu Marksın qəbri üstə dediyi bir sözü burada bir də yada salmaq istəyirəm: "....Onun çox əleyhdarları ola bilərdi, lakin çətin ki, onun bircə nəfər də şəxsi düşməni olsun". Həqiqətən Pişəvəri ancaq azadlıq uğrunda mübarizə üçün yaranmışdı. Mən deyə bilərəm ki, həyatımda şəxsən tanıdığım adamlar içərisində heç kəs məndə Pişəvəri qədər xoş təəssürat bağışlamamışdı.

Yuxarıdakı parçalar general Qulam Yəhyanın "Xatirələr"indən götürülüb.