Mübariz yaşayıb mübariz ölmək Güney Azərbaycan

Mübariz yaşayıb mübariz ölmək

1-ci yazı

Mən S.C.Pişəvərini ilk dəfə Ərdəbildə görüb onunla tanış olmuşam. 1944-cü ilin baharında o, "Sülh uğrunda mübarizə"nin nümayəndəsi kimi Ərdəbilə gəldi, birinci Səfəvi məktəbində geniş məruzə etdi. İkinci gün Ərdəbildə və Astarada olan, zindandan tanış olduğu yoldaşlarları ilə görüşdü. Təbrizə gedən gün məni görmək istədiyini dedilər. Görüşünə getdim. Məni görən kimi "Mən səni şeirlərindən tanıyırdım, elə bilirdim sən də mənim kimi saçı-saqqalı ağartmısan, sən lap cavan imişsən. Sənin şeirlərini mən Təbrizdə çıxan "Vətən yolunda" qəzetində oxuyuram, xoşuma gəlir. Dilin sadədir, xalq başa düşən dildə yazırsan...". Ədəbi səpgidə şeir və ədəbiyyat haqqında çox gözəl və dərin mənalı fikirlər söylədi. Axırda: "Biz azad (dövlət tərəfindən idarə olunmayan) ruznamələrin (qəzetlərin) cəbhəsin yaratmışıq. "Ajirin" fars dilində çıxmasına baxma, şeirlərindən göndər çap edək. Tehranda azərbaycanlılar çoxdur, qoy oxuyub tanış olsunlar..." Mən ağayi Pişəvəriyə xoş və dəyərli fikirlərinə görə təşəkkür etdim və mütləq şeir göndərəcəyimi də dedim və bir neçə şeir də göndərdim. Ancaq gözlədim, şeirlərim "Ajir"də çap olmadı.
1945-ci ilin may ayında Bakıda Azərbaycanda Sovet hökumətinin yaranmasının 25 illiyini bayram edirdilər. İrandan və Təbrizdən də qonaqlar dəvət olunmuşdu. Tehrandan Məlükül-Şura Bahar və Pişəvəri, Təbrizdən müxtəlif təbəqələrin nümayəndələri ilə birlikdə, şairlərdən M.Biriya, M.M.Cavuşi, Əli Fitrət, Ərdəbildən də mən Bakıya dəvət olunmuşduq. Bakıda mehmanxanada Pişəvəri məni görən kimi şair Baharla tanış etdi və sonra mənə dedi, sən mənə 50 tümən verməlisən. Mənim bir şey başa düşmədiyimi görüb güldü. Sonra dedi:
- Sənin Ərdəbildən "Ajir"ə göndərdiyin şeirləri mən qəzetdə çap etdim, ancaq qəzetdə Azərbaycan dilində şeir çap etdiyimə görə həmin nömrəni müsadirə etdilər və üstəlik redaksiya 50 tümən də cərimə olundu. Biz Bakıdan Təbrizə qayıdanda Pişəvəri Tehrana yox, Təbrizə gəldi. Azərbaycan Demokratik firqəsinin yaranması ilə bağlı işlərlə məşğul oldu, buradakı siyasi-iqtisadi durumu, xalqın müxtəlif təbəqələrində mövcud olan əhval-ruhiyyəni, arzu və istəkləri öyrəndi. 1945-ci ilin dekabrın 12-də (21 Azər günü) Milli Məclisin nümayəndələri Təbriz bələdiyyəsinin salonuna yığıldılar. Məclisi ağsaqqallar adından ağayi Şəbüstəri açdı. Sonra Mirəhim Vilayi nümayəndələrin siyahısını oxuyanda adı çəkilən gəlib səhnədə qoyulmuş Qurana əlini basıb milli hökumətə sədaqətlə xidmət edəcəyinə and içirdi.
Qurultay 2 gün çəkdi və baş vəziri (naziri) və vəzirləri seçdi. Baş vəzir ağayi Pişəvəri bölgələrdən gəlmiş nümayəndələri 2 gün qəbul etdi, arzu və qeydlərini dinlədi. Ərdəbildən gəlmiş nümayəndələri qəbul edəndə bizə şahsevən tayfaları ilə dostluq etməyi məsləhət gördü. Sonra üzünü mənə tutub dedi, sən Təbrizdə qal, sənlə söhbətim olacaq. İki gündən sonra getdim görüşdük. Əvvəlcə konqrə haqda fikrimi soruĢdu, sonra konqrənin qərarları, xüsusilə Azərbaycan dilinin rəsmi dövlət dili olması haqda olan qərarın xalqın həyatında olacaq təsirini izah edib uşaqların doğma dildə daha tez, daha yaxşı savadlanmasına şərait yaradacağını söylədi. O, elm, mədəniyyət, ədəbiyyat haqqında söhbət açdı, axırda sözünü yekunlaşdıraraq, "dostum M.Biriya indi maarif vəziridir, belə fikirləşirəm ki, sən ona kömək edəsən, birinci müavin olasan. Onun bu təklifi o qədər gözlənilməz oldu ki, nə deyəcəyimi bilmədim, susdum. Pişəvərinin məndən cavab gözlədiyini görəndə dedim: - "Mən Bakıda 10-cu sinfi qurtarmışam, maarif sahəsində heç vaxt işləməmişəm, bildiyimiz kimi Təbrizdə qocaman müəllimlər var, mən vəzir müavini kimi onlara nə göstəriş verə bilərəm?" dedim. O, mənə qulaq asıb dedi: "Sözlərin düzdür, ancaq biz də dövlət idarə etməmişik, onu da bil ki, inqilab etmək nə qədər çətindirsə onu qorumaq, axıra çatdırmaq ondan da çətindir. İndi biz Milli hökumət qurmuşuq, nə qədər çətin olsa da onu qorumalıyıq, tədbirləri həyata keçirməliyik" - deyib, o, fikrə getdi. Mənə elə gəldi ki, o məndən cavab gözləyir.
Fikirləşdim ki, bir də təkid etsə razı olmalıyam. Ancaq o cavab gözləmədən dedi, onda M.Çemazərlə birlikdə Dövlət Radio Verilişlərinə rəhbərlik elə, çalış verilişlər təmiz Azərbaycan dilində olsun. Özün verilişlərə bax, məqalələri redaktə elə, çünki ziyalılarımız fars dilində təhsil aldıqları üçün yazılarında fars sözləri çox işlədirlər. Bəzən elə olur ki, elə bil yazılar farscadan tərcümə olunub. Mən Pişəvərinin qeydindən sonra radioda işə başlayan kimi verilişdə gedən məqalələri əvvəlcə özüm oxudum, imkan daxilində fars sözlərini Azərbaycan sözləri ilə əvəz etdim. Pişəvərinin bu tapşırığından istifadə edərək radioda ədəbi gecələr təşkil etdik, bu gecələrdə ana dilində yazılmış şeirlər, hekayələr oxundu. Bu da dilimizin səlisləşməsinə və saflaşmasına kömək oldu.
1945-ci ildə Təbrizdə telefonlar mərkəzlə idarə olunurdu. Danışmaq istəyəndə əvvəlcə telefon mərkəzinə zəng edirdin, istədiyin nömrəni Mərkəz vasitəsilə birləşdirirdilər. Pişəvərinin tapşırığına görə onun baş vəzirlikdəki telefonu bütün vəzirlər ilə ayrıca xətt ilə birləşdirilmişdi. Növbə radio komitəyə çatanda mən telefon ustasını özümlə baş vəzirliyə apardım. Bu zaman onun otağında bir qadın Pişəvəri ilə ötkəm-ötkəm danışırdı. O deyirdi ki, atadan-babadan Yurdçuda 4 kənddə torpaqlarım var. "Nə mənim kəndçilərdən, nə də onlar məndən narazı deyillər. Əkirlər-biçirlər, öz haqlarını götürürlər. İndi mahalda söhbət gəzir ki, hökumət bizim torpaqları alıb kəndçilərə paylayacaq. Düzü, mahalda buna inanan da var, inanmayan da. Odur ki, mahalın ağsaqqalları belə məsləhət gördülər ki, həqiqəti mən gəlib sizin özünüzdən öyrənim". Pişəvəri ona dedi ki, milli hökumətin ölkədə islahat keçirmək fikri var. Min illər bundan qabaq şahların qoyduqları qaydalara yenidən baxmalıyıq. Bir iddənin tox, bir iddənin ac qalmasını biz düzgün hesab etmirik. Sizin eşitdiyiniz kimi maliklərin torpağını, xozeyinin fabrikini də əlindən almaq fikrimiz yoxdur. Biz bugünlərdə ölkənin fabrik, zavod və torpaq sahibləri ilə birlikdə zavod fəhlələrindən, kəndçilərindən nümayəndələri ilə birlikdə yığıncaq çağıracağıq, məsləhətləşəcəyik, nə fəhlə və kəndçilərin, nə də malik və fabrikantların haqqı tapdalanmayan, ümumin xeyrinə bir qanun qəbul edəcəyik ki, hamı razı olsun. Sən də o məclisdə iştirak edib Yurdçu mahalının ehtiyaclarından danışarsan. Əzəmət xanım Pişəvərinin bu sözlərindən sonra heç nə demədi, razılıq edib getdi. Ancaq zaman Pişəvərinin fəhlə sahibkar, kəndli, ərbab haqqında ədalətli fikrlərinin həyata keçirməsini imkan vermədi...
1946-cı ilin payızından başlayaraq gərginlik daha da artdı, Tehran radiosu demək olar ki, hər gün Azərbaycanın əleyhinə verilişlər verir, Pişəvəri də Təbriz radiosundan onları ifşa edən çıxışlar edir və bu çıxışlar "Azərbaycan" qəzetində dərc olunurdu. Tehran hökuməti seçkilərə nəzarət etmək adıyla Təbrizə qoşun hissələri göndərməsini tələb edirdi, Pişəvəri onların işğalçılıq niyyətlərini bildiyi üçün Azərbaycan özü seçkiləri keçirəcəyini deyirdi. Moskva Qəvəmül-Səltənənin şimaldakı neft haqda onlara verdiyi vədə inanaraq Pişəvərinin şah qoşunun Təbrizə seçkilərə nəzarət üçün gəlməsinə razı olmasını istəyirdi və bu işdə təkidli idi.
Sovetlərin bu təkidi nəticəsində şah qoşunu Zəncana gəldi və bu işğalçı qoşun gələn kimi Zəncanda demokratlara və əhaliyə divan tutmağa başladı. Bu zaman vəziyyətin gərginləşdiyini görən Pişəvəri Milli Məclisin iclasını çağırdı. Bu məşvərət iclasına Milli Məclisin Təbriz və Təbriz ətrafında olan nümayəndələri toplandı. Pişəvəri vəziyyəti qısa şərh edərək sonra milli Məclisin üzvlərinin fıkirlərini soruşdu. Nümayəndələr hamısı bir nəfər kimi düşmənə müqavimət göstərilməsini və milli hökuməti müdafiə etmək qərarında olduqlarını bildirdilər.
Bu qərardan sonra hərbi hazırlıq gücləndirildi, Təbriz ətrafında səngərlər qazıldı, milli qoşun mübarizəyə hazır vəziyyətinə gətirildi. Pişəvəri hər gün saat 18:00-da hökumət binasının balkonunda çıxış edib əhalini baş verən hadisələrlə tanış etməyi və eyni zamanda düşmənə cavab verməyə hökumətin qadir olduğundan heç bir nigarançılığa səbəb olmadığını deyirdi. Tehranda və Təbrizdə olan sovet hökumətinin konsulluqları isə onun Təbrizdən çıxmasını istəyirdilər. Belə ağır günlərin birində mitinqə yığışanlara Biriya müraciət edib əhalini sakitliyə dəvət edərək şah qoşunlarının Təbrizə seçkiyə nəzarət etmək üçün gəldiyini və bunun heç bir nigarançılığa səbəb olmadığını, onların seçkidən sonra gedəcəyini dedi. Əslində bu xəbər şəhərdə daha çox nigarançılığa səbəb oldu. İkinci gün də Biriya çıxıb həmin sözləri təkrar edəndə əhali Pişəvərinin Təbrizdə olmadığını anladı və sonrakı gün mitinqə gələn olmadı.
Mən bu olaylardan müəyyən müddət gizli yaşadıqdan sonra Bakıya gəldim... Mən Bakıya İçərişəhərdə Əli Tudənin yaşadığı evə köçdüm. May ayının son günləri idi, havalar artıq qızışmışdı. Bakıda olan fədayi və tələbə yoldaşlarım çoxu hər gün axşamüstü dəniz kənarı parka çıxırdı. Bura bir növ cənubluların görüş yeri idi. Bir gün Əli ilə axşamüstü sahildən evə gələndə qonşumuz dedi ki, sizin yoldaşlardan bir nəfər gəlmişdi, sizi xəbər aldı. Gedəndə dedi ki, evdə olsunlar, yarım saatdan sonra gələcəyəm. Biz yarım saatdan sonra qapıda MH-nin maliyyə naziri ağayi İlhamini görəndə təəccüb etdik, görüşəndən sonra İlhami dedi:
- Ağayi Azəroğlu, mən sizin dalınızca gəlmişəm, aşağıda maşın gözləyir, zəhmət olmasa geyinin gedək. Sonra da Əliyə, "yoldaş Tudə, Azəroğlu axşam gec gəlsə darıxmayın." - dedi. Bu sözləri yaxşı tanıdığım İlhami dediyi üçün heç nə soruşmadan onunla getdim. Küçədə maşın var idi, içəridə Ağayi Qiyami oturmuşdu, görüşdük. Biz oturandan sonra maşın hərəkət etdi, yenə hara getdiyimizi bilmədim. Maşın şəhərdən çıxıb Mərdəkan yolu ilə hərəkət edəndə fikirləşdim ki, yəqin "Yaşıl bağ"a, gedirik. Bəlkə Təbrizdən təzə gələn var, görüş olacaq. Mən sonradan öyrəndim ki, getdiyimiz bağ M.C.Bağırovun Zuğulbadakı bağı imiş. Biz ora çatanda həyətdə MH-nin vəzirlərini, generallarını gördüm.
Biriya, M.Rəhim, Mirqasım, şairlərdən S.Vurğun, S.Rümtəm bir tərəfdə dayanıb söhbət edirdilər. Görüşəndən sonra Mirqasım yavaşdan qulağıma dedi ki, heç bilirsən bizi bu dəniz kənarındakı bağa niyə toplayıblar? Mən dinmədim. O dedi: "Əvvəlcə bizi aparıb görünən dənizdə yaxşıca isladıb sonra yaxşıca şallaq vuracaqlar ki, nə üçün vuruşmadınız, milləti, Vətəni qoyub gəldiniz". Əlbəttə bu sözlər zarafat idi. Ancaq MH-in vəzirlərini, generallarını bir yerdə görəndə adam fikirləşir ki, doğrudan da bunların vətəni qoyub qaçmasına heç cürə haqq qazandırmaq olmazdı. Ancaq məsələ heç də belə deyildi, onları təpədən-dırnağa qədər silahlanmış şah ordusunun qarşısını almaq üçün sərhəddəki cəbhədən zorla geri çağırmışdılar. Niyə? Bunu Moskva bilirdi...

Balaş Azəroğlu