İranda inqilabdan sonra Güney Azərbaycanda ana dili uğrunda mübarizə Güney Azərbaycan

İranda inqilabdan sonra Güney Azərbaycanda ana dili uğrunda mübarizə

Türklərin kompakt yaşadığı ərazi vahidlərini parçalamaq, başqa xalqların yaşadığı əyalətlərə birləşdirməklə ana dilinin tədricən unutdurulması siyasəti davam etdirildi

8-ci yazı

Əslində İrandakı ictimai-siyasi mühit Azərbaycan dilinin işlənmə funksiyasının yalnız bu istiqamətdə olmasını "təmin" edə bilmişdi. Çünki təhsil fars dilində olduğundan təbii idi ki, bəzi istisnalar xaricində Azərbaycan türkcəsində hansısa bir elmi, siyasi məqalə yazmaq mümkün deyildi. Bədii-ədəbi materiallara gəldikdə isə qeyd olunmalıdır ki, bu mövzu İrandakı yasaqlara baxmayaraq, həmişə işlənmiş və dili qoruyan bir mexanizm olmuşdur. Bu səbəbdəndir ki, Cənubi Azərbaycanda azərbaycandilli ədəbiyyat da inkişaf etmişdi. Əsası Rza Şah Pəhləvi dövründə qoyulan inzibati ərazi vahidlərinin yenidən formalaşdırılması siyasəti İİR-də də davam etdirilirdi. XX əsrin 80-ci illərinin ortalarından Azərbaycan, azərbaycançılıq anlayışına qarşı başlayan kampaniyanın miqyasının genişlənməsi İran Azərbaycanına bağlı inzibati ərazi vahidləri ilə əlaqədar dəyişikliklərdə də özünü göstərdi.
İslam inqilabına qədər ölkə ərazisi on dörd əyalətə bölündüyü halda, sonradan onların sayı artırılaraq əvvəl 28-ə, bir qədər sonra isə 30-a çatdırılıb. Həmin illərdən başlayan "Azərbaycan" adının coğrafi anlayış kimi aradan götürülməsi, Cənubi Azərbaycanın rəsmi coğrafi hüdudlarının daraldılması siyasəti davam etdirilir. 90-cı illərin əvvəllərindən Ərdəbilin və ətraf mahalların əhalisinin Təbrizdən iqtisadi "asılılığının" aradan qaldırılması üçün "Şərqi Azərbaycan" ostanı adı altında ayrılması tələbləri hökumətin qeyd olunan siyasətinin "şərtlərinə" uyğun həyata keçirildi. 12 yanvar 1993-cü ildə İslam Şurası Məclisinin Daxili işlər komissiyası yeni yaradılacaq ostana Şərqi Azərbaycan adının verilməsi və Təbriz mərkəzli ostanın Mərkəzi Azərbaycan adına dəyişdirilməsi qərarını elan etmişdi. Addəyişmə komissiyasının üzvlərindən biri bu məsələ ilə bağlı nəzərə çatdırırdı: "Dövlət öz layihəsində "Savalan" adını yeni ostan üçün seçib. Ancaq komissiya da səsvermə nəticəsinə əsaslanaraq bu həqiqəti nəzərə alır ki, "Azərbaycan" adı hər zaman bütün Azərbaycanın igid, fədakar, inamlı xalqının parlaq tarixi ilə birləşib və bu ad həmişə məntəqənin şərəfli xalqı üçün bir çox eposu xatırladır. Bundan sonra üç Azərbaycan ostanı olacaq: Mərkəzi Urmiya olan Qərbi Azərbaycan, mərkəzi Ərdəbil olan Şərqi Azərbaycan və mərkəzi Təbriz olan Mərkəzi Azərbaycan". Lakin 11 aprel 1993-cü ildə İslam Şurası Məclisinin deputatları layihənin ikinci oxunuşu zamanı gözlənilmədən Ərdəbil adlı yeni ostanın yaradılması barədə qərar qəbul edir.
Ərdəbil şəhəri ətrafındakı 9 şəhər, 21 rayon, 63 kənd və 2221 yaşayış məntəqəsi ilə birlikdə Şərqi Azərbaycandan ayrılaraq "müstəqil" əyalət (ərazisi 17925, 5 kv. km) oldu. Rəsmi Tehranın sözügedən qərarı azərbaycanlılar arasında sərt etiraza səbəb olmuşdu. Göründüyü kimi, türklərin kompakt yaşadığı ərazi vahidlərini parçalamaq, başqa xalqların yaşadığı əyalətlərə birləşdirməklə ana dilinin tədricən unutdurulması siyasəti İİR rejimi tərəfindən də davam etdirildi.
İrandakı mövcud teokratik hakimiyyət Azərbaycan türklərinə başqa sahələrdə, o cümlədən iqtisadi sahədə də fərqli münasibət göstərir. Farsların yaşadığı regionlarla müqayisədə azərbaycanlıların çoxluq təşkil etdikləri tarixi ərazilərə - bölgələrə daha az diqqət göstərilir. Azərbaycan bölgələrinin iqtisadi inkişafına dövlət büdcəsindən az maliyyə vəsaiti ayrılır, investisiya qoyuluşları müxtəlif vasitələrlə məhdudlaşdırılır. Belə ki, Azərbaycan vilayətləri sənayenin inkişafına görə ölkədə inqilabdan əvvəl tutduğu 2-ci yerdən 17-ci yerə düşüb. Azərbaycanlı mütəxəssislərin hesablamalarına görə, mövcud rejimin hakimiyyəti illərində farsdilli əyalətlərə qoyulmuş dövlət vəsaiti Azərbaycana ayrılan məbləğdən 300 dəfə çox olub. Bu bölgələrin iqtisadiyyatı iqtisadi qanunlarla deyil, siyasi ölçülərlə tənzimlənir.
Məhz yuxarıda qeyd edilən səbəblərdən bir çox Azərbaycan əyalətlərinin əhalisi başqa bölgələrə getmək məcburiyyətində qalırdı. Cənubi Azərbaycan bölgələrinin əhalisi iş tapmaq üçün Tehrana, İsfahana, Kermana, Yəzdə və digər əyalətlərə üz tutmalı olurdular. Xüsusilə də aqrar bölmədə hökm sürən ayrı-seçkilik, kəndlilərdə öz əməyinin nəticəsinə marağın azalmasına, onların iqtisadi cəhətdən dəstəklənməməsi və digər səbəblər Azərbaycan kəndlərində infrastrukturun dağılmasına, kəndlərin boşalmasına səbəb olurdu. 1997-ci ilə aid olan rəsmi statistikada Azərbaycan kəndlərində yüzlərlə yaşayış məntəqəsinin tam və ya qismən sakinsiz qaldığı qeyd olunurdu.
Hətta azərbaycanlıların daha çox məskunlaşdığı şəhərlərdən biri, hətta birincisi Tehrandır. Tehrana təkcə Şərqi Azərbaycandan 1965-ci ildə 101 min nəfər köçmüşdüsə, 1986-cı ildə bu rəqəm 224 min nəfərə yüksəlmişdi. 2005-ci ildə Ərdəbil ostanı Şərqi Azərbaycandan ayrılandan sonra köçənlərin sayı 153 min nəfər olmuşdu. İranın rəsmi statistikasına görə, yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalmış köçkünlərin sayına görə Şərqi Azərbaycandan sonra ikinci yerdə Ərdəbil, üçüncü yerdə kənd sakinlərinin 81 faizini və ostan sakinlərinin 59 faizini türkdillilər təşkil edən Həmədan, dördüncü yerdə Qərbi Azərbaycan və nəhayət, beşinci yerdə Zəncan dayanır. Bu mühacirlərin əsasən Tehran və onun ətrafında məskunlaşdığı qeyd olunurdu.
İran türklərinin 14-i Tehranda yaşayır. Tarixçi Paul Rouxun ifadəsi ilə desək, Tehran bir azərbaycanlı şəhəridir. İranın milli və etnik azlıqlara qarşı yürütdüyü siyasətdən biri də etnik bölgələrin yerli xalqlarının köçürülməsidir. Bu, bir tərəfdən bölgədə oftoxton və çoxluq təşkil edən xalqın sayını azaldaraq onların milli etirazlarının qarşısını almaq, digər tərəfdən isə qeyri-fars xalqlar arasında ədavət və potensial münaqişə ocağı yaratmaq, lazım olduqda onları bir-biri ilə vuruşdurmaq və milli mübarizələri öz məqsədindən yayındırmaq məqsədi güdür. Məsələn, kürdləri Cənubi Azərbaycanla Şimali Azərbaycan və Türkiyə sərhədlərində yerləşdirmək siyasəti Pəhləvi dönəmindən başlamış bu günə qədər də davam etməkdədir. Son dövrlərdə bu əraziyə 3 milyon etnik kürdün köçürüldüyü, yerli əhalinin 50 faizdən çoxunun qeyd olunan etnik azlığın təşkil etdiyi bildirilir. Tehran hökuməti də kürdlərin müxtəlif sferalarda antitürk fəaliyyətini dəstəkləyir və bu oyunu davam etdirir.
İİR hakimiyyətinin Azərbaycan türklərinin yaşadığı bölgələrə münasibətdə tətbiq etdiyi həm ədalətsiz inzibati-ərazi bölgüsünün, həm də iqtisadi ayrı-seçkilik və bunun nəticəsi olaraq türkdilli əhalinin yaşadığı məntəqələrin boşaldılmasının Azərbaycan dilinin sıradan çıxarılması siyasətinin tərkib hissəsi olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, Cənubi Azərbaycan əyalətlərində kompakt şəkildə yaşayan Azərbaycan türkləri qeyri-türklər yaşayan ərazilərə köçməklə tədricən təbii olaraq həm doğma dillərini unudur, digər tərəfdən isə ana dilindən istifadə hüquqları uğrunda mübarizədə təşkilatlanmaq imkanlarından məhrum edilirlər.
Göründüyü kimi, etno-milli hüquqlar çox məhdud şəkildə təmin olunur. İran İslam hakimiyyəti dövlət-millət quruculuğu siyasətini yeni şəraitdə köhnə və aşağıda qeyd edilən vasitələrlə davam etdirir:
- qeyri-fars dillərin funksiyalarının genişləndirilməsinin qarşısının alınması;
- qeyri-fars dillərin leksik-qrammatik strukturunun dəyişdirilməsi;
-əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi adı altında əslində milli azlıqların assimilyasiya siyasəti;
- bölgələrin etnik mənzərəsinin dəyişdirilməsi, etno-milli bütövlüyün inzibati, iqtisadi və s. əsasını zəiflətmək.

Yeganə Hacıyeva