Qulam Yəhyanın xatirələri Güney Azərbaycan

Qulam Yəhyanın xatirələri

15-ci yazı

Sonra Məhəmmədzadə təklif etdi ki, HTİ-nin fəal üzvlərindən konqres və ya konqresi əvəz edən konfrans çağırılsın və orada seçki aparılsın. Fruqyan çıxışını belə başladı ki, biz beynəlmiləlçiyik, ona görə də harada azadlıq hərəkatının genişlənməsini eşidən kimi sevinirik. Biz də Vətənimizdə olub, orada işləməliyik. Biz kommunistik, Vətənimizi zad etməyə çalışmalıyıq. Biz isə mühacirətdəyik. Və hamımız da eyni fikirdə deyilik. Birimiz rəhbərliyin məsələsini həll etməyi digərimiz firqənin məsələsini həll etməyi təklif edirik. ADF-nin yaranmasını xalq yaxşı qarşıladı və sonradan başa düşdülər ki, ADF-nin məqsədi Azərbaycanı İrandan ayırmaqdır. Ona görə də ondan uzaqlaşmağa başladılar və fırqə geri oturarkən əhali ondan üz döndərdi.
Hizbin rəhbərlərinin əsas səhvi burasındadır ki, onlar firqənin yaranmasının zərərli olması haqda heç bir şey yazmayıblar. Gərək indiyə qədər bu barədə yazardılar. Yazmamaları səhvdir. Mahmud Pənahyan çıxışına başlarkən dedi ki, Azərbaycanda millətçilik siyasəti davam edir. Azərbaycanda çoxlu günahsız fədailər, sərbazlar və başqaları tutulmuş zindani və təbid ediliblər ki, burada da faşist kimi baxırlar. Onları tutanlardan indi də rəhbərlikdə var. Hizbin Mərkəzi Komitəsi bunlara yetişməlidir. Bizdə də şəxsiyyətə pərəstiş var bu barədə Mərkəzi Komitə nə edib və ya nə edəcəyi haqda bizə desinlər. O, sözünə davam edərək dedi ki, mühacirətdən sonra fırqədə Vahid Azərbaycan məsələsini irəli sürürdülər. Bayat çıxışında dedi ki, hövzənin gündəliyində vəhdətin möhkəmləndirilməsi qoyulduğu haqda Etişafi vəhdətin əleyhinə, bilavasitə ADF-nin əleyhinə danışdı.
Bəyat sözünə idamə verərək dedi: "Rəsədi deyir ki, firqənin yaranmasına ehtiyac olmadığı üçün indi onun adının qalmasına da ehtiyac yoxdur. Rəsidinin fikrincə, firqənin adı ona görə saxlanır ki, Azərbaycan birləşdirilsin. HTİ ilə ADF-nin arasında vəhdət yoxdur. Bəyat çıxışının sonunda dedi: "Rüstəmi deyir ki, milli məsələ İranda SSRİ-dən daha yaxşı həll edilib. Əfsərlər təşkilatına gəldikdə onlar ADF əleyhinə vücudə gətirilmiş bir təşkilatdır. Onlar özlərini necə bir panislamist kimi aparırlar".
Cudi çıxışını firqənin təşkilinin düzgün olmaması ilə başlayıb, dedi ki, indi də onun adının qalması qələtdir. Bizim mübarizəmiz bununla bitməyəcək və biz mübariziəmizi davam etdirib, hizbin rəhbərliyini məcbur edəcəyik ki, dediklərimizi qəbul edib, həyata keçirsin. Firqədə şəxsiyyətə pərəstişlik var. Sov.İKP XXII qurultayı bizim dilimizi açıb. İndi biz deməliyik ki, 1954-cü ildə antipartiya cərəyanında 108 nəfəri Qulam Yəhyanın imzasına əsasən həbs etdilər və çoxlu adam öldürdülər. Bunların haqqında lazımi ölçü götürülməsini tələb etməliyik. Bunu da açıq deyirəm ki, onların ölümlərində Qulam Yəhyanın şəxsən əli var. Odur ki, o, indi tutulmalıdır. Mən onun "atəşin" çıxışının ortasında soruşdum ki, dediyiniz tutulan və öldürülən adamlardan heç olmasa, ikisinin adını deyin, görək onlar kimlərdir? Cudi bir anlığa dayandı, sanki gözlənilməz sual onun əvvəldən axıra qədər böhtan deməsinin bir anda üstünü açdı. O özünü itirmiş halda cavab verdi ki, onların adları yadımda deyil. Sonra Pur Hormuzan çıxışına onunla başladı ki, firqənin məsələsi ölkədə və burada həll olunur. Bunun əsas iki səbəbi var: biri hizbin XI plenumundan sonra hizbin üzvlərinin çox narahat olması, digəri Sov.İKP XXII qurultayından sonra irəli gəlib.
Pur Hormuzan sözünə idamə verərək dedi ki, Bayatın dediyindən belə çıxır ki, əfsərlər təşkilatı ADF əleyhinə yaradılmış bir təşkilatdır. Mən deyirəm ki, bu təşkilatın kimin tərəfindən yaradılmasına baxmayaraq, o çox düzgün və qanuni təşkilatdır. Vahid hizbin yaradılması təşəbbüsü firqə tərəfindən deyil, hizbin tərəfindən irəli sürülüb. İndi də vəhdəti Azərbaycan millətçiləri xətərə salırlar. Firqə üzvləri milli məsələni irəli sürürlər. Halbuki bir ölkədə olan müxtəlif millətlər özləri üçün ayrı firqə təşkil etmirlər. Ona görə də firqənin təşkili əvvəlindən kargər təbəqəsinin ziyanına olub. Buna baxmayaraq hələ firqə istəyir ki, Azərbaycanın tarixi yazılsın. Bu da Azərbaycanı İrandan ayırmaq deməkdir.
Həmzəlu dedi ki, firqənin adının qalması qələtdir. Daha bəsdir firqənin adı nə zamana qədər qalacaq. Firqə hizblə taktiki vəhdət yaradıb. Ona görə də imkan olan kimi hizbdən ayrılacaq. Firqənin nöqsanları hələ indiyə qədər müzakirə edilməyib və məlum deyil ki, nə vaxta qədər belə qalacaq. Firqə çox qeyri münəzzəm geri çəkildi, sərhəng Habəşini nə üçün tutdular? Halbuki İran dövləti onu öldürdü. Həmzəlu çıxışının sonunda təklif etdi ki, firqənin adı və özü ləğv edilsin.
Hizbin MK-nın üzvi Nuşin çıxışında dedi: "Hizbin İcraiyyə heyətinin təqsirlərindən biri hövzələrin təkliflərinə laqeyd yanaşmasıdır. Hövzələr təklif edirlər ki, firqənin adı saxlanılmasın və Mərkəzi Komitəsinin adı qalmasın. Məncə, hövzələrin təklifi düzdür. Firqənin adının və Mərkəzi Komitəsinin saxlanılması lazım deyil. Lakin İcraiyyə heyəti belə təkliflərə qulaq asmır. Firqə ilə vəhdət başa çatıb, tamam olmayıb. Buna misal Balaş Azəroğlunun yazdığı məqaləsini göstərmək olar. Əgər vəhdət möhkəm olsaydı, belə nadürüst məqalələr yazılmazdı. Firqə yenə də Azərbaycanı ayırmaq siyasəti yeridir. Hətta eşitdiyimə görə Danişian deyib ki, biz 100 nəfəri təbid etmişik, əgər yenə də lazım olsa, yüz nəfər də təbid edərik.
Sonra Qaim Pənah çıxış edib, dedi ki, böhranlı vaxtında əsasnaməyə əsaslanıb, rəhbərliyə tabe olmaq düzgün deyil. Vahid hizbdə böhran daha da dərinləşir. Firqə ilə hizb arasında nə təşkilati və nə də ideoloji vəhdət yoxdur. O, təklif etdi ki, fırqənin iştirakı olmadan hizbin konfransı çağırılsın. Biz Moskva təşkilatının ümumi yığıncağında Kambəxşə verilmiş aşağıdakı suallara (Bəzi yoldaşlar vəhdəti düzgün hesab etmirlər. Siz vəhdətə necə baxırsınız? Sizin fikrinizcə, firqənin rəhbərləri hizbin rəhbəri hesab oluna bilərmi?) cavab verərək dedi ki, siz bilirsiniz ki, mən həmişə vəhdətin tərəfdarı olmuşam". Onun cavabı ancaq bu sözlərdən ibarət oldu.
Sonra Əli Əmirxizi aşağıdakı suallarla mənə müraciət etdi: "Bizi nə üçün Bakıdan kənara göndərdiniz? Biz buna etiraz etdik. Lakin siz bizim etirazımızı qəbul etmədiz. Biz məhəlli təşkilatlarla (rayonlara) getdik. Lakin siz cələsələr təşkil etmədiniz ki, yoldaşlarla görüşək. Başqa çıxışların əsas məqsədi və məzmunu yoldaşlara aydın olduğu üçün mən onlara axırda bir yerdə qruplaşdırılmış halda cavab vermək istədiyim halda Ə.Əmirxizinin dediklərindən başqa yoldaşların kifayət qədər xəbərləri olmad ıqlarına görə elə buradaca cavab vermək məqsədilə Əmirxiziyə müraciət edərək dedim ki, sizin qonaqlıqlardan başınız ayrılmırdı ki, cələsələrdə iştirak edəsiniz. Bundan başqa siz Bakıya gəzməyə deyil, vahid hizbin məramnamə və nizamnaməsini hazırlamağa gəlmişdiniz. Ona görə də biz sizin işləməniz üçün ən münasib olan Mərdəkanda yer düzəltmişdik, siz özünüz dəfələrlə iqrar edib, təkrar edirdiniz ki, orada işləmək üçün hər bir şərait yaradılıb. Biz sizin ixtiyarınızda bir maşın da qoymuşduq ki, siz istədiyinz vaxt istədiyinz yerə gedə bilərdiniz. Mərdəkanla Bakının məsafəsinə gəldikdə Mərdəkan Bakıdan 25-30 kilometr aralı Bakı şəhər nahiyyələrindən biridir. Bundan başqa daha nə kimi şərait yaradılmalı olmasını mən düzü, bilmirəm.
Əmirxizinin çıxışı əsasən firqənin rəhbərliyinə qarşı yönəldilməsi heç kəs üçün gizli deyildi. O, sözünə idamə verərək dedi ki, HTİ-nin İcraiyyə heyətindən kətbi surətdə Azərbaycanda işləməyi təqaza vermişdim. Amma firqənin rəhbərliyi mənim Azərbaycana gəlməyimə icazə vermədi. O, dediyini bununla əsalandırmaq istəyirdi ki, firqənin rəhbərliyi İran Azərbaycanını Sovet Azərbaycanı ilə birləşdirmək istədiyinə görə onun Azərbaycana gəlməsinə guya mane olublar. Mən yerimdən dedim ki, Azərbaycanın birləşməsinin Əmirxizi qarşısını alıb, onların birləşmələrinə mane olacaqdı.
Azəri çıxışında çox amiranə surətdə dedi ki, burada təkcə rəhbərliyi tənqid etmək düzgün olmaz. Rəhbərliyə yol göstərənlər özləri özlərini tənqid etməlidirlər. Firqə məsələsinə gəldikdə onun təşkilinin yanlışlığı barədə danışmayacağam, çünki məndən əvvəl çıxış edənlər kifayət qədər danışdılar. Mən fəqət Azərbaycan haqqında bir neçə kəlmə demək istəyirəm: Azərbaycanlılar özlərini millət adlandırırlar. Amma onlar hələ millət deyillər. Ona görə də hizbin səhvi burasındadır ki, onların bu yanlış iddialarının qarşısını almaq əvəzində mətbuat da onlardan tərəfdarlıq edir.
Beləliklə, çıxışlar əsasən sona çatdığı üçün növbə mənə çatdı ki, çıxışlar haqqında öz fikrimi deyim. Daha doğrusu, onlara cavab verim. Hər halda çıxışlardan göstərilən nümunələrdən aydındır ki, çıxış edənlərin əsas məqsədi nədən ibarət idi. Mənim qeyd etdiyim çıxışlara cavab verməyimin iki cəhəti var idi. Bunlardan biri ondan ibarət idi, işdən xəbəri olmayanlara, düzgün məlumat vermək çıxışların əksəriyyətinin qərəzli, qeyri-təşkilati, yalan və böhtandan ibarət olmasını konkret faktlar əsasında səbr və hövsələ ilə izah etmək, digəri isə bəzi yoldaşların qərəzli, niyyətlərini ifşa edib, bu kimi qeyri-təşkilati, qeyri-məntiqi, insafsız, kommunistlərə yaraşmayan hərəkətlərinin bir daha təkrar edilməsinin imkan dairəsində qarşısını almaqdan ibarət idi. Bu çıxışlardan dostlarımızdan bəziləri düz yoldan müvəqqəti də olsa yayına biləcəkləri ehtimal edildiyi kimi, düşmənlərimiz də çox yaxşı istifadə edə bilərdilər. Hər halda qərəzli çıxış edənlərin təqribən əksəri nə demək istədiklərini yaxşı bilirdilər. Sonrakı hadisələr, xüsusən onlardan bir çoxlarının kimlərə pənah aparmaları istər firqə, istər hizb və istərsə sosializm cəbhəsinə qarşı neçə mövqe tutmaları əməldə özünü göstərdi. Hər halda o zaman onların əsl mahiyyətini açıb, göstərmək üçün hamıya məlum olan kifayət qədər faktları yox idi. Bundan əlavə ehtimal etmək olardı ki, bəlkə sonradan insaf və vicdanları gəlib, yaramaz əməllərindən əl çəksinlər.
Yeri gəlmişkən, bəzi ümumi cəhətlərin qeyd edilməsini xeyirli hesab edirəm. Əvvəla, onu deyim ki, orada hizbin, xüsusilə ADF, Azərbaycan xalqı, Azərbaycandakı hərəkat əleyhinə çıxış etmək istəyənlər, daha doğrusu, böhtan dolu yalan demək istəyənlər özlərini nə qədər "cəsarətli" göstərməyə çalışsalar da hər halda böhtan dediklərinə görə çox miskin, çox aciz, çox naqis görünürdülər. Mənə elə gəlirdi ki, bu vəziyyəti təkcə mən deyil, orada olanların əksəriyyəti hiss edirdilər. Özləri də çıxış etdikcə gözləri həmişə məndə olurdu ki, bir sual versəm və ya bir replika atsam, nə edəcəklərini qorxa-qorxa yada salmağa çalışırdılar.

Hazırladı: Elçin Qaliboğlu