Təbriz aşıq məktəbi Güney Azərbaycan

Təbriz aşıq məktəbi

"Xalq Cəbhəsi" qəzeti mərhum professor Azad Nəbiyevin Güney Azərbaycanda aşıq sənəti ilə bağlı araşdırma yazısını təqdim edir

2-ci yazı

Azərbaycanlıların geniş yayıldığı və yaşadıqları ərazilərdə aşıq sənəti özünəməxsus şəkildə inkişaf edib yüksəlməkdədir. O, geniş bir ərazidə xalqın zəngin mənəvi dəyərlərinin yayılmasına kömək edir, orada yaşayanları birləşdirir. Uzaq düşən ellər arasına körpü salır. Təbriz aşıq məktəbinin ayrı-ayrı mühitləri ilə Şirvan, Anadolu aşıq ənənələrində bir çox eynilik, oxşarlıq və uyğunluqları qoruyub saxlayır. Məsələn, Zəncanda yayılan saz ifaçılığı ilə Şirvan aşıq ansablı arasındakı oxşarlıqlar bir-birini tamamlayır. "Zəncan aşıq mühitinin ifaçılığı saz, balaban və qaval üçlüyü üzərində qurulmuşdur" (M.Qasımlı. Göstərilən əsəri, s. 233) ki, bu da Şirvan aşıq ansablı ilə eyni kökdən bəhrələnməkdən başqa bir şey deyildir. Eyni hal Təbriz, Qarabağ, Urmiya mühitləri üçün də ənənəvidir. Qaşqay aşıq mühitində isə fərdi saz ifaçılığı ilə Göyçə və Gəncəbasardakr fərdi ifaçılıq aşıqların repertuarında oxşar şəkildə yer tutur. Yaxud aşıq repertuarı şeir şəkillərindən istifadə imkanlarına görə bir-birindən fərqləndiyi kimi, eyni ifa üslubu - təcnis, deyişmə söyləmək, yaxud gözəlləmə ifaçılığı məharətinə görə bir-birinə yaxınlıqlarını da nəzərə çarpdırır.
Şirvan saz və söz ənənələri bu gün Təbriz məktəbi, onun ayrı-ayrı mühitləri üçün bir çox ənənəvi - tipoloji uyğunluqlarla əlamətdardır. Bu isə çox geniş şəkildə müxtiəlif aşıq mühitlərində özünü göstərməkdədir. Tarixən fərdi saz ifaçılığı ilə əlamətdar Təbriz aşıq musiqisində bu gün Şirvan ifaçılığı ənənələrinə uyğun mövqeyə keçib. Hər bir aşıq mühiti ötən zaman hüdudunda müstəqil ifaçılıq ənənələri və üslubları yaradıb. Onların ən başlıca yaradıcılıq meyl və istiqamətləri isə Təbriz məktəbinin tarixi yaradıcılıq qaynaqlarına əsaslanır.
Müxtəlif aşıq mühitləri arasında fərqli ənənə, ifa, improvizə uyğunluqları isə onların başlanğıcını götürdüyü Təbriz aşıq məktəbi nəhri ilə əlaqədardır.
XV əsrin ikinci yarısından yeni yüksəliş mərhələsinə qədəm qoyan Təbriz aşıq məktəbinin XVI əsrə qədərki ənənələri, yaradıcılıq xüsusiyyətləri, şəxsiyyətləri barədə bizə kifayət qədər məlumat gəlib çatmayıb. Məlum olan odur ki, Anadolu-Şirvan aşıq ənənələri, ayrı-ayrı ifaçı sənətkarların qoşub-düzdüyü saz və söz dəyərləri Təbrizdə də geniş yayılmışdı. Yunis İmrə, Molla Qasım ənənələri Azərbaycanın bu bölgəsində də aşıq şeirinin bəhrələndiyi, onu forma, məzmun və şəkli xüsusiyyət etibarı ilə irəliyə aparan istiqamətlərdən idi. XIII-XIV əsrlərdə Anadolu aşıq məktəbində baş verən proseslər, xüsusilə ozan ənənələrini davam etdirmək yolu ilə yüksələn tarixi inkişaf Təbriz ifaçılıq mühiti tərəfindən əslində hazır model kimi qəbul edilmişdi. Aşıq Qurbaninin yaradıcılığı göstərir ki, XVI əsrə qədər Təbrizdə həm peşəkar ifaçılıq, həm dastançılıq, həm də aşıq şeiri şəkillərindən, onun geniş yayılmış gəraylı, qoşma, təcnis və divanı, müxəmməs və s. formalarından istifadə üstün idi. Aşıq Qurbaniyə məhz buna görə Təbriz məktəbinin ilk nümayəndəsi, yaxud yaradıcısı kimi baxmaq təbii ki, mümkün deyil. Qurbani yaradıcılığı göstərir ki, ona qədər Təbrizdə aşıq şeiri ən azı yüz ildən artıq bir dövr ərzində təkamül mərhələsi keçib. Bu, təkcə Qurbani şeirinin poetik dəyərlərində, məzmun zənginliyində deyil, eyni zamanda əhatə etdiyi mənəvi-əxlaqi, etik-estetik və kulturoloji durum çevrəsində özünü göstərir. Qurbani estetik düşüncəsi Təbriz aşıq məktəbi üçün təkcə XVI əsrə məxsus dəyərlər deyil, daha əvvəlki yüzilliklərdə yaranıb formalaşan milli-mənəvi və əxlaqi görüşləri əhatə edir.
Təbriz aşıq şeirinin Qurbaniyə qədərki dövrü, törəniş və formalaşma mərhələləri barədə bu gün konkret faktlarla danışmaq mümkün olmasa da, Qurbani öz yaradıcılığı ilə təkcə Təbriz aşıq sənətində deyil, ümumazərbaycan mədəniyyətində milli intibahın ilkin zəminini hazırlayan sənətkar kimi çox dəyərlidir. Qurbani özü bir məktəbdir. Onun şəxsində Təbriz aşıq yaradıcılığı forma, məzmun, ifadə tərzi, ana dilinin poetik imkanlarından istifadə məharəti sayəsində yeni mərhələyə yüksəldi, məktəb dərəcəsinə qalxa bildi.
Qurbaninin şəxsində Təbriz aşıq məktəbi Azərbaycan mədəniyyəti tarixində aşağıdakı cahanşümül funksiyaları həyata keçirildi: Azərbaycan ümumxalq danışıq dilini yüz illərlə nizamı pozula bilməyən bir mərhələyə yüksəltdi və bununla Azərbaycan canlı danışıq dilini qəti şəkildə formalaşma mərhşələsinə çatdırdı; xalq danışıq dilini ağır ləhcəçilik və bir sıra başqa təsirlərdən təmizlədi; Aşıq yaradıcılığı barədə yanlış mülahizə, görüş və baxışları dağıtdı, onu məzmun və sənətkarlıq baxımından yeni mərhəlyə yüksəltdi; Aşıq yaradıcılığının təkkə-dərviş və saman ənənələrindən qəti şəkildə ayrılıb ozan ənənələri istiqaəmtində çoxşaxəli-sinkretik sənət kimi formalaşmasını istiqamətləndirdi. Təbriz aşıq məktəbinin XVI əsrdə yaranması və inkişafı bütövlükdə Qurbaninin adi ilə bağlı olub, bu məktəbin tarixi yüksəlişini təmin etdi. Təbriz aşıq məktəbinin XVI əsrdə yaşayan və bizə gəlib çatan ilk nümayəndəsi Aşıq Qurbanidir (1483-1553). Qurbani Şah İsmayıl Xətainin müasiri olmuş, yaradıcılığının əsas dövrü onun hakimiyyəti illərinə düşüb. Ümumilikdə isə Qurbaninin yaradıcılığı aşıq şeirinin yüksəlişi üçün bir neçə cəhətdən əhəmiyyətli mərhələdir.
Birincisi, Qurbani Şimali Azərbaycanda dünyaya göz açsa da o, Güney Azərbaycanın saz-söz mühiti ilə daha çox bağlı olmuş, buradakı yaradıcılıq ənənələrini mənimsəmiş, öz yaradıcılığı ilə Təbriz aşıq şeirini məktəb səviyyəsinə yüksəldə bilib. Qurbani həm öz improvizatorçuluğu, həm lirik şeirin ustad yaradıcısı kimi özünə böyük şöhrət qazandırıb. O, aşıq şeirinin XVI əsr üçün tamam yeni olan formasını yaratmış, onu məzmun, mündəricə baxımından olduğu kimi, şəkli cəhətdən və dil baxımından da tək¬milləşdirə bilib. Oz yaradıcılığının mahiyyət və məzmun çalarlarının intəhasızlığı ilə o, Təbriz aşıq şeirini ən azı iki yüz ilə yaxın dövrlük ənənələrə malik olduğunu, Azərbaycan aşıq yaradıcılığının erkən qaynaqlarından bəhrələnib pərvazlandığını nümayiş etdirib.
Tərbiz aşıq məktəbi də öz kökü və qayəsi etibari ilə ozan ənənəsi davamçılarının yolunu tutub, qam-şaman, təkkə-dərviş qaynaqlarından yan keçərək ozan ifaçılıq institutunun davamçısı kimi çıxış edib, Anadolu və Şirvan məktəblərinin aparıcı meyl və istiqamətlərinə əsaslanıb. İkincisi, şifahi yaradıcılıqda əsasən Qurbaninin şəxsində yaranıb yüksələn Təbriz məktəbi şifahi ənənəyə gətirdiyi bir çox qabaqcıl baxış və ideyalarla cəmiyyətdə yeni görüşlər sistemini doğurub, milli təfəkkürdə intibah düşüncəsinin formalaşmasına təkan verib. Bu yaradıcılıq prosesinin əgər bir tərəfində XVI əsr anadilli şeirin davamçıları Fuzili, Xətai və başqaları dayanmışdısa, başqa bir tərəfində isə xalqın qabaqcıl düşüncəsini intibah mərhələsinə yaxınlaşdıran aşıq yaradıcılığı durmuşdu.
Üçüncüsi, Qurbaninin aşıq şeirinə gətirdiyi yeni estetik düşüncə, təkcə Tərbiz ədəbi mühiti üçün deyil, ümumazərbaycan həyatı üçün zəruri və vacib idi. Qurbani yaradıcılığının ilkin mərhələsində nə qədər sufi-təkkə dünyagörüşünə yaxın idisə, ömrünün sonrakı illərində, xüsusilə cəmiyyətdəki əksilikləri gördükcə ilkin görüşlərindən qismən də olsa uzaqlaşa bildi. Qurbani bütün yaradıcılığı boyu ilahi sevgini, böyük yaradana inam duyğularını vəsf elədi, bununla yanaşı, cəmiyyətin təzadlarına, əksliklərinə də göz yummadı, bütün ziddiy¬yətləri gördüyü çevrədə şeirə gətirdi.
Azərbaycan intibahı özünün ilk rüşeymlərini - inkişaf məcrasını, aşıq yaradıcılığının erkən qaynaqlarından götürdü. Onu XVII- XVIII əsrlərin yüksək zirvəsinə çatdıran yol isə XVI əsr Təbriz aşıq məktəbindən, onun böyük yaradıcısı olan Qurbanidən başladı. Qurbani aşıq yaradıcılığına həm yeni, qabaqcıl dünyagörüş, peşəkar dastançılıq, ecazkar lirik ənənə, həm də dolğun poetik dəyərlər gətirdi. O, Azərbaycan aşıq şeiriniə ülvi duyğuların, lirik hisslərin, zəngin təbiət gözəlləiklərinin tərənnümünü gətirib. Qurbaninin şəxsində Təbriz aşıq məktəbi fəlsəfi-didaktik və ictimai məzmunlu düşüncənin yeni mərhələsini formalaşdırıb.
Qurbani yaradıcılığı ilə Təbriz aşıq ənənələrini məktəb səviyyəsinə yüksədə bildi, aşıq şeirini forma, məzmun baxımından olduğu kimi, sənətkarlıq cəhətdən də yeniləşdirdi. Təbriz məktəbinin sənətkarlıq tələblərini formalaşdırdı, hələ öz sağlığında aşıq məktəbinə dastançılıq ənənələrini gətirdi. XVI əsrin sonlarında Təbriz aşıq məktəbi həmin zəmin üzərində inkşaf edib zənginləşdi. Burada aşıq sənəti həm musiqi, peşəkar ifaçılıq, həm də dastançılıq sahəsində özünün yeni yüksəlişini yaşadı. Təbriz məktəbi peşəkar ifaçılıq və improvizatorçuluq institutu kimi qısa tarixi müddətdə şöhrətləndi. Bu dövr Təbriz məktəbinin yaradılcılıq ənənələrində bir sıra yeni istiqamətlər özünü göstərməyə başladı. Onlardan ən başlıcası aşıq şeirinin özündə, onun məzmun mahiyyətində, yaradıcılıq ənənələrində və tərənnüm çevrəsində baş verən keyfiyyət dəyişikləri idi.
Onlar təkcə Təbriz aşıq şeirini deyil, ümumilikdə Azərbaycan aşıq şeirini yeni yüksəliş yoluna çıxardı. Onu təriqət dəyərlərinin tərənnümü yönümündən əsaslı şəkildə uzaqlaşlıb peşəkar ifaçılıq istiqamətinə yönəltdi. XVII əsr aşıq şeiri sırf təbiət və insan gözəliklərini tərənnümü ilə əlamətdar oldu. Aşıq dini-islamı və təriqət dəyərlərindən uzaqlaşıb real gözəlliklərin, yüksək mənəvi-əxlaqi görüşlərin tərənnümçüsünə çevrildi. Aşıq poeziyasında ümumilikdə bütün qabaqcıl baxış və görüşlər azad sevgi, insan hüquqsuzluğu, sevgili uğrunda mübarizənin tərənnümü ətrafında cəmləşdi, cəmiyyətin aparıcı dəyərlərini özündə əks etdirdi. Aşıq şeiri, eləcə də müxtəlif məzmunda yaranan məhəbbət dastanları orta əsrlərdə artıq qəhrəmanlıq epik düşüncəsinin həyata keçirdiyi funksiyaları üzərinə götürdü. Cəmiyyətdəki mövcud ədalətsizliklərə, zidiyyət və təzadlara qarşı qılınc qəhrəmanlığını lirik düşüncənin kəsərli sözü, qüdrətli poetik vüsəti əvəz etməyə başladı. Cəmiyyətdəki ədalətsizliklərin bütün sistemini aşıq yaradıcılığı kiçik poetik nümunələrdən tutmuş iri həcmli məhəbbət dastanlarında açıb göstərdi. Orta əsrin milli-məişət həyatından başlamış, ictimai-siyasi əhvalı, idarəçilik, dövlətçilik ənənələri orta əsr aşıq yaradıcılığında özünü göstərməyə başladı. Elə həmin qaynaqlarda idarəçiliyin sökülüb-dağılması, sinfi ziddiyyətlərin kəskinləşməsi, orta əsr azərbaycanlısının həqiqi vəziyyətinin tərənnümü özünü göstərdi. Qabaqcıl baxışlar, ədalətsizliklərlə etiraz, ən nəhayət isə poetik nümunələrdə, xüsusilə dastan yaradıcılığında xalq içərisindən çıxmış lirik təbli sənətkarların, haqq aşiqlərinin idarəçiliyin ayrı-ayrı nüfuzlu adamları ilə qarşılaşdırılmasında xalqın nümayəndəsinə üstünlük verilməsi aşıq yaradıcılığında mühüm keyfiyyət dəyişiklikləri yaratdı.