Güney Azərbaycan milli hərakatının yüksəlişi Güney Azərbaycan

Güney Azərbaycan milli hərakatının yüksəlişi

1-ci yazı

İran Türkiyədən sonra türklərin sayca ən çox məskun olduğu ölkədir. Təxminən 70 milyon əhaliyə sahib olan İranın 35 milyon türk toplumunu əhatə etdiyi təxmin olunmaqdadır. İran türklərini - Azərbaycan türkləri, türkmənlər, xalaçlar, qaşqaylar və qazaxlar təşkil etməkdədir. İran türkləri içərisində Azərbaycan türkləri 30 milyonla ən geniş türk toplulumudur. İran sərhədləri içərisində olan Azərbaycan siyasi ədəbiyyatda Güney Azərbaycan olaraq adlandırılmaqdadır. Güney Azərbaycan ərazisi Quzey Azərbaycan Cümhuriyyəti və Türkiyə sərhəddindən başlayaraq 250,000 km.-lik bir yüzölçümü ilə İranın mərkəzinə qədər uzanmaqdadır. İrandakı azərbaycanlılar (Güney Azərbaycan) sahib olduqları siyasi, (hakimiyyətin sürəkli türklərin əlində olması) sosial-mədəni, iqtisadi, əhali və geopolitik məsələ etibari ilə İrandaki dəyişimlərdə ciddi rol oynayıblar. Çağdaş tarixdə Güney Azərbaycan İran modernləşməsinin təməl daşını təşkil edir. Güney Azərbaycan Osmanlıdan aldığı anayasa, məşrutə və məclis qavramlarının İrana daşıyıcısı olub. Bundan əlavə, Qafqaz ilə həmsərhəd olduğu üçün Rusiyada cərəyan edən sol və sosial-demokrat təmayülün İran içərisinə girməsinə səbəb olub. Bu səbəbdən İranda ilk nəşriyyat, qəzet, modern məktəb, modern ordu və yeni siyasi-sosial təşkilatlar Güney Azərbaycanda ortaya çıxıb.
Güney Azərbaycan məfhumu yaxın zaman içərisində tarixi-siyasi bir məfhum olaraq Türkiyədə istifadə edilməyə başlanıb. Bu ifadənin Türkiyədə siyasi ədəbiyyata girməsi ilə birlikdə İrana yönəlik baxış məsələsi da dəyişməyə başlayıb. "Güney Azərbaycan" məfhumu Türkiyədə fars mərkəzli İran platformasını yıxmış və İranın sadəcə farslardan ibarət olmadığı düşüncəsini doğurub. Bəhs olunun durum İranın etnik, siyasi və mədəni hayatı haqqında yeni yozumların aparılmasını zəruri edib.
İran-ABŞ arasında yaranan gərginlik Güney Azərbaycan problemini yenidən gündəmə gətirib. Bəzı icmalçılar məqsədli şəkildə Güney Azərbaycan məsələsini ABŞ tərəfindən ortaya atılan bir problem olaraq göstərməyə çalışıb. Güney Azərbaycanda cərəyan edən siyasi və ictimai hərəkatı ABŞ-a bağlamaq gerçəkləri ört-basdır etməkdən başqa bir şey deyil. Bu səbəbdən yazımızın məqsədi İranın daxili ölçüləri baxımından Güney Azərbaycan milli hərəkatının yüksəlişini təhlil etməyə çalışmaqdır. Yazımızda ilkə öncə Güney Azərbaycan milli hərəkatınin qısa tarixini anlatdıqdan sonra fars mərkəzli iranlılıq paradiqması, fars mərkəzli paradiqmanın çöküş səbəbləri və Güney Azərbaycan milli hərəkatının yüksəlişi təhlil ediləcək.

Güney Azərbaycan milli hərəkatının qısa tarixi

İranda yaşayan Azərbaycan türkləri XX yüzilin əvvəllərindən etibarən öz Türk milli kimliklərini qorumaq yolunda çeşidli tarixi olayların gerçəkləşməsinə səbəb olub. Bu tarixi olayların ilki İrandaki Məşrutə hərəkatıdır. 1905-ci ildən etibarən Tehranda başlayan Məşrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin şahın Məşrutə fərmanını imzalamasıyla nəticələnib. Bu zamana qədər hadisələrə qarışmayan Azərbaycanda Tehranda Milli Məclisin açıldığı 7 oktyabr 1906-cı il tarixiylə eyni gündə "Azərbaycan Milli Məclisi" açılıb. Milli Məclis adından əndişəyə qapılan Tehran tərəfindən edilən təzyiq nəticəsində bu ad "Azərbaycan Əyaləti Əncüməni" şəklində dəyişsə də, xalq içində "Qudsal Əncümən" olaraq işlədilməyə davam edib. Əncümən bu tarixdən etibarən Azərbaycanı idarə edib və despotizmə qarşı açılan savaşda Azərbaycan xalqına öndərlik edib. 23 iyun 1908-ci ildə Məhəmmədəli şahın hərbi birlikləri Tehranda "Milli Məclisi" bombardman edərək Məşrutəyə ağır zərbə vurdu. Bütün İranda iqtidarı əlinə keçirən mərkəzi hökumət, Azərbaycana ordu göndərmiş, ancaq Səttar xan və Bağır xan öndərliyində ayaqlanan xalq ordunu Təbrizdən çıxarmağa nail olmuşdu. Bunun ardınca Təbriz 11 ay boyunca müqavimət göstərmiş, çoxlu sayda Təbrizli açlıq və xəstəlik nəticəsində ölmüşdü. Ancaq bütün bunlara rəğmən, şəhər təslim olmamışdı. Bu dövrdə Təbrizdə "Azərbaycan Məşrutə Cümhuriyyəti" fikri də önə sürülmüşdü. Çünki Səttar xan o dövrdə mərkəzi hökuməti belə təhdid etmişdi: "Bizim istəyimiz bu zülm və diktatura quruluşuna son qoyulmasıdır. Biz hüquq, hürriyyət və anayasa tələb edirik. Biz Şaha bir pislik gəlməsini istəmirik. Ancaq o (Şah) bizim istədiyimizi bizə verməlidir. Yoxsa cümhuriyyət elan edəcəyik". Məşrutə hərəkatı 16 iyul 1909-cu ildə məşrutəçilərin Tehranı fəthi ilə sona çatmışdı.
Birinci Dünya müharibəsindən sonra İran, ölkə miqyasında çeşidli mərkəzdən qopma hadisələrinə səhnə olmuşdu. Bunlardan ən önəmliləri Xorasan, Gilan və Azərbaycanda baş verən üsyanlar idi. Gənç yaşda olmasına baxmayaraq Məşrutə hərəkatının öndərlərindən sayılan Şeyx Məhəmməd Xiyabani 1918-ci ilin martında Azərbaycan Demokrat Firqəsini və 7 aprel 1920-ci ildə isə "Azadistan dövləti"ni qurmuş və Azərbaycanın müstəqilliyini elan etmişdi. "Milli Hökumət" iş başına gələr-gəlməz islahatlar həyata keçirərək Azərbaycanın demokratikləşmə və modernləşməsini qarşısına məqsəd qoymuşdu. Təəssüf ki, mərkəzi hökumət bu məqsədlərin həyata keçirilməsinə imkan verməmişdi. 1920-ci ilin sentyabr ayında İran hökumətinin göndərdiyi silahlı birliklərlə toqquşan "Milli Hökumət" məğlubiyyətə uğramış, liderləri Xiyabani isə bu toqquşma nəticəsində şəhid olmuşdu. Bu olayın ardından Kəleybər bölgəsində Kiyaminin öndərliyində bir müqavimət hərəkatı başlamış, ancaq bu üsyan da dövlət gücləri tərəfindən yatırılmışdı. 1 fevral 1922-ci ildə Lahutinin liderliyində Təbrizdə başqa bir üsyan gerçəkləşmiş, ancaq bu üsyan da hökumətin göndərdiyi Rza Hanın dəstələri tərəfindən qanlı bir şəkildə məblub edilmişdi.
1925-ci ildə qatı bir fars milliyətçisi olan Rza xan Qacar hakimiyyətinə son verərək Pəhləvi səltənətini qurdu. İfrat mərkəziyyətçi bir siyasət yeridən Rza Şah "İran Milləti" yaratmaq məqsədilə başda Türklər olmaqla bütün fars olmayanlara qarşı sistematik bir assimilyasiya siyasəti yeritməyə başlamışdı. 1930-cu ildə farsça İranın tək rəsmi dili olaraq elan edilmişdi. 1935-ci ildə farsça olmayan (türkçə, ərəbcə və s.) coğrafi və tarixi adlar dəyişdirilməyə başlanmışdı. 1937-ci ildə Azərbaycan əyalətindən geriyə qalan qism iki bölümə ayrılıb. Bu dönəmdə Azərbaycan iqtisadi, siyasi və mədəni baxımdan ciddi bir geriləməyə məruz qalıb.
1945-ci ildə S.C.Pişəvəri başqanlığında, daha öncə Xiyabaninin qurduğu "Azərbaycan Demokrat Firqəsi" təkrar fəaliyyətə başladı. Dekabrın 21-də M.A.Şəbüstəri başqanlığında Təbrizdə qurulan "Milli Məclis" Pişəvərini Azərbaycan Milli Hökuməti başqanlığına seçdi. Milli Hökumət fədailərdən ibarət milli ordu vasitəsiylə Azərbaycanın bütün bölgələrində hegemonluğu ələ keçirərək, bənzəri görünməmiş bir biçimdə köklü islahatlar həyata keçirməyə nail olmuşdu. 1946-cı ildə İran mərkəzi hökuməti Azərbaycan Milli Hökuməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanımış olsa da, eyni il içərisində Pəhləvi-fars dövləti ordusu etnik Azərbaycana hücum etmiş və Azərbaycan Milli Hökumətinə son vermişdi. Azərbaycanın işgalinin ardından minlərcə Azərbaycan türkü ya qətl edilmiş, ya da sürgünə göndərilmişdi.
1979-cu il İslam inqilabından sonra Azərbaycanda yenidən istiqlal hərəkatı başladı. İnqilabın əsas liderlərindən olan azərbaycanlı Ayətullah Şəriətmədari Azərbaycanın muxtariyyəti tələbilə çıxış edərək belə demişdi: "Mənim yerim 17,5 milyon Azərbaycan türklüyünün istinad nöqtəsi olan Təbriz olacaq".
Azərbaycan türklərinin azadlıq iradəsini ortaya qoymaq istəyən Şəriətmədarinin bu mövqeyi xalq tərəfindən dəstəklənmiş, onun liderliyində Müsəlman Xalq Partiyası (Hizbi Xalq Müsəlman) qurulmuşdu. 7 dekabrda mərkəzi hökumət Qum şəhərində yaşayan Şəriətmədarinin evinə basqın təşkil etmiş, o, çətinliklə özünü qurtara bilmişdi. Bunun ardınca Təbrizdə xalqın üçyanı boğulmuş və şəhərin idarəsi ələ keçirilmişdi. Bu çatışmalardan bir nəticə əldə edə bilməyən hökumət çarəni Şəriətmədarini ikna etməkdə bulmuşdu. İslami duyguların ağır gəldiyi bir dönəmdə Azərbaycan milli hərəkatınin qan tökməkdən başqa bir nəticəsi olmayacağını anlayan Ayətullah Şəriətmədari ayaqlanmanın durdurulmasını istəmişdi. Şəriətmədari hərəkatının yatırılması ilə Güney Azərbaycanda milli müqavimət bitməmişdi. 1979-cu ildə İslam İnqilabının gerçəkləşməsindən günümüzə qədər Güney Azərbaycan milli hərəkatı güclənərək davam etmişdi. Güney Azərbaycan milli hərəkatı hazırda İran siyasi hayatında önəmli bir faktor olaraq ortaya çıxmışdı.

Fars mərkəzli iranlılıq paradiqması

İran çeşidli etnik qrupların yaşadığı bir coğrafi-siyasi bölgə olmasına rəğmən, fars kimliyi ilə bərabər tutulan anlam ifadə edir. Fars dili tarix boyu kulturoloji siyasətin həyata keçirildiyi dil olub. Bəhs olunan durum İran kültürü qavramı ilə fars kültürü qavramını bərabər anlamlı tutub. Fars dili mədəniyyət dili olduğu üçün İranda bürokratiya, siyasət və məzhəb dili də olub. İranda şiə məzhəbi bir çox məzhəblə bağlı gördüyü işləri fars dilində icra etdiyi üçün fars məzhəbi olaraq da qəbul edilib. İran siyasətində fars dilinin tarixi hegemonluğu fars kimliyini də hegemon edib. İran, kimlik məsələsində fars mərkəzli bir kimliyə sahib olub.
1924-cü ildən günümüzə qədər İranda "rejim mahiyyəti nə olursa-olsun" fars mərkəzli İranlılıq sistemindən vaz keçməyib. Çünki 1924-cü ildən sonra İranda ulus-dövlət proyekti fars mərkəzli bir İranlılıq sistemi çərçivəsində müəyyənləşdirilib. Fars mərkəzli iranlılıq düşüncəsi həm Pəhləvi (1924-1979), həm İslam Cümhuriyyəti (1979) dönəmində davam edib. Pəhləvi xanədanının (1924-1979) fars mərkəzli iranlılıq kimlik anlayışı şiəliyi dışlayan və əski İranı hədəf alan bir ulus-dövlət proyekti idi. İslamı dışlayan, fars milliyyətçiliyini əsas alan Pəhləvilərin çökməsi ilə əski İranı hədəf alan, İslamı dışlayan və Qərbçi fars milliyyətçiliyi də iflas edib.
1979-cu il inqilabının sonucu İslam Cümhuriyyətinin qurulması olmuşdu. İslam Cümhuriyyəti əski İranı hədəf alan, islamı dışlayan və qərbçi fars milliyyətçiliyinə qarşı çeşidli sahələrdə mücadilə edib. İslam Cümhuriyyəti bu anlayışa sahib fars mərkəzli İranlılıq kimliyini redd etmiş və islam tarixini hədəf alan Qərbi dışlayan və şiəliyi əsas alan yeni bir fars mərkəzli iranlılıq kimliyi sistemini ortaya qoymuşdu. İslam Cümhuriyyəti şiəliyi əsas alan yeni fars mərkəzli iranlılıq kimliyini ortaya atmışdı.



Dr. Yaşar KALAFAT
Arif KƏSKİN