Güney Azərbaycan ədəbiyyatında epik poema  (2-ci yazı) Güney Azərbaycan

Güney Azərbaycan ədəbiyyatında epik poema  (2-ci yazı)

Savalan! Bax havalan, dərdin alan çoxdu mənim tək…

Şair “Sultan Savalan” bölməsinin sonunda Savalan dağı və onun laləzar yamaclarında binələşən, döşünə sığınan qədim tarixə malik Güney Azərbaycan xalqı haqqında bilgi verir və minillər boyunca burada səkkiz yerli tayfanın yaşadığını vurğulayır və 50 tayfanın adını nəzmə çəkir. Bu tayfaların düşərgələri olan 20 yaylağın və 12 bulağın da adlarını poetik sözün verdiyi imkan çərçivəsində ədəbi müstəviyə gətirir. Alabaxta, alaşan, çəyirtkə, durna kimi otuz quşun adını çəkdikdən sonra, elə o sayda da Dərə, Örət, Subaşı, Sakkırçı, Curablı kimi çay və büllur sulu çeşmələrin əlvan boyalarla heyrətamiz mənzərəsi canlandırılır. Savalan dağlar silsiləsidir və burada vulka- nik mənşəli təpələr çoxluq təşkil edir. Güney Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındadır. Zirvəsi daim qarla örtülü olan və Azərbaycanın ən hündür dağı sayılan Savalanın 4811 metr zirvəsində zümrüd gözlü göl yaranıb.
Savalan dağının ətəyində qədim Azərbaycan şəhərləri Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Güneydə isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir. Qərbdən 20, Şərqdən isə 40 km enə malik Savalan dağının ətəkləri sıldırımlı olduğundan çox çətin keçilir, ərazisində dağ-xizək idmanı sahələri, turist bazaları yerləşir, alpinizm üçün əlverişlidir. Müasirlərinin ustad Şəhriyarın “Səhəndim”i ilə qiyaslandırdıqları bu əsərdə M.N.Muğan Güney Azərbaycanın, göylərə kəmənd atan əzəmətli Savalan dağının füsunkar təbiətini vəsf edir. Poemada bədii-poetik təsvir o qədər canlı, cazibədar və orijinaldır ki, əsərlə tanışlıq zamanı oxucu təkrarsız təbiət mənzərələrilə göz-gözə, nəfəs-nəfəsə qalır və özünü əsrarəngiz gözəlliklər diyarında hiss edir. Şair modernistik ifadə tərzini klassik kanonlarla vəhdətdə canlandırmağın ən qabarıq ifadəsini “Sultan Savalan” poemasında sərgiləyir:

Savalan! Bax havalan, dərdin alan çoxdu mənim tək.
Sevirəm dağ-dərövi, bit-birövi canla mənim tək...
Qara, ağlı-Qaradağlı, Qarabağlı vətənim tək,
Ay bütün varlığı göyçək,
Dəli vurğunlara baş çək!

Təzkirəçi şair Yəhya Şeydanın “ehsaslı, səmimi, rəvan təbli, tünd ehsaslı şair, mehriban baxışlı, görəni özünə məftun edən” insan kimi dəyər verdiyi, soy-kökünə, milli kimliyinə, adət-ənənələrinə bütün ruhu ilə bağlı olan Nəhavəndi Muğan “Savalanın ətəklərində məskən salmış elatların adlarını sadalayanda elə ustalıq göstərir və bu adları əlifba sırası ilə elə nizamla düzür ki, doğrusu, bu cür deyim və düzülüş tərzinə heyrətlənməyə bilmirsən.
Məşhur “Səhəndim” əsərinin bədii təsiri aydın duyulan “Göydərə” poemasında Mir Məhəmməd Musuinin də sənətkarlığı oxucunu sevindirir. Poemanın struktur quruluşu sərbəstdir. Fikir ardıcıllığı, vahid süjet xətti əsərin bədii gücünü müəyyənləşdirir, oxucu buradakı mətləbləri başa düşməkdə və mahiyyətini anlamaqda çətinlik çəkmir. “Göydərə” poemasında vətənə məhəbbət, doğma yur¬da sevgi, ata ocağına sədaqət hissləri böyük məhəbbətlə tərənnüm olunub:

Nə şirin xatirələr vardı sənin gur nəfəsində,
Qalmışam səndən uzaq indi qəriblik qəfəsində.
Vətənim, doğma diyarım sənə yüz böylə sözüm var,
Od-ocağında gözüm var,
Sinədə odlu közüm var.
Və yaxud:
Kim deyir səndən uzaq Musuinin xatiri sazdır,
Nəğməsi, sözü gədazdır,
Nə yaza, bil, yenə azdır.

“At muraddır” atalar sözünü “Ağ atım” poemasına preambula seçən Huşəng Cəfəri (1958) "Səhəndiyyə" üslubunda yazdığı əsərində ənənəyə sadiqlik nümayiş etdirir. Atın tarixən Azərbaycan xalqının həyatında nə qədər böyük əhəmiyyət daşıdığını, igidlərin ən yaxın dostu, döyüş meydanlarında köməyi olduğunu bir daha vurğulamaqla türkün həyatının atsız təsəvvür edilmədiyini diqqətə çatdırır. Şair xalqının azadlığa yetməsi üçün Ağ atın kişnəyərək yatmışları oyatmasını, Koroğlu, Qaçaq Nəbi kimi igidlərin atlanıb meydanlara gəlməsini, soydaşlarının murada yetməsinə əngəl törədən keçəl Həmzələri qanına boyayıb özlərini yetirməsini istəyir və vurğulayır ki, əgər qəmli Kərəm istəyirsə ki, Əslisi gəlsin, gərək Ağ atın əfsanəvi qanadlarında zühur eləsin, dağlara vəlvələ, qülqülə salsın, düşmənin sinəsinə çöküb boğazını üzsün, nəslini kəssin. Huşəng Cəfəri Ağ atların Güney xalqının da yolunu aydınlığa sarı istiqamətləndirəcəyinə əminliklə yazır:

Ağ atım, at qədəmin dərya dayazdı.
Dəryanı keçsən əgər şəhər niyazdı.
Orda hər qan ki, töküldü yerə, azadlığı yazdı.
Bəşər azadlığa bazdı!
Ağ atım, at qədəm,
Aydınlığa sarı!

“Dədəmin kitabı” poemasında toxunduğu bütün nüanslarda olduğu kimi, Səhənd “Bəkir oğlu İmran“ boyunda da mənəvi zənginliklərdən, kişilik qüruru və ləyaqətindən söhbət açır. Oğuz elinin iç dünyasından, igidlərin qüdrətindən xəbər verir. Dədə Qorqud dastanında verilən boylarda da bildirildiyi kimi, igidin atı da onun namusu sayılmışdır. Zaman-zaman igidlə bərabər düşmən üzərinə yeriyən dəmir sinəbəndli köhlən atların şəninə çox sözlər deyilib, nəğmələr, mahnılar qoşulub. İgid öz atı ilə öyünər və düşmənlə döyüş zamanı atının sürətindən, qoçaqlığından ilham alardı.
“Ağır illər”, “Əliboş getmə”, “Böyük dərd” və “Babam özü gələcək” poemalarında Kərim Məşrutəçi Sönməzin (1928) mübarizliyi, qətiyyəti, nikbinliyi birbaşa hiss edilən, duyulan poetik xüsusiyyətlər kimi dərk olunur. Bu əsərlər xitab-poema və poema-monoloqdur. “Babam özü gələcəkdir” xalq şairi Balaş Azəroğluya, “Əliboş getmə” poeması isə siyasi mühacir, vətəndən didərgin düşən Musəviyə müraciətlə yazılıb. Bu poemalarda poeziyanın vətəndaşlıq qayələri, sənətkarın ictimai-siyasi fəallığı, elin-obanın taleyinə cavabdehlik duyğusu daha qabarıq nəzərə çarpır. Elə bu baxımdan da publisistik məqamlarla poetik ricət və monoloqlar qovuşur, çarpazlaşır, bir məcraya düşür. Müəllifin və ya lirik “mən”in azadlıq hərəkatı ilə bağlı fikir və qənaətləri dolğun bədii ifadəsini tapır:

Ümidim haqdır, haqlıdır yolum,
El kimi sarsılmaz bir dayağım var.
Mənim bu qaranlıq, yorğun gecədə
Məhəbbət ünvanlı şəm-çırağım var.

K.M.Sönməzin “Əliboş getmə” poeması da şairin hiss və duyğuları vasitəsilə özünü oxucu idrakına sığdıra bilir. Poemada hadisə müstəbid Şah rejiminin ağır sıxıntılarından can qaçırıb, mühacirət etməyə məcbur olan bir soydaşımızın inqilabdan sonra Güneya qayıtması və həmin an şairlə görüşməsi kontekstində cərəyan edir. Şair öz düşüncələrini həmin şəxsə ünvanlamaqla, cəmiyyətlər üçün vacib olan həyati qavramları, reallıqları ədəbi-bədii qanunauyğunluqlar çərçivəsində sistemləşdirir. Şair əsər boyu xatirələr qoynunda pərvaz edir, xəyali hisslərə qapılır. Burada hisslər o qədər aydın və güclüdür ki, oxucu şairin səmimiyyətinə inanmaya bilmir. Poemada əsas səciyyəvi xüsusiyyət xalqların müqəddəratının öz əllərində olmaması faktının qabardılmasıdır. Şair bu faktı öz duyğu və düşüncələrinə bükərək bir qədər pərdəli şəkildə göstərir. Təbii ki, K.M.Sönməz tərənnüm və təsvirlər vasitəsilə qələmə aldığı əsərlərdəki dərin mətləbləri təkcə oxucuya ərz etməklə kifayətlənmir, eyni zamanda təfəkkürünün işığında mövcud rejimi, quruluşu da hədəfə alır. Şair “qaranlıq gecədə” azmayacağına, yolunu çaşmayacağına əmindir. Çünki əməlində haqlı olduğuna inanır.
Hər üç poemadan belə bir nəticə hasil olur ki, bizim Səttarxan hərəkatına, 1940-cı illərdəki milli azadlıq hərəkatına və son dövr İran həyatında cərəyan edən hadisələrə də münasibətimiz büsbütün yeniləşməlidir, tarixin sərt dönəmlərində bizi yanlışlığa yönəldən böyük səhvlərimizi başa düşüb onlardan ibrət dərsi almalıyıq.
“Əliboş getmə!” poemasına yazdığı başlıq 1946-cı ilin burulğanlı, tuthatut vaxtlarında Vətənin Quzeyinə pənah gətirən can, qan qardaşının da bu hissləri eyni dərəcədə yaşadığının kədərli təsdiqidir: “34 il bundan əvvəl müstəbid Şah rejiminin ağır sıxıntıları altından can qaçırdıb mühacirətə məcbur olan vətəndaşlarımızın biri inqilabdan sonra Güneyə qayıdan vaxt mənlə görüşdü. O, öz ailəsini görmək üçün Bakıya dönəndə onu bütün vətəndaşların simvolu kimi müxatəb qərar verərək bu şeri ona ithaf edirəm”. Sönməzin yaşadığı rejim təkcə onun yox, neçə-neçə şairin, elm adamının, sənətkarın, bir sözlə, bütöv bir xalqın ruhunu, duyğu və düşüncəsini buxovlayır, əməyini istismar edir, talelərinin, ömür yollarının rəzalət və məhrumiyyətlərlə üzləşməsinə səbəb olurdu. O, xalqın dilinə, ruhuna, yaddaşına qənim kəsilən istismarçıları cəsarətlə tənqid edir və bu durumdan çıxış yolları axtarırdı. Sönməz üzünü dostuna tutaraq deyirdi:

Qardaşım Musəvi, ey sadiq insan!
Nisgilin yandırır ürəyimizi...
Bir könlün bu tayda, biri o tayda,
Dibərdi dağılsın ayıran bizi!
Diktator şahların qanlı əliylə
Yeddi qat istismar çürütdü bizi.
Qoymadı bir azad nəfəs alsın el,
Qurşun tək qaynadıb əritdi bizi.

Fars şovinizminin və sovet ideologiyasının meydan suladığı, insan ruhunun əsarətdə qaldığı bir vaxtda o taylı-bu taylı xalqın həsrətini qələmə alması bir şair kimi onun sözünə və milli ruha sədaqətindən, yaralı Azərbaycanın sarsılmaz ruhundan xəbər verir. Sönməzin toxunduğu bütün məqamlar yaşadığı dövrdə hakim rejimin simasını əks etdirir. Xalqın içindən çıxıb ona qənim kəsilən siyasətbazların, əllərində çürük qanunları dəstəvuz edən oyunbazların mahiyyətcə boş və mənasız iddialarını həyata keçirmək cəhdlərini açıqlayır. Şair bu əlamətlərin təkcə heysiyyəti tapdalanan insan faciəsindən yan keçmədiyini deyil, həm də ədalətsiz rejimin bütün qanunlarının insan haqlarını pozmağa, hüquqlarını tanımamağa yönləndirildiyini ən dözülməz və bağışlanmaz hal sayır. Bu dözülməz halın sonadək davam etməyəcəyini, bu mənfur əməllərin tezliklə iflasa uğrayacağını bilir. Haqqın dərgahına sığınır, “Ümidim haqqadır, el birliyinə, el məhəbbətinədir”, deyir. İctimai məzmun daşıyan maraqlı mövzusu və yüksək poetik məziyyətlərilə oxucunun ruhuna güclü təsir göstərən “Mən ana deyəndə” poemasında da şairin milli ideala, ənənəyə sadiqliyi yansıyır. Yurdunu doğma anasıtək sevən Sönməz bu müqəddəs varlıqla Azərbaycanı - Təbrizi eyniləşdirir:

Mən: - Ana! - deyəndə, təbiət gülür,
Tumurcuq çırtlayır, yaz çiçəklənir.
Mən: - Ana! - deyəndə, qaynayır qanım,
Ürəyim söyüd tək tir-tir titrəyir.

Göründüyü kimi, M.C.Cəfərovun təbirincə desək, poemada birinci növbədə, konkret həyat hadisələrinin və insan taleyinin epik təsvirləri, tipik xarakter yaratmaq, monumentallıq, kompozisiya bütövlüyü tələb olunur. Poemada təsvir olunan hadisə və insan fəaliyyətinin əvvəli, axırı olmalıdır. Belə poemalarda lirika, lirik ricətlər isə ancaq hadisələrin mahiyyətinin, ictimai-siyasi, əxlaqi mövzunun açılmasına xidmət edən bir vasitə olur. Başqa sözlə, poemada epik təsvir əsas götürülür. Lirika, lirik haşiyələr köməkçi vasitə rolunu oynayır...

Esmira Fuad
filologiya üzrə elmlər doktoru