21 Azərə gedən yol Güney Azərbaycan

21 Azərə gedən yol

Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)

4-cü yazı

M.Firuği Rza şahdan tac-taxtdan oğlunun xeyrinə əl çəkmək ərizəsini aldıqdan sonra ona Tehranı tezliklə tərk etməyi məsləhət gördü. Rza şah əvvəlcə iki arvadını (Tacəlmülk və İsmət Dövlət Şahi xanım), 10 övladını, gəlinini, nəvəsini və iki kürəkənini saray naziri Mahmud Cəm vasitəsilə İsfahana yola salır. Bir neçə gün sonra Rza şah özü də bir neçə nəfər mühafizəçisinin müşayiəti ilə İsfahana yollanır. İngiltərənin İsfahandakı konsulluğunun «məsləhəti» ilə şah 1941-ci il sentyabrın 27-də onun üçün təhlükəsiz olan Afrikanın Moris adasına göndərilir və 1944-cü ilin payızına qədər burada yaşayır və 1944-cü ilin sentyabrında orada da ölür. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Rza şah ölkəni böyük sərvət sahibi kimi tərk etmişdi. Rza şah hakimiyyətdən düşən kimi onun 20 il müddətində (1921-1940) qarət və zorakılıqla əldə etdiyi külli miqdarda sərvət, cavahirat, pul haqqında bəhs açıldı. Məclis deputatı Möid Əhmədinin İran məclisindəki çıxışından aydın olur ki, Rza şah müntəzəm olaraq xarici banklara o vaxtkı pul vahidi ilə hər il 60 milyon tümən (25 milyon dollar) pul köçürürmüş. Üst-üstə o, 2167 kəndə sahib çıxmışdı.
Vaxtilə yoxsul bir kazak zabiti olmuş Rza şah hakimiyyətdən salınarkən İranın ən varlı adamı kimi külli miqdar sərvəti övladlarına miras qoyub getmişdi.
Sentyabrın 28-də təşkil olunmuş XII Məclisdə Rza şahın oğlunun xeyrinə hakimiyyətdən əl çəkməsi haqqında 16 sentyabrda yazdığı ərizə oxundu, 22 yaşlı Məhəmmədrza ölkənin yeni şahı elan edildi. Bununla birlikdə Məclis müttəfiq qoşunlarının Tehrana buraxılması, İrandakı bütün alman təbəələrinin ölkədən çıxarılması, İranın quru, su və hava yollarının müttəfiqlərin sərəncamında qoyulması haqqında razılıq verdi.
1320-ci ilin Şəhrivər ayı (1941-ci il 23 avqust - 23 sentyabr) bu dövr üçün çox təlatümlü, əlamətdar və gərgin ay olmuşdu: İran ərazisi müttəfiqlər tərəfindən işğal olunmuş, şah qaçmış, yeni baş nazir və yeni şah hakimiyyətə gəlmiş, zindan qapıları açıldığından mütərəqqi şəxsiyyətlər yenidən mübarizə meydanına qayıtmış, müxtəlif əqidəli və müxtəlif yönlü yeni siyasi cəmiyyət və təşkilatlar, mətbuat fəaliyyətə başlamış və s. - bütün bunların fonunda Rza şahın qanlı diktaturası yıxılsa da, onun yerində oğlu Məhəmmədrzanın şəxsində zülmkar səltənəti tədricən bərpa olunmağa başlamışdı.
Beləliklə, İkinci dünya müharibəsi ərəfəsində və müharibənin ilk illərində siyasi, sosial-iqtisadi ziddiyyətlərin çoxluğu və mürəkkəbliyi cəhətdən Güney Azərbaycan İran məkanında ən qaynar nöqtələrdən idi. Rza şah rejiminin amansızlığına əlavə olunmuş milli zülm böyük tarixə və zəngin keçmişə malik olan bir xalqın - Azərbaycan türklərinin bir millət kimi «əridilməsi» cəhdi bu ərazidə yaşayanların mövcud rejim əleyhinə və onun yerlərdəki dövlət strukturlarına qarşı nifrət və barışmaz əhvali-ruhiyyə yaratmışdı. Buna görə də mütəffiq qoşunların İran ərazisinə keçməsi ilə bağlı siyasi ab-havada qismən yumuşaqlığın əmələ gəlməsindən istifadə edən milli qüvvələr dirçəlməyə və açıq mübarizə meydanına atılmağa imkan tapdılar. Bu özünu hər şeydən əvvəl müxtəlif siyasi cəmiyyətlərin, birliklərin və partiyaların yaranmasında və kütləni ümümxalq mübarizəsinə qoşmaq cəhdində bir daha aydın göstərdi.

40-cı illərin əvvəllərində Güney Azərbaycanda siyasi durum

Rza şahın hakimiyyətdə olduğu illərdə (1925-1941) ölkədə hökm sürən amansız diktatura üsuli-idarəsi əleyhinə olan bütün siyasi qüvvələr müxtəlif yollarla və bəhanələrlə məhv edilib sıradan çıxarılırdı. 30-cu illərdə əhalisi 15 milyon nəfər olan İranda qeyri-fars xalqlara qarşı daha artıq zülm olunurdu. Onların milli varlığı, dili, mədəniyyəti Rza şahın himayəsində olan şovinizmin təzyiq və zorakılığı qarşısında alçaldılır və təhqirlərə məruz qalırdı. Şeyx Məhəmməd Xiyabani hərəkatından (1920) sonrakı illərdə Güney Azərbaycanda milli-demokratik məramlı heç bir siyasi təşkilatın fəaliyyətinə imkan verilməmişdi. Millətin azadlığını istəyən vətənpərvərlər təqib olunub pərən-pərən salınmışdı.
Rza şah kimi qəddar tiranın hakimiyyətdən salınması, rejimin müvəqqəti də olsa yumşalması ölkədəki siyasi ab-havanı müəyyən qədər dəyişdi. Belə bir vəziyyətdə ümümiran miqyasında müxtəlif məramlı cəmiyyətlərin və təşkilatların yaranmasına və fəaliyyətinə şərait yarandı. Rza şah hakimiyyətinin devrilməsi ilə əlaqədar zindanlara atılmış, sürgünlərə göndərilmiş və ya təqiblərə məruz qalmış çoxlu vətənpərvərlərin, savadlı ziyalıların, təcrübəli peşəkər siyasi xadimlərin azadlığa çıxması və onların yenidən siyasi mübarizə meydanına gəlməsi ölkədə ümüm-xalq hərəkatının canlanmasına və dirçəlişinə kömək etmiş oldu.
40-cı illərin əvvəllərində Güney Azərbaycanda yaranan ilk təşkilatlardan biri Azərbaycan Zəhmətkeşlər Təşkilatı idi. 1942-ci ilin yanvarında yaradılmış bu təşkilatın üzvləri, əsasən, xalqın yoxsul və imkansız zümrələrindən, keçmiş rejimin zorakılığından əzab çəkmiş insanlardan ibarət idi. Təşkilatın rəhbərliyi xalqın azadlıq mübarizəsinə sədaqəti ilə seçilən əqidəli və imanlı şəxslər olmuşdu. AZT özünün mübarizə proqramında xalqın güzaranını yaxşılaşdırmaq, zorakılığa və istismara son qoymaq tələbi ilə yanaşı, əyalət əncümənlərinin bərpa edilməsini, mədəni muxtariyyət verilməsini, faşistpərəst qüvvələrin cilovlanmasını da tələb edir və bunun uğrunda mübarizə aparırdı.
Təşkilat üzvlərinin əksəriyyəti iri sahibkarların, feodal və varlı mülkədarların, vəzifə və mənsəb sahiblərinin zülmünə, haqsızlığına, özbaşınalığına məruz qalmış adamlar idi. Təşkilat milli zəmində yarandığından və sıraları Azərbaycanda yaşayan insanlardan ibarət olduğundan o, az müddət içərisində məşhurlaşdı və özünə xeyli tərəfdar topladı. Təşkilatın təkcə Təbriz şəhərində üzvlərinin sayı 10 min nəfərdən çox idi. Təşkilata rəhbərlik edən İsrafil Qadiri, Hüseyn Rizvan, Əhməd İslami, M.M.Çavuşi, S.Hacızadə və başqaları xalq içərisindən çıxmış zəhmətkeş nümayəndələri idi. Onlar 21 Azər hərəkatında da öz mübarizlikləri ilə seçilmişdilər. Azərbaycan Zəhmətkeşlər Partiyasının Təbrizin və Azərbaycanın digər iri şəhərlərində fəaliyyət göstərən çoxsaylı klublarının kütlələrin siyasi oyanışında və mübarizəyə qoşulmasında önəmli fəaliyyəti olsa da, o, geniş kütləni, xüsusən Azərbaycan əhalisinin böyük çoxluğunu təşkil edən kəndliləri ayağa qaldırmaq və mübarizəyə səfərbər etmək səviyyəsinə qalxa bilməmişdi. Bu işdə Cəmiyyətin rəhbərliyinə soxulmuş dönüklər az rol oynamamışdılar. Başqa bir səbəb də təşkilatın təmsil etdiyi kütlələrdə siyasi oyanma və tərpənişin zəif olması, siyasi mühitdəki mürəkkəblik idi. «Təşkilat rəhbərləri arasında xalqa rəhbərlik edə bilən təcrübəli adamlar nəzərə çarpmırdı». Buna baxmayaraq, Azərbaycan Zəhmətkeşlər Təşkilatının fəaliyyəti və onun yoxsul kütlələr içərisində getdikcə daha çox nüfuz qazanmağa başlaması irticaçı qüvvələri və onların yerli məmurlarını narahat etməyə başladı. Onlar təşkilatın fəaliyyətinə mane olmaq üçün müxtəlif hiylə və zorakılığa əl atdılar. Öz pozucu qüvvələrini hiyləgərcəsinə təşkilatın içərisinə yeritdilər və hətta bəzi yerlərdə onlar təşkilatın rəhbərliyinə soxula bildilər. Təşkilatın başqa bir qolunda isə solçu şüarlar irəli sürülür və təşkilatın adından ara-sıra varlı adamlara qarşı zorakılıq tətbiq edilir, talançılığa və soyğunçuluğa da əl atılırdı. Təşkilatın sıralarına soxulmuş xain ünsürlərin əli ilə törədilən bu işlərin hamısı Zəhmətkeşlər Təşkilatının adına çıxılır və təşkilat kütlə içərisində bədnam edilirdi. Bu vəziyyətdən məharətlə istifadə edən Təbriz jandarm idarəsinin rəisi Canpolad bəhanələrlə Azərbaycan Zəhmətkeşlər Təşkilatı fəallarını, o cümlədən İsrafil Qadirini, Səlim Hacızadəni və onların yoldaşlarını həbs etdirir. Başsız qalan təşkilat irtica qüvvələrinin təzyiq və təqiblərinə tab gətirə bilməyib 1942-ci ilin payızında özünün müstəqil fəaliyyətini dayandırmalı oldu. Təşkilatın fəalları və bir çox üzvləri antifaşist və demokratik qüvvələrin daxil olduğu «Azadlıq Cəbhəsi»ndə öz fəaliyyətini davam etdirdilər.
Həmin ərəfədə Güney Azərbaycanda yaranan təşkilatlardan biri də «Azərbaycan Cəmiyyəti» idi. Bu cəmiyyət Zəhmətkeşlər Təşkilatı ilə demək olar ki, eyni vaxtda (1941-ci ilin sonu 1942-ci ilin əvvəli yaranmışdı. Əgər Azərbaycan Zəhmətkeşlər Təşkilatı sıralarında əsas etibari ilə yoxsullar, savadsız və imkansızlar toplanmışdılarsa, «Azərbaycan Cəmiyyəti»ndə və onun rəhbərliyində ilk əvvəl ziyalılar, ortabab adamlar cəmlənmişdi ki, bu işdə Təbrizdəki milli ruhlu ziyalıların (M.Ə.Şəbüstəri, İsmayıl Şəms, Əli Maşınçı, Cəfər Əxkəri, M.M.Çavuşi, Hilal Nasiri, H.Rizvan, A.Rəhimi və başqaları) əməyi böyük olmuşdu. Azərbaycan Zəhmətkeşlər Təşkilatı kimi «Azərbaycan Cəmiyyəti» də zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq və hüquqlarını bərpa etməklə yanaşı, Azərbaycançılığı, milliliyi əsas hədəf götürmüşdülər. Bu işdə cəmiyyətin orqanı olan «Azərbaycan» qəzeti (qəzet Azərbaycan və farsca çıxırdı) mühüm rol oynamış, qəzetdə çap olunan müxtəlif xarakterli və janrlı yazılarda azər- baycançılıq ideyası yetərincə qabardılmışdı. Cəmi 40 nömrəsi çap olunmuş «Azərbaycan» millətin oyanmasında və mübarizəyə səfərbərliyində mühüm rol oynamışdı.
«Azərbaycan Cəmiyyəti» 40-cı illərin əvvəllərində Güney Azərbaycandakı milli zülm və zorakılığa qarşı səsini qaldıran ilk təşkilatlardan idi. «Azərbaycan Cəmiyyəti»ndən əvvəl yaradılmış «Partizan» klubları həddindən çox radikal və vaxtı yetişməmiş şüarlarla fəaliyyətə başladığından, kütləni arxasınca apara bilmədi və çox yaşamadı (cəmi 2-3 ay). «Partizan» klublarına yol tapmış mürtəce Sərtipzadə dəstəsinin ifşa olunacağından qorxan dövlət məmurları və yerli irtica «Partizan» klublarının tez ləğvinə kömək etdi. Partizan klublarından fərqli olaraq «Azərbaycan Cəmiyyəti» az müddətdə daha geniş kütləni, xüsusən ziyalıları və bazar əhlini öz ətrafına toplaya bildi. Cəmiyyətin təşkilatı Təbrizdə daha güclü idi. Dövlətin razılığını almadan təşkilatın təşəbbüsü ilə Təbrizdə bir sıra yerlərin tarixi adları bərpa edilmiş, xiyaban və küçələrin adları Azərbaycan milli qəhrəmanlarının və tarixi şəxsiyyətlərin adına verilmişdi. İstər «Azərbaycan Cəmiyyəti» rəhbərlərinin və istərsə də cəmiyyətin orqanı «Azərbaycan»da milli məsələnin qoyuluşu, Azərbaycana qarşı Pəhləvi hakimiyyətinin etdiyi zülm və ayrı-seçkilik siyasəti ifşa edilir, kütlə bu ruhda mübarizəyə köklənirdi. Azərbaycan Zəhmətkeşlər Təşkilatından və «Partizan» klublarından fərqli olaraq «Azərbaycan Cəmiyyəti» mübarizə taktikasında mötədilliyə, maarifçiliyə üstünlük verirdi. Cəmiyyətin yerlərdəki təşkilatları Təbrizdəkinə nisbət zəif idi. Bunun da səbəbi mərkəzə nisbətən bölgələrdə işin zəif təşkil olunması idi. Cəmiyyət bölgələrə nisbətən Təbrizdə daha çox milli ruhlu ziyalıları və kütləni öz sıralarına cəlb etməyə səy göstərmişdi.

Əkrəm Rəhimli - Bije