21 Azərə gedən yol - 6-cı yazı  Güney Azərbaycan

21 Azərə gedən yol - 6-cı yazı 

Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)

Təbrizdə mərkəzi dövləti təmsil edən Vali Fəhimini 1943-cü ilin dekabrında ondan daha təcrübəli hərbçi Müqəddəm əvəz etdi. Yusif İftixar onunla ilk gündən dil tapdı və onunla əlaqə yaradıb «fəaliyyətə» başladı. Yusif İftixar savad cəhətdən Xəlildən geri qalsa da, təbliğat və şüarçılıqda çox dilmanc bir adam olmuşdu. O, Azərbaycanda 10 min nəfərdən çox üzvü olan həmkarlar təşkilatında geniş təbliğat və cəlbedici şüarlarla təkcə fəhlələri deyil, ziyalıları da birliyə cəlb etməyə başladı. Vali Müqəddəm və mürtəcelikdə ad çıxarmış Sərtibzadə ilə gizlində sıx əlaqə saxlayan və onlardan məsləhətlər alan İftixar özünü zahirdə müstəqil adam kimi tanıtdırmağa çalışırdı. O, İran Xalq Partiyasından və Azərbaycandakı digər təşkilatlardan uzaqda dayanır və yeri gəldikdə onlara qarşı şantajlar edib, avantürist fikirlər yaymaqdan çəkinmirdi. Belə bir dövrdə İran Məclisinə (14-cü məclisə) seçki kampaniyası başlandı. Ordu başçısı olmuş Müqəddəm və Sərtibzadə deputatları qeydə alan komissiyaya başçılıq etdiklərindən deputatlığa namizədlərin çoxundan külli miqdarda rüşvət almaları həmin dövrün mətbuatı səhifələrində qeyd olunur. Yusif İftixar da Məclisə deputat seçilməyə can atırdı. Müqəddəm və Sərtibzadəyə yetərincə rüşvət vermədiyindən onun namizədliyinin qeydə alınmasına imkan verilmədi. Bu hadisə Yusif İftixarla Müqəddəm - Sərtibzadə arasında ciddi narazılıq yaratdı. Belə olan təqdirdə Yusif İftixar fəhlələri maddi vəziyyətlərini yaxşılaşdırmaq və hüquqlarını qorumaq uğrunda nümayişə çıxarda bildi. Yusif İftixara inanıb nümayişə çıxan fəhlələrə atəş açıldı, nümayişçilərdən ölən və yaralananlar oldu. Təbrizdəki hadisələr mərkəzi dövləti təşvişə saldığından, Yusif İftixar da Xəlil İnqilab kimi həmkarlar təşkilatı rəhbərliyindən uzaqlaşdırılıb Tehrana aparıldı.
Tudə partiyasının Təbrizdəki rəhbərləri (Əmirxizi və Ardaşes Avonesyan) fəaliyyətdə olan Həmkarlar İttifaqına yol tapıb onu təmsil etdikləri partiyanın təsir dairəsinə sala bilmədikləri məqamda, tudəçi Israfil Qadiri, Kazım Haşımniya, Abasəli Znuzi və bu kimi milli qüvvələrə arxalanan həmkarlar ittifaqı fəalları vasitəsi ilə Azərbaycanda müstəqil həmkarlar ittifaqı yaratmağa cəhd etmişdilər. Xəlil İnqilab, Yusif İftixar və onların istinad etdiyi qüvvələr bu cəhdi tam pozmağa nail ola bilmədilər.
1944-ci ilin may ayınadək İranda, o cümlədən Güney Azərbaycanda həmkarlar hərəkatı demək olar ki, parçalanmış halda idi. Dövlətin, Seyid Ziya və Sərtibzadə kimi mürtəce qüvvələrin başçılıq etdiyi dəstə həmkarlar hərəkatına parçalanma salmaqda və onu radikal addımlardan uzaqlaşdırmaqda «ştrixbeyeir»çilərilərdən: Y.İftixardan, Xəlil İnqilabdan və başqalarından istifadə etmişlər. Mürtəce qüvvələrin əli ilə yaradılmış «həmkarlar təşkilatı» başçılarının və muzdlu fəalların hər cəhətdən ifşa olunması (bu işdə mütərəqqi mətbuatın müstəsna rolu olmuşdur) zəhmətkeşlərin mənafeyinin həqiqi müdafiəçisi olan vahid və monolit təşkilatın yaranmasını sürətləndirirdi. Nəticədə sahə həmkarlar təşkilatının bir mərkəzdə birləşməsi nəticəsində 1944-cü ilin iyun ayında «İran Həmkarlar Təşkilatı Birləşmiş Mərkəzi Şurası» yaradıldı. Bundan az sonra 1944-cü ilin avqust ayında Təbrizdə bütün sahə həmkarlar təşkilatları bir təşkilatda - Azərbaycan fəhlə və Zəhmətkeşləri Həmkarlar ittifaqı Şurasında birləşdilər. Kazım Haşımniya, İsrafil Qadiri, Abbasəli Znuzi, Hüseyn Ciddi, Qulam Adəmpəra, M.Çavuşi, Qulam Babai və başqaları Azərbaycan həmkarlar təşkilatının yaranmasında və müsbət yöndə istiqamətləndirilməsində önəmli rol oynamışdılar.
«...Etiraf etmək lazımdır ki, Azərbaycan fəhlə və zəhmətkeşlər ittihadiyyəsi (birliyi - müəl.) istər milli nehzət (21 Azər nəzərdə tutulur) zamanı, istərsə də Nehzətdən qabaq, həmişə azadxah dəstələrin qabağında gedən cəmiyyyət olub və xüsusən milli nehzət zamanı Azərbaycan Demokrat Firqəsinin möhkəm arxası olmuşlar».
Azərbaycan Demokrat Firqəsi yarananadək Azərbaycanda fəaliyyət göstərmiş mütərəqqi siyasi partiya və cəmiyyətlər haqqında danışarkən S.C.Pişəvəri onları 40-cı illərdəki «Azərbaycandakı milli hərəkatın pionerləri» adlandırmış və qeyd etmişdi ki, bu təşkilatlar çox tez aradan getsələr də, kütlələrin oyanmasında, ictimai, siyasi məsələlərə cəlb olunması işində önəmli rol oynamışlar.
Müttəfiq qoşunlarının İrana daxil olmasından sonra «ölkədə Şərq və Qərb tərəfdarları olan partiyalar yarandı. İngiltərəyə arxalanan qüvvələr barikadanın bir tərəfində, Sovet İttifaqına arxalananlar isə barikadanın digər tərəfində mövqe tutmuşlar». Sovet qütbünə söykənən siyasi təşkilatlardan əvvəlincisi 1941-ci il sentyabrın 19-da yaradılan İran Xalq Partiyası (Hizbe Tudeye İran) idi. Partiyanın yaradılmasında məşhur «53-lər» və «Qəsre-Qacar» zindanından azad olmuş siyasi xadimlərin bir çoxu önəmli rol oynamışlar. Partiyanın ilk yaradıcı heyətinə Süleyman Mirzə İsgəndəri, doktor Firidun Kəşavərz, İyrəlc İsgəndəri, Rza Rusta, Əbülhüseyn Nuşin, Məhəmməd Yəzdi, Əli Əmirxizi, sonralar isə Nürəddin Keyannuri, Əhməd Qasimi, Tağı Fədakar və b. daxil idilər. S.C.Pişəvəri, Tağı Şahin, Məmi Nünəkərani (Dehqani), Salamülla Cavid, Sadıq Padiqan, C.Kavian, M.Çeşmazər, Mirzəli Şəbüstəri, Firidun İbrahimi, Mirrəhim Vilai, Qüdrət Şəms və digər azərbaycanlı siyasi xadimlər İXP-nin yaradılmasında və onun fəaliyyətinin ilk dövründə fədakarlıqla iştirak ediblər. İXP müvəqqəti proqramında (1941) və I qurultay tərəfindən (1944) qəbul edilmiş məramnaməsində İranda yaşayan qeyri-fars xalqların muxtariyyəti, milli hüquqları və insan haqlarının «proletar beynəlmiləlçiliyi» şüarı kölgəsində qoyulması digər regionlardakı azlıqların nümayəndələri kimi, azərbaycanlı siyasi fəalların bir çoxunu, o cümlədən sonra Azərbaycan Milli Hökumətinə rəhbərlik etmiş adamları da incik saldı və onların İXP-nin rəhbərliyindən uzaqlaşmasına gətirib çıxartdı. Tudə partiyasının Azərbaycandakı təşkilatına Azərbaycan muxtariyyəti əleyhinə olan adamların rəhbər göndərilməsi mövcud narazılığı daha da artırmış oldu. İXP Azərbaycanda öz təşkilatlarını yaradanadək, yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda milli yönlü mütərəqqi siyasi təşkilatlar və cəmiyyətlər fəaliyyət göstərirdi.
Ü.İsgəndəri, M.Yəzdi və F.Kəşavərz Qəvam hökumətində (1946) nazir postunda olmuşlar. Güney Azərbaycanda İXP-nin ilk təşkilatları 1941-ci ilin payızında Təbriz komitəsinin yaradılması ilə başlanmışdı. 1942-ci il ərzində Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Ərbədil, Urmiya, Xoy, Mərənd, Salmas, Sərab, Marağa, Zəngan, Astara, Miyana, Əhər və s. bölgələrdə İXP təşkilatları yaradılmışdı. 1943-cü ilin əvvəlindən Azərbaycanın bütün ərazisində İXP-nin özəkləri xalq kütləsini mübarizəyə qoşa bilmişdi.
İXP-nin Azərbaycandakı əyalət təşkilatı fəaliyyətə başlayan gündən Tehran və yerli irticanın hədəfinə tuş gəldi. Azərbaycanda mərkəzi dövlətin valisi Fəhmi bu hücumların təşkilatçısı və başçısı olmuşdu. Onun fitvası ilə İXP-nin Azərbaycanın bir neçə şəhər və rayonunda olan təşkilatlarına hücumlar təşkil edilərək şovinist məfkurəli şahpərəst təşkilat və cəmiyyətlər yaradılmışdı. Cəmşid İsfəndiyari, Nəsrulla Yurdçu kimi qatı irticaçılar Ərdəbildə, Əmir Cəfəri və Mənsur Aslanı qardaşları Meşgində, polis zabiti Nadiri Culfa və Ələmdarda İXP-yə üzv olduqlarına görə kəndlərdə qətl və qarətlər yaratmaqdan çəkinmədilər. Ərdəbildə Seyid Əhməd Mirxas mərkəzi dövlət tərəfindən ona görə pul ilə mükafatlandırıldı ki, o, İXP-yə üzv olmuş fəalların evinə od vurdurmuş və hər cür zorakılıqdan və cəza verməkdən çəkinməmişdi. Şah ordusunun başçılarından olan general Ərfə Təbrizdəki 3-cü Ordunun başçısı Ələkbər Derəxşaniyə xüsusi məktubla müraciət edib Seyid Əhmədə lazımi köməklik göstərmək haqda ona göstəriş vermişdi.
İrticanın hücumlarına, təqib və zorakılıqlarına baxmayaraq 1941-ci ilin sonunda İXP Təbriz təşkilatının I Konfransı 12 nəfərdən ibarət Təbriz şəhər Komitəsini seçdi. Komitəyə Azərbaycan əyalət konfransına qədər partiya işinə rəhbərlik etmək tapşırıldı. Az müddət içərisində İXP-nin Azərbaycan təşkilatı partiyanın nüfuzlu mərkəzlərindən birinə çevrildi. İXP-nin ilk rəhbər nümayəndəsi Təbrizə gələnə qədər artıq burada «Tudeye- Azərbaycan» adlı təşkilat yaranmışdı. İXP Təbriz təşkilatı yaranan zaman «Tudeye-Azərbaycan»ın üzvləri avtomatik olaraq İXP sıralarına daxil oldular.
Partiyanın Azərbaycandakı digər özəklərindən fərqli olaraq Təbriz təşkilatına pozuculuq məqsədilə Sərtibzadənin adamları da üzv olmuş, hətta onlar vilayət komitəsindəki rəhbərliyə də soxula bilmişdilər. Sərtibzadə Azərbaycandakı milli azadlıq hərəkatını ləkələmək və onun xaricdən istiqamətləndirildiyini göstərmək məqsədi ilə 1942-ci ilin əvvəllərində «Partizan təşkilatı» adı altında Güney Azərbaycanın bir neçə bölgəsində (Qaradağ, Mərənd, Culfa və s.) dövlət əleyhinə silahlı qiyam törətmək niyyətində olmuşdu. O, Azərbaycandakı qiyamı ilə burada Sovet üsuli-idarəsi yaratmağa, qırmızı bayraq qaldırmağa və bununla da Cənubi Azərbaycandakı xalq hərəkatı əleyhinə böyük bir fitnəkarlıq törətməyə cəhd etmiş, lakin onun bu cəhdi demokratik qüvvələrin sayıqlığı nəticəsində baş tutmamışdı. 1942-ci ilin sonu və 1943-cü ilin əvvəllərində Təbriz təşkilatında aparılan yoxlama və təmizləmə nəticəsində «Sərtibzadələr» partiya sıralarından kənar edildi.
1943-cü ilin payızından başlayaraq İran məclisinə 14-cü çağırış seçki kampaniyası başlandı. Mərkəzin və yerlərdəki irtica qüvvələrinin yaratdıqları çoxsaylı maneələrə baxmayaraq, Cənubi Azərbaycandan 3 nəfər mütərəqqi şəxs (əslində, 9 nəfər seçilməliydi), o cümlədən S.C.Pişəvəri də Təbrizdən deputatlığa namizəd göstərildi. Seçki kampaniyası dövründə dövlətin və irticanın fitnəkarlığına və törətdiyi çoxsaylı maneələrə baxmayaraq, bu kampaniya siyasi qüvvələrin xalq içindəki nüfuzuna baxış oldu.
XIV çağırış Məclis seçkilərinə kampaniya Təbrizdə milli və demokratik qüvvələrin üstünlüyü ələ keçdiyini və milli oyanışın vüsət aldığını açıq-aydın göstərdi. Böyük maneələrə, şantaj və saxtakarlıqlara baxmayaraq, S.C.Pişəvəri Təbrizdə 16 min səs topladığı halda, iqtisadi və maliyyə cəhətdən çox güclü olan və dövlətdən dəstək alan Corabçı cəmi 6000 səs toplaya bilmişdi.
1941-cü ilin fevralında işə başlayan XIV çağırış Məclisinə öz mürtəceliyi ilə İran tarixində iz qoymuş Seyid Ziya başçılıq edirdi. Böyük əksəriyyəti şahpərəstl ərdən və irtica qüvvələrindən ibarət olan XIV Məclisi doktor Məhəmməd Müsəddiq haqlı olaraq «Oğrular yuvası» adlandırmışdı.

Əkrəm Rəhimli - Bije