“Azərbaycan” qəzetinin səhifələrində - 3-cü yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 3-cü yazı

Azad yaşayıb azad da öləcəyik!

Bu günə qədər azərbaycanlı gecə-gündüz yorulmadan əlləşib, zəhmət çəkib, dözülməz cinayətlərə məruz qalıb, amma zəhmətinin nəticəsi həmişə Tehranın hakim dairələrinə aid olub, millətimiz hətta öz əli ilə yaratdığı sənayedən istifadəsiz qalıbdır.
Bu acı həqiqəti kimsə inkar edə bilməz ki, azərbaycanlı yalnız yabancı xalqların hakimiyyəti altında yaşadığından həmişə azlıqda qalıb, hətta öz ana dilində danışmağa da ona imkan verilməyibdir. Həqiqət nə qədər acı olsa da inkar edilməsi mümkün deyildir. Bu gün siyasi manevrlər, diplomatik formullar, istismarçı nazirliklərinin çəkməcələrində toz basmış qovluqlar nə qədər azərbaycanlıları zahiri surətdə İranda yaşayan digər xalqlarla birləşdirsə də, yenə də həqiqəti pərdə altında saxlamağa qadir olmayıb. Min ildən sonra nəhayət həqiqət günəşi pərdənin cırıq yerlərindən dışarı çıxaraq uca səslə söyləyəcəkdir: “Azərbaycanlıların milliyyəti İranın sair millətləri ilə bir deyil!” Bu söz tarix boyu min dəfələrlə təkrar olub, yenə də öz təbii axarı ilə davam edir. Yabancı xalqlar azərbaycanlıların bu hisslərini boğmaq uğrunda bu günə qədər nə qədər səy etsələr də, bir nəticə almadan özlərini aldadıb daha da bu məhəbbət odunu şölələndirib, xalqımızı öz ana dilini, milliyyət və mədəniyyətini qorumağa təhrik edibdir.
Cənab Pişəvərinin “Azərbaycan” qəzetinin 109-cu nömrəsində yazılan məqaləsindən sonra bu barədə artıq bir şey yazmağa ehtiyac yoxdur. Çünki azərbaycanlı tarixdən aldığı acı təcrübələr nəticəsində daha bir də yabancı xalqın qəyyumuğu altına girməyəcəkdir! Bu söz 5 milyonluq bir millətin illər boyu qəlbində şölə cəkən oddan bir qığılcımdır. Biz açıqdan-açığa özgə millətlərin hakimiyyəti əleyhinə qiyam edərək var qüvvəmizlə ana dilimizi, milli ədəbiyyatımızı igid babalarımız kimi müdafiə edəcəyik. Qoy bütün dünya bilsin ki, beş milyonluq bir millətin dilini, adət-ənənələrini 5-3 nəfərin istək və həvəsinə fəda etmək olmaz!
Biz dünyaya gəldiyimiz andan öz ana dilimizin qucağında, öz ana dilimizlə və öz milli adət-ənənələrimizlə böyüyüb, sonda öz ana toprağımız üstündə öz milli adətimizlə və öz ana dilimizdə danışa-danışa dünyadan köçəcəyiz!
Daha yabançı xalqların qəyyumluğu altında yaşamaq milli dilimizin qadağan edilməsinə və milli adət-ənənələrimizin təhqirinə dözə bilmərik. 40 il azərbaycanlıları aldadıb, təhqir edib istismar alətinə çevirdilər və onların əllərinin təri ilə qazandıqları sərvətləri qarət etməklə hasilə gələn qəsrləri qurmağa müvəffəq oldular. Bəsdir daha, azərbaycanlının aldanmaq xəyalı yoxdur!
Yarım milyon əhaliyə malik olan azlıqlar dünyanın bu çağında öz milli dillərini, öz milli adət-ənənələrini qorumağa müvəffəq olduqları halda, biz daha öz dilimizə, millətimizə göz yuma bilmərik. Azad dünyaya gəlib, azad da yaşayıb, azad dünyadan köçəcəyik.

Nоvruz
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 112, 29.01.1946

* * *

Bu bir işgəncədir ki, 7 yaşında bir uşaq öz bilmədiyi və anlamadığı bir dildə dərsə başlasın

Bu bir işgəncədir ki, 7 yaşında bir uşaq öz bilmədiyi və anlamadığı bir dildə dərsə başlasın. Bunu dünyanın bütün tərbiyəşünaslarından və pedaqoqlarından sual ediniz. Bu işə gülərlər və həm də çox təəssüf edərlər. Bu bir yanlış yol və yanlış təlim və tərbiyə sistemi idi. Bilmirəm, bizim uşaqlarımızın və uşaq ikən bizim günahımız nə idi ki, bu işgəncəyə məhkum idik.
Azərbaycanın Milli Hökuməti dövlətin çox mühüm vəzifələrindən saydığı, onu özünün çox yaxın hədəfi kimi qəbul etdiyi, dövlət proqramının tərkib hissəsi bildiyi və 1946-cı il yanvar ayının 6-da Nazirlər Heyəti iclasında onun icrası üçün təsdiq etdiyi qərarlar sırasında məktəblərdə milli dilimizdə yazıb oxumaq dayanır. Bu, dövlət proqramının 8-ci maddəsidir. Mədəniyyət və maarif sahəsində dövlətimizin qabağında iki böyük məsələ durur: birincisi, bütün məktəblərdə rəsmi olaraq öz milli dilimizi qəbul və icra etmək, ikincisi, ümumiyyətlə, savadsızlığa qarşı mübarizə aparmaq, pulsuz və icbari təhsili əməli olaraq yoluna qoymaqdır. İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsində eynilə belə yazılıb: “Dövlət borcludur ki, öz adamları hansı bir dildə danışmaq və o dili öyrənmək istəyirlərsə, onların bu haqqını rəsmi olaraq tanısın”.
Dövlətlərin bu vəzifəsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində də əks etdirilib. Buna görə öz dilində yazmaq və oxumaq Azərbaycan millətinin ən əsaslı və ictimai haqlarından idi və dövlət də gərək bu haqqı ödəsin. Çünki millət bu haqqı çox açıq bir şəkildə və çox israrla rəsmən tələb edirdi.
Amma mən bu məqalədə məsələni texniki cəhətdən təhlil etmək və bunu bildirmək istəyirəm ki, öz dilimizdə yazıb oxumağı bizə qadağan etmələri böyük bir zülm idi. Mən xüsusilə istəyirəm, psixoloji və pedaqoji baxımdan bunu sübut edəm ki, hələ qrammatikanı tanımayan bir uşağa öz ana dilindən başqa bir dil öyrətmək və ilk təhsili özgə dillə başlamaq nə qədər çirkin bir zülm idi. Bu gün bütün millətlər çalışırlar ki, dərs oyun şəklində verilsin ki, uşaq üçün maraqlı olsun və uşaq çox qüvvə sərf etmədən, zehni yorğunluğa düçar olmadan istənilən dərsi öyrənsin, onun diqqətini və marağını özünə cəlb etsin. Bu məlumdur ki, uşağın indiki halında, yəni uşaqlıq halında onun üçün dərsin heç bir faydası yoxdur. Gələcək zaman üçün olan fayda onun nəzərində məchuldur. O bizik ki, gələcək zaman üçün olan faydaları nəzərə alıb uşağı dərs oxumağa məcbur edirik. Oyun şəklində öyrədilməyən dərs öz-özlüyündə cəzbedici ola bilməz. Bu hallarla bərabər yeddi yaşında bir uşağın öz anlamadığı bir dildə dərsə başlaması və əlifba oxuması yaxşı təsəvvür edin ki, nə qədər böyük bir işgəncə idi və biçarə müəllim və yazıq uşaq nə qədər zəhmətdə idi. Hələ beşinci və altıncı siniflərdə oxuyan azyaşlı şagirdlər belə zəhmətdə idilər. Əslən ya dərsi anlaya bilmirdilər və ya əgər anlayırdılarsa, çox fars dilindəki söz birləşmələrinə və söz tərkiblərinə yaxşı tanış deyildilər, dərs mövzusunun şərhində və təhvilində aciz idilər və çarəsiz qalıb dərsləri tutuquşu kimi əzbərləyərək təhvil verirdilər. Əlbəttə, buradan yaxşı anlaya bilərsiniz ki, bu növ təhsil görməyin qiyməti nə ola bilər. Aydındır ki, bu işdən vaxtı zay etməkdən savayı ayrı bir nəticə alına bilməz. Biz heç bir vaxt deyə bilmərik ki, fars dili 7 yaşında azərbaycanlı bir uşağın öz dili və ana dilidir. Bəs bu bir həqiqət olur ki, fars dili 7 yaşında bir uşaq üçün ana dili sayılmaz, bəlkə onun üçün yad və özgə bir dildir. Bəs onda bu məsələni texniki baxımdan təhlil etmək lazımdır ki, özgə və əcnəbi bir dili uşağa hansı yaşda və hansı bir dövrədə öyrətmək olar? Buna görə bu sualı şərh etmək lazım gəlir: Kiçik yaşlı uşaqlara yad və özgə bir dil öyrədilməli, yoxsa bunun üçün ibtidai təhsili qurtarmasını gözləməli? Bəziləri yad və özgə bir dilin mümkün olduğu qədər kiçik yaşlarda öyrədilməsinin yaxşı olduğunu zənn edirlər. Çünki bu sürətlə dilin özünəməxsus şivəsi ilə mənimsənilə biləcəyini və kiçik yaşlarda bir neçə dil ögrənməyin bir üstünlük və böyük bir xoşbəxtlik olacağını güman edirlər.
Halbuki tərbiyəşünasların (pedaqoqların – red.) fikri və əqdəsincə, kiçik yaşlarda uşağa özgə bir dil öyrətmək hətta həyat üçün çox zərərlidir. Həqiqət və doğru olan da budur. Çünki dil fikir üçün bir alətdir. Yad bir dili öyrənməyə sövq edilən bir uşaq bu sürətlə bir fikir üçün iki yoldan istifadəyə - həm məhdud, həm də anlaşılmaz fikirlər əldə etməyə məcbur edilir deməkdir. Şübhəsiz ki, ikiqat sözlər müqabilində mənalar, məfhumlar zəif qalacaq və uşaq sözdən qazandığı fikirdən uduzmuş olacaqdır. Eyni zamanda da bu, bir cür düşünə bilməyən uşağı iki şəkildə düşünməyə məcbur etməkdir. Bundan savayı uşaq həm ana dilini, həm təhsilinə məcbur olunduğu özgə dili yanlış və qüsurlu öyrənmiş olacaqdır. Çünki hər iki dilin söz və söz tərkiblərini öyrənmək məcburiyyəti, təbii ki, ikisinin də naqis qalması ilə nəticələnəcəkdir. Necə ki, ata-anası ayrı-ayrı millətlərdən olan uşaqların əksəriyyətinin mükəmməl bildikləri bir dil yoxdur.
Bəşəri və mədəni həyatın hazırkı inkişaf səviyyəsində uşaqlarımızı hər halda özgə dillərlə təchiz etməliyik. Yaxın qonşu dövlətlərin və millətlərin dilini uşaqlara öyrətməliyik. Bu zərurət xüsusilə bizim mühit və zamanımız üçün etiraz qəbul etməz, lakin öz dilini öyrətmədən özgə dilini öyrətməyə qalxışmaq və milli tərbiyələrini almadan uşaqları əcnəbi tərbiyəçilərə tapşırmaq təlim və tərbiyə sahəsində mərdud əməllərdən sayılır. Çox təəssüfedici bir haldır ki, insan öz ana dilində doğru-düzgün bir şey yaza bilməyə, amma yad və xarici dillərdə ədib və sima ola.
Bu məsələni də yaxşı bilməliyik ki, insan özgə bir dili ən kiçik yaşlarda öyrənə bildiyi sürətlə hətta o zamankından daha artıq sürət və əminliklə 10-12 yaşlarında, bəlkə 15-20 yaşlarında əldə edə bilmir. Ləhcə və şivənin mükəmməl olması heç də şərt deyildir və əhəmiyyəti yoxdur. Bir də ki, özgə bir dili onun sahibindən seçilməyəcək dərəcədə danışan və o dildə doğru-düzgün yazan və oxuyan insan yalnız öz milliyətini gizlətmək ehtiyacında olanlar və öz millətini kiçik və aşağı görənlər üçün qayda ola bilər.
Xülasə, bu fikirlə qane olmalıyıq ki, ana dilindən başqa bir dil öyrətmək istəyi, hər halda, ana dilini inkişaf etdirdikdən sonra ola bilər. Bu halda 7-8 yaşlarında olan uşaqlarımıza yalnız öz dillərini oxuyub yazmağı öyrətməli və iki-üç il daha dilin kamilləşməsini və ibtidai təhsilinin heç olmazsa, qismən təmin olunmasını gözləməliyik.
Özgə bir dilə başlamaq üçün ibtidai təhsilin tamam olmasını gözləməsək belə, nəhayət 10-12 yaşlarından əvvəl yad bir dilə başlamanın çox tez və qeyri- təbii olacağını heç bir vaxt unutmamalıyıq. Fransanın məşhur ədib və pedaqoqlarından olan Sontani deyir: “Ana dilini öyrətmədən bir uşağa özgə bir dili öyrətmək yeriməyi bilməyən bir adama qaçmağı öyrətməyə bənzər”.
Üç əsrdən artıq bir zaman bundan əvvəl deyilmiş olan bir həqiqətdən bu günədək xəbərsizik. Lakin artıq bugünkü nəslin vəzifəsidir ki, gələcək nəslin öz dilinə və nəhayət bütün təfərruatı ilə öz milli varlığına qarşı qüsur yaratmasına şiddətlə ehtiras etsin ki, qərinələr və əsrlər boyu davam edən bu təhriflər və səhvlər bir daha təkrar olunmasın.
Məhəmməd Fəxrəddin

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 112, 29.01.1946

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə