“Azərbaycan” qəzetinin səhifələrində - 6-cı yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 6-cı yazı

Qasım Firuzan: "Ana tərbiyəsi"

Bir uşağın həyatında ən böyük rol oynayan anaların nəcib və ictimai tərbiyəsidir. Dünyaya yeni gəlmiş bir uşaq ictimai bir mühitin ideal ruhiyyəsi ilə böyüyən bir ana tərəfindən tərbiyə edilərsə, heç şübhə yoxdur ki, o uşaq məmləkətinə və millətinə faydalı və bəşəriyyətin görkəmli bir üzvü olaraq yetişir.
Uşaqları dünyaya gətirən hər ananın milli və müqəddəs vəzifəsi onların körpə və lətif beyinlərinə ictimai tərbiyənin bütün incəliklərini yerləşdirmək və onları tamamilə mövhumatdan uzaqlaşdıran cəmiyyətin həqiqi və vəfadar ünsürləri arasına daxil etməklə öz analıq vəzifələrini yerinə yetirməkdir.
Anaların bir vəzifəsi də öz uşaqlarınıın gigiyenası və paltarlarına tamamilə dəqiq bir nəzərlə baxmaq, xüsusilə yeməkdən sonra əllərini isti su və sabun ilə yuyaraq onların yatmaq vaxtlarını müəyyən bir saatda qərar vermək və uşağı etiket üsul və qaydaları ilə tanış etməkdən ibarətdir.
İctimai bir ruh yüksəkliyi ilə uşaqlarına və həyat yoldaşına bağlı olan bir ananın daxili və xarici işlərinin müntəzəm olmasına baxarsaq, görmüş olarıq ki, o ana ictimai bir anadır. O ananın yetişdirdiyi və yetişdirəcəyi uşaqlar bütün ömürlərində böyük nailiyyətlərə və xoşbəxt bir həyata sahib olurlar.
Bəşər tarixi gələcəkdə onların yüksək ruhları ilə, dərin fikirləri ilə və ictimai tərbiyələri ilə fəxr edib onları əbədi olaraq müqəddəsləşdirər. Analar bunu bilməlidirlər ki, uşaqlı bir ailə xoş ətirli, qırmızı güllər, sevimli bülbüllər və yaşıl ağaclar ilə bəzənmiş bahar gülüstanına bənzər. Burada gülüstan deyə qəsd etdiyim məna bir ailə və o ailənin yaşadığı mühit və evidir. Bülbüllər isə uşaqlardır.
Necə ki, təbiətə unudulmaz gözəlliklər, şairanə ilhamlar verən rənbərəng güllər, təbii mənzərələr qış mövsümündə ölər və yaşıl ağacların yapraqları solar, təbiət ölgün qalar və gülüstan xarabazar olar, uşaqsız bir ev də qaranlıq qış gecələrinin səssizliyinə, kimsəsiz və sonsuz çöllərə oxşar.
Odur ki, hər ana öz uşaqlarına qiymət verib onarı tam diqqət və qayğı ilə tərbiyə etməlidir.
Beləliklə, bizim qurmuş olduğumuz hörmətli cavan milli dövlətimiz bu günün, gələcək nəsil qəhrəmanlarının soylu və pak qəlblərində, polad ciyinlərində daha artıq bir surətdə ucalacaqdır. Ey bu günün və gələcəyin şərafətli və namuslu anaları və ataları, Azərbaycan xalqı sizə ümidlidir. Milli dövlətimizə ictimai qəhrəmanlar, rəşadətli oğullar yetişdirin.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 115, 1 fevral 1946-cı il
***
Üsküdə qadınlar təşkilatı

Yanvar ayının 18-də Üsküdə qadınlar təşkilatı təşkil olunaraq yanvar ayının 23-də əvvəlinci iclasını açıb işə başlayıb. İndiyə qədər 30 nəfər Üskünün ziyalı qadınları rəsmən təşkilata daxil olmuşlar.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, təbriz, say 114, 31 yanvar 1946-cı il

***
Maarif Nazirliyinə təşəkkür

Tehran mürtəce hökuməti başqa ölkələrdə təhsil alan orta məktəb şagirlərinin və ali məktəb tələbələrinin diplomlarını çox ağır şərtlərlə təsdiq edirdi. Belə ki, bir diplomu tanımaq üçün 2-3 il və daha artıq vaxt lazım idi. Diplomun tərcümə və təsdiq olunmuş üzlərinin hər birisindən iki nüsxə əsli ilə bərabər Tehranda Ədliyyə Nazirliyinin texniki idarəsinə təqdim olunurdu və oradan qurtarandan sonra da Ali Mədəniyyət Şurasina gedərdi.
İllər boyu bu proses uzanardı və o da çoxlu rüşvət alandan sonra nəticə verərdi və ya verməzdi. Bu tale məsələsi idi. İndi Milli Hökumətimizin quruluşundan bu yana camaatın işləri idarələrdə tam sürətlə keçir və neçə ildə qurtarmayan işlər neçə gündə sona çatır.
Belə ki, mən Naxçıvan şəhərində pedaqoji və ali kənd təsərrüfatı məktəbini qurtarandan sonra ta 21 Azərə qədər diplomlarımı təsdiq etdirməyə müvəffəq olmamışdım. Amma indi həmin diplomlarıma Azərbaycan Xalq Maarif Nazirliyi 31 dekabr 1945-ci il və 7 yanvar 1946-cı il tarixli iclaslarında 10 gün içərisində baxıb təsdiq etdilər. Ona görə də Maarif Nazirliyinə təşəkkür edirəm.
Naxçıvanlı Boz Asəf Səfərəlibəyli.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 114, 31 yanvar 1946-cı il

***

Mehdi Haşimi: Xalqın maarifinin genişlənməsi
Azərbaycan Milli Hökumətinin qəbul etdiyi qərar ilk öncə maarif sahəsini genişləndirib xalqımızı elm, ürfan və mədəniyyət dairəsinə sövq eləməkdir. Əlbəttə, bütün xalqımız üçün bu yüksək bir vəzifədir. Gərək hər kəs öz növbəsində bu fikri yaymaqla cavan hökumətimizə yardım etməyə qoşulsun. Bunun bir həqiqət olmasını kimsə inkar etməz ki, İran mürtəce dövlətlərinin qara kölgəsindəki cəhalət zülmətində qalan beş milyon Azərbaycan xalqı içərisində yüzdə üç və yaxud yüzdə beş faiz orta səviyyəli savadlı tapıla bilər. Bunu ümumiyyətlə bilməliyik ki, bir neçə sayılı dövlətlərdən başqa dünya bütünlüklə müstəmləkə və istismar oduna yanır və onların da xalqı həmişə elm və mədəniyyətdən fərsəxlərlə uzaq olub cəhalət və nadanlıq vadisində qalmaqdadırlar. Dünyanın bu halına dayaq verən beynəlxalq irtica tez ya gec özü qazdığı quyuya düşəcəyi və məzlum millətlərin yaxın bir gələcəkdə öz qəsb olunmuş haqlarıını irtica canavarının əlindən qurtaracağı şübhəsizdir. Biz firqəmizin və onun başında olan hörmətli rəhbərlərimizin düzgün idarəçiliyi ilə irtica əlindən xilas olub müxtariyyətimizə nail olduğumuza görə onlara təşəkkür etməklə bərabər cavan hökumətimizlə birlikdə işləmək də vəzifəmizdir.
Bundan mühüm vəzifəmiz geridə qalmış maarifimizin tərəqqisi üçün cavan dövlətimizin göstərdiyi yol ilə getməliyik ki, Azərbaycan xalq maarifi günbəgün öz meydanını böyüdüb elm və maarif məşəlini vətənimizin hər guşə və bucağında işıqlandırsın. Dünya bilsin ki, bizdə də xalqımızı, vətənimizi və ölkəmizi işıqlandıran və abadlaşdıran milli bir qüdrət vardır.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 114, 31 yanvar 1946-cı il

***
Sahir
Ölkəmizi öyrənək: Azərbaycanın gözəllikləri

Urmiya Azərbaycanın qarla örtülü yüksək qərb dağlarının ətəklərində çay və kəhriz suları ilə bəslənən, bağları ilə məhsur olan gözəl bir şəhəridir. Zərdüştün yurdu sayılan bu diyar bir çox hadisələr yaşamış və düşmənlər tərəfindən çapılmışsa da, yenə də onun təravəti solmayıb və məbədlərində yanan sevgi və həqiqət məşəlləri də sönməyib.
Bu ölkə çox əla bir coğrafi mövqeyə malikdır. Onun ərazisi fövqəladə münbit, havası gözəl, suları isə içməlidir. Urmiya Azərbaycanın təbii sərvət qaynağı sayılır. Orada buğda, arpa, düyudən başqa yaxşı tütün, pambıq və şəkər çuğunduru da yetişir.
Onun hər tərəfində geniş üzüm və hər cür meyvə bağları, çiçəklənən otlaqlar, saf və dadlı sular var. Şirazın təbii gözəlliklərindən və onun fəzasında olan mənəviyyatdan bəhs edərlər. Lakin Urmiyanın üfüqlərində açılan atlas pərdələr və o pərdələrdə gülən günəşin doğuş və qürub rəngləri məncə ilahi bir rəng olmalıdır.
Urmiyanı görənlər onda olan bədii gözəllikləri arif bir baxışla seyr edənlər ancaq o diyarın nə qədər gözəl olduğunu hiss edə bilərlər. Mən Urmiyada röyaları andıran şairanə mənzərələr görmüşəm və bunun üçün də o torpağa dərin sevgilər bəsləmişəm. O yerin yalnız göylərindəki saflıq mənzərələrində açılan sehrli pərdələr deyil, torpağında vəsfə gəlməyən bir sevinc duyulur.
Urmiya sarmaşıqların yaşıl çardaqları kölgəsində, duru suların aynalarında təcəssüm edər. Onun sönməz rəngi və solmaz baharı sinema pərdələrində görünən xəyali mənzərələrə bənzər. Urmiya, Azərbaycanın göz bəbəyi sayılan bu diyar, şəfəqdə görünən gözəl bir mələkdir ki, yaşıl ipək ətəklərini Şahi gölünün kənarlarına qədər uzadıb!
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 114, 31 yanvar 1946-cı il
***
Bələdiyyə, vilayət, mahal və bölük əncümənləri haqqında cənab Qiyaminin söylədiyi nitqindən

Şəhərlərin su işləri

Şah gölü su mənbəyi, şəhərin (Təbriz şəhəri nəzərdə tutulur – red.) suyu üçün böyük bir ehtiyat yeri olduğu halda, Bağır Kazımi öz valiliyi (qubernatorluğu – red.) dövründə oranı gəzinti yeri elədi və xalqı susuz qoydu. Onu (Şah gölünü – red.) dolduran suları kimlərin aparmasına və necə istifadə olunmasına diqqət etmək lazımdır. Bu şəhəri içməli su ilə təmin edən Fəthabad və Canqur suları həmişə nəzarət altında olmalıdır.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 116, 3.02.1946
***
Bələdiyyə, vilayət, mahal və bölük əncümənləri haqqında cənab Qiyaminin söylədiyi nitqindən:
Şəhərlərin tikinti işləri
1. Xiyabanların tikintisi.
2. Asfalt işləri. Bu barədə gərək bir misal deyim. Asfalt işlərində bir sahəyə gərək daha çox diqqət verilə və o da budur ki, xiyabanlarımız Tehranın xiyabanları kimi öncədən araşdırma aparılmadan asfaltlanmaya. Asfalt etməmişdən öncə gərək kanalizasiya keçidləri nəzərə alına, piyada səkiləri olan yerlərdən də telefon və elektrik kabelləri çəkilə ki, sonra iki xərc olmaya və asfaltlar yamaqlı görsənməyə.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 116, 3.02.1946
***

Zəncanda Sovetlər İttifaqı ilə mədəni əlaqə saxlayan cəmiyyətin təşkili

Zəncanda Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan cəmiyyət təşkil olduqdan sonra ondan səmərəli istifadə etmək üçün böyük addımlar atılmışdır. Sözügedən cəmiyyət də xalqımızın böyük maraq göstərməsindən şövqə gəlib daha da artıq çalışmağa başlayıb.
Zəncandakı VOKS («Всесоюзное Общество Культурных Связей» ifadəsinin rus dilindэ qısaltma ilə yazılmış forması - abreviaturasıdır - red.) nümayəndəsinin səmimi və təsirli yardımı ilə ziyalılarımızın arzusu həyata keçdi. Cümə günü, 1946-cı il yanvar ayının 18-də yüzlərlə camaatın iştirakı ilə Zəncan mədəniyyət evi açıldı.
Cəmiyyətin sədri Xosrov Darayi və firqənin yerli komitəsinin sədri doktor Cahanşahlı nitq söylədilər. Cəmiyyətin katibi Mənüçehr Səid Vəziri “Vətən” adlı şeiri oxudu. Sonra Bəhmən xanım Darayi Zəncanın ziyalı xanımları adından bu cəmiyyətin fəaliyyətində ciddi şəkildə iştirak edəcəklərini söylədi. VOKS nümayəndəsi kapitan Bağırov xanım Darayidən sonra mədəniyyət evinin açılışı münasibətilə bir nitq söylədi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 116, 3.02.1946
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə