“Azərbaycan” qəzetinin səhifələrində  - 21-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 21-ci yazı

Mədinə Gülgün:
Qızılbaş ordusuna şairə qızın hədiyyəsi

Vətən laylay deyib böyütdü sizi
Siz vətən eşqilə çatdız boy-başa
Azad etdiz artıq zülmdən bizi
Xoş günlər yaratdız hər vətəndaşa.
Vermədiz zalimə bir daha aman
Döyüşdüz düşmənlə siz üzbəüzə
Sizin qəhrəmanlıq yaşar hər zaman
Çün zalım önündə çökmədiz dizə.
Göylərdə şahintək açdınız qanad
Döyüşdüz basılmaz bir aslan kimi
Zalımın yurdunu eylədiz bərbad
Səttarxanlar kimi, Bağırxan kimi.
Əsarət zəncirin qırdız, məhv etdiz,
Qalmadı zülmdən, zillətdən əsər.
Siz haqqa inanıb haqq ilə getdiz
Çəkdiyiz zəhmətlər olmadı hədər.
Əgər sual versəm gülə, bülbülə
Onlar da deyərlər, olduq bəxtiyar.
Könül salam deyir qəhrəman elə
Sizinlə şad oldu bu doğma diyar.
Başımız ucadır çəkilib göyə
Çünki bir sözümüz olmadı iki
Mən bu şeri yazdım qızılbaş deyə
Sizsiz vətənimlə eşqimin ilki.
Eşqim, məhəbbətim vətəndir, vətən
Vətənim böyüdüb əzəldən bizi
Onunla bölmüşük dərdimizi tən
Gərəkdir qoruyaq biz ölkəmizi.
Gülgün ürəyindən deyir bu sözün
Vətən əmr edərsə, əgərçi bizə
O da borclu sanır vətənə özün
Inadla vuruşub çökmərik dizə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126, 14.02.1946
***
H.S.
Milli hərəkat müqəddəs bir şüardır!
Hər millətin öz azadlığını ələ gətirməsi üçün milli hərəkata ehtiyacı vardır. Bu kimi hərəkatlar tarixlərdə müqəddəs hərəkat adı ilə adlandırılar. Əgər bu hərəkatların mənşəyinə baxmış olsaq, aşkar olar ki, bu hərəkatlar hamısı zülmün və zorun artıqlığından əmələ gəlmişdir. Məsələn, “Böyük Fransa inqilabı” luilərin , zülmkar dukelərin və quntların əməlləri nəticəsində meydana və axırda onların məhv olması ilə nəticələnibdir.
Rusiyadakı “Oktyabr inqilabı” da Sibirdə zülm və təzyiqin nəticəsində əmələ gəldi və bu faciələrin odları birdəfələlik birləşib Çar hökumətini öz əzəməti ilə məhv və yox elədi. Tarix səhifələri bu cür hadisələr ilə doludur. İnqilabi ruhu zəif olan bir millət həmişə əsarət altında yaşamağa və fənaya məhkumdur. Əksinə olaraq inqilabi ruha sahib olan bir millət tarixin qızıl səhifələrində ən görkəmli bir yer tutub və onun iftixarlı tarixi həmişə bir parlaq ulduz kimi parlayacaqdır. Azərbaycan millətinin 21 Azər (12 dekabr 1946-cı il – red.) tarixli müqəddəs hərəkatı da Azərbaycan tarixində böyük bir yer tutacaqdır.
Azərbaycan xalqı bu hərəkatda 25 illik zülmkar və cani bir hökuməti yıxıb onun yerində demokratik bir hökumət yaratmaqla dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz keçirdiyi iftixarlı tarixini yadından çıxarmayıb və həmişə bu iftixarı hifz edəcəkdir.
Azərbaycan xalqı bu hərəkatda yenidən dünyaya sübut etdi ki, bir hökumətin istibdad və zor zəncirləri nə qədər möhkəm olursa olsun, millətin qəzəbi qarşısında tab gətirməyib aradan getməlidir. Azərbaycan xalqı bu müqəddəs hərəkatın sayəsində öz azadlığını əlinə alıb və daha bundan bu yana öz evinin sahibi olmaqla bərabər demokrat firqəsinin rəhbərliyi altında və onun açıq və sadə tutduğu yol üzrə öz azadlığını və gələcək nəslinin səadəti uğrunda var qüvvəsi ilə yorulmadan çalışacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126, 14.02.1946
***
“Qızıl səhifələr" kitabı
(Azərbaycan dilinə hücumlar barədə)
Neçə müddətdən bəri intizarını çəkdiyim “Qızıl səhifələr” kitabı nəfis bir şəklində dostlarım tərəfindən mənə göndərildi. Bu kitab 464 səhifədən ibarət olaraq Azərbaycan xalqının milli-azadlıq yolunda apardığı mübarizənin mükəmməl tarixi sayıla bilər.
12 şəhrivərdən (3 sentyabr 1945-ci il tarixi nəzərdə tutulur – red.) bəri başlanan milli və kəskin mübarizəmizin bütün cüziyyatı bu kitabda əks olunub. Gələn nəsillər üçün tarixi bir sənəddir. “Qızıl səhifələr” “Azərbaycan” qəzetinin ilk nömrəsindən başlayaraq 102-ci nömrəyə qədər sırf tarixi, siyasi və ictimai məsələlərə aid olan məqalələrin və sənəd sistemi olan dövlət və firqə qərarlarını tərtib edərək öz səhifələrində möhkəm bir sandıq kimi gələn nəsillərə arxiv olaraq saxlayıbdır. “Azərbaycan” qəzetinin xalqımızın azadlıq yolunda apardığı həssas mübarizələrdə mən də onun səhifələrində bir kiçik vəzifəni ifa etməklə iftixar etdiyimdən, onun əsas məqalələrini hər gün kamali-rəğbətlə oxuduğumdan onların xalqımıza göstərdiyi dərin təsirlərindən xəbərdar idim. Buna görə daha çox qəzetimizin əsas məqalələrini özündə birləşdirən “Qızıl səhifələr” kitabı mənim üçün qiymətli bir cəvahir kimi dəyərli bir əsərdir.
Bu hiss hamiya aid olan bir hissdir. Xalqımızın bu tarixi əsəri əbədi olaraq hörmətlə qarşılanacaqdır. Çünki “Qızıl səhifələr” azadlığımızı təmin edən mübarizələrin cərəyanını özündə qeyd edərək xalqımızın ölməz əsəri kimi yaşayacaqdır. “Qızıl səhifələr” kitabının müqəddiməsinin təsirini şərh etməyə acizəm. Bu məqaləni hələ görməmişdim. İlk dəfə olaraq kitab əlimə çatdıqdan sonra onu oxumaq şərəfinə nail oldum. Bu məqalədə Baş nazirimiz cənab Pişəvəri Azərbaycan xalqının parlaq tarixindən nümunələr verərək Azərbaycan dili barəsində xalqımızın düşmənlərinə möhkəm və mətin cavablar vermişdir.
Cənab Pişəvəri öz məqaləsində qeyd etdiyi kimi dövlətin ağır-ağır vəzifələrini icra etdiyindən bu barədə bəhs etməyə heç vaxt imkanı olmamışdırr. Lakin həmin yığcam bəhsdə hərtərəfli bir cavaba malik olan hər bir azərbaycanlı yazıçı və şair onun verdiyi şərhlər əsasında böyük kitab yazmağa müvəffəq ola bilər.
Tarix sahəsində bir az məlumatlı olduğum üçün cənab Pişəvərinin dil və milliyət barəsində söylədiklri fikirlərdən mən də sonsuz dərəcədə faydalandığımdan qeyd etməliyəm ki, bu məqalə düşmənlərimizin bədənlərində sağalmaz yaralar əmələ gətirəcəkdir.
Dövlətin ağır vəzifələrindən bəhs etdikdən sonra cənab Pişəvəri məqalədə yazır ki, birinci növbədə bir məsələni gərək aşkar surətdə bəyan edək, o da Azərbaycanın fars dilinə olan münasibəti və əlaqəsidir. Təəssübkeş fars yazıçı və müvərrixlər azğızları köpüklənmiş halda dad və fəryad edib bizim fars olduğumuzu, indi danışdığımız dilin monqollar vasitəsi ilə bizə zorla qəbul etdirildiyini sübut etmək istəyirlər.
Burada yalnız bu qədər demək lazımdır ki, Azərbaycan monqol istilası zamanında mütərəqqi və mədəni bir millət olduğu üçün asanlıqla vəhşi qəbilələrdən ibarət olan o camaatın naqis dilini qəbul etməzdi və az bir zamanda yabançı bir dil bir millətin içərisində elə kök sala bilməzdi ki, onun nümayəndələrindən bir nəfər də olsa, qədim dilə bələd olmasın və ya o dildən (yəni monqol dilindən – red.) təzə dildə (türk dinində - red.) heç bir əsər və əlamət görünməsin. Ya zəlzələdən, ya vəlvələdən, xülasə, Azərbaycanımızda öz milli dilimizdən başqa bir dil yoxdur.
Kəsrəvi kimi boşboğazlar belə fasrçılıq təbliğatı apardıqları halda, Azərbaycanın xüsusiyyətini etiraf etmək məcburiyyətində qalıb Azərbaycanda fars dilinin bir qolu olan “azəri” dilinin yayıldığını iddia etməkdədir.
… Kəsrəvi və sair farsçılığı təbliğ edənlər tək bir qaziyə getmiş (yalnız bir hökmü qəbul etmiş – red.) və ona görə iddialarını həqiqət saymağa adət etmişlər. Amma biz əsil həqiqəti açıb xalqa göstərməliyik. Əsil həqiqət isə budur ki, Azərbaycan heç vaxt fars dilini ana dili kimi qəbul etməmiş, ondan ədəbiyyat və şeir sahəsində çox az istifadə etmişdir.
Tarixin ən çətin məsələlərini bu sadəliklə həll etməyin hələ ki, misli görünməyibdir. Bu cümlələr çox sadə və aydınca sübut edir ki, monqollar Azərbaycana basqın etmədən əvvəl azərbaycanlı fars dilindən başqa bir dil ilə danışırdılar və kəsrəvilər onu “azəri” dili adlandırırlar. Azəri (Azərbaycan-Türk- red.) dili azəri (Azərbaycan-Türk- red.) millətinin varlığına möhkəm bir dəlil olmaqla bərabər sübut edir ki, xalqımız monqolların həmləsindən əvvəl dil və milliyət cəhətdən İranın sair millətlərindən fərqli olmuşdur.
Farsçılar öz yazdıqları tarixləri unudub daha monqol həmləsindən əvvəl və monqol əsrində yazılan tarixlərin məzmununa heç vaxt diqqət etmirlər. Monqol həmləsi barəsində Həmdulla Mustofi tərəfindən yazılan “Nehzət-ül-qolub” (Qəlblərin üsyanı – red.) kitabında aydıncasına monqollarla azərbaycanlıların dil və sima fərqlərini qeyd edib çox sadə bir üslubda Azərbaycan millətinin sağlam qalmasına işarə edir. Biz xalq bayatılarını, “Apardı tatar məni” mahnılarını kənara qoyub canlı və inkaredilməz sənədlərlə Azərbaycan dilinin monqollardan qabaq tarixinin olmasını sübut etməyə çoxdan aciz deyilik.
Ərəb həmləsindən sonra Azərbaycanda meydana gələn milli hərəkatlardan başlayaraq Şah İsmayıl Xətainin hökmdarlığına qədər baş verən inqilablar barəsində yazılan tarixlər Azərbaycan millətinin fars millətindən ayrı bir millət olması barəsində canlı sənədləri təşkil etməsi cənab Pişəvərinin müxtəsər müqəddiməsində çox geniş bir şəkildə izah və təsdiq edilir.
İbn Əsirin “Əl-kamil” kitabı, Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” kitabı, “Tarixi-Təbəri” (“Təbəri tarixi” və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul, əl-xuləfa vəl-muluk" əsəri – red.), İbn Xəldun, İbn Bətutə və Klavionun səyahətnamələri ümumiyyətlə Azərbaycan millətinin milli xüsusiyyətinə və dilinə möhkəm sənəd olub xalqımızın şanlı tarixini tamamilə sübuta yetirirlər.
Cənab Pişəvərinin yazdığı kimi mədəni bir millətin dilini bir ovuc vəhşi qəbilə dəyişdirə bilməz. Əgər bu mümkün olmayan iş icra olunsaydı belə, yenə də əski dilin qaydaları zorla qəbul etdirilmiş dildən tamamilə təmizlənməzdi. Ərəblərin basqını 200 il İranda davam etdi. Ərəb sərkərdələrinin dəhşətli yasaqları nəticəsində bütün İran dövlətinin divan işləri və rəsmi məktubları ərəbcə yazılıb. Həqiqətdə ərəb dili rəsmi dil sayılırdı.
Rza xan dövründə dil barəsində icra olunan planlar o gündə icra olunub ki, nəticədə xalqa öz ana dilində danışması qadağan olunmuşdu. Bu dəhşətli cəzalar və yasaqlar yenə də Pəhləvi dilinin əsasını poza bilməyib elə bir dil yaratdı ki, həm Pəhləvi və həm Qərb dilindən qarışıq oldu.
(davamı var)
Möhsün
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126, 14.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.