Mən əsir ellərin şairiyəm  -  Həbib  Sahir Güney Azərbaycan

Mən əsir ellərin şairiyəm  -  Həbib  Sahir

1-ci yazı

Axtarma sən, qonaq, adam bu kənddə,
Qorxudurdu ərbab bizi hər gecə,
Ölüm döyür qapımızı hər gecə!
Kök salıbdır qonaq, şeytan bu kənddə!

Həbib Sahir 1903-cü ilin mayında Təbriz şəhərinin Sürxab məhəlləsində dünyaya gəlib. Atası Mirqəvam Məşrutə inqilabı zamanı həlak olmuş və 5 yaşlı körpənin tale qapısını yetimlik, öksüzlük adlı sitəm döyüb. Həyatın ilk ağır zərbəsini alan Həbibin bu uğursuzluq bütün ömrü boyunca sanki onunla birgə addımlayıb, ağrı-acılarla dolu kədərli yaşamının bünövrə daşını qoyub. Çox-çox sonralar xatirələrində yazmışdı: «5 yaşına çatdım. Kəndimizdə fırtına qopdu. Atam bir payız gecəsi qonaq getdi, bir daha dönmədi. Yetim qaldıq. Altımıza köhnə keçə saldıq, aclıq gördük, korluq çəkdik, böyüdük...».
O, ilk təhsilini mollaxanada alıb. Hələ 6 yaşı tamam olmayan Həbibi Boyat qəbiləsindən olan anası Fatimə xanım (Bunu şair sonralar ustad Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinə yazdığı nəzirəsində - “Məktəb xatirələri” poemasında da vurğulayıb: “Anam mənim ortaboylu bir xanım, Siyah saçlı, «Bayat» soylu bir xanım) məsciddəki molla məktəbinə gətirib və deyib: «Axund, Həbibin əti sənin, sümükləri mənim». Mollaxanada ərəbcə təhsil almağa başlayan balaca Həbib buranın sərt qayda-qanunları və mollanın əzazilliyi ucbatından bir çox çətinliklərlə üzləşir, lakin məhəllədəki «Sərdabə üstü» molla məktəbində mollabacıdan ərəbcə dərs aldığından ərəb dilində yazıb-oxumağı çox tez öyrənir. «Mədaris-i Mötəmidə» və «Rüşdiyyə» məktəblərində ibtidai təhsil aldıqdan sonra, «Mədrəseyi Mübarək-e Məhəmmədiyyə» liseyində ustad Şəhriyarla birgə oxuyur. Şəhriyarla məktəbdən başlanan ünsiyyət və dostluğu sonralar ədəbi əlaqələrinin möhkəmlənməsinə də səbəb olur. 1925-ci ildə orta təhsilini bitirən Həbib fransız dilini mükəmməl öyrənməyə başlayır. Çünki «Mədrəseyi Mübarək-e Məhəmmədiyyə»də təhsil alarkən mətin inqilabçı, görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin baş müavini, məşhur şair və inqilabçı Mirzə Təqi xan Rüfət onun fransız dili və ədəbiyyatı müəllimi olmuş, qəlbində bu qədim mədəniyyət dilinə, şeirə, poeziyaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin sevgi oyatmışdı.
***
Hələ tələbə ikən gənc Həbibdə poeziyaya böyük həvəsini, şairlik istedadını görüb hiss edən T.Rüfət o vaxtlar Türkiyədə nəşr olunan «Sərvət-i fünun», «Ədəbiyyat-i cədid», «Rəsmli ay» kimi ədəbi-ictimai jurnalları ona çatdırırdı. O isə öz növbəsində sonsuz maraq və sevgi ilə Türk ədib və şairlərinin, eləcə də Tofiq Fikrətin, Cəlal Sahirin yeni forma və məzmunlu əsərlərini oxuyur, Türkiyə ədəbi mühiti ilə tanış olurdu. Yüksək sənətkarlığı, yeni forma və məzmunu ilə həmin əsərlər gənc Həbibə güclü mənəvi təsir bağışlayırdı. Bu dərin təsirin nəticəsində Həbib Cəlal Sahirin soyadını özünə sevgi ilə soyad seçir.
Qeyd edək ki, dövrünün tanınmış novator şairlərindən olan Təqi xan Rəfət Təbrizdə «Təcəddüd» (yeniləşmə) adlı qəzet buraxırdı. Tələbələri isə onun şeirin forma və məzmununda yaratdığı yenilikdən, yenilikçi fikir və düşüncələrindən ilham alaraq «Əncümən-i Rəfət» qəzetini yayımlayırlar. «Əncümən-i Rəfət»də şairin sevimli tələbələri Məhəmməd Xürrəm, Həbib Sahir, Təqi Bərgüzar, Yəhya Arianpur daha çox fəallıq göstərir, hətta «Ədəb» adlı yeni qəzet də buraxırdılar. Lakin Xiyabani hərəkatı şah qoşunları tərəfindən xüsusi amansızlıqla yatırıldıqdan sonra qabaqcıl qəzet və dərgilər bağlanır. Bütün bu haqsızlıqlara, Xiyabaninin öldürülməsinə dözə bilməyən Təqi xan Rüfət Qızıl Dizəc kəndində özünü asaraq intihar edir. Lakin sədaqətli tələbələri, o cümlədən, Həbib Sahir novator şairin yaradıcılıq yolunu davam etdirdilər. Sahir hələ «Məhəmmədiyyə» mədrəsəsində təhsil alarkən fransız dilindən az-az tərcümələr edir, mətbuatda nəşrinə nail olur, fransız ədəbiyyatı ilə maraqlananlara bu ədəbiyyatla qismən də olsa, tanışlıq imkanı yaradırdı. Ancaq Xiyabaninin və müəllimi Təqi Rüfətin faciəli taleyi Sahirin ürəyinə dərin yara vurur, ruhunu sarsıdır. Bu böyük kədər həssas gəncin əbədi qəlb ağrısına şevrilir və ilk şeirini də məhz alovlu vətənpərvər, mətin inqilabşı Şeyx Məhəmməd Xiyabaninin ölümünə həsr edir. Sanki yaşadığı üzüntülər onu qardaş ölkəyə - Türkiyəyə doğru çəkir, türkün şanlı tarixinə və ədəbiyyatına marağı daha da artırırdı. 1925-ci ildə orta təhsilini bitirməsi haqda lisey diplomu alır və bir müddət – 1927-ci ilədək Kürdüstanda kürd ağalarının uşaqlarına fars dili və ədəbiyyatından dərs deyir. «Xatirələr»ində yazdığına görə, Kürdüstanda işlədiyi iki il müddətində az-çox Osmanlı qızıl lirəsi toplayır və 1927-ci ildə «Rusiya-Bakı-Batum-Tiflis» yolu ilə Türkiyəyə gedir. Burada «Dəbistan-i İraniyan»da fars dili və ədəbiyyatını tədris edir, eyni zamanda, imtahanlara hazırlaşır və İstanbul Universitetinin coğrafiya fakültəsinə daxil olur. İstanbul ədəbi mühiti ilə yaxından tanışlıq Sahirin ruhunda dərin təbəddülat yaradır, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Burada Tofiq Fikrət, Nazim Hikmət, Cəlal Sahir, Yəhya Kamal, Ziya Paşa və İbrahim Şinasinin əsərlərini, eləcə də İstanbulda fəaliyyət göstərən «Amerikalıların klubu»nda fransız missionerlərindən yeni fransız ədəbiyyatını öyrənir. Bu dönəmdə Sahir şeir yaradıcılığına deyil, mütaliəyə ciddi yanaşır və bədii ədəbiyyata daha şox vaxt ayırır. Ara-sıra şeirlər, İstanbul türkcəsində bir-iki qəzəl yazsa da, əsasən böyük fransız şairi Şarl Bodlerin yeni səpkili şeirlərini (“Düşmən”), həmçinin Lamartinin məşhur "Göl" poemasını Azərbaycan türkcəsinə tərcümə edir. Eyni zamanda böyük Sədinin “Gülüstan” əsərini, Hafiz Şirazinin qəzəllərini fars dilindən Azərbaycan türkcəsinə çevirir. Klassik şeir ənənələrindən fərqli, əruz vəznində türk dilində yazıb-yaradan Türkiyənin böyük novator şairi Yəhya Kamalın əsərlərini və fransız ədəbiyyatını o, daha çox oxuyur. Çünki bu əsərlər şairin ruhuna daha güclü təsir göstərir, qəlbində təlatüm yaradırdı. Gənc şairin Azərbaycana, onun bənzərsz təbiətinə sonsuz sevgisi, yurd təəssübkeşliyi diplom işində də özünü yansıdır. O, «İran Azərbaycanının təbii coğrafiyası» adında diplom işi yazır və uğurla müdafiə edir. Beləliklə, Həbib Sahir Türkiyədə təhsilini başa vurur və 1933-cü ildə Təbrizə qayıdır. Maarif İdarəsinin təyinatı ilə Təbriz şəhər məktəbində müəllim işləməyə başlayır, coğrafiya fənnini tədris edir və şagirdlər üşün dərsliklər yazır. Ana yurduna, xalqına və doğulduğu torpağa qırılmaz tellərlə bağlı olan, Vətənini odlu məhəbbətlə sevən şair bu sevgini dərs dediyi şagirdlərə də ötürür, onlara Ana dili ilə bərabər Azərbaycan ədəbiyyatını da dərindən öyrədirdi. «Ana dilini elmlərin xəzinəsini açan parlaq qızıl açar sanan» həssas şair inanırdı və şagirdlərini də inandırırdı ki, dilini qoruyan xalq, millət milli varlığını, kimliyini də qoruyub saxlayır və nə zamansa itirdiyi azadlığına qovuşur.
1936-cı ildə Təbriz Maarif Nazirliyinin qərarı ilə Sahirin «Coğrafiyeyi Xəmsə» adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görülür.
***
1945-46-cı illər inqilabı - 21 Azər hərəkatı şairin həyatında, dünyagörüşündə bir oyanma, intibah yaradır. S.C.Pişəvərinin hakimiyyəti dövründə «Ana dili» dərs kitabını yazır, mətbuatda ciddi məqalələrlə «Aydın» imzası ilə çıxış edir. Ədəbi yaradıcılıqla da fəal surətdə məşğul olur, lakin Şahlıq səltənətinin qoşunları Azərbaycanın qüdrətlənməsindən ehtiyatlanan xarici havadarlarının köməyi ilə xalq hərəkatını qan dənizində boğur və fədailər hakimiyyəti itirirlər. Milli Hökumət devrilir. Cənubi Azərbaycanda irtica dövrü başlanır. Bu hadisə Həbib Sahirin də dünyasını qaraldır, ürəyini məngənə tək sıxır. Lakin vətəndaş şair müəllimlik fəaliyyətini davam etdirir, gələcək nəslə tarixin ibrət dərslərini anladır, ana dilini şagirdlərinin beyninə həkk etdirirdi. Bu isə mövcud şahlıq üsuli-idarəsinin, fars şovinistlərinin əsla xoşuna gəlmirdi. Məktəbyaşlı uşaqların-şagirdlərin doğma türkcəni öyrənərək milli ruhda böyüməsi gələcəkdə onların milli hüquq və haqlarını tələb etməsi ilə nəticələnəcəkdi. Ona görə də mövcud irticaçı rejim hökmranlığını saxlamaq üşün bütün mümkün vasitələrdən istifadə etməklə bu oyanışın qarşısını almağa çalışırdı. Odur ki, Həbib Sahir haqqında hökm çıxarılır, şair Ərdəbilə sürgün edilir, burada «Səfəviyyə» məktəbində müəllim işləyir. Uşaqlara Azərbaycan dilində dərs deməsi, doğma türkcədə danışması, verilən xəbərdarlıqlara əhəmiyyət verməməsi ona yeni sürgün həyatı yaşadır. Şair Ərdəbildən çıxarılaraq Qəzvinə göndərilir. Yenə də ustadı T.Rəfətin yoluna və öz əqidəsinə sadiqlik göstərir. Nəticədə haqqında üşüncü dəfə sürgün hökmü çıxarılır və bu dəfə Mazandarana-Sariyə göndərilir. Lakin burada malyariya xəstəliyinə tutulduğundan geriyə–Qəzvinə qaytarılır. Sahirin yaradıcılığının, ədəbi fəaliyyətinin ən məhsuldar dövrü bu illərə (1933-1946) təsadüf edir. Əfsus ki, hökumət xəfiyyələri «Aydın», «Ülkər», «Ağ» kimi gizli imzalarla yazıb-yaradan şairdən şübhələnirlər və onu doğma şəhərindən, Təbrizin qaynar ədəbi mühitindən ayırırlar. Dərdli şair sonralar yazırdı: «1941-1946-cı ilin payızına qədər məndə şairlik dövranı başladı. Ana dilində bollu-bollu şeir, hekayələr yazdım... muzdumu aldım. 1946-cı ilin qışında mədrəsədən qovuldum! «Günahım» bu imiş ki, ana dilində şeir və hekayələr yazırdım. Bir müddət sonra məni Ərdəbilə sürgün etdilər. Orada nəzarət altında olub «Səfəvi» məktəbində dərs deyirdim. Ərbəbildə 3 il yaşayandan sonra «günahımı» bağışlayıb Qəzvinə göndərdilər. Qəzvində tam 13 il yaşadım, sonra Tehrana köçdüm». Həbib Sahir, nəhayət, 1946-cı ildə, 43 yaşında ikən evlənmək qərarına gəlir və ağır sürgün həyatını yalqız deyil, ömür-gün yoldaşı Nüsrət ül-mülk Nuri xanımla birgə yaşayır. Uzaq ellərdə sürgünlüyə məhkum edilməsinə baxmayaraq şair bircə anlıq da olsa, Təbrizi, ana torpağı, doğma xalqını unuda bilmir.
Ustad şair sürgündən qayıtdıqdan sonra da əqidəsindən dönmür, son nəfəsinədək mövcud rejimə qarşı sözün və qələmin gücü ilə mübarizə aparır, geriliyi, xürafat və ehkamçılığı tənqid edir, xalqını azad, sərbəst və çağdaş bir millət kimi formalaşmağa çağırır.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru