“Azərbaycan”  qəzetinin səhifələrində  - 54-cü yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 54-cü yazı

3 sentyabr 1945-ci il tarixində Azərbaycan Demokrat Firqəsinin (ADF-nin) Təbriz şəhərinin “Şir-o-Xorşid” teatr salonunda keçirilən təsis konfransında “12 Şəhrivər” bəyanatı kimi məşhur olan fəaliyyət proqramı qəbul olundu və bütün cəmiyyətə və dünyaya elan edildi.

(əvvəli ötən sayımızda)

O zaman biz bir tərəfdən azadixahları cəlb etməyimizi, bir tərəfdən də dediklərimizi həyata keçirdirik. Bizim bir iftixarımız da bu idi ki, o zaman içərimizdə xain adamlar tapılmadı. Bizim hər işimiz nəqşə üzərində idi. Hətta 21 Azər qiyamımız da nəqşə üstə idi. Bir para adamlar da fikir edirdilər ki, biz iş görmürük. O zaman biz ciddiyət edirdik ki, milli Milli Məclisimiz London konfransından qabaq olsun və elə də London konfransından qabaq Milli Hökumətin təsisini elan etdik. Sonra biz 700 nəfərdən ibarət böyük bir xalq kongərəsi (Konqresi- S.B.) təşkil verdik. Bu kongərdə Milli Məclis və Milli Hökumətimizin binasını qoyduq. Beləliklə, böyük nehzətimiz müəyyən nəticəyə çatmış oldu.
Biz Məclis intixabatında xanımlara seçib-seçilmək haqqı verməklə böyük qədəm götürdük. Biz Tehran ilə danışanda da şərt etdik ki, bu qanuni layihə surətində Məclisə verilsin və təsvib olsun.
Biz cavanların intixabat haqqında 27 yaşından 21 yaşına tənəzzül verdik. Və qanun keçirdik ki, Azərbaycanın Məclisdə 42 nümayəndəsi olsun. Bizim iftixar etməli işlərimizdən birisi də əmniyyəti hifz etmək idi. Bu dünyada görülməyən bir işdir. Sonra şəhərlərin abadlığına başladıq və xarbarın qiymətini aşağı gətirdik. Bu işlərimizin nəticəsində bütün xalq bizə tərəfdar oldular: əgər verdiyimiz vədələrə əməl etməsəydik, heç kəs bizim firqəmizin ətrafına toplanmazdı. İndi başımız ucadır. Dediklərimizə əməl etmişik. Ona görə xalq bizə inanır və etimad edir (alqışlar).
Möhtərəm məsləkdaşlar, bizim vəzifələrimiz qurtarmayıb. Biz gərək indi xalqın səadətini daha artıq təmin edək və xalqı fəlakətdən qurtaraq. Çünki, onda deyirdik, bizim əlimizdə qüdrət yoxdur, amma indi ki, bizim əlimizdə qüdrət var. Gərək xalqın səadətini və xoşbəxtliyini təmin edək. Burada gərək bir şeyi də nəzərimizdən çıxarmayaq ki, bizim nehzətimiz də Tehranda olan bəzi azadixah ruznamələr, məsələn, “Rəhbər”, “İran-e ma”, “Zəfər” və sairləri əvəzsi olaraq bizə kömək edirdilər.
Demək, onlar bizim nehzətimizin ikinci sütunu idilər. İndi gərək biz onlardan təşəkkür və qədrdanlıq edək və onlara düşündürək ki, bizim xalqımız haqşinas bir xalqdır. Hər kimsə onun mənfəəti yolunda bir qədəm götürürsə, o onun əvəzində 10 qədəm götürər və hər kəs də onun ziddinə iqdam edərsə, xalq ona nifrət göstərib, onu aradan aparmağa çalışar.
İndi bizim qabağımızda iki şüar durur: birisi, aldığımı azadlığı qanuni şəklə salmaq və təşkilatlarımızı genişləndirmək. İkinci şüarımız isə aldığımız azadlıq və demokrasini bütün İranda həyata keçirməkdir.
Sonra cənab Pişəvəri öz əlilə demokrat firqəsində fəaliyyət göstərən şəxslərə “Səttarxan medalı” verdi. Medal ilə təltif olunanlar bunlardır: Badiqan, Biriya, Qiyami, general Kaviyan, general Kəbiri, general Qulam Daniçyan, Vilai, Dehqani, Çeşmazər və dr. Cahanşahlı.

Pişəvəri nitqini “Yaşasın firqəmiz”, “Yaşasın qəhrəman xalqımız” şüarları ilə qurtardı.

“Azərbaycan” qəzeti (ADF orqanı), say 1( 290), 5 sentyabr 1946-cı il

***
Ey dağ - daşı gül, bağçası gül, torpağı mərcan.
Ey ay kimi ulduzlar içində üzü taban!
Ey xalqımızın şövkəti, sənsən bizə zinət.
Sənsən verən övladına dünya boyu nemət.
Yurdum , yuvam, ellər gülü, doğma vətənimsən.
Dünya hamısı bir yana, sən də mənimsən.
Azadlığı çün sərv ağacı səndən alıbdır,
Dan ulduzu tək baş çəkib ərşə,ucalıbdır.
Səndən alır ilham o dağ - daşdakı tufan,
Bu qəlblərin coşğun olan pak qanı sənsən,
Tarix o özü keçmişini yaxşı yazıbdır,
Şanlı adını parlaq ürəklərdə qazıbdır.
Heç qüvvə cahanda ayırammaz səni məndən,
Mümkünmü ayırmaq ola bir ruhu bədəndən.
Eşq olsun o aşiqlərə ki, bağladı peyman.
Öz canlarını eylədilər eşqivə qurban.
Oğlanlarının eşqi, məramı budur ancaq,
Daim yaşa ey izzətimiz, ey ana torpaq!

Mirmehdi Etimad( Natiqi)

***

Firidun İbrahimi: "Tehran bəyanatının ətrafında"

Son aylarda İran daxilində, yaxud xaricində və ya beynəlxalq dairələrdə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və İran münasibətlərini bulandırmağa çalışan bir qrup təhrikçi və saxtakar dövlət üzvlərinin var qüvvələrilə apardıqları fəaliyyətlər bir nəticəyə yetişmədi. Moskva və Tehranda iki dövlət başçıları arasında olan müstəqim müzakirələr imperializm dəllallarının bütün fəsadtörədici tədbirlərini nəticəsiz qoydu.
İran hökumətinin Baş naziri və Sovet dövlətinin İrandakı Fövqəladə və Səlahiyyətli səfirinin imzasına yetişmiş və bir neçə gün bundan əvvəl Tehranda yayılan müştərək bəyanat imperialist qüvvələrin siyasətinin irəli getməsi tərəfdarlarına böyük və gözlənilməz bir zərbə kimi idi. Var qüvvələri ilə dünya millətlərini bir müharibə uçurumuna sövq edən dairələr bu son zamanlarda Sovet qoşun hissələrinin İranın şimalında yerləşməsindən istifadə edərək apardıqları anti-sovet təhrik və təbliğatın genişlənməsi üçün təzə bir ünvan və bəhanə tapmışdılar. Xüsusilə, cənab Əla və Tağızadə kimi dövlət üzvləri bu məsələni özlərinə alət edib istəyirdilər ki, İran millətinin zehnini öz nəcib və şimal qonşusuna münasibətdə bulandırıb və qarışdırsınıar. Lakin Qızıl ordu hissələrinin müəyyən bir müddətə İranın şimal nöqtələrindən çıxarılmasına dair Sovet dövlətinin açıq-aydın vədəsi ümumdünya sülh və dünya təhlükəsizlik düşmənlərinin bütün tədbirlərini puça çıxardı. İran-Sovet müştərək bəyanatının görkəmli əhəmiyyəti bundadır ki, İran milləti sovet xalqının ziddinə aparılan şiddətli təbliğat və təhriklərə baxmayaraq, Sovet dövləti başçılarının baxışlarını və təfəkkür tərzlərini açıqcasına düşündü və başa düşdü ki, Sovet dövlət rəhbərləri anti-demokratik rejimlərin ocağı olmayan qonşu dövlətlərin dostluq və səmimi münasibətinə böyük bir qiymət verir.
Cənab Saedin (Baş nazir) bədnam hökuməti dövründə bəzi provokatorlar və irticaçı dairələr Sovet hökuməti tərəfindən İranın şimal nahiyyəsində istənilən neft imtiyazını İran istiqlalı əleyhinə təhlükəli bir iş kimi göstərmək üçün var qüvvələri ilə fəaliyyətə keçdilər. O gün İranın mürtəce başçıları hökumətin neft məsələsindəki tələblərinə aid həqiqəti yalnız onların imperialist ağalarının mənafeləri və İrandakı mövqeləri təhlükəyə düşməsin deyə millətin nəzərindən gizli saxladılar. Lakin bu gün İranın Baş naziri ilə Sovet dövlətinin İrandakı səfiri arasında mübadilə olunan məktublar, şimal məntəqələrindəki neftin imtiyazı haqqında alınmış qərarlar nəticəsində İran milləti Sovet dövlətinin məhəbbətli və səmimi cəhətli ruhiyyəsini aydıncasına başa düşdü və bu imtiyazın şərtləri ilə öz cənub qonşusunun ixtiyarında olan imtiyaz fərqlərini nəzərdən keçirərək anti-sovet təhriklərin təhlükəli sonluğunu, eləcə də İran millətinin həqiqi düşmənlərinin mahiyyətlərini və kim olduqlarını anlamış oldu.
İran-Sovet müştərək bəyanatı iki millətin münasibətlərini bulandıran təhriklərə son vermək və yeni bir dünya müharibəsinin binasını quran, eləcə də beynəlxalq ixtilaflar bazarını genişləndirən dəllalların bütün tədbirlərini nəticəsiz qoymaq baxımından azad dünyada və azadlıq sevən millətlər içində çox əhəmiyyətli və gözəl təsirə malik ola bilmişdir.
Azərbaycan milləti indiki şəraitdə var qüvvəsini öz milli varlığının əsasını möhkəmləndirmək yolunda təmərküzləşdirmişdir və bu yolda hər gün yeni bir müvəffəqiyyətlərə nail olmaqdadır, ruhən də İran-Sovet münasibətlərinin səmimiləşməyindən və iki millətin arasında olan müzakirələrin müvəffəqiyyətlə nəticələnməsindən məmnundur.
Bizim üçün heç bir şübhə yeri yoxdur ki, böyük və nəcib şimal qonşumuz kiçik millətlərin səadətini, onların zülmkar və irticaçı hökumətlərin təzyiqi altından xilas olmalarını istəyir və bu müqəddəs məqsədin icrası üçün Sovet rəhbərləri düşmən qüvvələrini öz topraqlarından qovandan sonra faşizmin məhvedici təzyiqi altında inləyən millətləri ciddi bir şəkildə xilas etməyə başladılar və faşizmin məşum kölgəsini həmişəlik Avropa millətlərinin başı üzərindən qaldırdılar.
Bu gün bizim qəhrəman xalqımız da bütün azadlıqsevər və həqiqi demokratiyanı əldə etməyə çalışan millətlərin apardıqları mübarizə şərtləri altında mübarizəyə hazır olmuşdur. Heç bir qüvvə bizim milli tələblərimizin əsasına zərbə vurmaq, yaxud bizi getdiyimiz şərəfli yoldan geri qoymağa qadir olmayıb və belə bir imkan tapmayacaqdır. Biz dəfələrlə öz ehtiram hissimizi və nəzərimizi başqa millətlərin istiqlal və azadlıqlarına bildirib və göstərmişik. Buna görə də özgələrdən öz tam azadlığımıza ehtiram nəzəri ilə baxmağı gözləyir və tələb ediriksə, haqlıyıq.
Azərbaycan xalqı Milli Müəssislər Məclisi adlanan millət nümayəndələrinin ümumi konqresində öz məntiqi tələblərini aydın şəkildə demokratik dövlətlərə xitabən nəşr etdiyi deklarasiyada (bəyanatda) da qeyd etmişdir. O gündən etibarən xalqımız öz milli istəklərini həyata keçirməkdə böyük müvəffəqiyyətlərə nail olub, Milli Hökuməti və Milli Məclisi təşkil edib, mədəniyyət və milli maarifin bərpası və inkişafı yolunda fövqəladə irəli getmişdir.
İndi xalqımız bu məsələni ciddi şəkildə anlamışdır ki, dünyanın böyük və kiçik millətləri kimi həqiqi azadlıq və demokratiya nemətinlərindən faydalanmağa tamamilə haqlı və səlahiyyətlidir. Biz hətta düşünə də bilmirik ki, minlərlə Azərbaycan cavanlarının fədakarlıqları və saysız-hesabsız qəhrəmanlıqları sayəsində, Azərbaycanın minlərlə qəhrəman oğullarının qanı bahasına alınan azadlığımızı əlimizdən çıxarmağa təşəbbüs ola bilər. Biz öz azadlıq və milli varlığımızı müdafiə etmək üçün bütün vasitələrə malik olduğumuz kimi, lazım olan anda milli istəklərimizin müdafiəsi uğrunda bu vasitələrin hamısından layiqincə istifadə edəcəyimiz də şübhəsizdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 170, 11.04.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.